Ata, Oğul və müqəddəs ruh ismilə vəftiz olunmağın vacibliyi
«Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə [«ismilə», İ—93] vəftiz edin» (MAT. 28:19).
1, 2. a) Eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə nə baş verdi? b) Bir çoxlarını vəftiz olunmağa təşviq edən nə idi?
BİR çox ölkələrdən insanlar Yerusəlimə axışmışdılar. Eramızın 33-cü ilinin Pentikost bayramı idi və çoxları bu əlamətdar gündə iştirak edirdi. Lakin qeyri-adi bir hadisə baş verdikdən sonra həvari Peter nəticəsi heyrətamiz olan təsirli bir nitq söylədi. Onun sözləri təxminən 3 000 yəhudi və prozelitə elə güclü təsir göstərdi ki, onlar tövbə edib suda vəftiz olundular. Beləcə onlar yenicə təsis olunmuş məsihçi yığıncağına qoşuldular (Həv. iş. 2:41). Çoxlu insanın Yerusəlimin ətrafındakı hovuz və nohurlarda vəftiz olunması, yəqin ki, çoxlarını heyrətə gətirmişdi!
2 Bu qədər insanı vəftiz olunmağa təşviq edən nə idi? Həmin gün bir qədər əvvəl «güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi». Evin yuxarı otağında toplaşan İsanın 120 şagirdi «Müqəddəs Ruhla doldu». Sonra ora toplaşan dindar kişi və qadınlar şagirdlərin ‘başqa-başqa dillərdə danışdıqlarını’ görüb çox təəccübləndilər. İsanın ölümü barədə dediyi güclü sözlər də daxil olmaqla, çoxları Peterin nitqini eşidəndə «ürəklərinə elə bil ox batdı». İndi onlar nə etməli idilər? Peter cavab verdi: «Tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun. Və Müqəddəs Ruhun ənamını alacaqsınız» (Həv. iş. 2:1—4, 36—38).
3. Pentikost günündə tövbə edən yəhudilər və prozelitlər nə etməli idilər?
3 Peteri dinləyən yəhudilərin və prozelitlərin nəyə inandıqlarına nəzər salaq. Onlar artıq Yehovanı həqiqi Allah kimi qəbul edirdilər. Və onlar İbranicə Müqəddəs Yazılardan bilirdilər ki, yaradılış zamanı və sonra Allah müqəddəs ruhundan, yəni fəal qüvvəsindən istifadə etmişdi (Yar. 1:2; Hak. 14:5, 6; 1 Şam. 10:6; Məz. 33:6, KM). Lakin bunu bilmək kifayət deyildi. Onların Allahın xilas vasitəsi — Məsih İsa barədə öyrənmələri və onu qəbul etmələri həyati vacib əhəmiyyət kəsb edirdi. Bu səbəbdən Peter onların ‘İsa Məsihin adı ilə vəftiz olunmalarının’ vacibliyini vurğuladı. Bundan bir neçə gün əvvəl dirilmiş İsa Peterə və digər şagirdlərə insanları ‘Ata, Oğul və Müqəddəs Ruh ismilə’ (İ—93) vəftiz etməyi tapşırdı (Mat. 28:19, 20). Bu, birinci əsrdə olduğu kimi, bu gün də böyük əhəmiyyət kəsb edir. Söhbət nədən gedir?
Atanın ismilə
4. Yehova hansı böyük dəyişikliyi etdi?
4 Artıq qeyd olunduğu kimi, Peterin nitqinə qulaq asanlar Yehovaya ibadət edirdilər; onların əvvəllər də Onunla münasibətləri vardı. Bu insanlar Onun Qanununa riayət etməyə çalışırdılar və Yerusəlimə gəlmələrinin səbəbi də elə bu idi (Həv. iş. 2:5—11). Lakin Allah insanlarla münasibətində böyük dəyişiklik etdi. O, yəhudiləri rədd etdi, onlar daha Onun xüsusi xalqı deyildilər; Qanuna riayət etmək onlara artıq Allahın rəğbətini qazandırmırdı (Mat. 21:43; Kolos. 2:14). Əgər Peteri dinləyənlər Yehova ilə sıx münasibətlərini qorumaq istəyirdilərsə, onlardan bir şey də tələb olunurdu.
5, 6. Birinci əsrdə bir çox yəhudilər və prozelitlər Yehova ilə münasibətlərinin olması üçün nə etmişdilər?
5 Onlardan mütləq Yehovaya — Həyatverənlərinə tərəf dönmələri tələb olunurdu (Həv. iş. 4:24). Bəli, Peterin izahatını dinləyib ona hay verənlər Yehovanın xeyirxah Ata olduğunu indi daha yaxşı görə bilirdilər. Allah Məsihi onları xilas etmək üçün göndərmişdi və hətta Peterin növbəti sözləri ünvanladığı insanları bağışlamağa hazır idi: «Qoy bütün İsrail evi bunu yaxşı bilsin ki, dirəyə çəkdiyiniz İsanı Allah həm Ağa, həm də Məsih etmişdir» (YD). Peterin sözlərini tətbiq edənlərin indi daha çox səbəbləri vardı ki, Allahla yaxın münasibətlərinin olmasını istəyən hər kəs üçün Onun etdiklərini qiymətləndirsinlər. (Həvarilərin işləri 2:30—36 ayələrini oxu.)
6 Həmin yəhudi və prozelitlər indi başa düşürdülər ki, Yehova ilə münasibətləri Onun İsa vasitəsilə xilas təqdim etdiyini qəbul edib-etməmələrindən asılıdır. İndi siz onların, bir xalq kimi, bilavasitə və ya dolayısı ilə İsanın ölümündə daşıdıqları məsuliyyət də daxil olmaqla, nəyə görə günahlarından tövbə etdiklərini başa düşürsünüz. Həm də onların növbəti günlər ərzində həvarilərdən həvəslə təlim almalarının səbəbi də aydın olur (Həv. iş. 2:42). Onlar ‘lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşmaq’ istəyirdilər və bu, mümkün idi (İbr. 4:16).
7. Bir çoxlarının Allah barədə təsəvvürlərinin dəyişməsinə və onların vəftiz olunmasına nə səbəb olub?
7 Bizim günlərdə müxtəlif mənşəli milyonlarla insanlar Müqəddəs Kitabdan Yehova haqda həqiqəti öyrənmişlər (Yeşaya 2:2, 3). Bəziləri vaxtilə ateist və ya deista olmuşlar, amma sonra sıx münasibət qura biləcəkləri Yaradanın varlığına əmin olmuşlar. Digərləri Üç üqnuma və müxtəlif bütlərə ibadət edirdilər. Onlar yalnız Yehovanın Qadir Allah olduğunu öyrəniblər və indi Ona adı ilə müraciət edirlər. Bu, İsanın öz şagirdlərinə Atanın ismi ilə vəftiz olunmalı olduqlarını dediyi sözlərə uyğundur.
8. Adəmdən miras alınmış günahdan xəbəri olmayanlar Ata barədə nəyi öyrənməli idilər?
8 Onlar həmçinin Adəmdən günahı miras aldıqlarını öyrənmişlər (Rom. 5:12). Bu, onların qəbul etməli olduqları yeni həqiqət idi. Bu insanları xəstəliyindən xəbərsiz olan bir adamla müqayisə etmək olar. Ola bilsin, xəstəliyin bəzi simptomları özünü büruzə verib, məsələn, o, bəzən ağrılar hiss edir. Müayinə keçib diaqnoz qoyulmadan o, elə düşünə bilər ki, səhhətində heç bir problem yoxdur. Əslində isə heç də hər şey onun düşündüyü kimi deyil. (1 Korinflilərə 4:4 ayəsi ilə müqayisə et.) Həkim müayinəsindən sonra dəqiq diaqnoz qoyulsa, necə? Məgər geniş yayılmış, sınanmış, effektiv müalicəni axtarıb tapmaq, sonra da müalicə qəbul etmək ağıllı hərəkət olmazdımı? Buna bənzər şəkildə, bir çoxları miras aldıqları günah barədə həqiqəti öyrəndikdən sonra Müqəddəs Kitabın qoyduğu «diaqnoz» ilə barışmış və öyrənmişlər ki, həmin xəstəliyin «əlacı» Allahdadır. Bəli, Atadan uzaqlaşmış hər adam onlara «şəfa» verə biləcək Şəxsə tərəf dönməlidir (Efes. 4:17—19).
