Uşağım vəftiz olmağa hazırdır?
«QIZIM indi Yehovanın xidmətçisi olduğu üçün o qədər xoşbəxtəm ki! Əminəm, o da xoşbəxtdir», — deyə Filippində yaşayan Karlosa adında bir məsihçi öz hisslərini bölüşür. Yunanıstandan olan bir ata isə yazıb: «Uşaqlarımızın üçü də yeniyetmə vaxtlarında vəftiz olduğuna görə yoldaşımla mən fərəh duyuruq. Onlar ruhani cəhətdən inkişaf edirlər və Yehovaya xidmət etdiklərinə görə çox sevinirlər».
Həqiqətən də, övladları vəftiz olunanda məsihçi valideynlər sevincdən yerə-göyə sığmırlar. Amma bəzən sevinc hissi ilə yanaşı, onlar narahatçılıq da keçirirlər. Bir ana deyir: «Bir tərəfdən sevinirdim, digər tərəfdən isə narahat olurdum». Valideynlərin nəyə görə belə qarışıq hisslər keçirdiyini bacının növbəti sözlərindən görmək olar: «Mən başa düşürdüm ki, oğlum indi Yehovanın qarşısında tam məsuliyyət daşıyır».
Vəftiz olmaq bütün uşaqların məqsədi olmalıdır. Bununla belə, bəzi məsihçi valideynlər düşünürlər: «Düzdür, uşağım ruhani cəhətdən yaxşı inkişaf edib, amma görəsən, əxlaqsızlığa qarşı durmaq və Yehovanın qarşısında təmizliyi qorumaq üçün o, kifayət qədər möhkəmdir?» Digər valideynləri isə başqa sual narahat edə bilər: «Dünya övladımı maddi şeylərin dalınca qaçmağa sövq edəndə o, sevinclə və canla-başla Allaha xidmət etməyi davam etdirəcəkmi?» Hansı Müqəddəs Kitab prinsipləri valideynlərə uşaqlarının vəftizə hazır olub-olmadıqlarını müəyyən etməyə kömək edə bilər?
Ən vacib tələb
Allahın Kəlamında vəftiz üçün yaş həddi qoyulmayıb; orada bu vacib addımı atmaq istəyənlərin ruhani vəziyyətinə önəm verilir. İsa öz davamçılarına tapşırmışdı: «Bütün millətlərin içində şagird hazırlayın, onları... vəftiz edin» (Mat. 28:19). Deməli, vəftiz olmağa yararlı olmaq üçün insan, ilk növbədə, Məsihin şagirdi olmalıdır.
Şagird olmaq nə deməkdir? «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında (ing.) izah olunur: «Bu termin, əsas etibarilə, Məsihin təlimlərini sadəcə olaraq qəbul edənlərə yox, onlara dəqiq əməl edən insanlara aiddir». Bəs uşaqlar Məsihin əsil şagirdi ola bilərlər? Qırx ildən çoxdur ki, Latın Amerikasında missioner kimi xidmət edən bir bacı iki doğma bacısı və özü haqda deyir: «Biz Yehovaya xidmət etmək və Cənnətdə yaşamaq istədiyimizi dərk etmək üçün kifayət qədər yetkin idik. Gəncliyə xas olan sınaqlarla üzləşəndə Yehovaya həsr olunmağımız bizə möhkəm qalmağa kömək etdi. Həyatımızı Yehovaya erkən yaşlarında həsr etdiyimizə görə peşman deyilik».
Uşağınızın Məsihin şagirdi olub-olmadığını necə müəyyən edə bilərsiniz? Müqəddəs Kitabda deyilir: «Hətta uşaq da əməlləri ilə, işlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar» (Sül. məs. 20:11). Gəlin görək, uşağın hansı əməlləri onun, həqiqətən də, Məsihin şagirdi olduğunu göstərir (1 Tim. 4:15).
Necə müəyyən etməli?
Uşağınız sözünüzə baxır? (Kolos. 3:20). Ona tapşırdığınız ev işlərini görür? Müqəddəs Kitabda deyilir ki, İsanın 12 yaşı olanda o, «heç vaxt valideynlərinin sözündən çıxmırdı» (Luka 2:51). Əlbəttə, bu gün heç bir uşaq valideynlərinə mükəmməl surətdə tabe ola bilməz. Lakin həqiqi məsihçilər İsanın izləri ilə getməlidirlər. Buna görə də əgər bir gənc vəftiz olmaq istəyirsə, hamı onu valideynlərinin sözünə qulaq asan birisi kimi tanımalıdır (1 Pet. 2:21).
Növbəti sualların üzərində düşünün: uşağınız xidmətdə fəal iştirak etməklə Padşahlıq işini həyatında «birinci yerə» qoyur? (Mat. 6:33). Onun xoş xəbəri başqaları ilə bölüşmək istəyi var, yoxsa siz onu xidmətə çıxmağa və ya qapı ağzında insanlarla söhbət etməyə az qala məcbur etməli olursunuz? O, vəftiz olunmamış bir təbliğçi kimi öz məsuliyyətlərini dərk edir? Sahəsində Müqəddəs Kitaba maraq göstərən insanlara təkrarən baş çəkməyə can atır? Sinif yoldaşlarına və müəllimlərinə Yehovanın Şahidi olduğunu deyib?
