Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/5 s. 12—17
  • Qadınlar nəyə görə başçılıq prinsipinə riayət etməlidirlər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qadınlar nəyə görə başçılıq prinsipinə riayət etməlidirlər?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • «Mən ona... bir köməkçi yaradacağam»
  • Həyat yoldaşın sənin imanına şərik olmayanda
  • Qadının dili-ağzı olmamalıdır?
  • Fikrini bildirməkdən çəkinməyən iki qadın
  • ‘Tərifəlayiq qadın’
  • Allahın ənamına görə minnətdar olun
  • Kişi və qadın. Hər birinin ləyaqətli rolu
    Gözətçi qülləsi 2007
  • Qadınlar, ərlərinizə ehtiram edin
    Gözətçi qülləsi 2007
  • Qadının başı kişidir
    Gözətçi qülləsi 2021
  • Ər-arvadlar üçün müdrik nəsihətlər
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/5 s. 12—17

Qadınlar nəyə görə başçılıq prinsipinə riayət etməlidirlər?

‘Arvadın başı ərdir’ (1 KOR. 11:3).

1, 2. a) Həvari Pavel Yehovanın başçılıq və tabeçilik prinsipi haqda nə yazmışdır? b) Bu məqalədə hansı suallar araşdırılacaq?

YEHOVA müəyyən qayda-qanun təsis etmişdir. Bunu həvari Pavel belə ifadə edir: «Hər ərin başı Məsih... Məsihin başı isə Allahdır» (1 Kor. 11:3). Əvvəlki məqalədən İsanın Başı olan Yehova Allaha tabeçiliyi özünə şərəf bildiyini və bundan sevinc duyduğunu, eləcə də İsanın məsihçi kişilərin başı olduğunu öyrəndik. Məsih insanlara qarşı xeyirxah, mülayim və şəfqətli idi və o, heç vaxt öz mənfəətini güdmürdü. Yığıncaqdakı kişilər də bütün insanlarla, xüsusilə də öz həyat yoldaşları ilə məhz bu cür rəftar etməlidirlər.

2 Bəs qadınlar haqda nə demək olar? Onların başı kimdir? «Arvadın başı ər[dir]»,— deyə Pavel yazmışdır. Allahın ilhamlandırdığı bu sözlərə qadınların münasibəti necə olmalıdır? Qadının həyat yoldaşı onun imanına şərik olmayanda da bu prinsip tətbiq ediləndirmi? Ərin başçılığına tabe olmaq o deməkdirmi ki, ailədə qərarlar qəbul edilərkən qadın öz fikrini söyləməməlidir? Qadın ərinin rəğbətini necə qazana bilər?

«Mən ona... bir köməkçi yaradacağam»

3, 4. Nikahda başçılıq prinsipinə riayət etmək hansı faydanı gətirir?

3 Başçılıq prinsipini Yehova Allah təsis edib. Adəmi yaratdıqdan sonra O dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». Həvva yarandıqdan sonra Adəm həyat yoldaşının və köməkçisinin olmasına o qədər sevindi ki: «Bax, nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir»,— deyərək nida etdi (Yar. 2:18—24). Adəmlə Həvvanın yerüzü cənnətdə əbədi və səadət içində yaşayacaq kamil bəşəriyyətin ulu valideyni olmaq kimi gözəl imkanları vardı.

4 İlk insan cütü Eden bağında üsyan qaldırdıqdan sonra insanlar artıq başçılıq prinsipinə mükəmməl surətdə riayət edə bilmirlər. (Romalılara 5:12 ayəsini oxu.) Buna baxmayaraq, başçılıq prinsipi hələ də qüvvədədir. Bu prinsipə düzgün riayət edildikdə ailə həyatı ərlə arvada böyük fayda və xoşbəxtlik gətirir. Nəticədə, öz Başı olan Yehovaya tabe olan İsa kimi, onlar da məmnunluq duyacaqlar. Yerə gəlməzdən öncə, İsa həmişə Yehovanın ‘hüzurunda sevinirdi’ (Sül. məs. 8:30). Qeyri-kamillik ucbatından nə kişilər kamil başçı ola bilir, nə də ki qadınlar ərlərinə mükəmməl surətdə tabe ola bilirlər. Lakin ərlə arvad əllərindən gələni edəndə nikahda mümkün qədər məmnunluq əldə edirlər.

