Birlik — həqiqi ibadətin səciyyəvi xüsusiyyəti
«Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam» (MİK. 2:12).
1. Allahın müdrikliyini yaratdıqlarından necə görmək olar?
«YA RƏBB, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, yaratdıqların yer üzünü doldurub», — deyə məzmurçu nida etmişdi (Məz. 104:24). Allahın müdrikliyi heyrətamiz və olduqca mürəkkəb canlı aləmi təşkil edən milyonlarla bitkilərin, həşəratların, heyvanların və mikroorqanizmlərin qarşılıqlı əlaqəsindən görünür. Həmçinin orqanizmimizdəki böyük orqanlardan tutmuş hüceyrələrimizdəki ən xırda hissəciklərədək minlərlə müxtəlif sistemlərin birgə fəaliyyəti bizim sağlam bir fərd olmağımızı təmin edir.
2. On üçüncü səhifədə təsvir olunduğu kimi, nəyə görə məsihçilər arasındakı birlik başqaları üçün əsil möcüzə idi?
2 Yehova insanları bir-birindən asılı şəkildə yaradıb. İnsanlar xarici görünüşlərinə, xüsusiyyətlərinə və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, Allah ilk insanları Öz surətində yaratmışdı. Onlara bəxş etdiyi xüsusiyyətlərin sayəsində bir-birilə əməkdaşlıq edə və bir-birinə etibar edə bilərdilər (Yar. 1:27; 2:18). Lakin indi bəşəriyyət, ümumi götürdükdə, Allahdan uzaqdır və bu günədək birliyə nail ola bilməyib (1 Yəh. 5:19). Buna görə də erkən məsihçi yığıncağının Efes qullarından, nüfuzlu yunan qadınlarından, ziyalı yəhudi kişilərindən və keçmiş bütpərəstlərdən təşkil olunmasını nəzərə alsaq, çox ehtimal ki, onların arasındakı birlik başqalarının gözündə əsil möcüzə kimi görünürdü (Həv. iş. 13:1; 17:4; 1 Salon. 1:9; 1 Tim. 6:1).
3. Müqəddəs Kitabda həqiqi məsihçilər arasındakı birlik necə təsvir olunur və bu məqalədə biz hansı sualları müzakirə edəcəyik?
3 Həqiqi ibadətdə birləşən insanlar, bədən üzvləri kimi, bir-birilə həmahəng şəkildə əməkdaşlıq edirlər. (1 Korinflilərə 12:12, 13 ayələrini oxu.) Bu məqalədə biz növbəti sualları nəzərdən keçirəcəyik: həqiqi ibadət insanları necə birləşdirir? Nəyə görə bütün millətlərdən olan milyonlarla insanları birləşdirməyə yalnız Yehova qadirdir? Birliyə mane olan bəzi şeylər hansılardır? Onların öhdəsindən gəlməkdə Yehova bizə necə kömək edir? Və nəhayət, həqiqi məsihçilər bu məsələdə Xristian dünyasına mənsub olanlardan nə ilə fərqlənirlər?
Həqiqi ibadət insanları necə birləşdirir?
4. Həqiqi ibadət insanları necə birləşdirir?
4 Həqiqi dinə mənsub olan insanlar başa düşürlər ki, hər şeyi yaradan Yehovadır; məhz bu səbəbdən Onu Kainatın tamhüquqlu Ali Hökmdarı kimi qəbul edirlər (Vəhy 4:11). Buna görə də həqiqi məsihçilər, müxtəlif ölkələrdə və fərqli şəraitlərdə yaşamalarına baxmayaraq, Yehovanın qoyduğu qayda-qanunları və eyni Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tuturlar. Allahın bütün həqiqi xidmətçiləri müvafiq olaraq Ona «Ata» deyə müraciət edirlər (Yeşaya 64:8; Mat. 6:9). Beləliklə, onların hamısı bir-birilərinə ruhani mənada bacı-qardaşdırlar və məzmurçunun təsvir etdiyi gözəl birlik içində yaşamaqdan həzz alırlar. O demişdi: «Nə yaxşıdır, nə xoşdur qardaş olub, bir yaşamaq!» (Məz. 133:1).
5. Hansı xüsusiyyətin sayəsində həqiqi məsihçilərin arasında birlik hökm sürür?
5 Həqiqi məsihçilər qeyri-kamil olsalar da, Allaha birlik içində ibadət edirlər, çünki onlar bir-birilərini sevməyi öyrənmişlər. Onlara sevməyi öyrədən Yehovadır və Ondan başqa bunu heç kim edə bilməz. (1 Yəhya 4:7, 8 ayələrini oxu.) Onun Kəlamında deyilir: «Daxildən gələn şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, həlimliyi və səbiri geyinin. Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olarsa, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın. Bütün bunlardan ziyadə, məhəbbətə bürünün, çünki yalnız məhəbbət insanlar arasında kamil birlik yaratmağa qadirdir» (Kolos. 3:12—14). Həqiqi məsihçiləri birliyin kamil bağı olan məhəbbətdən tanımaq olar. Məgər bu birliyin həqiqi ibadətin səciyyəvi xüsusiyyəti olduğuna şəxsən özün əmin olmamısan? (Yəh. 13:35).
