Üç konqres həyatımı dəyişdi
Nəql etdi Corc Vorançuk
NƏ VAXTSA konqresdə eşitdikləriniz həyatınızda böyük dəyişikliklər etməyə təşviq edibmi? Bu, mənimlə baş verib. Geri boylananda görürəm ki, həyatımın dəyişməsində üç konqresin xüsusi rolu olub. Birinci konqres mənə utancaqlığımın öhdəsindən gəlməyə; ikincisi malik olduğum şeylərlə kifayətlənməyə; üçüncüsü isə daha səxavətli olmağa kömək etdi. Lakin həyatımda baş verən dəyişikliklər haqqında danışmazdan öncə, mən bu konqreslərdən çox illər əvvəl — uşaqlıqda başıma gələn hadisələrdən söhbət açmaq istəyirəm.
Mən 1928-ci ildə dünyaya gəlmişəm və ailədə üç uşaqdan ən kiçiyi olmuşam. Bacılarım Marci və Olqa ilə birlikdə ABŞ-ın Nyu-Cersi ştatının Saut-Bond-Bruk şəhərində boya-başa çatmışıq, o zaman bu şəhərin əhalisi 2 000-ə yaxın idi. Kasıb olmağımıza baxmayaraq, anam çox əliaçıq qadın idi. Əlinə pul düşən kimi, nə isə xüsusi bir şey bişirib qonşularla bölüşərdi. Mənim doqquz yaşım olanda bizə Yehovanın Şahidi olan bir qadın gəldi. Qadının anamın doğma macar dilində danışması onu xoş xəbəri dinləməyə təşviq etdi. Sonra 20 yaşlarında olan Berta adlı bir bacı anamla Müqəddəs Kitabı öyrənməyə davam edərək ona Yehovanın xidmətçisi olmağa kömək etdi.
Anamdan fərqli olaraq, mən çox utancaq idim, özümə heç inamım yox idi. Anamın həmişə məni alçaltması vəziyyətimi daha da pisləşdirirdi. Mən ağlaya-ağlaya ondan soruşardım: «Sən niyə həmişə məni pisləyirsən?» O, məni sevdiyi və ərköyün böyüməyimi istəmədiyi üçün belə etdiyini deyərdi. Düzdür, anam bunu yaxşı niyyətlə edirdi, ancaq heç vaxt tərif görmədiyim üçün get-gedə özümü lazımsız hiss edirdim.
Həmişə mənə qarşı mülayim olan qonşumuz bir gün məndən oğullarını bazar günləri kilsə məktəbinə aparıb-gətirməyi xahiş etdi. Bununla Yehovanı məyus edəcəyimi bilirdim, ancaq bu xeyirxah qadının xətrinə dəyməkdən qorxurdum. Özüm-özümdən utansam da, bir neçə ay uşaqları kilsəyə aparıb-gətirdim. Məktəbdə də insan qorxusu məni vicdanıma zidd davranmağa məcbur edirdi. Məktəb direktoru çox hökmlü insan idi, o nəzarət edirdi ki, müəllimlər bütün uşaqları bayrağa təzim etməyə məcbur etsin. Bayrağa mən də təzim edirdim. Bu, təxminən bir il çəkdi, ancaq sonra hər şey dəyişdi.
Cəsarətli olmağı öyrənirəm
1939-cu ildə evimizdə kitaböyrənmə keçirilməyə başlandı. Kitaböyrənməni gənc pioner qardaş Ben Miskalski aparırdı. Biz onu Biq Ben (Böyük Ben) deyə çağırırdıq və bu ad ona çox yaraşırdı. O, mənim gözümdə qapımız qədər hündür və enlikürək idi. Bu cür görkəminə baxmayaraq, o, çox yumşaqürəkli bir insan idi və onun səmimi təbəssümü məni özünə cəlb edirdi. Buna görə də Ben məni xidmətə dəvət edəndə böyük məmnuniyyətlə razılaşdım. Biz dostlaşdıq. Mən kədərli olanda o, mənimlə böyük qardaş kimi qayğıkeşliklə danışırdı. Mənim buna çox ehtiyacım var idi və o, mənim üçün çox əziz oldu.