5. Nəyə görə ərlə arvad Romalılara 12:10 ayəsindəki məsləhətə ciddi yanaşmalıdır?

5 Ərlə arvad nikahlarının uğurlu olması üçün, ilk növbədə, bütün məsihçilərə verilən Müqəddəs Kitab məsləhətinə riayət etməlidir: «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın» (Rom. 12:10). Bundan əlavə, həm ər, həm də arvad ‘bir-birlərinə qarşı lütfkar, şəfqətli olmaq və bir-birlərini bağışlamaq’ üçün səylə çalışmalıdır (Efes. 4:32).

Həyat yoldaşın sənin imanına şərik olmayanda

6, 7. Məsihçi qadının imanına şərik olmayan həyat yoldaşına tabe olması hansı nəticəni verə bilər?

6 Əgər sənin həyat yoldaşın Yehovaya xidmət etmirsə, onda necə? Əksər hallarda həyat yoldaşının imanına şərik olmayan ər olur. Belə olduqda qadın öz ərinə necə münasibət bəsləməlidir? Müqəddəs Kitab cavab verir: «Ey qadınlar, siz... öz ərlərinizə tabe olun ki, bəziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər» (1 Pet. 3:1, 2).

7 Allahın Kəlamı qadınlara imanlarına şərik olmayan ərlərinə tabe olmağı məsləhət görür. Ola bilsin, qadının yaxşı davranışı ərini bunun səbəbləri üzərində düşünməyə vadar etsin və nəticədə, o, məsihçi arvadının etiqadları ilə maraqlana və həqiqəti qəbul edə bilər.

8, 9. Məsihçi qadının bütün səylərinə baxmayaraq, imanına şərik olmayan əri onun yaxşı davranışına hay vermirsə, o, nə etməlidir?

8 Həyat yoldaşının bütün səylərinə baxmayaraq, ər həqiqətə qarşı biganə qalırsa, qadın nə etməlidir? Müqəddəs Yazılar Yehovaya xidmət edən qadınları, nə qədər çətin olsa da, hər zaman məsihçi keyfiyyətləri təzahür etdirməyə təşviq edir. Məsələn, 1 Korinflilərə 13:4 ayəsində oxuyuruq: «Məhəbbət səbirli[dir]». Buna görə də məsihçi qadınlar məhəbbət və dözümlülük göstərərək «tam təvazökarlıq və həlimliklə, səbirlə» davranmalıdırlar (Efes. 4:2). Allahın fəal qüvvəsi olan müqəddəs ruhun köməyi ilə çətin anlarda belə məsihçi xüsusiyyətlərini qoruyub saxlamaq mümkündür.

9 Pavel yazırdı: «Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm» (Filip. 4:13, İ—93). Allahın ruhu məsihçi ərə və ya arvada güc verir ki, ruhun köməyi olmadan edə bilməyəcəyi bir çox şeyi etsin. Məsələn, həyat yoldaşlarından biri digəri ilə kobud rəftar edəndə o birisində qisas almaq fikri yarana bilər. Lakin Müqəddəs Kitab bütün məsihçilərə deyir: «Heç kimə pislik əvəzinə pislik etməyin... Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» (Rom. 12:17—19). 1 Saloniklilərə 5:15 ayəsində belə bir məsləhət var: «Diqqətli olun ki, kimsə yamanlıq əvəzinə yamanlıq etməsin, lakin həmişə bir-birinizə və hamıya yaxşılıq etməyə çalışın». Yehovanın müqəddəs ruhunun köməyi sayəsində biz öz gücümüzə mümkün olmayan şeylərin öhdəsindən gələ bilərik. Buna görə də Allahın müqəddəs ruhunun bizi ehtiyac duyduğumuz şeylərlə təmin etməsi haqda dua etmək necə də münasibdir!

