Kişilər Məsihin başçılığına nəyə görə tabe olmalıdırlar?
‘Hər ərin başı Məsihdir’ (1 KOR. 11:3).
1. Yehovanın nizam-intizam Allahı olduğu nədən görünür?
«YA RƏBBİMİZ və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı»,— deyə Vəhy 4:11 ayəsində yazılmışdır. Yehova Allah hər şeyin Yaradanı olduğu üçün bütün Kainatın Ali Hökmdarıdır və O, bütün xilqətdən üstündür. Yehovanın ‘qarışıqlıq deyil, sülh Allahı’ olduğu bütün şüurlu varlıqları nizam-intizamla təşkil etməsindən görünür (1 Kor. 14:33; Yeşaya 6:1—3; İbr. 12:22, 23).
2, 3. a) Yehovanın yaratdığı ilk varlıq kim olub? b) İlk Oğul Atasının yanında hansı mövqeyi tutur?
2 Yaratmağa başlamazdan öncə Allah qərinələr boyunca mövcud olmuşdur. Yehovanın yaratdığı ilk varlıq «Kəlam» kimi tanınan ruhani varlıq idi, çünki o, Onun Nümayəndəsi idi. Yehova qalan hər şeyi məhz bu «Kəlam» vasitəsi ilə yaradıb. Sonra o, kamil insan kimi yer üzünə gələrək İsa Məsih kimi tanındı. (Yəhya 1:1—3, 14 ayələrini oxu.)
3 Müqəddəs Yazılarda Allahla ilk Oğulun bir-birinə münasibətdə tutduğu mövqe barədə nə deyilir? Həvari Pavel Allahdan ilham alaraq yazmışdır: «Bunu da bilmənizi istəyirəm ki, hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Kor. 11:3). Məsih Atasının tabeçiliyindədir. Başçılıq və tabeçilik prinsipi şüurlu varlıqlar arasında sülh və nizam-intizamın hökm sürməsi üçün çox zəruridir. Hər şeyin İsanın vasitəsilə yaradılmasına baxmayaraq, hətta ondan da Allahın başçılığına tabe olmaq tələb olunur (Kolos. 1:16).
4, 5. İsa Yehovanın yanında tutduğu mövqeyinə necə yanaşırdı?
4 İsa Yehovanın başçılığına tabe olmağa və yer üzünə gəlməyə necə yanaşırdı? Müqəddəs Yazılarda deyilir: «Allah surətində olduğu halda O, Allahla bərabərliyi, imtinası mümkün olmayan bir haqq saymadı. Lakin Özünü heç edərək Özünü qul surətinə salıb, insanlara oxşar oldu. Görkəm etibarilə də insan kimi, O Öz təvazökarlığını göstərdi və ölümədək... itaətkarlıq etdi» (Filip. 2:5—8).
5 İsa hər zaman Atasının iradəsinə təvazökarlıqla tabe olurdu. O demişdi: «Mən Öz-Özümdən bir şey edə bilmərəm... Mənim hökmüm doğrudur, ona görə ki, məqsədim öz iradəmi deyil, Məni göndərənin iradəsini yerinə yetirməkdir» (Yəh. 5:30). Həmçinin: «Mən daim Onun [Atamın] xoşuna gələn işləri görürəm»,— deyə bəyan etmişdi (Yəh. 8:29). Ölümünə bir az qalmış İsa duada Atasına demişdi: «Mən Səni yer üzündə izzətləndirdim; Sənin Mənə icra etmək üçün tapşırdığın işi yerinə yetirdim» (Yəh. 17:4). Göründüyü kimi, İsa üçün Atasının başçılığını qəbul etmək və ona tabe olmaq problem deyildi.
Ataya tabeçilik Oğula xeyir-dualar gətirir
6. İsa hansı gözəl xüsusiyyətləri təzahür etdirirdi?