1941-ci ildə Ben ailəmizə onun maşını ilə Missuri ştatının Sent-Luis şəhərində keçirilən konqresə getməyi təklif etdi. Sevincimin həddi-hüdudu yox idi! Əvvəllər mən heç vaxt evimizdən 80 kilometr uzaqda olmamışdım, indi isə 1 500 kilometr uzaqlıqda olan bir yerə gedirdim! Ancaq Sent-Luisdə problemlər var idi. Ruhanilər evlərində qalmalı olduğumuz insanlara hədə-qorxu gəldiyi üçün çoxları bizi qəbul etməkdən imtina etdi. Ancaq bizim qalmalı olduğumuz ailəyə təzyiq göstərilsə də, onlar bizi qəbul etdilər və sözlərindən dönməyəcəklərini dedilər. Bu insanların cəsarəti mənə dərin təəssürat bağışladı.
Bacılarım həmin konqresdə vəftiz olundular. Həmin gün Bruklin Bet-Elindən gəlmiş Ruterford qardaş çox həyəcanlandırıcı məruzə söylədi. O, məruzəsində Allaha xidmət etmək istəyən uşaqlardan ayağa qalxmağı xahiş etdi. Mən də daxil olmaqla, 15 000 uşaq ayağa durdu. Sonra o dedi: «Kim təbliğ xidmətində canla-başla iştirak etmək istəyirsə, xahiş edirəm, “hə” desin». Başqa uşaqlarla birgə mən də ucadan «hə» dedim. Bunun ardınca gurultulu alqışlar gəldi. Mən bundan çox təsirləndim.
Konqresdən sonra biz Qərbi Vircinyada yaşayan bir qardaşgilə qonaq getdik. Qardaş danışdı ki, bir gün təbliğdə qəzəbli izdiham onu döymüş, sonra da başına qatran və quş tükü tökmüşdü. Mən nəfəs dərmədən ona qulaq asırdım. «Lakin mən təbliğimdən qalmadım»,— deyə qardaş vurğuladı. Qardaşdan ayrılanda özümü Davud kimi hiss edirdim. İndi mən gözümə Qolyat kimi görünən məktəb direktorumuzla üz-üzə gəlməyə hazır idim.
Məktəbə gələndə ona yaxınlaşdım. O, qəzəbli-qəzəbli mənə baxdı. Ürəyimdə Yehovadan kömək dilədim və dərhal dedim: «Mən Yehovanın Şahidlərinin konqresinə getmişdim. Daha bayrağa təzim etməyəcəm!» Araya sükut çökdü. O, yavaş-yavaş yerindən qalxıb mənə sarı gəldi, qəzəbindən qıpqırmızı olmuşdu. O, qışqıraraq dedi: «Bayrağa təzim et, yoxsa məktəbdən qovulacaqsan!» Bu dəfə mən güzəştə getmədim və qəlbimdə heç vaxt duymadığım bir rahatlıq hiss edirdim.
Baş verənləri Benə danışacağım vaxtı böyük səbirsizliklə gözləyirdim. Onu Padşahlıq Zalında görəndə ucadan dedim: «Məktəbdən qovuldum! Bayrağa təzim etmədim!» Ben məni qucaqladı və gülümsəyərək dedi: «Doğrudan da, Yehova səni sevir» (Qanun. t. 31:6). Bu sözlər məni ürəkləndirdi! Və mən 1942-ci il iyunun 15-i vəftiz olundum.
Malik olduğum şeylərlə kifayətlənməyi öyrənirəm
İkinci Dünya müharibəsindən sonra ölkədə iqtisadi vəziyyət yaxşılaşdı və hamı çoxlu pul qazanmaq həvəsində idi. Mənim yüksəkmaaşlı işim vardı. İndi əvvəllər yalnız xəyal edə biləcəyim şeyləri almağa imkanım çatırdı. Bəzi dostlarım özlərinə motosiklet aldılar, digərləri isə evlərində əsaslı təmir etdilər. Mən isə özümə təptəzə bir avtomobil aldım. Tezliklə Padşahlığın maraqları ikinci plana keçdi, çünki fikrim-zikrim ancaq rahat həyat sürməkdə idi. Yanlış yolda olduğumu başa düşürdüm. Xoşbəxtlikdən, 1950-ci ildə Nyu-Yorkda keçirilən konqres məni düşüncə və hərəkət tərzimə yenidən nəzər salmağa təşviq etdi.