10. İsa onunla pis danışan və ya rəftar edən insanlarla necə davranırdı?

10 Xoşagəlməz tərzdə danışan və ya rəftar edən insanlarla necə davranmağa dair İsa ən gözəl nümunəni qoyub. 1 Peter 2:23 ayəsində deyilir: «Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə edənə Özünü təslim etdi». Biz bu gözəl nümunəyə riayət etməyə çağırılırıq. Qoy başqalarının pis davranışı səni əvəz çıxmağa təhrik etməsin. Bütün məsihçilərə məsləhət görüldüyü kimi, ‘şəfqətli, mehriban, təvazökar ol, pisliyə pisliklə, söyüşə də söyüşlə cavab vermə’ (1 Pet. 3:8, 9).

Qadının dili-ağzı olmamalıdır?

11. Bəzi məsihçi qadınlar hansı böyük şərəfə layiq görülüblər?

11 Ərin başçılığına tabe olmaq o deməkdirmi ki, qadın dilsiz-ağızsız olmalı, yəni onun ailə və digər məsələlərdə öz fikrini söyləmək hüququ olmamalıdır? Bu heç də belə deyil. Kişilərlə bərabər qadınlara da çoxlu şərəfli məsuliyyətlər həvalə olunub. Məsihlə birgə göylərdə padşah və kahin kimi xidmət etməyin 144 000 üçün necə də böyük şərəf olacağını bir təsəvvür et! Bu saya qadınlar da daxildir (Qalat. 3:26—29). Buradan aydın görürük ki, Yehova Öz quruluşunda qadınlar üçün fəal rol ayırıb.

12, 13. Qadınların peyğəmbərlik etdiklərinə dair nümunə gətirin.

12 Məsələn, qədim dövrlərdə qadınlar peyğəmbərlik edirdilər. Yoel 2:28, 29 ayələrində deyilir: «Bütün bəşər üzərinə ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək... O günlərdə qul və qaravaşların üzərinə də ruhumu tökəcəyəm».

13 Eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə yuxarı otaqda toplaşan İsanın təqribən 120 şagirdi arasında həm qadınlar, həm də kişilər vardı. Allah hamının üzərinə müqəddəs ruh tökdü. Buna görə də Peter Yoelin peyğəmbərliyini sitat gətirərək onu kişilərlə bərabər qadınlara da tətbiq etdi. Peter dedi: «Bu hadisə Yoel peyğəmbər tərəfindən xəbər verilmişdi: “Allah deyir: Son günlərdə bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm; oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcəklər... O günlərdə qullarım və qarabaşlarım üzərinə də Ruhumdan tökəcəyəm, və peyğəmbərlik edəcəklər”» (Həv. iş. 2:16—18).

14. Birinci əsrdə qadınlar məsihçiliyin yayılmasında hansı rolu oynamışlar?

14 Birinci əsrdə qadınlar məsihçiliyin yayılmasında böyük rol oynayırdılar. Onlar başqalarına Allahın Padşahlığı haqqında təbliğ edir və bununla bağlı digər işləri də görürdülər (Luka 8:1—3). Məsələn, həvari Pavel «Kenxreyadakı yığıncaqda xidmət edən» (YD) Fibi adlı bacıdan bəhs edir. Həmkarlarına salam göndərəndə Pavel, ‘Rəbb üçün zəhmət çəkən Trifena və Trifosa’, həmçinin ‘Rəbb üçün çox zəhmət çəkmiş sevimli Persis’ də daxil olmaqla, bir neçə sadiq qadının adını çəkir (Rom. 16:1, 12).

