Oxucuların sualları
Hansı hallarda təkrar vəftiz olunma məsələsi nəzərdən keçirilə bilər?
Vəftiz olunmuş insanı müəyyən hallarda vəftizinin həqiqi olub-olmadığı narahat etdiyi üçün o, yenidən vəftiz olunmaq barədə düşünə bilər. Nümunə üçün: ola bilsin, vəftiz olunduğu vaxtlar insan gizlicə elə həyat tərzi sürüb, yaxud elə işlə məşğul olub ki, əgər həmin vaxt vəftiz olunmuş olsaydı, buna görə yığıncaqdan kənar edilə bilərdi. Belə şərtlər altında o, özünü Allaha həsr edə bilərdimi? Belə insan yalnız Müqəddəs Yazılara zidd olan hərəkətə son qoyduğu təqdirdə özünü Yehovaya həsr edə bilər və yalnız bu halda onun həsr olunması həqiqi hesab olunur. Deməli, belə ciddi nöqsanı ola-ola vəftiz olunan insan münasib olaraq təkrar vəftiz olunmaq barədə düşünə bilər.
Bəs insan vəftiz olunan zaman günah işlətməyibsə, amma vəftizdən sonrakı hərəkətləri intizam komitəsinin yaradılmasını tələb edirsə, onda necə? Tutaq ki, o, vəftiz zamanı etdiklərini tam anlamadığını və bu səbəbdən onun vəftizinin həqiqi olmadığını iddia edir. Günah işlədən adamla söhbət edərkən ağsaqqallar onun vəftiz məsələsinə toxunmamalı, eləcə də öz həsr olunmasının və vəftizinin həqiqi olub-olmadığı barədə nə düşündüyü ilə maraqlanmamalıdırlar. Axı o, vəftizin hansı mənanı daşıdığına dair Müqəddəs Kitab nitqini dinləyib, həsr və vəftiz olunma suallarına müsbət cavab verib. Sonra isə paltarını dəyişib suya girib. Buna görə də belə bir qənaətə gəlmək düzgün olardı ki, o, etdiklərinin ciddiliyini tam anlayırdı. Ağsaqqallar onunla vəftiz olunmuş Yehovanın Şahidi kimi rəftar etməlidirlər.
Əgər insan vəftizinin həqiqi olub-olmadığı məsələsini qaldırırsa, ağsaqqallar onun diqqətini «Gözətçi Qülləsi»nin 1960-cı il 1 mart sayının 159, 160-cı səhifələrinə (ing.), həmçinin 1964-cü il 15 fevral sayının 123—126-cı səhifələrinə (ing.) yönəldə bilərlər. Bəzi hallarda, məsələn, əgər insan vəftiz olunarkən Müqəddəs Kitabı yaxşı başa düşmədiyini fikirləşirsə, təkrar vəftiz olub-olunmamaq onun şəxsi işidir.
Kiminləsə birgə yaşamaq lazım gələndə məsihçilər hansı amilləri nəzərə almalıdırlar?
Hər kəs istəyir ki, başının üstündə damı olsun. Lakin bu gün bir çoxlarının öz evi yoxdur. Maddi vəziyyət, sağlamlıq və başqa amillər ucbatından insan, ola bilsin, qohumlar da daxil olmaqla, bir neçə ailə ilə birgə yaşamaq məcburiyyətində qala bilər. Dünyanın bəzi yerlərində qohumlar şəxsi həyatın nə olduğunu bilmədən bir otaqda yaşayırlar.
Ümumdünya yığıncağı üçün hansı yaşayış şəraitinin münasib olduğuna dair çoxsaylı qaydalardan ibarət siyahının tərtib edilməsi Yehovanın təşkilatının işinə daxil deyil. Məsihçilər kiminlə, harada və hansı şəraitdə yaşamalarının Allaha məqbul olub-olmadığını müəyyən etmək üçün aydın Müqəddəs Kitab prinsipləri üzərində düşünməlidirlər. Bu prinsiplərdən bəziləri hansılardır?
İlk növbədə, başqaları ilə yaşamağın bizə və ruhaniliyimizə göstərdiyi təsiri nəzərə almalıyıq. Onlar necə insanlardır? Yehovaya ibadət edirlərmi? Müqəddəs Kitab qanunlarına uyğun yaşayırlarmı? «Aldanmayın,— deyə həvari Pavel xəbərdarlıq edir,— pis dostluq yaxşı əxlaqı pozar» (1 Kor. 15:33).
Müqəddəs Yazılarda göstərilir ki, Yehova əxlaqsızlığı və zinakarlığı mühakimə edir (İbr. 13:4). Deməli, evli olmayan iki əks cinsin nümayəndəsinin ər-arvad kimi birgə qalmasına imkan yaradan şərait Allaha məqbul deyil. Məsihçi əxlaqsızlığa yol verilən yerdə qalmayacaq.
Bundan əlavə, Müqəddəs Kitab Allahın lütfündə qalmaq istəyənləri ‘əxlaqsızlıqdan çəkindirir’ (1 Kor. 6:18). Deməli, məsihçi onu əxlaqsızlığa sürükləyən şəraitdə yaşamaqdan qaçınmaqla müdrik davranır. Məsələn, zənn edək ki, bir neçə məsihçi bir evdə qalmalı olurlar. Birdən şirnikdirici vəziyyət yarandı? Tutalım ki, evdə olanlar harasa çıxdıqları üçün ər-arvad olmayan iki nəfər evdə tək qalır, onda necə? Eynilə, bir-birlərinə romantik maraq bəsləyən iki subay adamın bir evdə yaşaması da əxlaqi baxımdan təhlükəlidir. Hikmətli insan belə vəziyyətlərdən qaçınacaq.
Boşanmış iki nəfərin bir evdə yaşaması da düzgün deyil. Əvvəllər onların arasında intim münasibətlər olduğu üçün bu, asanlıqla əxlaqsızlığa gətirib çıxara bilər (Sül. məs. 22:3).
Sonuncu, amma heç də əhəmiyyətsiz olmayan başqa amili də nəzərə almalıyıq: seçimimiz cəmiyyət tərəfindən necə qarşılanacaq? Məsihçinin münasib saymasına baxmayaraq, onun kiminlə, harada və necə yaşaması cəmiyyətdə söz-söhbətə səbəb olacaqsa, bu, narahatçılıq üçün əsasdır. Biz davranışımızın Yehovanın adına ləkə gətirməsini istəməzdik. Pavel bu haqda yazmışdır: «Nə yəhudilərin, nə yunanların, nə də ki, Allahın cəmiyyətinin büdrəməsinə səbəb olun. Çünki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram; bunu öz mənfəətim üçün deyil, bir çoxlarının mənfəəti üçün edirəm ki, xilas olsunlar» (1 Kor. 10:32, 33).
Yehovanın saleh normalarına riayət etmək istəyənlərə münasib ev, otaq yoldaşı tapmaq və ya şərait yaratmaq çətin ola bilər. Bununla belə, məsihçilər Allaha «nəyin məqbul olduğunu» öyrənməlidirlər. Onlar əmin olmalıdırlar ki, evlərində heç bir ədəbsizliyə yol verilmir (Efes. 5:5, 10). Bunun üçün məsihçilər duada rəhbərlik istəməli, bir-birlərinin ruhani və fiziki sağlamlığını qorumalı və Yehovanın yaxşı adına ləkə gətirməməlidirlər.