Allahın Kəlamından nə öyrənirik?
Nəyə görə Allahdan öyrənməliyik?
Bu məqalə sizi maraqlandıran suallara toxunur və onların cavabını Müqəddəs Kitabınızda tapmağa kömək edir. Yehovanın Şahidləri sizinlə bu sualları məmnuniyyətlə müzakirə edəcəklər.
1. Nəyə görə Allahdan öyrənməliyik?
Allahın bəşəriyyətə xoş xəbəri var. Bu xəbər Müqəddəs Kitabın səhifələrində açıqlanır. Müqəddəs Kitabı sevən Yaradanımızın məktubu ilə müqayisə etmək olar. (Yeremya 29:11 ayəsini oxu.)
2. Allah bizə hansı xoş xəbəri çatdırır?
Bəşəriyyət yaxşı hökumətə möhtacdır. Hələ elə bir insan hakimiyyəti olmayıb ki, insanları zorakılıqdan, ədalətsizlikdən, xəstəlik və ölümdən azad etsin. Ancaq sizi sevindirmək istəyirik. Allah bəşəriyyətə yaxşı hökumət bəxş edəcək. Bu hökumət əzab-əziyyətin bütün səbəblərini aradan qaldıracaq. (Daniel 2:44 ayəsini oxu.)
3. Nəyə görə Allahdan öyrənmək çox vacibdir?
Tezliklə Allah yer üzünü əzab-əziyyətlər törədən insanlardan təmizləyəcək. Bu arada O, milyonlarla həlimürəkli insanlara məhəbbətə əsaslanmış ən yaxşı həyat yolu ilə getməyi öyrədir. İnsanlar Allahın Kəlamından həyatda qarşılaşdıqları problemlərin öhdəsindən gəlməyin, həqiqi xoşbəxtliyi tapmağın və Allahı razı salmağın yollarını öyrənirlər. (Sefanya 2:3 ayəsini oxu.)
4. Müqəddəs Kitabın müəllifi kimdir?
Müqəddəs Kitab 66 balaca kitabdan ibarətdir. Onlar 40 nəfər kişi tərəfindən yazılıb. İlk beş kitabı Musa peyğəmbər təxminən 3500 il bundan əvvəl qələmə alıb. Axırıncı kitabı isə, təxminən 1900 il bundan əvvəl həvari Yəhya yazmışdır. Lakin Müqəddəs Kitabı yazanlar özlərinin yox, Allahın fikirlərini yazırdılar. Buna görə də, demək olar ki, Müqəddəs Kitabın müəllifi Allahdır. (2 Timoteyə 3:16; 2 Peter 1:21 ayələrini oxu.)
Müqəddəs Kitabın Allahdan olduğuna əminik, çünki orada gələcəkdə baş verəcək şeylər təfərrüatı ilə dəqiq təsvir olunur. Heç bir insan buna qadir deyil (Yeşaya 46:9, 10). Həmçinin Müqəddəs Kitabda Allahın necə şəxsiyyət olduğu açıqlanır. Allahın Kəlamı insanların həyatını yaxşılığa doğru dəyişmək qüvvəsinə malikdir. Bu faktlar milyonlarla insanı Müqəddəs Kitabda yazılanların Allahın sözü olduğuna əmin etmişdir. (Yeşua 23:14; 1 Saloniklilərə 2:13 ayələrini oxu.)
5. Müqəddəs Kitabı anlamaqda sizə nə kömək edə bilər?
İsa peyğəmbər Allahın Kəlamının müəllimi kimi tanınırdı. Söhbət etdiyi insanların Müqəddəs Kitabla yaxından tanış olmalarına baxmayaraq, Kəlamı başa düşmək üçün onların köməyə ehtiyacı var idi. İsa onları başa salmaq üçün Allahın Kəlamından ayələr sitat gətirir və «Müqəddəs Yazıların mənasını» izah edirdi. Sizə kömək etmək üçün «Allahın Kəlamından nə öyrənirik?» rubrikasında da eyni üsuldan istifadə olunacaq. (Luka 24:27, 45 ayələrini oxu.)
Həyatın mənası barədə Allahdan öyrənmək sizin üçün çox maraqlı ola bilər. Lakin bəzi insanlar sizin Müqəddəs Kitabı oxumağınıza sevinməyəcək. Ruhdan düşməyin. Sizin əbədi həyata ümidiniz Allah haqqında daima öyrənməyinizdən asılıdır. (Matta 5:10—12; Yəhya 17:3 ayələrini.)
[17 səhifədəki şəkil]
Əlavə məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən nəşr olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 2-ci fəslinə baxa bilərsiniz.