Yer kürəsi məhv olacaqmı?
«DÜNYANIN sonu — bu mövzu, xüsusilə də bu haqda çəkilən filmlər həmişə insanlar üçün maraqlı olub»,— deyə jurnalist Con Skalzi qeyd edir. Nə üçün dünyanın sonunu təsvir edən filmlər insanlarda maraq oyadır? Skalzi belə qənaətə gəlir: «Çünki onlarda söhbət bizim qorxduğumuz şeylərdən gedir». Siz bu fikirlə razısınız? İçində olan hər şey ilə birlikdə dünyanın, necə və nə vaxt məhv olacağından qorxmağa tutarlı səbəblərimiz varmı?
Demək olar ki, hər gün bütün dünyada ciddi dağıntılara səbəb olan təbii fəlakətlərin baş verdiyi haqda eşidirik. Bu cür dəhşətli kadrlar televizorda və İnternetdə dönə-dönə yayımlanır. Aramsız olaraq real insanların və yerlərin məhv edildiyini görmək, insanların dünyanın sonuna artıq filmlərin mövzusu kimi yox, real təhlükə kimi baxmalarına səbəb olur.
Bu qorxunu alimlərin dünyanın necə məhv olacağı haqqında irəli sürdüyü fərziyyələr də artırır. Hətta bəziləri bunun nə vaxt olacağını da deyirlər. Kral Astronomiya Cəmiyyətinin 2008-ci il mart ayı üçün olan aylıq icmalında iki astronomun 7,59 milyard ildən sonra günəşin bizim planeti udacağı və külə çevirəcəyi haqda məlumatı gətirilir.
Doğrudanmı yer kürəsi nə vaxtsa məhv olacaq?
Planetimizin müddəti nə vaxtsa bitəcəkmi?
Müqəddəs Kitab bizi əmin edir: «Bir nəsil gedir, o biri nəsil gəlir, amma dünya daim qalır» (Vaiz 1:4). Yehova Allah ‘yer üzünün təməlini elə qurub ki, əsla sarsılmasın’, əbədiyyən mövcud olsun (Məzmur 104:5). Allahdan ilham almış bu sözlərin həqiqət olduğu nə dərəcədə yəqindir? Bəzi alimlər bunun əksini iddia etsə də, nə üçün ümid etmək olar ki, yer kürəsi heç vaxt məhv olmayacaq?
Bir anlığa dükandakı ərzaqları gözünüzün qabağına gətirin. Bəzi ərzaqların üstündə istifadə müddəti yazılır. Bu müddəti kim qoyub? Bu tarixi dükan sahibimi təxmin edib? Sözsüz ki, yox! Məhsulun istifadə müddəti istehsalçı tərəfindən qoyulur. Biz bu tarixin dəqiq olduğuna inanırıq, çünki ərzağın neçə müddət istifadəyə yararlı olduğunu onu istehsal edəndən yaxşı heç kim bilə bilməz. Belə isə, planetimizi Yaradana qat-qat artıq etibar etməli deyilikmi?! Onun Kəlamı açıq-aydın bildirir ki, O, ‘yer üzünü’ əbədi mövcud olması üçün ‘qurub’. Yer kürəsi heç vaxt məhv olmayacaq! (Məzmur 119:90).
Bəs məsuliyyətsiz insanlar planeti bərpa edilməyəcək şəkildə dağıda bilərmi? Qətiyyən yox! İstehsalçıdan fərqli olaraq, Yehova ‘hər şeyə qadirdir’ (Əyyub 42:2). Buna görə də O, tam zəmanət verə bilər: ‘Ağzımdan çıxan kəlmə həyata keçər’ (Yeşaya 55:11). Əmin ola bilərik ki, ‘Yaradanımız’ yerə dair niyyətinin yerinə yetməsinə nəyinsə mane olmasına yol verməyəcək (Məzmur 95:6). Bu hansı niyyətdir və Allah onu necə həyata keçirəcək?
Allahın Padşahlığı Yaradanın niyyətini həyata keçirəcək
Yerin heç vaxt məhv olmayacağına zəmanət verməklə yanaşı, Allahın Kəlamı bizə bildirir ki, Yehova yeri «yaşamaq üçün qurdu» (Yeşaya 45:18). Baxmayaraq ki, planetimizdə artıq min illərdir ki, insan yaşayır bu, öz-özlüyündə Allahın niyyətinin həyata keçdiyini bildirmir.