Uşağınız yığıncaq görüşlərində iştirak etməyi vacib hesab edir? (Məz. 122:1). «Gözətçi Qülləsi»nin müzakirəsində və Yığıncağın Müqəddəs Kitab öyrənməsində şərh verməyi xoşlayır? Teokratik Xidmət Məktəbində aldığı tapşırıqları həvəslə yerinə yetirir? (İbr. 10:24, 25).
Məktəbdə və ya başqa bir yerdə pis dostluqdan qaçınmaqla özünü əxlaqi cəhətdən təmiz saxlamağa çalışır? (Sül. məs. 13:20). Onun qulaq asdığı mahnılar, baxdığı film və verilişlər, oynadığı videooyunlar və İnternetdən istifadə etməsi barədə nə demək olar? Onun sözlərindən və əməllərindən Müqəddəs Kitab normalarına uyğun yaşamaq istədiyi görünür?
Uşağınız Müqəddəs Kitabı nə dərəcədə yaxşı bilir? Ailəvi ibadət zamanı öyrəndiklərini öz sözlərilə deməyi bacarır? Müqəddəs Kitabın əsas təlimlərini izah edə bilir? (Sül. məs. 2:6—9). Müqəddəs Kitabı, o cümlədən sadiq və ağıllı nökərin nəşrlərini oxumaq onun üçün maraqlıdır? (Mat. 24:45). Müqəddəs Kitab təlimləri və ayələri ilə əlaqədar suallar verir?
Bu sualların köməyilə siz uşağınızın ruhani vəziyyətinin nə yerdə olduğunu müəyyən edə biləcəksiniz. Onları nəzərdən keçirdikdən sonra, ola bilsin, siz qənaətə gəldiniz ki, uşağınız hələ müəyyən sahələrin üzərində işləməlidir. Amma əgər onun həyat tərzi, həqiqətən də, Məsihin şagirdi olduğunu göstərirsə və o, həyatını Yehovaya həsr edibsə, ola bilsin, siz ona vəftiz olmağa icazə verdiniz.
Uşaqlar Yehovaya həmd edə bilərlər
Allahın bir çox xidmətçiləri yeniyetmə və hətta uşaq ikən Onun qarşısında sadiqliklərini qoruya bilmişdilər. Yusifi, Şamueli, Yoşiyanı və İsanı yadınıza salın (Yar. 37:2; 39:1—3; 1 Şam. 1:24—28; 2:18—20; 2 Saln. 34:1—3; Luka 2:42—49). Filipin peyğəmbərlik edən qızlarının dördü də, görünür, erkən yaşlarından yaxşı tərbiyə almışdı (Həv. iş. 21:8, 9).
Yunanıstanda yaşayan bir həmimanlımız deyir: «Vəftiz olanda mənim 12 yaşım var idi. Bu qərarıma görə heç vaxt peşman olmamışam. Həmin vaxtdan 24 il ötüb və bunun 23 ilini pioner kimi xidmət etmişəm. Yehovaya olan məhəbbətim mənə gəncliyə xas olan problemlərin öhdəsindən gəlməyə kömək etmişdi. Düzdür, 12 yaşım olanda Müqəddəs Kitab haqqında biliyim indiki qədər deyildi, lakin mən Yehovanı sevdiyimi və Ona əbədiyyən xidmət etmək istədiyimi dərk edirdim. Çox şadam ki, Yehova mənə indiyədək Ona xidmət etməyə kömək edib».
Gənc və ya yaşlı olmasından asılı olmayaraq, Məsihin şagirdi olduğunu əməldə göstərən insan vəftiz olmalıdır. Həvari Pavel yazmışdı: «İnsan ürəkdən iman edəndə salehliyə, imanını dili ilə bəyan edəndə isə xilasa yetişir» (Rom. 10:10). Məsihin gənc şagirdi vəftiz olunanda bu həm onun, həm də valideynləri üçün böyük nailiyyətdir. Buna görə də yol verməyin ki, nə isə sizi və uşaqlarınızı bu sevincdən məhrum etsin.
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
[5 səhifədəki şəkil]
Vəftizə düzgün münasibət
Bəzi valideynlər uşaqlarının vəftiz olunmalarını sürücülük vəsiqəsini almağa bənzədirlər; onlar bu vacib addımın müəyyən dərəcədə riskli olduğunu hesab edirlər. Bəs vəftiz və müqəddəs xidmət insanın gələcək firavanlığını təhlükə altına qoyur? Müqəddəs Kitaba əsasən, yox. Süleymanın məsəlləri 10:22 ayəsində deyilir: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz». Pavelin gənc Timoteyə yazdığı sözlər də diqqətəlayiqdir: «Nəyi varsa, onunla qane olmağı bacaran insan üçün Allaha sədaqət, doğrudan da, böyük qazanc mənbəyidir» (1 Tim. 6:6).
Düzdür, Yehovaya xidmət etmək elə də asan deyil. Yeremya da peyğəmbər kimi xidmət etdiyi müddətdə bir çox problemlərlə üzləşmişdi. Bununla belə, o, xidməti barədə yazmışdı: «Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, ey Ordular Allahı Rəbb!» (Yer. 15:16). Yeremya dərk edirdi ki, sevincinin mənbəyi Allaha xidmət etməsidir. Şeytan dünyası bizə problemlərdən başqa heç nə gətirmir. Valideynlər uşaqlarına bu fərqi görməyə kömək etməlidirlər (Yer. 1:19).
[Çərçivə/6 səhifədəki şəkil]
Bəlkə, hələ tezdir?
Uşaq vəftiz üçün bütün tələblərə cavab versə də, valideynlər elə fikirləşə bilərlər ki, ona bu addımı atmaq hələ tezdir. Buna səbəb nə ola bilər?
Qorxuram ki, uşağım vəftiz olunandan sonra günah işlədib yığıncaqdan kənar ediləcək. Bəs vəftizini gecikdirən gəncin öz hərəkətlərinə görə Allahın qarşısında cavab verməyəcəyini düşünmək nə dərəcədə məntiqəuyğundur? Süleyman gənclərə müraciət edərək demişdi: «Bil ki, Allah... [hərəkətlərinə] görə səni mühakimə edəcək» (Vaiz 11:9). Həvari Pavel isə: «Hər kəs özünə görə Allahın qarşısında cavab verəcək», — deyərkən heç bir yaş fərqi qoymadı (Rom. 14:12).
Allahın həm vəftiz olunmuş, həm də vəftiz olunmamış xidmətçiləri Onun qarşısında məsuliyyət daşıyırlar. Unutmayın ki, Yehova güclərinin çatmadığı sınaqlara məruz qalmalarına yol verməməklə Öz xidmətçilərini müdafiə edir (1 Kor. 10:13). Nə qədər ki onlar «ayıq-sayıq» qalırlar və sınaqlar zamanı sadiqliklərini qoruyurlar, Allahın onlara kömək edəcəyinə ümid edə bilərlər (1 Pet. 5:6—9). Bir bacı yazır: «Vəftiz olunmuş uşaqlar bu dünyanın pisliklərindən uzaq durmağa daha qərarlı olurlar. On beş yaşında vəftiz olan oğlum vəftizə müdafiə kimi baxır. O deyir ki, bunun sayəsində Yehovanın qanununa zidd olan şeylər etmək barədə düşünmür. Həqiqətən də, vəftiz insanı salehlikdən bərk-bərk yapışmağa təşviq edir».
Əgər siz uşağınızı söz və nümunənizlə Yehovaya itaət etməyi öyrətmisinizsə, əmin ola bilərsiniz ki, o, vəftizdən sonra da bu yoldan dönməyəcək. Süleymanın məsəlləri 20:7 ayəsində deyilir: «Saleh kamalı [«nöqsansızlığı», YD] ilə yaşar, özündən sonra gələn nəsli bəxtiyar olar».
İstəyirəm ki, övladım əvvəlcə bəzi məqsədlərə nail olsun. Uşaqlar gələcəkdə özlərini təmin etmək üçün müəyyən bir sənətə yiyələnməlidirlər. Lakin həqiqi ibadəti birinci yerə qoymaq əvəzinə, onları təhsil almağa və maddi firavanlığa can atmağa təşviq etmək təhlükəlidir. Padşahlıq haqqında xəbəri təmsil edən, amma bəhrə verməyən «toxum» barədə İsa demişdi: «Tikanlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcı qüvvəsi sözü boğur və o bar vermir» (Mat. 13:22). Əgər uşağın ruhani məqsədlərə nail olması dünyəvi məqsədlərinə çatmasından asılı olsa, onun Allaha xidmət etmək istəyi qalmayacaq.
Bir təcrübəli ağsaqqal vəftiz olmağa hazır olan, amma valideynləri buna icazə verməyən uşaqlar barədə demişdi: «Belə uşağın vəftiz olmasına mane olmaq onun ruhani inkişafının qarşısını ala və məyusluğa qapılmasına səbəb ola bilər». Bir səyyar nəzarətçisi isə yazmışdı: «Belə gənc düşünə bilər ki, Yehova ilə münasibətləri lazımi səviyyədə deyil və ya nailiyyətləri başqalarınkı ilə müqayisədə daha azdır. O, özünü nəyəsə yararlı hiss etmək üçün dünyaya üz tuta bilər».
[6 səhifədəki şəkil]
Uşağım əvvəlcə universitetə daxil olmalıdır?
[3 səhifədəki şəkil]
Uşağın Məsihin şagirdi olub-olmadığını onun əməllərindən görmək olar
[3 səhifədəki şəkil]
Uşağınız görüşlərə hazırlaşır? Onlarda iştirak edir?
[4 səhifədəki şəkil]
Sözünüzə baxır?
[4 səhifədəki şəkil]
Təbliğə çıxır?
[4 səhifədəki şəkil]
Dua edir?