6 İsa yer üzündə olarkən Atasına böyük məhəbbət göstərməklə yanaşı, bir çox gözəl xüsusiyyətlər də təzahür etdirmişdi. O demişdi: «Mən Atanı sevirəm» (Yəh. 14:31). O, insanları da çox sevirdi. (Matta 22:35—40 ayələrini oxu.) İsa kobud və hökmlü yox, xeyirxah və qayğıkeş idi. O deyirdi: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür» (Mat. 11:28—30). Yaşlarından asılı olmayaraq, həlim insanlar, xüsusilə də əzab-əziyyət və zülm içində olanlar İsanın gözəl xüsusiyyətlərindən və çatdırdığı ruhlandırıcı xəbərdən təsəlli tapırdılar.
7, 8. Musanın Qanununa görə, qanaxmadan əziyyət çəkən qadın nəyi etməməli idi, amma İsa onunla necə rəftar etdi?
7 İndi isə İsanın qadınlarla necə rəftar etdiyinə nəzər salaq. Tarix boyunca bir çox kişilər, o cümlədən qədim İsrailin din rəhbərləri qadınlarla çox pis rəftar etmişlər. Lakin İsa qadınlara hörmətlə yanaşırdı. Bu, onun 12 il qanaxmadan əziyyət çəkən qadınla necə rəftar etməsindən aydın görünür. ‘Həkimlər əlindən xeyli əziyyət çəkən’ bu qadın sağalmaq üçün bütün varını sərf etmişdi. Amma buna baxmayaraq, «vəziyyəti daha da pisləşmişdi». Musanın Qanununa görə o, natəmiz sayılırdı. Ona toxunan hər bir insan da natəmiz olurdu (Lev. 15:19, 25).
8 İsanın xəstələrə şəfa verdiyini eşidən qadın: «Heç olmasa, ancaq paltarına toxunsam, sağalacağam»,— deyə fikirləşərək İsanı əhatə edən izdihamı yarıb ona toxundu və dərhal sağaldığını hiss etdi. İsa bilirdi ki, qadın onun paltarlarına toxunmamalı idi. Buna baxmayaraq, İsa onu məzəmmət etmədi. Əksinə, o, onunla xeyirxahlıqla davrandı. İsa qadının illər ərzində xəstəliyi ucbatından nələr çəkdiyini başa düşür və onun son dərəcə köməyə möhtac olduğunu görürdü. İsa şəfqətlə ona dedi: «Qızım! İmanın səni xilas etdi. Sülh ilə get və dərdindən sağal» (Mark 5:25—34).
9. Şagirdləri uşaqları İsanın yanına buraxmayanda o, buna necə yanaşdı?
9 Hətta uşaqlar da özlərini İsanın yanında rahat hiss edirdilər. Bir dəfə valideynlər uşaqlarını İsanın yanına gətirəndə şagirdlər onları danladılar. Görünür, onlar düşünürdülər ki, İsa uşaqların onu bezdirməsini istəmir. Amma İsa heç də belə fikirləşmirdi. Müqəddəs Yazılarda oxuyuruq: «İsa bunu gördükdə, qəzəblənib onlara dedi: “Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Səltənəti belələrinindir”». Sonra «onları qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi». Demək olmaz ki, İsa uşaqlara sadəcə səbir etməli oldu, əksinə, onları mehribancasına qarşıladı (Mark 10:13—16).
10. İsa təzahür etdirdiyi xüsusiyyətlərə necə yiyələnmişdi?
10 İsa yer üzündə xidmət edərkən təzahür etdirdiyi xüsusiyyətlərə necə yiyələnmişdi? Göydə yaşadığı milyard illər ərzində o, səmavi Atasını müşahidə edir və Onun yollarını öyrənirdi. (Süleymanın məsəlləri 8:22, 23, 30 ayələrini oxu.) O, göydə Yehovanın yaratdığı varlıqlar üzərində necə məhəbbətlə başçılıq etdiyinə fikir verir və Onun yollarını mənimsəyirdi. Əgər İsa itaətkar olmasaydı, bunu edə bilərdimi? O, Atasına itaət etməkdən zövq alırdı, Yehova da belə Oğulla fəxr edirdi. İsa yer üzündə olanda səmavi Atasının heyrətamiz xüsusiyyətlərini mükəmməl surətdə əks etdirirdi. Allahın səmavi Padşahlığının Padşahı olan Məsihə tabe olmaq necə də böyük şərəfdir!