9. Allah Onunla münasibətimizin mümkün olması üçün nə etdi?
9 Əgər sən artıq öz həyatını Yehova Allaha həsr edib vəftiz olunmuş məsihçisənsə, Onunla sıx münasibətin nə qədər gözəl olduğunu artıq üzərində hiss etmisən. İndi sən Yehovanın nə qədər məhəbbətli Ata olduğunu başa düşürsən. (Romalılara 5:8 ayəsini oxu.) Adəmlə Həvva Ona qarşı günah işlətsələr də, Allah təşəbbüsü üzərinə götürüb tədbir gördü ki,— biz də daxil olmaqla — onların övladları Onunla yaxşı münasibətdə olsunlar. Bunun üçün Allah sevimli Oğlunun əzablarına və ölümünə qatlaşmalı idi. Məgər bu, bizi Allahın hakimiyyətini qəbul etməyə və məhəbbətdən irəli gələrək Onun əmrlərinə tabe olmağa təşviq etmirmi? Əgər sən hələ həyatını Allaha həsr edib vəftiz olunmamısansa, bunu etmək üçün tam əsasın var.
Oğulun ismi ilə
10, 11. a) Biz İsaya nəyə görə minnətdar olmalıyıq? b) İsanın özünü fidyə olaraq təqdim etməsi səndə hansı hissləri doğurur?
10 Peterin izdihama dediyi sözlərin üzərində bir daha düşünək. O, İsanı qəbul etməyin vacibliyini vurğuladı, bu da ‘Oğulun ismi ilə vəftiz olunmaqla’ birbaşa əlaqəlidir. Nəyə görə bu, o zaman vacib olduğu kimi, bu gün də vacibdir? Çünki İsanı qəbul etmək və onun ismi ilə vəftiz olunmaq onun Yaradanla münasibətimizdə oynadığı rolu qəbul etmək deməkdir. İsa yəhudiləri Qanunun lənətindən xilas etmək üçün işgəncə dirəyindən asılmalı idi; amma onun ölümünün bundan da böyük faydası olmuşdu (Qalat. 3:13). O, bütün bəşəriyyətin ehtiyac duyduğu fidyə qurbanlığını təqdim etdi (Efes. 2:15, 16; Kolos. 1:20; 1 Yəh. 2:1, 2). Lakin bunun üçün İsa ədalətsizliklə, təhqirlərlə, iztirablarla və ölümlə üzləşməli oldu. Sən onun qurbanını nə dərəcədə qiymətləndirirsən? Təsəvvür et: 1912-ci ildir. Sənin 12 yaşın var və «Titanik»də səyahət edirsən. Qəflətən gəmi aysberqlə toqquşur və batmağa başlayır. Sən xilasedici qayığa tullanmağa çalışırsan, amma o, doludur. Sonra qayıqda olan bir nəfər kişi həyat yoldaşını öpüb, gəmiyə qalxır və səni qayığa mindirir. Bu zaman hansı hissləri keçirərdin? Əlbəttə, sən ona çox minnətdar olardın! İndi sən bu hadisələri yaşamış bir oğlanın keçirdiyi hissləri başa düşürsənb. Amma İsa sənin uğrunda bundan da böyük işlər görüb. O, canını qurban verib ki, sən əbədi yaşayasan.
11 Allahın Oğlunun sənin üçün etdikləri barədə ilk dəfə öyrənəndə hansı hissləri keçirmişdin? (2 Korinflilərə 5:14, 15 ayələrini oxu.) Çox ehtimal ki, o an ürəyində dərin minnətdarlıq yaranmışdı. Bu, səni həyatını Allaha həsr etməyə və ‘özün üçün yox, sənin uğrunda Ölən üçün yaşamağa’ təşviq etdi. Oğulun ismi ilə vəftiz olunmaq İsanın sənin üçün etdiklərini, o cümlədən onun ‘Həyat Rəisi’ kimi malik olduğu hakimiyyətini qəbul etmək deməkdir (Həv. iş. 3:15; 5:31). Əvvəllər sənin Yaradanla münasibətin olmadığı üçün, demək olar ki, möhkəm ümidin də olmayıb. Amma İsa Məsihin tökülmüş qanına iman gətirib vəftiz olduğun üçün indi sənin səmavi Atanla yaxın münasibətin var (Efes. 2:12, 13). Həvari Pavel yazmışdı: «Bir vaxtlar ağlınız pis işlərə meyilli olduğundan siz Allaha qarşı yadlaşmış və düşmən olmuşdunuz. İndi isə O, Oğlunun bədəni, yəni ölümü vasitəsilə sizi Özü ilə barışdırdı ki, siz Onun qarşısında müqəddəs, pak və qüsursuz olasınız» (Kolos. 1:21, 22, YD).