6. Padşahlıq ümidi aramızda birliyin hökm sürməsinə necə təsir edir?
6 Allahın həqiqi xidmətçiləri arasında birliyin olmasına təsir edən amillərdən biri də Allahın Padşahlığının bəşəriyyətin yeganə ümid yeri olduğunu hesab etmələridir. Onlar bilirlər ki, bu Padşahlıq tezliklə insan hakimiyyətini əvəz edəcək və itaətkar bəşəriyyətə həqiqi və əbədi sülh bəxş edəcək (Yeşaya 11:4—9; Dan. 2:44). Məsihçilər İsanın öz davamçıları haqda dediyinə uyğun yaşayırlar. O demişdi: «Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəh. 17:16). Həqiqi məsihçilər dünyada gedən münaqişələrdə bitərəf mövqe tuturlar; onlar müharibə şəraitində yaşasalar belə, aralarındakı birliyi qoruyub saxlayırlar.
Ruhani rəhbərliyin yeganə mənbəyi
7, 8. Müqəddəs Kitaba əsaslanan rəhbərlik aramızda birliyin olmasına necə səbəb olur?
7 Erkən məsihçilərin arasında birliyin mövcud olmasına səbəb rəhbərliyi eyni mənbədən almaları idi. Onlar Yerusəlimdəki həvarilərdən və ağsaqqallardan ibarət olan rəhbərlik şurası vasitəsilə İsanın yığıncaqlara təlim və rəhbərlik verdiyini qəbul edirdilər. Bu sadiq kişilərin verdiyi qərarlar Allahın Kəlamına əsaslanır və onların göstərişləri səyyar nəzarətçilər vasitəsilə bir çox şəhərlərdə yerləşən yığıncaqlara çatdırılırdı. Bəzi nəzarətçilər barədə Müqəddəs Kitabda deyilir: «Onlar şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır, bu qərarlara əməl etməyi tapşırırdılar» (Həv. iş. 15:6, 19—22; 16:4).
8 Eynilə, bu gün də məsh olunmuşlardan ibarət olan Rəhbərlik Şurası bütün dünyadakı yığıncaqlarda birliyin hökm sürməsi üçün əlindən gələni əsirgəmir. Bu şura bir çox dillərdə ruhani rəhbərlik təqdim edən nəşrlər dərc edir. Bu ruhani qida Allahın Kəlamına əsaslanır. Bir sözlə, bu rəhbərlik insandan yox, Yehovadan gəlir (Yeşaya 54:13).
9. Allahın bizə həvalə etdiyi iş aramızda birliyin olmasına necə kömək edir?
9 Aramızda birliyin hökm sürməsində yığıncaq ağsaqqallarının da payı az deyil; onlar təbliğ işində rəhbərliyi öz üzərlərinə götürürlər. Allaha birlikdə xidmət edən insanları birləşdirən əməkdaşlıq ruhu sadəcə söhbət etmək üçün bir araya gələn insanlar arasındakı münasibətdən daha güclüdür. Məsihçi yığıncağı insanların asudə vaxtlarını bir yerdə keçirmək üçün toplaşdıqları yer deyil. O, Yehovanın adını ucaltmaq, xoş xəbəri təbliğ etmək, şagird hazırlamaq, eləcə də yığıncaq üzvlərini möhkəmləndirmək məqsədilə təsis olunub (Rom. 1:11, 12; 1 Salon. 5:11; İbr. 10:24, 25). Elə buna görə də həvari Pavel məsihçilər haqqında demişdi: ‘Yekdillik içində mətanətlə duraraq xoş xəbərə gətirdiyiniz iman uğrunda çiyin-çiyinə mübarizə aparırsınız’ (Filip. 1:27).
10. Yehovanın xalqı olan bizləri nələr birləşdirir?
10 Beləliklə, Yehovanın xalqı olan bizləri bacı-qardaşlarımıza məhəbbət, Allahın Padşahlığına ümid, aramızda rəhbərliyi öz üzərinə götürənlərə hörmət, o cümlədən Allahın hökmranlığını qəbul etməyimiz birləşdirir. Üstəlik, Yehova bizə mənfi xüsusiyyətlərin öhdəsindən gəlməyə də kömək edir. Əks təqdirdə, qeyri-kamil olduğumuz üçün bu xüsusiyyətlər aramızdakı birliyə xələl gətirə bilər (Rom. 12:2).
Təkəbbürə və paxıllığa qarşı dur!
11. Nəyə görə təkəbbür insanları bir-birindən ayırır və onun öhdəsindən gəlməkdə Yehova bizə necə kömək edir?
11 Təkəbbür insanları bir-birindən ayırır. Təkəbbürlü insan başqalarına yuxarıdan aşağı baxır və adətən, öyünməkdən zövq alır. Lakin çox vaxt bu, birliyin pozulmasına gətirib çıxarır, çünki kiminsə lovğalandığını görən insanın ürəyində paxıllıq hissi yarana bilər. İsanın şagirdlərindən biri olan Yaqub açıq-aydın demişdi: «Bu cür qürur çox pisdir» (Yaq. 4:16). Başqalarına yuxarıdan aşağı baxmaq heç də məhəbbətin təzahürü deyil. Çox maraqlıdır ki, qeyri-kamil olsaq da, Yehova bizimlə bu cür davranmır. Davud yazırdı: «Etdiyin köməklə Sən məni yüksəltdin» (2 Şam. 22:36). Orijinal mətnə əsasən, burada «kömək» kimi tərcümə olunan ibrani sözü altında Yehovanın təkəbbürlü olmaması nəzərdə tutulur. Allahın Kəlamı bizə düzgün şəkildə mülahizə yürütməyi öyrətməklə təkəbbür üzərində qələbə çalmağa kömək edir. Həvari Pavel Allahdan ilham alaraq korinflilərə yazdığı məktubunda soruşur: «Səni başqalarından fərqləndirən nədir? Məgər Allah səndən nə isə əsirgəyib? Əgər əsirgəməyibsə, onda niyə bunları Allahdan aldığını unudub lovğalanırsan?» (1 Kor. 4:7).
12, 13. a) Nəyə görə paxıllıq ürəyimizdə asanlıqla baş qaldıra bilər? b) Başqalarına Yehovanın gözü ilə baxmağın faydası nədir?
12 Birliyi pozan şeylərdən biri də paxıllıqdır. Qeyri-kamilliyi miras aldığımız üçün hər birimizin daxilində «paxıllıq ruhu» var. Hətta uzun illər Yehovaya xidmət edən məsihçilər belə bəzən başqalarının şəraitinə, mal-mülkünə, məsuliyyətlərinə, yaxud da qabiliyyətlərinə həsəd apara bilərlər (Yaq. 4:5). Məsələn, ailəli bir qardaş tammüddətli xidmət edən qardaşın malik olduğu məsuliyyətləri görüb ona paxıllıq edə bilər. Halbuki o, ağlına belə gətirmir ki, tammüddətli xidmətçi də ailəsi və uşaqları olan qardaşa həsəd apara bilər. Paxıllıq birliyimizi pozmasın deyə nə edə bilərik?
13 Artıq qeyd olunduğu kimi, Müqəddəs Kitabda məsihçi yığıncağının məsh olunmuş üzvləri bədən üzvləri ilə müqayisə olunur. Bunu yadda saxlamaq bizə paxıllıqdan qaçınmağa kömək edəcək. (1 Korinflilərə 12:14—18 ayələrini oxu.) Məsələn, gözdən fərqli olaraq, ürəyi görməsək də, onların hər ikisi bizim üçün vacibdir. Buna bənzər tərzdə, yığıncağın bəzi üzvləri hərdən başqalarına nisbətən daha çox nəzərə çarpsa da, Yehova hər bir məsihçini qiymətləndirir. Buna görə də gəlin qardaşlarımıza Yehovanın gözü ilə baxaq! Başqalarına paxıllıq etməkdənsə, gəlin onlara qayğı göstərək və onlarla yaxından maraqlanaq! Onda həqiqi məsihçilərlə Xristian dünyasına mənsub olanlar arasındakı fərqin daha aydın görünməsində bizim də payımız olacaq.
Parçalanma — Xristian aləminin səciyyəvi xüsusiyyəti
14, 15. Dönük xristianlığı parçalayan nə oldu?
14 Həqiqi məsihçilər arasında birlik hökm sürdüyü halda, xristian kilsələri daim bir-birilə çəkişir. Artıq dördüncü əsrdə dönük xristianlıq o qədər geniş yayılmışdı ki, bütpərəst Roma imperatoru vəziyyəti ələ alaraq onun inkişafına daha böyük təkan verdi. Bundan sonra çoxsaylı bölünmələr nəticəsində bir çox padşahlıqlar Romadan ayrılaraq özlərinin dövlət kilsələrini yaratdılar.
15 Əsrlər boyu bu padşahlıqların çoxu arasında gedən müharibələr səngimək bilməyib. XVII—XVIII əsrlərdə Böyük Britaniya, Fransa və Birləşmiş Ştatlar öz vətəndaşlarına vətənpərvərlik ruhunu aşılamağa başladı və bunun nəticəsi olaraq millətçilik din şəklini aldı. Artıq XIX—XX əsrlərdə millətçilik əksər insanların düşüncəsinə hakim kəsilmişdi. Nəticədə, xristian kilsələri millətçiliyə göz yuman çoxsaylı təriqətlərə bölündü. Hətta bu gün də xristianlar başqa ölkədə yaşayan həmimanlılarına silah qaldırırlar. Xristian dünyasını parçalayan qüvvə müxtəlif təriqətlərin təlimləri və millətçilikdir.
16. Bu gün Xristian aləmini parçalayan nədir?
16 XX əsrdə yüzlərlə xristian təriqətləri kilsələri birləşdirmək məqsədilə Ekumen hərəkatının əsasını qoydu. Lakin çox illər ərzində nə qədər çalışsalar da, gücləri yalnız bir neçə kilsəni birləşdirməyə çatdı. Kilsə üzvləri təkamül, abort, homoseksualizm və qadınlara dini rütbə verilməsi məsələlərində hələ də ortaq məxrəcə gələ bilmirlər. Xristian dünyasının bəzi rəhbərləri vaxtilə mübahisə doğuran təlimlərin mahiyyətini azaldaraq müxtəlif təriqətləri birləşdirməyə çalışırlar. Lakin bu, insanların imanını sarsıdır və sözsüz ki, parçalanmış Xristian aləminin birləşməsinə xidmət etmir.
Həqiqi ibadət millətçilik üzərində zəfər çalır
17. Peyğəmbərlikdə deyildiyi kimi, həqiqi ibadət «axır zamanda» insanları necə birləşdirəcəkdi?
17 Hələ heç vaxt bəşəriyyət bu dərəcədə parçalanmamışdır. Lakin birlik həqiqi məsihçilərin səciyyəvi xüsusiyyəti olaraq qalır. Allahın peyğəmbəri Mikeya qabaqcadan demişdi: «Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam» (Mik. 2:12). Mikeya peyğəmbərlik etmişdi ki, həqiqi ibadət digər ibadət formalarından — istər yalançı allahlara, istərsə də dövlətə sitayişdən yüksəkdə duracaq. O yazmışdı: «Axır zamanda Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək. Bütün xalqlar, öz allahlarının adı ilə getsələr belə, biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik» (Mik. 4:1, 5).
18. Həqiqi ibadət bizə hansı dəyişiklikləri etməyə kömək edib?
18 Mikeya həmçinin həqiqi ibadətin vaxtilə bir-birinə düşmən olan insanları necə birləşdirəcəyini də təsvir etmişdi. «Çox millətlər [millətlərdən olan insanlar] gəlib deyəcək: “Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək”... Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Mik. 4:2, 3). İnsan əli ilə düzəldilmiş allahlara ibadət etməkdən imtina edən və millətçilik ruhundan azad olub Yehovaya xidmət etməyə başlayan bütün insanlar arasında birlik hökm sürür. Allah bu insanlara bir-birini sevməyi öyrədir.
19. Milyonlarla insanların həqiqi ibadətdə birləşməsi nəyin sübutudur?
19 Bu gün bütün dünyada yaşayan həqiqi məsihçilər arasında hökm sürən birliyə daha heç bir yerdə rast gəlmək mümkün deyil. Bu göstərir ki, Yehova Öz xalqına müqəddəs ruhu vasitəsilə rəhbərlik etməyə davam edir. Bəşər tarixinin hələ heç bir çağında bütün millətlərdən olan insanlar arasında belə birlik olmayıb. Bu, Vəhy 7:9 və 14 ayələrində deyilənlərin möhtəşəm icrasıdır və burada yazılanlar göstərir ki, Allahın mələkləri tezliklə indiki dünyanı məhv edəcək ‘küləkləri’ buraxacaqlar. (Vəhy 7:1—4, 9, 10, 14 ayələrini oxu.) Məgər aralarında birlik hökm sürən ümumdünya qardaşlığın bir hissəsi olmaq şərəf deyil? Hər birimiz bu birliyi möhkəmləndirmək üçün nə edə bilərik? Bu suala cavab növbəti məqalədə veriləcək.
Necə cavab verərdiniz?
• Həqiqi ibadət insanları necə birləşdirir?
• Paxıllıq birliyimizə xələl gətirməsin deyə nə edə bilərik?
• Nəyə görə millətçilik Allahın həqiqi xidmətçilərinin birliyini pozmağa qadir deyil?
[13-cü səhifədəki şəkil]
Erkən məsihçi yığıncağı müxtəlif insanlardan ibarət idi
[15-ci səhifədəki şəkillər]
Padşahlıq Zallarının tikintisində iştirak etmək birliyimizi necə möhkəmləndirir?