Həyatınızdakı dəyişikliklərə baxmayaraq, Allahın lütfündə qalın
OLA BİLSİN, həyatınızda nə isə dəyişir. Bununla barışmaq sizə çətindirmi? Əksəriyyətimiz belə vəziyyətlərlə üzləşmişik, yaxud da gələcəkdə üzləşəcəyik. Keçmişdə baş verən bəzi hadisələri nəzərdən keçirsək, bu kimi vəziyyətlərdə hansı xüsusiyyətlərin köməyi dəydiyini başa düşə bilərik.
Məsələn, götürək Davudu. Onun həyatında bir çox dəyişikliklər baş vermişdi. Şamuel onu gələcək padşah kimi məsh edəndə o, adi çoban idi. Hələ gənc ikən Davud könüllü olaraq filiştli Qolyatla döyüşə girdi (1 Sam. 17:26—32, 42). Gənc Davudu Şaul padşahın sarayında yaşamağa dəvət etdilər və ordu başçısı təyin etdilər. Davud nə həyatında baş verən bu dəyişiklikləri, nə də gələcəkdə onu nələrin gözlədiyini ağlına belə gətirə bilməzdi.
Bir qədər vaxt keçəndən sonra Davudla Şaulun münasibətləri həddən artıq pisləşdi (1 Şam. 18:8, 9; 19:9, 10). Həyatını qorumaq üçün Davud bir neçə il öz yurd-yuvasından qaçaq düşdü. Hətta İsrail üzərində padşahlıq edəndə də onun həyatında böyük dəyişikliklər baş verirdi. Xüsusən də zina etdikdən və günahını ört-basdır etmək üçün adam öldürdükdən sonra bu dəyişikliklər qaçılmaz oldu. Etdiyi günahların nəticəsində Davudun ailəsinə fəlakətlər üz verirdi. Məsələn, oğlu Avşalom ona qarşı üsyan qaldırdı (2 Şam. 12:10—12; 15:1—14). Bununla belə, Davud zina etdiyinə və adam öldürdüyünə görə peşman olduqda Yehova onu bağışladı və o, yenidən Allahın lütfünü tapdı.
Sizin də vəziyyətiniz dəyişə bilər. Sağlamlıqla bağlı problemlər, iqtisadi çətinliklər və ya ailə problemləri, hətta öz hərəkətlərimiz belə həyatımızda dəyişikliklərin baş verməsinə səbəb olur. Bu cür dəyişikliklərin öhdəsindən gəlməyə hansı keyfiyyətlər kömək edə bilər?
Təvazökarlığın rolu
Təvazökarlıq özünə itaətkarlığı daxil edir. Əsil təvazökarlıq bizə özümüzü və başqalarını olduğu kimi görməyə kömək edir. Başqalarının xüsusiyyətlərini və müvəffəqiyyətlərini etiraf etsək, onları və gördükləri işləri layiqincə qiymətləndirə biləcəyik. Buna bənzər tərzdə, təvazökarlıq hansısa bir şeyin nə üçün baş verdiyini və onun öhdəsindən necə gəlməyi başa düşməyimizə kömək edir.
Bu sahədə Şaulun oğlu Yonatan gözəl nümunədir. Onun vəziyyəti gedişatına təsir edə bilmədiyi hadisələr ucbatından dəyişmişdi. Şamuel Şaula deyəndə ki, Yehova padşahlığı onun əlindən alacaq, Yonatanın padşah olacağını söyləmədi (1 Şam. 15:28; 16:1, 12, 13). Davudun padşah seçilməsi ilə padşah olmaq imkanı Yonatanın əlindən çıxdı. Şaulun itaətsizliyi müəyyən mənada Yonatanın həyatına mənfi təsir göstərdi. Atasının etdiklərinə görə məsuliyyət daşımasa da, o, padşahlığı miras almadı (1 Şam. 20:30, 31). Yonatan buna necə münasibət göstərdi? Bu imkanın əlindən çıxdığına görə Davuda paxıllıq edib, kin saxladımı? Xeyr. Yaşca xeyli böyük və daha təcrübəli olmasına baxmayaraq, Yonatan sədaqətlə Davuda dayaq oldu (1 Şam. 23:16—18). Təvazökar olduğu üçün o, Allahın kimə xeyir-dua verdiyini başa düşür və ‘özünə lüzumundan çox əhəmiyyət vermirdi’ (Rom. 12:3). Yonatan Yehovanın ondan nə istədiyini dərk edir və Onun bu məsələyə dair qərarını qəbul edirdi.
Düzdür, hərdən dəyişikliklər ucbatından müxtəlif çətinliklər yaranır. Məsələn, bir müddət ərzində Yonatan ona yaxın olan iki adamın arasında qalmışdı. Onlardan biri Yehovanın təyin etdiyi gələcək padşah, dostu Davud idi. Digəri isə Yehova tərəfindən rədd olunan, amma hələ ki taxtda oturan atası Şaul idi. Bu vəziyyətdə Yehovanın lütfünü qorumağa çalışan Yonatan, yəqin ki, mənəvi sarsıntı keçirirdi. Qarşılaşdığımız dəyişikliklər bizdə narahatçılıq və qorxu yarada bilər. Lakin biz Yehovanın nöqteyi-nəzərini anlamağa çalışsaq, dəyişikliklərə tab gətirərək Ona sədaqətlə xidmət edə biləcəyik.
Təvazökarlığın vacibliyi
Təvazökarlıq həmçinin insanın öz imkanlarının məhdud olduğunu başa düşməsi deməkdir. Davud təvazökar idi. Yehova onu padşah kimi seçsə də, o, bir neçə il ərzində taxta çıxa bilmədi. İlk baxışdan elə təəssürat oyanırdı ki, Yehova vədini yerinə yetirməyə gecikir. Lakin Müqəddəs Kitabın heç bir yerində Yehovanın bununla bağlı Davuda izahat verdiyi yazılmayıb. Qıraqdan ümidləri boşa çıxmış kimi görünsə də, bu vəziyyət Davudu heç narahat etmirdi. O, imkanlarının məhdud olduğunu dərk edir və anlayırdı ki, hər şey bu vəziyyətin davam etməsinə yol verən Yehovanın nəzarəti altındadır. Buna görə də, hətta həyatını qurtarmaq xatirinə belə, Davud nə özü Şaulu öldürdü, nə də yoldaşı Avişaya bunu etməyə izin verdi (1 Şam. 26:6—9).
Ola bilər, hərdən yığıncağımızda yaranan vəziyyəti başa düşmürük və ya bizim fikrimizcə, hansısa məsələ yaxşı, yaxud təşkil olunmuş surətdə həll olunmur. Belə olan halda, İsa Məsihin yığıncağın başı olduğunu və onun başçılıq etməyə təyin olunmuş ağsaqqallar vasitəsilə rəhbərlik etdiyini təvazökarlıqla qəbul edəcəyikmi? Yehovanın lütfündə qalmaq üçün Onun İsa Məsih vasitəsilə məsələnin həllinə rəhbərlik edəcəyinə inanmağın lazım gəldiyini başa düşərək təvazökarlıq göstərəcəyikmi? Hətta çətin olsa belə, təvazökarlıqla səbir edib gözləyəcəyikmi? (Sül. məs. 11:2).
Həlimlik müsbət əhval-ruhiyyəni qorumağa kömək edir
Həlimlik yumşaq xasiyyət deməkdir. Onun sayəsində biz haqsızlığa səbirlə, əsəbiləşmədən, incimədən və kin saxlamadan tab gətiririk. Həlim olmaq asan deyil. Müqəddəs Kitabda işlədilən həlimlik sözü təvazökarlıqla əlaqəlidir, lakin o, özünə yaxşılıq, xeyirxahlıq kimi başqa keyfiyyətləri də daxil edir. Maraqlıdır ki, Müqəddəs Kitabın bir ayəsində Allah ‘həlim ürəkliləri’ ‘təvazökarlığa meyl salmağa’ dəvət edir (Sef. 2:3, Müqəddəs Kitab—2004). Həlim insan təlim və nəsihəti qəbul edir, buna görə də ruhani cəhətdən inkişaf edir.
Həlimlik həyatımızdakı dəyişikliyə uyğunlaşmağa necə kömək edə bilər? Yəqin fikir vermisiniz ki, çoxları dəyişikliklərə mənfi münasibət bəsləyirlər. Əslində isə bunlar Yehovadan təlim almağımız üçün fürsət ola bilər. Musanın həyatı buna əyani nümunədir.
Musa 40 yaşında olanda artıq gözəl keyfiyyətlərə malik idi. O, Allahın xalqının ehtiyaclarını duyur və fədakarlıq ruhu təzahür etdirirdi (İbr. 11:24—26). Bununla belə, Yehova ona İsraili Misirdən çıxarmağı tapşırmazdan əvvəl Musa dəyişikliklərlə üzləşməli oldu. Bu dəyişikliklərin sayəsində o, daha da həlim oldu. Canını qurtarmaq üçün Musa Misirdən qaçıb 40 il Midyan diyarında yaşadı və çobanlıq etdi. Burada əvvəlki cah-calaldan əsər-əlamət belə yox idi. Bunun nəticəsi nə oldu? Bütün bu dəyişikliklər onun daha yaxşı insan kimi formalaşmasına kömək etdi (Say. 12:3). O, ruhani maraqları şəxsi mənafeyindən üstün tutmağı öyrəndi.
Musanın həlimliyinə nümunə olaraq, gəlin görək Yehova dikbaş xalqı rədd edib Musanın övladlarından qüdrətli bir xalq yaratmağı söyləyəndə o nə etdi (Say. 14:11—20). Musa xalq üçün yalvarıb-yaxarmağa başladı. Sözlərindən görünür ki, onun üçün ən vacibi Allahın adı və özünün deyil, qardaşlarının rifahı idi. Vasitəçi və xalqın rəhbəri vəzifəsinə həlim insan gərək idi. Bir dəfə Məryəmlə Harun Musaya qarşı deyinmişdi. Lakin Müqəddəs Kitabda deyilir ki, «Musa yer üzündə yaşayan bütün adamlardan daha həlim bir insan idi» (Say. 12:1—3, MK—04, 9—15). Görünür, Musa həlimliklə onların təhqirlərinə dözmüşdü. Təsəvvür edirsiniz, Musa həlim olmasaydı, nə baş verərdi?
Başqa bir halda Yehovanın ruhu bəzi adamların üzərinə enmiş və onlar peyğəmbərlik etməyə başlamışdılar. Musanın xidmətçisi Yeşuanın fikrincə, onlar düzgün davranmırdılar. Musa isə həlimlik göstərərək baş verənlərə Yehovanın gözü ilə baxır və səlahiyyətini itirəcəyindən qorxmurdu (Say. 11:26—29). Həlim olmasaydı, Musa Yehovanın etdiyi bu dəyişikliyi qəbul edərdimi?
Həlimliyin sayəsində Musa böyük səlahiyyətindən və Allahın ona həvalə etdiyi mövqedən düzgün istifadə edirdi. Yehova ona Xorev dağına qalxmağı tapşırdı. Musa Allahın nümayəndəsi kimi dağa qalxdıqda Allah mələk vasitəsilə onunla danışdı və onu əhdin vasitəçisi təyin etdi. Musanın həlimliyi ona bu böyük səlahiyyəti qəbul edib, eyni zamanda Allahın lütfünü qorumağa kömək etdi.
Bəs bizim haqqımızda nə demək olar? Həlimlik formalaşmağımız üçün son dərəcə vacib xüsusiyyətdir. Allahın xalqı arasında səlahiyyət və məsuliyyəti olan hər kəs həlim olmalıdır. Həlimliyin sayəsində biz dəyişikliklərlə üzləşləndə təkəbbürlü olmayacaq və bu cür vəziyyətlərə düzgün yanaşacağıq. Dəyişikliyə necə münasibət göstərməyimiz olduqca vacibdir. Vəziyyətlə barışacağıqmı? Ona daha da yaxşı olmaq üçün bir fürsət kimi baxacağıqmı? Bəlkə də bu, həlim olmağı öyrənmək üçün yeganə fürsət olacaq!
Həyatımızda dəyişikliklər həmişə olacaq. Hərdən baş verənlərin səbəbini anlamırıq. İmkanlarımızın məhdud olması və mənəvi gərginlik baş verənlərə Yehovanın gözü ilə baxmağa mane ola bilər. Bununla belə, təvazökarlıq və həlimlik kimi xüsusiyyətlər dəyişikliklərlə barışmağa və Yehovanın lütfünü qorumağa bizə kömək edəcək.
[4-cü səhifədəki yazı]
Əsil təvazökarlıq bizə özümüzü olduğumuz kimi görməyə kömək edir
[5-ci səhifədəki yazı]
Həlimlik formalaşmağımız üçün son dərəcə vacib xüsusiyyətdir
[5-ci səhifədəki şəkil]
Musa üzləşdiyi dəyişikliklərin sayəsində daha da həlim oldu