Konqresdə natiqlərin hər biri dinləyiciləri xoş xəbəri səylə təbliğ etməyə təşviq etdi. «Lazımsız şeylərdən azad olun və yarışda mətanətlə qaçın»,— deyə natiqlərdən biri dinləyiciləri səslədi. O, bu sözləri, sanki, birbaşa mənə deyirdi. Həmçinin məni konqresdə keçirilən Gilead Məktəbinin buraxılışı da düşünməyə vadar etdi: «Əgər həmyaşıdlarım rahat həyatı buraxıb xaricdə xidmət edirsə, nəyə görə mən bunu burada, öz evimdə edə bilməyim?» Konqresdən sonra pioner xidməti götürmək qərarına gəldim.
Artıq o zaman mən yığıncağımızdan Evelin Mondak adlı səyli bir bacı ilə görüşürdüm. Altı uşaq böyütmüş Evelinin anası çox cəsarətli qadın idi. O, nəhəng Roma katolik kilsəsinin qabağında təbliğ etməyi xoşlayırdı. Acıqlı keşiş onu nə qədər qovsa da, o, oradan getmirdi. Anası kimi, Evelin də cəsarətli idi (Sül. məs. 29:25).
1951-ci ildə Evelinlə mən evləndik və işimizi atıb pioner xidmətinə başladıq. Rayon nəzarətçisi bizi Nyu-York şəhərindən 160 kilometr uzaqlıqda, Atlantik okeanın sahilində yerləşən Amaqansett kəndinə köçməyə təşviq etdi. Yığıncaq bizim üçün yaşayış yerinin olmadığını xəbər verəndə furqon axtarmağa başladıq, lakin münasib qiymətə bir şey tapa bilmirdik. Sonra baxımsız qalmış bir furqon tapdıq. Onun yiyəsi 900 dollar istədi; məhz bu qədər pul bizə toyumuzda hədiyyə edilmişdi. Furqonu alandan sonra onu normal hala saldıq və yeni ərazimizə gətirdik. Lakin ora çatanda cibimizdə bir qəpik də qalmamışdı və biz düşünürdük ki, görəsən, pioner ola-ola özümüzü necə dolandıracağıq.
Evelin ev qulluqçusu, mən isə gecələr italyan restoranında süpürgəçi işləyirdim. Oranın sahibi bir dəfə mənə dedi: «Qalan yeməkləri evə, arvadına apara bilərsən». Gecə saat ikidə evə qayıdanda furqonumuzu pizza və souslu makaronların iyi bürüyürdü. Xüsusilə qışda, furqonun içində çox soyuq olanda bu yeməklər adama ləzzət edirdi. Üstəlik, bəzən qardaşlar furqonun pilləkənində bizim üçün böyük balıq saxlayırdılar. Bu illər ərzində Amaqansett yığıncağının qardaşları ilə çiyin-çiyinə xidmət edərkən vacib şey öyrəndik: ən əsas şeylərlə kifayətlənmək həyatda məmnunluq gətirir. Həmin illər necə də gözəl idi!
Xidmətimizi genişləndirməyə təşviq olunuruq
1953-cü ilin iyul ayında biz Nyu-York şəhərində keçirilən konqresə müxtəlif ölkələrdən gələn yüzlərlə missionerləri qarşılayırdıq. Onlar çox maraqlı hadisələr danışırdılar. Onların sevinci sirayətedici idi. Üstəlik, konqresdə natiqlərdən biri xoş xəbərin bir çox ölkələrə çatmadığını vurğulayanda artıq nə edəcəyimizi bilirdik: xidmətimizi genişləndirməklə ona daha çox vaxt və güc sərf etmək qərarına gəldik. Elə həmin konqresdə Evelinlə mən missioner xidməti üçün blank doldurduq. Və biz 1954-cü ilin fevral ayında başlayacaq Gilead Məktəbinin 23-cü sinfinə dəvət olunduq. Bu necə də böyük şərəf idi!
Braziliyaya təyin olunduğumuzu biləndə bizi həyəcan bürüdü. Paraxodla yola düşməzdən öncə, Bet-Eldə xidmət edən məsul bir qardaş mənə dedi: «Sizinlə birlikdə Braziliyaya doqquz subay missioner bacı gedəcək. Onların qayğısına qal!» Gəmiyə minəndə ardımca gedən on gənc qadını görən matrosların heyrətini təsəvvür edə bilərsinizmi? Amma bacıların bu vəziyyətlə əlaqədar heç bir problemləri olmadı. Bununla belə, 14 gündən sonra sağ-salamat Braziliya çatanda rahat nəfəs aldım.