12, 13. a) Kimsə sənin xətrinə dəyərsə, Oğulun ismi ilə vəftiz olunmağın reaksiyana necə təsir etməlidir? b) İsanın ismi ilə vəftiz olunmuş bir məsihçi kimi, sən nə etməyə borclusan?
12 Sən Oğulun ismi ilə vəftiz olunmağına baxmayaraq, günaha meyilli olduğunu dərk edirsən. Bunu yadda saxlamaq vacibdir. Məsələn, kimsə xətrinə dəyəndə, çalışırsanmı ki, hər ikinizin də günahlı olduğunuzu unutmayasan? Hər ikinizin də Allah tərəfindən bağışlanmağa ehtiyacı var və siz bir-birinizi bağışlamağa borclusunuz (Mark 11:25). Bunun vacibliyini göstərmək üçün İsa bir məsəl çəkdi: Bir qulun ağası onun on min talant (60 milyon dinar) borcunu bağışladı. Bir qədər sonra həmin qul ona 100 dinar borclu olan qulunu bağışlamaq istəmədi. İsa məsəlinə yekun vuraraq dedi: Yehova qardaşını bağışlamayan adamı bağışlamayacaq (Mat. 18:23—35). Bəli, Oğulun ismi ilə vəftiz olunmaq İsanın hakimiyyətini tanımaq və başqalarını bağışlamaq da daxil olmaqla, onun nümunəsini izləməyə və təlimlərinə riayət etməyə çalışmaq deməkdir (1 Pet. 2:21; 1 Yəh. 2:6).
13 Qeyri-kamil olduğumuzdan biz tam şəkildə İsanın nümunəsini təqlid edə bilmərik. Ancaq Allaha həsr olunarkən ürəkdən verdiyimiz anda uyğun olaraq, biz İsanı əlimizdən gəldiyi qədər yaxşı təqlid etmək istəyirik. Bunun üçün biz daim səy göstərməliyik ki, köhnə mənliyi çıxarıb yeni mənliyi geyinək. (Efeslilərə 4:20—24 ayələrini oxu.) Çox güman ki, sən hörmət edib dəyərləndirdiyin dostunun nümunəsini və gözəl keyfiyyətlərini təqlid etməyə çalışırsan. Buna bənzər tərzdə, biz də Məsihdən öyrənməklə onun izləri ilə getmək istəyirik.
14. İsanı səlahiyyətli səmavi Padşah kimi qəbul etdiyini necə göstərə bilərsən?
14 Oğulun ismi ilə vəftiz olunmağın məğzini dərk etdiyini başqa cür də göstərə bilərsən. Allah «hər şeyi Onun [İsanın] ayaqları altına tabe etdirdi və bütün varlıqların üzərində baş olmaq üçün, Onu imanlılar cəmiyyətinə verdi» (Efes. 1:22). Buna görə də biz İsanın Yehovaya həsr olunan insanlara necə rəhbərlik verdiyinə hörmətlə yanaşmalıyıq. Məsih yığıncaqda qeyri-kamil insanlardan, xüsusilə də ruhən yetkin qardaşlardan — təyin olunmuş ağsaqqallardan istifadə edir. Onları təyin etməkdə məqsəd «müqəddəslər»i islah etmək və «Məsihin bədənini inkişaf etdirmək»dir (Efes. 4:11, 12). Qeyri-kamil insanlar səhvlərə yol versələr də, səmavi Padşahlığın təyin olunmuş Padşahı kimi, İsa yaranan problemi vaxtında və istədiyi kimi həll etməyə qadirdir. Sən buna inanırsan?
15. Vəftiz olunsan, hansı xeyir-duaları alacaqsan?
15 Bununla belə, elə insanlar var ki, hələ də həyatlarını Yehovaya həsr edib vəftiz olunmayıblar. Əgər sən bu addımı atmamısansa, yuxarıda yazılanları nəzərə alaraq, Oğulu tanımağın müdrik hərəkət və minnətdarlığın əlaməti olduğunu dərk edirsənmi? Oğulun ismi ilə vəftiz olunmaq sənə çoxlu gözəl xeyir-dualar gətirəcək. (Yəhya 10:9—11 ayələrini oxu.)