Yehova ‘xoşbəxt Allahdır’ və «ədaləti sevir» (1 Timoteyə 1:11, YD; Məzmur 37:28). Allah bütün insanların xoşbəxt və ədalətsizlikdən uzaq bir dünyada yaşamasını istəyir. Niyyətini yerinə yetirmək üçün Allah bütün yer üzünü idarə edəcək səmavi Padşahlıq quracağını əvvəlcədən bildirmişdi (Daniel 2:44). Yer üzündə olarkən İsa həmişə xüsusi hökumət olan Allahın Padşahlığı haqqında danışırdı. İsa bilirdi ki, gələcəkdə həmin Padşahlığın hakimiyyəti altında bütün yer üzündə xeyir-dualar olacaq, elə buna görə də şagirdlərinə bu haqda dua etməyi öyrədirdi (Matta 6:9, 10; 24:14). Bu xeyir-dualardan bəziləri hansılardır?
▪ Allah bütün müharibələrə son qoyacağını vəd etdiyi üçün dünyada sülh və təhlükəsizlik hökm sürəcək (Məzmur 46:9).
▪ Hamının yeməyi bol olacaq (Məzmur 72:16).
▪ Heç kimin səhhəti ilə bağlı problemi olmayacaq, çünki ‘heç bir sakin «xəstəyəm» deməyəcək’ (Yeşaya 33:24).
▪ Qəm-qüssə unudulacaq, çünki «ölüm mövcud olmayacaq» (Vəhy 21:4).
▪ Allah vəd edir ki, xalqı evlər tikib onda təhlükəsizlikdə yaşayacaq və ‘əbədilik sevinəcək’ (Yeşaya 65:17—24).
Şübhəsiz, yuxarıda təsvir olunan gözəl şəraitdə siz də yaşamaq istəyərdiniz. Yehova niyyətini yerinə yetirməyi həm çox istəyir, həm də bunun üçün lazımi tədbir görür (Yeşaya 9:6, 7). Lakin sizdə sual yarana bilər: «Allahın Müqəddəs Kitabda yazılmış vədinin üstündən min illər keçib. Bəs nə üçün o, indiyənədək yerinə yetməyib?»
Allahın səbri xilasımıza yol açır
Əmin ola bilərsiniz ki, Yehova «Öz vədini yerinə yetirməkdə gecikmir». Müqəddəs Kitab izah edir ki, Allah bizə məhəbbətlə səbir edir. Buna görə də biz ‘Rəbbimizin səbrini də qurtuluş hesab etməyə’ təşviq olunuruq (2 Peter 3:9, 15). Bəs xilas üçün Allahın səbri nəyə görə bu qədər vacibdir?
İlk növbədə, Allah bilir ki, itaətkar insanları təhlükəsiz və firavan evlə təmin etməzdən əvvəl, ‘yeri tələf edənləri tələf etmək’ lazımdır (Vəhy 11:18). Ancaq O, insanları sevdiyi üçün ‘kimsənin həlak olmasını’ istəmir. Buna görə də səmavi Atamız usanmadan çalışır ki, ‘pis adamı öz şər əməlindən döndərsin’. Elə bu səbəbdən, Yehova Padşahlığı haqqında xəbərin bütün dünyada təbliğ olunmasını istəyira (Yezekel 3:17, 18). Allahın xəbərdarlığına hay verən və həyatını Onun saleh normalarına uyğunlaşdıran hər kəsin qarşısında xilas olmaq və yerüzü Cənnətdə əbədi yaşamaq imkanı açılır.
Allaha tərəf dönün və xilas olun
Əminik ki, Müqəddəs Kitabın bizə çatdırdığı xəbər xoş xəbərdir (Matta 24:14). Bu xəbərdə yerin heç vaxt məhv olmayacağına dair Allahın dəyişməz sözü çatdırılır. Üstəlik Müqəddəs Kitab peyğəmbərliklərinə əsasən biz iman edə bilərik ki, ‘bir az gözləsək, pis yox olacaq’. Yalnız Allahın gözündə saleh olanlar tezliklə yeri «mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq» (Məzmur 37:9—11, 29; Matta 5:5; Vəhy 21:3, 4). Hələlik isə, Allah israrla çağırmağa davam edir: «Ey dünyanın bütün ucqar yerlərində yaşayanlar, Mənə tərəf dönün və xilas olun» (Yeşaya 45:22). Bəs siz bu çağırışa hay verəcəksinizmi?
Allaha tərəf dönməyə nə üçün qəti qərarlı olmayasınız? Məzmur 37:34 ayəsi bizi təşviq edir: «Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək». Yehovanın Şahidləri Allahın yerə dair dəyişməz niyyəti və bunun həyata keçəcəyi vaxtı görmək üçün indidən nə edə biləcəyiniz haqda daha çox öyrənməkdə sizə məmnuniyyətlə kömək edə bilərlər.
[Haşiyə]
a İsanın Matta 28:19, 20 ayəsindəki əmrinə tabe olaraq yeddi milyondan çox Yehovanın Şahidi 236 ölkə və ərazidə Allahın yer üzü ilə bağlı əsas niyyətini insanlara öyrətmək üçün hər il bir milyard yarım saat sərf edirlər.
[İcazə ilə]
NASA photo