Portuqal dilini öyrəndikdən sonra Braziliyanın cənubunda yerləşən Riu-Qrandi-du-Sul ştatında rayon nəzarətçisi təyin olundum. Əvəz etdiyim rayon nəzarətçisi olan subay qardaş yoldaşımla mənə dedi: «Təəccüblüdür ki, buraya ər-arvad göndəriblər. Bu yerlər çətin keçiləndir». Yığıncaqlar geniş kənd ərazilərinə səpələnmişdi və onlardan bəzilərinə ancaq yük maşınları ilə getmək mümkün idi. Yalnız sürücüyə yemək alandan sonra o, maşının belinə minməyə icazə verirdi. Sanki, at belində imiş kimi, yükün üstündə oturub iplərdən ikiəlli yapışırdıq. Maşın qəfildən dönəndə hündür yük əyilir və biz dərin yarğanları gördükdə iplərdən daha möhkəm yapışırdıq. Yolumuzu səbirsizliklə gözləyən qardaşların sevincini görmək bizi əmin edirdi ki, uzunsürən səhayətimiz əbəs deyilmiş.
Biz qardaşların evlərində qalırdıq. Kasıb olsalar da, bu, onlara səxavətli olmağa mane olmurdu. Uzaq ərazidə yerləşən qrupların birində qardaşların hamısı ət kombinatında işləyirdi. Onlar aldıqları maaşla gündə cəmi bir dəfə yeyə bilirdilər. Bir gün işləməyəndə isə əməkhaqqı almırdılar. Bununla belə, biz yığıncağa baş çəkən zaman onlar ikigünlük məzuniyyət götürürdülər. Onlar Yehovaya güvənirdilər. Bu təvazökar qardaşlar bizə Allahın Padşahlığı üçün qurbanlar verməyə dair unudulmaz bir dərs verdilər. Biz onlardan heç bir məktəbdə öyrənə bilməyəcəyimiz vacib şeylər öyrəndik. Həmin qardaşları indi də yada salanda sevincdən gözlərim yaşarır.
Xəstə anamıza baxmaq üçün 1976-cı ildə Birləşmiş Ştatlara qayıtdıq. Braziliyadan heç getmək istəmirdik, amma biz çox şadıq ki, həmin ölkədə Padşahlığın maraqlarının irəliləməsini görmək bizə nəsib oldu. Hər dəfə Braziliyadan məktub alanda, sanki, yenidən o gözəl günlərə qayıdırıq.
Sevindirici görüş
Anama baxdığımız müddətdə biz pioner kimi xidmət edir və süpürgəçi işləyirdik. 1980-ci ildə anam vəfat etdi. O, ömrünün sonuna qədər Yehovaya sadiq qaldı. Bundan sonra mənə Birləşmiş Ştatlarda rayon nəzarətçisi kimi xidmət etmək təklif olundu. 1990-cı ildə yoldaşımla birgə Konnektikutda yığıncaqların birinə baş çəkərkən çox sevdiyimiz bir qardaşla görüşdük. Həmin yığıncağın ağsaqqallarından biri Ben idi. Bəli, bu, 50 il bundan əvvəl mənə Yehovanın tərəfini tutmağa kömək edən həmin Ben idi! Biz Benlə sevinclə bir-birimizi qucaqladıq!
1996-cı ildən etibarən biz Elizabet (NyuCersi) şəhərində portuqaldilli ərazidə xüsusi pioner kimi xidmət edirik, amma səhhətimiz ucbatından saat normasından azad edilmişik. Xəstə olmağıma baxmayaraq, əziz həyat yoldaşımın köməyi ilə gücüm çatan qədər xidmətdə iştirak edirəm. Evelin eyni zamanda xəstə olan yaşlı bir qonşumuza qulluq edir. Bilirsiniz, kimə? Bəli, 70 il bundan əvvəl anama Yehovanın xidmətçisi olmağa kömək edən Bertaya! Ailəmizə həqiqəti öyrənməyə kömək etdiyi üçün ona minnətdarlığımızı ifadə etmək fürsətimizin olduğuna görə çox şadıq.
Mən necə də şadam ki, həmin konqreslər mənə həqiqi ibadətin tərəfini tutmağa, həyat tərzimi sadələşdirməyə və xidmətimi genişləndirməyə kömək etdi. Bəli, bu konqreslər, həqiqətən də, mənim həyatımı dəyişdi.
[23-cü səhifədəki şəkil]
Evelinin anası (solda) və mənim anam
[23-cü səhifədəki şəkil]
Dostum Ben
[24-cü səhifədəki şəkil]
Braziliyada
[25-ci səhifədəki şəkil]
Evelinlə bu gün