15. Bizim günlərdə məsihçiliyin yayılmasında qadınların hansı rolu var?

15 Bizim günlərdə Allahın Padşahlığı haqqında xoş xəbəri bütün dünyada bəyan edən yeddi milyondan çox təbliğçinin böyük hissəsini müxtəlifyaşlı qadınlar təşkil edir (Mat. 24:14). Onların çoxu tammüddətli xidmətçi, missioner və bet-ellidir. Məzmurçu Davud oxuyurdu: «Xudavənd əmr edir, bir alay qadınlar belə müjdə paylayırlar» (Məz. 68:11). Bu sözlər, həqiqətən də, öz təsdiqini tapdı! Yehova xoş xəbərin bəyan edilməsində və niyyətinin həyata keçməsində qadınların oynadığı rolu qiymətləndirir. Allahın məsihçi qadınlardan başçılıq prinsipinə tabe olmalarını tələb etməsi o demək deyil ki, onların söz deməyə ixtiyarı yoxdur.

Fikrini bildirməkdən çəkinməyən iki qadın

16, 17. Saranın nümunəsi qadının ailədəki vəzifəsinin sadəcə susmaqdan ibarət olmadığını necə göstərir?

16 Yehova qadınlara çoxlu məsuliyyətlər həvalə etdiyi halda, məgər ərlər vacib qərarlar qəbul etməzdən öncə həyat yoldaşları ilə məsləhətləşməli deyillərmi? Belə etməklə onlar müdrik davranmış olurlar. Müqəddəs Yazılarda hətta ərləri onların fikrini soruşmadıqda belə, təşəbbüsü öz üzərinə götürüb hərəkət edən və ya fikir bildirən bir neçə qadının nümunəsi çəkilir. Gəlin onlardan ikisinə nəzər salaq.

17 İbrahimin arvadı Sara onu dilə tutdu ki, ikinci arvadını və oğlunu hörmətsizlik göstərdikləri üçün evdən qovsun. Bu iş İbrahimin xoşuna gəlməsə də, Yehova buna başqa cür yanaşdı. O, İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as» (Yar. 21:8—12). İbrahim Allaha tabe oldu, Saraya qulaq asıb onun istədiyi kimi etdi.

18. Aviqail üzərinə hansı təşəbbüsü götürdü?

18 İndi isə Navalın arvadı Aviqailin nümunəsinə nəzər salaq. Davud ona paxıllıq edən Şaul padşahdan qaçanda Navalın sürülərinin yanında düşərgə salmışdı. Davud bu var-dövlətli adamın sürülərinə əl dəymir, əksinə, adamları ilə birgə onları qoruyurdu. Lakin «kobud və bədxasiyyət» olduğundan Naval Davudun adamlarını «təhqir etdi». O, «yaramaz» və ‘axmaq’ insan idi. Davudun adamları hörmətcil şəkildə ondan azuqə istəyəndə Naval onların xahişlərini rədd etdi. Aviqail bu haqda eşidəndə nə etdi? Ərinə bir kəlmə də demədən o «cəld tərpənib, iki yüz kömbə çörək və iki tuluq şərab hazırladı. Beş qoyun cəmdəyi, beş ölçü qovurğa, yüz salxım quru üzüm və iki yüz parça basılmış əncir lavaşanası götürüb» Davuda və onun adamlarına apardı. Aviqail düzgünmü hərəkət etdi? Bəli, çünki Müqəddəs Kitabda deyilir ki, «Rəbb Navalı vurdu və o öldü». Sonra da Davud Aviqaillə evləndi (1 Şam. 25:3, 14—19, 23—25, 38—42).

‘Tərifəlayiq qadın’

19, 20. Qadını həqiqətən də tərifəlayiq edən nədir?

19 Müqəddəs Yazılarda Yehovanın istədiyi kimi hərəkət edən qadınlar təriflənir. «Süleymanın məsəlləri» kitabı ‘xeyirxah arvadı’ tərifləyərək deyir: «O, yaqutlardan daha qiymətlidir. Ərinin qəlbi ondan arxayındır, dayanmadan bərəkət qazanır. Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir». Üstəlik, «ağzını açanda hikmət axır, dilindən sədaqət təlimi çıxır. Ailəsinin işini idarə edir, tənbələ layiq olan çörəyi yemir. Övladları ayağa qalxıb onu alqışlayır, əri onu tərifləyir» (Sül. məs. 31:10—12, 26—28).