Müqəddəs ruhun ismi ilə
16, 17. Müqəddəs ruhun ismi ilə vəftiz olunmaq sənin üçün nə deməkdir?
16 Müqəddəs ruhun ismi ilə vəftiz olunmaq nə deməkdir? Yuxarıda qeyd olunduğu kimi, Pentikost günündə Peterin nitqinə qulaq asanlar müqəddəs ruhun nə olduğundan agah idilər. Üstəlik, onlar öz gözləri ilə görürdülər ki, Allah Öz müqəddəs ruhundan istifadə etməyə davam edir. ‘Müqəddəs Ruhla dolub başqa-başqa dillərdə danışmağa başlayanların’ arasında Peter də vardı (Həv. iş. 2:4, 8). «İsmi ilə» dedikdə heç də həmişə hansısa şəxsin adı nəzərdə tutulmur. Məsələn, bu gün bir çox işlər «dövlətin adından» görülür. Əslində isə həmin işlər müvafiq hakimiyyət orqanları tərəfindən icra olunur. Eynilə, müqəddəs ruhun ismi ilə vəftiz olunan adam da müqəddəs ruhun şəxsiyyət yox, Yehovanın fəal qüvvəsi olduğunu qəbul edir. Həmçinin vəftiz olunan insan müqəddəs ruhun Allahın niyyətində oynadığı rolu da qəbul edir.
17 Yəqin ki, sən Müqəddəs Kitabdan müqəddəs ruh haqqında öyrənmisən. Məsələn, Allahın Kəlamının müqəddəs ruh tərəfindən ilham alaraq yazıldığını bilirsən (2 Tim. 3:16). Ola bilsin, sən ruhən inkişaf etdikcə, ‘səmavi Atanın Ondan diləyənlərə’, eləcə də sənə, müqəddəs ruh verdiyini daha yaxşı başa düşmüsən (Luka 11:13). Yəqin, müqəddəs ruhun həyatına göstərdiyi təsiri hiss etmisən. Amma əgər sən müqəddəs ruhun ismi ilə vəftiz olunmağa hazırlaşırsansa, İsanın Atasının müqəddəs ruh verəcəyinə dair vədi o deməkdir ki, ruhla yanaşı, gələcəkdə səni əsil xeyir-dualar gözləyir.
18. Müqəddəs ruhun ismi ilə vəftiz olunanlar hansı xeyir-duaları alırlar?
18 Aydın görünür ki, Yehova bizim günlərdə də məsihçi yığıncağını Öz ruhu ilə idarə edir. Bu ruh bizə gündəlik həyatımızda da kömək edir. Müqəddəs ruhun ismi ilə vəftiz olunmaq — onun həyatımızda oynadığı rolu qəbul etmək və minnətdarlıqla onunla əməkdaşlıq etmək deməkdir. Amma bəziləri soruşa bilərlər: Yehovaya həsr olunmağımıza uyğun necə yaşaya bilərik və müqəddəs ruh bunda hansı rolu oynayır? Bu, növbəti məqalədə müzakirə olunacaq.
[Haşiyələr]
a Deistlər Allahın mövcudluğuna inanır, amma Onun yaratdığı varlıqlarla maraqlanmadığını düşünürlər.
b «Oyanın!» jurnalının 1981-ci il 22 oktyabr sayının 3—8-ci səhifələrinə (ing.) baxın.
Yadınızdadırmı?
• Atanın ismi ilə vəftiz olunmaq sənin üçün nə deməkdir?
• Oğulun ismi ilə vəftiz olunmaq nə deməkdir?
• Ata və Oğul ismi ilə vəftiz olunmağın vacibliyini dərk etdiyini necə göstərə bilərsən?
• Müqəddəs ruhun ismi ilə vəftiz olunmaq nə deməkdir?
[10-cu səhifədəki şəkil]
Eramızın 33-cü ilinin Pentikost bayramından sonra yeni şagirdlərin səmavi Ataları ilə hansı münasibətləri yarandı?
[İcazə ilə]
By permission of the Israel Museum, Jerusalem