Məsihin xüsusiyyətlərini təqlid edin
11. a) Biz var gücümüzlə kimi təqlid etməyə çalışmalıyıq? b) Nəyə görə xüsusilə də kişilər İsanı təqlid etməyə çalışmalıdırlar?
11 Məsihçi yığıncağında hər kəs, xüsusilə də kişilər daima və var qüvvələri ilə Məsihin xüsusiyyətlərini təqlid etməyə çalışmalıdırlar. Artıq qeyd olunduğu kimi, Müqəddəs Kitabda deyilir: «Hər ərin başı Məsih[dir]». Məsih öz Başı olan həqiqi Allahı təqlid etdiyi kimi, məsihçi kişilər də çalışmalıdırlar ki, onların başı olan Məsihi təqlid etsinlər. Həvari Pavel məsihçi olanda məhz belə də etdi. O, həmimanlılarını səsləyirdi: «Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin» (1 Kor. 11:1). Həvari Peter isə demişdi: «Siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək» (1 Pet. 2:21). Kişilər ağsaqqal və xidməti köməkçi olduqları üçün Məsihi təqlid etmək nəsihəti onlar üçün daha böyük əhəmiyyət kəsb edir. İsa Yehovanı təqlid etməkdən sevinc duyduğu kimi, məsihçi kişilər də Məsihi və onun xüsusiyyətlərini təqlid etməkdən sevinc duymalıdırlar.
12, 13. Ağsaqqallar onlara həvalə olunan sürü ilə necə rəftar etməlidirlər?
12 Məsihi təqlid etməyi öyrənmək məsihçi yığıncağının ağsaqqallarının borcudur. Peter ağsaqqallara nəsihət edirdi: «Allahın sizə həvalə olunan sürüsünü otarın. Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə nəzarət edin. Sizə tapşırılanlara qarşı zülmkar yox, sürüyə nümunə olun» (1 Pet. 5:1—3). Məsihçi ağsaqqallar hökmlü, zalım və kobud olmamalıdırlar. Məsihin nümunəsini təqlid edərək ağsaqqallar onlara həvalə olunan sürü ilə məhəbbətlə, nəzakətlə, təvazökarlıqla və xeyirxahlıqla davranmağa çalışmalıdırlar.
13 Yığıncaqda rəhbərliyi üzərinə götürən qardaşlar qeyri-kamildirlər və onlar imkanlarının məhdud olduğunu unutmamalıdırlar (Rom. 3:23). Buna görə də onlar İsadan öyrənməyə və onun məhəbbətini əks etdirməyə can atmalıdırlar. Nəzarətçilər Allahın və Məsihin insanlarla necə rəftar etməsinin üzərində düşünməli və onları təqlid etməlidirlər. Peter bizi təşviq edir: «Hamınız bir-birinizə tabe olaraq təvazökarlıq paltarı geyinin. Çünki Allah məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir» (1 Pet. 5:5).
14. Ağsaqqallar başqalarına nə dərəcədə hörmət etməlidirlər?
14 Yığıncaqda nəzarətçi təyin olunmuş qardaşlar Allahın sürüsü ilə rəftar edərkən gözəl xüsusiyyətlər təzahür etdirməlidirlər. Romalılara 12:10 ayəsində deyilir: «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın». Ağsaqqallar və xidməti köməkçilər başqalarına hörmətlə yanaşırlar. Bütün məsihçilər kimi, bu qardaşlar da ‘rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməməli, amma təvazökarlıqla bir-birlərini özlərindən yuxarı saymalıdırlar’ (Filip. 2:3). Rəhbərliyi öz üzərinə götürənlər başqalarını özlərindən üstün hesab etməlidirlər. Belə etməklə onlar Pavelin məsləhətinə riayət etmiş olacaqlar: «Biz qüvvətlilər qüvvətsizlərin zəifliklərinə dözməli və öz qayğımıza qalmamalıyıq. Hər birimiz yaxşılıq naminə öz qonşumuzun qayğısına qalmalıyıq ki, o ruhən inkişaf etsin. Ona görə ki, Məsih də Öz qayğısına qalmamışdı» (Rom. 15:1—3).
‘Arvadlarınıza hörmət göstərin’
15. Ərlər arvadları ilə necə davranmalıdırlar?
15 İndi isə Peterin evli kişilərə verdiyi məsləhətə nəzər salaq. O yazırdı: «Ey ərlər, həmçinin siz də arvadlarınızla iltifatlı davranın. Onlar zəif cins... olduqlarından onlara hörmət göstərin» (1 Pet. 3:7). Kiməsə hörmət etmək onu yüksək qiymətləndirmək, yəni onun fikirlərini, istək və tələbatlarını nəzərə almaq, eləcə də mümkün olan hallarda güzəştə getmək deməkdir. Ər arvadı ilə məhz belə davranmalıdır.
16. Yoldaşlarına hörmət etməklə əlaqədar Müqəddəs Kitabda ərlər üçün hansı xəbərdarlıq yazılıb?
16 Kişilərin həyat yoldaşları ilə hörmətcil tərzdə davranmalı olduqlarını yazaraq Peter əlavə etdi: «Dualarınıza maneçilik törədilməsin» (1 Pet. 3:7). Buradan kişilərin öz həyat yoldaşları ilə necə rəftar etmələrinə Yehovanın nə dərəcədə ciddi yanaşdığını aydın görmək olar. Kişinin arvadı ilə hörmətsiz rəftarı dualarına maneçilik törədə bilər. Məgər ərlərindən hörmətcil münasibət görən qadınlar, adətən, müsbət hay vermirlərmi?
17. Ər öz arvadını nə dərəcədə sevməlidir?
17 Həyat yoldaşını sevməyə dair Allahın Kəlamı kişilərə belə məsləhət verir: «Ərlər... öz arvadlarını öz bədənləri qədər sevməlidirlər... Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir... Qoy hər kəs öz arvadını özü kimi sevsin» (Efes. 5:28, 29, 33). Kişilər öz həyat yoldaşlarını nə dərəcədə sevməlidirlər? Pavel bu haqda yazır: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efes. 5:25). Məsih yığıncaq uğrunda özünü qurban verdiyi kimi, ər də arvadı uğrunda canından keçməyə hazır olmalıdır. Məsihçi ər arvadı ilə nəvazişlə, anlayışla, diqqətlə davrananda və şəxsi mənfəətini güdməyəndə qadına ərinin başçılığına tabe olmaq daha asan olur.
18. Nikahdakı məsuliyyətlərilə əlaqədar kişilərin hansı köməyi var?
18 Yehova ərlərdən öz həyat yoldaşlarına bu cür hörmət göstərməyi tələb etməklə onlardan çox şeymi gözləyir? Xeyr, Yehova heç vaxt onlardan güclərindən artıq bir şey tələb etməz. Bundan əlavə, kainatda ən qüdrətli qüvvə olan müqəddəs ruh Yehovanın bütün xidmətçiləri üçün əlçatandır. İsa demişdir: «Madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:13). Dualarda ərlər Yehovadan müqəddəs ruh istəyə bilərlər ki, bu ruh onlara hamı ilə, eləcə də arvadları ilə düzgün davranmağa kömək etsin. (Həvarilərin işləri 5:32 ayəsini oxu.)
19. Növbəti məqalədə söhbət nədən gedəcək?
19 Həqiqətən də, kişilərin Məsihə tabe olmağı öyrənmək və onun başçılıq nümunəsini təqlid etmək kimi ciddi məsuliyyətləri var. Bəs qadınlar, xüsusilə də ailəli qadınlar haqqında nə demək olar? Növbəti məqalədə onların Yehovanın quruluşundakı rollarına necə münasibət göstərməli olduqları müzakirə olunacaq.
Yadınızdadırmı?
• Biz İsanın hansı xüsusiyyətlərini təqlid etməliyik?
• Ağsaqqallar sürü ilə necə rəftar etməlidirlər?
• Ər arvadı ilə necə rəftar etməlidir?
[10-cu səhifədəki şəkillər]
Başqalarına hörmət etməklə İsanı təqlid edin