20 Qadını həqiqətən də tərifəlayiq edən nədir? Süleymanın məsəlləri 31:30 ayəsində deyilir: «Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, yalnız Rəbdən qorxan qadın tərifə layiqdir». Rəbb qorxusuna Yehovanın təsis etdiyi başçılıq prinsipinə könüllü surətdə tabe olmaq daxildir. ‘Ərin başı Məsih, Məsihin başı isə Allah’ olduğu kimi, «arvadın [da] başı ər»dir (1 Kor. 11:3).

Allahın ənamına görə minnətdar olun

21, 22. a) Ailəli məsihçilərin Allahın nikah ənamına görə minnətdar olmaları üçün hansı səbəbləri var? b) Nəyə görə biz Yehovanın başçılıq və hakimiyyət prinsipinə hörmətlə yanaşmalıyıq? (17-ci səhifədəki çərçivəyə baxın.)

21 Evli məsihçilərin Allaha minnətdar olmaları üçün o qədər səbəbləri var ki! Onlar Allahın gözəl nikah ənamına görə xüsusilə minnətdar ola bilərlər, çünki bu, onlara əl-ələ verib xoşbəxt ailə kimi Yehova ilə yerimək imkanı verir (Rut 1:9; Mik. 6:8, KM). O, nikahın Banisi olduğundan ər-arvadın xoşbəxt olması üçün nə tələb olduğunu dəqiq bilir. Həmişə Onun məsləhətləri ilə oturub-dursan, bu dünyada həyatın çətin olmasına baxmayaraq, ‘Rəbbin verdiyi sevinc sənin qüvvətin’ olacaq (Neh. 8:10).

22 Arvadını özü kimi sevən ər öz həyat yoldaşına nəvazişlə və nəzakətlə başçılıq edəcək. Onun Allahdan qorxan arvadı ərinə dayaq olduğu və dərin ehtiram bəslədiyi üçün, həqiqətən də, seviləcək. Ən vacibi isə, onların nümunəvi nikahı tərifəlayiq və səxavətli Yehova Allahı izzətləndirəcək.

Yadınızdadırmı?

• Yehovanın başçılıq və tabeçilik prinsipi nədən ibarətdir?

• Nəyə görə ər-arvad bir-birinə hörmət etməlidir?

• Məsihçi qadın imanına şərik olmayan ərinə necə münasibət bəsləməlidir?

• Nəyə görə ər vacib qərarlar qəbul etməzdən öncə arvadı ilə məsləhətləşməlidir?

[17-ci səhifədəki çərçivə]

Nəyə görə başçılıq prinsipinə hörmətlə yanaşmalıyıq?

Yehova şüurlu varlıqlar arasında başçılıq və hakimiyyət prinsipi təsis edib. Bu həm ruhani varlıqların, həm də insanların xeyri üçün edilib. Bunun sayəsində onların iradə azadlıqlarını ifadə etmək və Allaha birlikdə və nizam-intizamla xidmət edərək Onu izzətləndirmək imkanı var (Məz. 133:1).

Məsh olunmuşların yığıncağı İsa Məsihin hakimiyyətini və başçılığını qəbul edir (Efes. 1:22, 23). Yehovanın hakimiyyətini qəbul etdiyini göstərərək sonda «Oğulun Özü də, Ona hər şeyi tabe etdirənə tabe olacaq ki, Allah hər şeydə hər şey olsun» (1 Kor. 15:27, 28). Buna görə də Allaha həsr olunan insanların Yehovanın yığıncaqda və ailədə təsis etdiyi başçılıq prinsipinə hörmət etmələri necə də münasibdir! (1 Kor. 11:3; İbr. 13:17). Bu, bizim xeyrimizədir, çünki Yehovanın rəğbətini qazanır və Onun xeyir-dualarını alırıq (Yeşaya 48:17).

[13-cü səhifədəki şəkil]

Dua ailəli məsihçi qadınlara Allaha məqbul keyfiyyətlər təzahür etdirməyə kömək edəcək

[15-ci səhifədəki şəkillər]

Yehova Padşahlığın maraqlarının irəliləməsinə qadınların verdikləri töhfəni qiymətləndirir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş