Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/7 s. 20—23
  • Xəstə dostunuza dayaq olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xəstə dostunuza dayaq olun
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Diqqətlə dinləyin
  • Şəfqətli və diqqətcil olun
  • Ürək-dirək verin
  • Köməyinizi əsirgəməyin
  • Əlaqənizi kəsməyin
  • Psixoloji problemi olanlara necə kömək edə bilərsiniz?
    Gözətçi qülləsi (kütləvi) 2023
  • Allah səni Özü ilə dost olmağa çağırır
    Sən Allahın dostu ola bilərsən!
  • Səhhətiniz qəfildən pisləşibsə
    Əlavə mövzular
  • Yehovanın dostu ola bilərsiniz
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/7 s. 20—23

Xəstə dostunuza dayaq olun

ELƏ olubmu ki, ciddi xəstəlikdən əziyyət çəkən dostunuzun gözünə baxa-baxa deməyə söz tapmamısınız? Belə çətinliklə qarşılaşan təkcə siz deyilsiniz. Lakin əmin ola bilərsiniz ki, bu vəziyyətdən çıxmaq mümkündür. Bəs necə? Bu kimi hallarda necə davranmağa dair konkret göstərişlər yoxdur, çünki insanlar və onların mənsub olduğu mədəniyyətlər bir-birindən olduqca fərqlənir. Bu səbəbdən, bir xəstəyə kömək edən şey, ola bilsin ki, digərinə kömək etməsin. Bundan əlavə, xəstənin vəziyyəti və ovqatı bir gün yaxşı, bir gün pis ola bilər.

Buna görə də özümüzü dostumuzun yerinə qoyub onun bizdən nə gözlədiyini və nəyə ehtiyac duyduğunu öyrənməyə çalışmalıyıq. Bunu necə etmək olar? Müqəddəs Kitab ayələrinə əsaslanan növbəti məsləhətlər bu sahədə bizə kömək edəcək.

Diqqətlə dinləyin

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTLƏRİ

«Qoy hər bir adam eşitməkdə iti, söz söyləməkdə təmkinli... olsun» (YAQUB 1:19).

«Susmağın öz vaxtı, danışmağın öz vaxtı [var]» (VAİZ 3:1, 7).

◼ Xəstə dostunuza baş çəkərkən onu diqqətlə və canıyananlıqla dinləyin. Məsləhət verməyə tələsməyin, yaxud da düşünməyin ki, hər problemi həll etmək sizin borcunuzdur. Əks təqdirdə, düşünülməmiş sözlərlə dostunuzun xətrinə dəyə bilərsiniz. Ola bilsin, sizin dostunuzun məsləhətə yox, onu diqqətlə və tənqid etmədən dinləyəcək adama ehtiyacı var.

Dostunuzun sözünü kəsmədən ürəyini tam boşaltmasına imkan verin. Şablon ifadələrlə onda vəziyyətinin bir o qədər də ciddi olmadığı təəssüratını yaratmayın. Belə vəziyyətlə qarşılaşan Emila adında bir nəfər deyir: «Mən meningit xəstəliyindən əziyyət çəkirdim və nəticədə görmə qabiliyyətimi itirdim. Bəzən qol-qanadım yanıma düşür və dostlarım mənə təskinlik vermək üçün deyirlər: “Problemlərlə üzləşən təkcə sən deyilsən. Səndən də betər vəziyyətdə olanlar var”. Ancaq onlar fərqinə varmırlar ki, bu, mənim ağrılarımı azaltmır, əksinə, məni ruhdan salaraq vəziyyətimi daha da ağırlaşdırır».

Dostunuz əmin olmalıdır ki, ürəyini boşaldanda onu tənqid atəşinə tutmayacaqsınız. O, nədənsə qorxduğunu deyəndə bunun üçün heç bir əsasın olmadığını deməkdənsə, onu başa düşməyə çalışın. Xərçəngdən əziyyət çəkən Eliana deyir: «Xəstəliyim barədə düşünəndə canıma qorxu düşür və göz yaşımı saxlaya bilməyib hönkür-hönkür ağlayıram. Amma bu heç də o demək deyil ki, artıq Allaha etibar etmirəm». Dostunuzu görmək istədiyiniz kimi yox, olduğu kimi qəbul etməyə çalışın. Nəzərə alın ki, belə vəziyyətdə olan insanlar bəzən çox kövrək olur və həmişəkindən fərqli davranırlar. Səbirli olun. Dostunuz eyni şey haqda dəfələrlə danışsa belə, diqqətlə qulaq asın (1 Padşahlar 19:9, 10, 13, 14). Ola bilsin, o, hal-hazırda keçirdiyi hissləri sizinlə bölüşməyə ehtiyac duyur.

Şəfqətli və diqqətcil olun

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTLƏRİ

«Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (ROMALILARA 12:15).

«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (MATTA 7:12).

◼ Özünüzü dostunuzun yerinə qoyun. Əməliyyata hazırlaşanda, hansısa tibbi proseduradan keçəndə və ya analizin nəticəsini gözləyəndə o, gərgin, həssas və bəzən kefsiz ola bilər. Bunu nəzərə almağa çalışın. Belə hallarda həddindən artıq çox sual vermək, xüsusilə də şəxsi məsələlər barədə soruşmaq yersiz olardı.

«Qoyun xəstə vəziyyəti haqda istədiyi vaxt və istədiyi kimi danışsın, — deyə həkim-psixoloq Ana Katalifos məsləhət verir. — Əgər söhbət etməyə həvəslidirsə, onun istədiyi mövzuda danışın. Amma danışmaq istəmirsə, sadəcə sakitcə yanında əyləşib dostcasına əlindən tutun. Bunun ona böyük faydası dəyə bilər. Bəzi hallarda isə xəstə onunla birlikdə ağlayacaq bir kəsə ehtiyac duya bilər».

Dostunuzun səhhəti barədə yaxınlarına hansı məlumatların çatdırılmasına və hansı məlumatların çatdırılmamasına dair verdiyi qərarlara hörmətlə yanaşın. İki dəfə xərçəngin pəncəsindən yaxa qurtaran yazıçı Rozanna Kalik deyir: «Xəstənin sözlərindən və hərəkətlərindən hansı məlumatların məxfi olduğunu sezməyə çalışın. Nə qədər ki xəstə sizdən müəyyən məlumatı ailəsinə çatdırmağı xahiş etməyib, bunu etməyin. Ondan yaxınlarına nə çatdırmaq istədiyini soruşun». Xərçənglə mübarizədən sağ çıxan Edson söyləyir: «Bir gün dostum xəbər yaydı ki, məndə xərçəng xəstəliyi var və ömrümə çox az qalıb. Lakin mən əməliyyatdan təzə çıxmışdım. Məndə xərçəngin olduğunu bilirdim, ancaq analizin cavabını gözləyirdim və məlum oldu ki, şiş bədənimə yayılmayıb. Dostumun yaydığı yanlış xəbər baş ağrısından başqa bir şey olmadı. Həyat yoldaşım başqalarının düşünülməmiş sözlərindən və suallarından pis olmuşdu».

Dostunuz müalicə üsulunu seçəndə deməyin: «Sənin yerində olsaydım, filan üsulu seçərdim». Bir zamanlar xərçəng xəstəliyi olan yazıçı Lori Houp deyir: «Xərçəng xəstəliyi olan, yaxud da vaxtilə ondan əziyyət çəkən dostunuza bu xəstəliklə əlaqədar hansısa məqalə və ya xəbər göndərməzdən öncə, yaxşı olardı ki, onun fikrini öyrənəsiniz. Əks təqdirdə, yaxşı niyyətdən irəli gələrək etdiyiniz bu hərəkət onun xətrinə dəyə bilər. Bəlkə də, siz heç vaxt bundan xəbər tutmayacaqsınız». Bəli, heç də hamı müxtəlif müalicə üsulları ilə əlaqədar çoxlu məlumat almaq istəmir.

Hətta xəstə yaxın dostunuz olsa belə, ona baş çəkərkən yanında çox qalmayın. Dar günündə yanında olmağınız çox vacib olsa da, sizinlə söhbət etməyə kefi olmaya bilər. Ola bilsin, o yorulub və uzun-uzadı danışmağa və ya kiməsə qulaq asmağa halı yoxdur. Digər tərəfdən, onda elə bir təəssürat yaratmayın ki, siz harasa tələsirsiniz. Dostunuz ona qarşı laqeyd olmadığınızı görməlidir.

Diqqətcil olmaq tarazlı və dərrakəli olmaq deməkdir. Məsələn, xəstə dostunuza yemək bişirməzdən, yaxud da ona gül-çiçək gətirməzdən öncə nəyə qarşı allergiyası olduğunu soruşun. Əgər siz xəstələnmisinizsə, məsələn, sizə soyuq dəyibsə, yaxşı olardı ki, əvvəlcə sağalıb, sonra dostunuza baş çəkəsiniz.

Ürək-dirək verin

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTLƏRİ

«Hikmətlinin dili... insanları sağaldar» (MƏSƏLLƏR 12:18).

«Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun» (KOLOSLULARA 4:6).

◼ Xəstə olan dostunuzun yanına gələrkən müsbət əhval-ruhiyyədə olmağınız sözlərinizdən və davranışınızdan görünəcək. Əvvəllər ona necə yanaşırdınızsa, indi də elə yanaşın. Tanış olanda onun hansı xüsusiyyətləri sizi özünə cəlb etmişdi? Bu haqda düşünün. Diqqətinizi xəstəliyinə yox, onun özünə cəmləyin. Onunla zavallı insan kimi söhbət etsəniz, o da özü haqda belə fikirləşməyə başlayacaq. Görün nadir irsi sümük xəstəliyindən əziyyət çəkən Roberta nə deyir: «İstəyirəm ki, mənimlə normal adam kimi davransınlar. Nə olsun ki, əliləm, mənim də öz fikrim, arzularım var. İstəmirəm, insanlar mənə yazıq-yazıq baxsınlar, yaxud da elə danışsınlar ki, sanki, ağlımı itirmişəm».

Yaddan çıxarmayın ki, sözlər qədər onları demək tərzi də vacibdir. Səsinizin tonu belə mühüm rol oynayır. Ernestoya xərçəng diaqnozu qoyulandan qısa müddət sonra xaricdə yaşayan dostu ona zəng edib dedi: «İnanmağım gəlmir ki, səndə xərçəng var!» O xatırlayır: «Dostum “səndə” və “xərçəng” sözlərini elə tonda dedi ki, sanki, başıma bir qazan qaynar su tökdülər».

Yuxarıda sözləri gətirilən Lori Houp başqa bir nümunə çəkir: «“Necəsən?” sualı xəstə adama müxtəlif cür təsir edə bilər. İnsanın bu sualı hansı tonda verməyindən, jest və üz ifadələrindən, xəstə ilə münasibətindən, ona nə qədər yaxın olmasından və əlbəttə ki, vaxtdan asılı olaraq, bu, xəstəyə ya təsəlli verər, ya ağrılarını artırar, ya da ürəyində yatan qorxuları oyada bilər».

Xəstə dostunuz sizdən diqqət, anlayış və hörmət gözləyir. Buna görə də onu əmin edin ki, o, sizin üçün çox əzizdir və həmişə yanında olub ona kömək edəcəksiniz. Beynində şiş aşkar olunan Rozmari deyir: «Rəfiqələrimin dilindən məni sevdiklərini və hər nə olursa-olsun məni tək qoymayacaqlarını eşitmək mənə qol-qanad verirdi» (Süleymanın məsəlləri 15:23; 25:11).

Köməyinizi əsirgəməyin

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ

«Sözlə və dillə deyil, əməllə və həqiqətlə sevək» (1 YƏHYA 3:18).

◼ Müalicə alarkən dostunuzun duyduğu ehtiyaclar diaqnoz qoyulan vaxt olan ehtiyaclarından fərqlənsə də, hər iki halda onun köməyə ehtiyacı ola bilər. Sadəcə olaraq: «Nə isə lazım olsa, çəkinmə, de», — söyləmək əvəzinə, konkret kömək təklif edin. Məsələn, siz ona yemək bişirməkdə, ev-eşiyi silib-süpürməkdə, pal-paltarı yuyub ütüləməkdə, alış-veriş etməkdə, xəstəxanaya gedib-gəlməkdə və bu kimi digər gündəlik işlərdə kömək edə bilərsiniz. Həmişə sözünüzün üstündə durun və hər işi vaxtında görün (Matta 5:37).

Rozanna Kalik deyir: «Xəstənin özünü normal insan kimi hiss etməsi üçün gördüyümüz hər bir işin ona, böyük və ya kiçik olmasından asılı olmayaraq, müsbət təsiri olacaq». İki dəfə xərçəngdən yaxa qurtaran Silviya bu fikirlə razıdır. O deyir: «Rəfiqələrim məni hər gün başqa şəhərə radioterapiyaya aparırdı və bu, mənə olduqca xoş idi! Yol boyu ordan-burdan danışır, xəstəxanadan çıxandan sonra isə kafeyə gedirdik. Bundan sonra mən özümə gəlirdim».

Düşünməyin ki, dostunuzun nəyə ehtiyacı olduğunu çox yaxşı bilirsiniz. «Soruşun, soruşun, yenə də soruşun», — deyə Rozanna Kalik məsləhət verir. O əlavə edir: «Kömək etmək istəyərkən vəziyyəti öz əlinizə almayın. Bu, əks nəticələr verə bilər. Mənə iş görməyə aman verməyəndə bununla, sanki, heç nəyə yaramadığımı deyirlər. Ancaq istəmirəm ki, başqaları mənim haqqımda bu cür düşünsün. Axı mənim əlim də var, ayağım da. Bircə istəyim odur ki, gücüm çatan işi görməkdə mənə yardım etsinlər».

Sizin də dostunuzun buna ehtiyacı var. QİÇS xəstəliyinə tutulan Adilson deyir: «Xəstə insan başqalarının ona lazımsız və heç nəyə yaramayan bir əşya kimi yanaşmasını istəmir. Əlimdən yalnız sadə işlər gəlsə də, istəyirəm ki, mənim də bir faydam dəysin. Özünü yararlı hiss etmək, həqiqətən də, gözəldir! Bu, insana yaşamağa güc verir. Başqaları mənə qərar verməyə imkan verəndə və qərarlarıma hörmətlə yanaşanda mənə xoşdur. Xəstə olmaq o demək deyil ki, insan ata, ana və ya üzərinə düşən başqa vəzifənin öhdəsindən artıq gələ bilmir».

Əlaqənizi kəsməyin

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ

«Dost hər zaman sevər, qardaş dar gün üçün doğulur» (MƏSƏLLƏR 17:17).

◼ Uzaqda yaşadığınıza və ya başqa səbəbə görə dostunuza baş çəkmək imkanınız yoxdursa, heç olmasa ona zəng edin, ya da məktub göndərin. Bəs məktubda nə yazmaq olar? Psixoloq Alan Uolfelt məsləhət verir: «Birgə keçirdiyiniz xoş anları xatırlayın. Tez bir zamanda yenə ona məktub göndərəcəyinizə söz verin, sonra da ona əməl edin».

Xəstə dostunuza yanlış söz deyəcəyinizdən və ya səhv hərəkət edəcəyinizdən qorxduğunuz üçün ona baş çəkib ürək-dirək verməkdən çəkinməyin. Bir çox hallarda sadəcə dostunuzun yanında olmağınız və ona kömək etmək istəməyiniz kifayətdir. Lori Houp yazdığı kitabda deyir: «Bəzən hər birimiz özümüz də istəmədən sözlərimiz və hərəkətlərimizlə başqalarının xətrinə dəyir, ya da onlarda yanlış təsəvvür yaradırıq. Ancaq dərd bunda deyil. Dərd orasındadır ki, insan səhv buraxacağından çox qorxduğu üçün onun köməyinə möhtac olanlardan yan gəzir».

Ciddi xəstəliyi olan dostunuz indi sizə həmişəkindən daha çox ehtiyac duya bilər. Buna görə də, əsil dost kimi, onun yanında olun. Ola bilsin, sizin köməyiniz dostunuzun xəstəliyini aradan qaldırmasın, amma sevdiyiniz insanın vəziyyətini yüngülləşdirmək sizin əlinizdədir!

[Haşiyə]

a Bəzi adlar dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş