Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/7 s. 4—9
  • Uzun çəkən mübarizədən sonra qələbə!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uzun çəkən mübarizədən sonra qələbə!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • NƏHAYƏT Kİ, AZADLIQ!
  • GÖZLƏNİLMƏZ NƏTİCƏ VERƏN İSTİNTAQLAR
  • MÜQƏDDƏS KİTAB MƏHKƏMƏDƏ
  • ƏSASSIZ İTTİHAMLAR
  • QƏLƏBƏ, AMMA TAM YOX
  • MƏĞLUBİYYƏT, AMMA TAM YOX
  • HÜCUMLAR ARTIR
  • «ŞƏHADƏT VERƏCƏKSİNİZ»
  • Əqidə məhbusları. Rusiya
    Əqidə məhbusları
  • Hüquqi hesabat
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
  • Azad ibadət uğrunda mübarizə
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Padşahlığın müjdəçiləri hakimlər qarşısında
    Allahın Padşahlığı hökmranlıq edir!
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/7 s. 4—9

Uzun çəkən mübarizədən sonra qələbə!

ON BEŞ il davam edən bu mübarizə 1995-ci ildə başlamışdı. Həmin müddət ərzində Rusiyadakı bacı-qardaşlarımız din azadlığına qarşı çıxanların hücumlarına məruz qalmışdılar. Bu şəxslər Yehovanın Şahidlərinin Moskvada və Rusiyanın digər yerlərindəki qeydiyyatlarını ləğv etmək məqsədini güdürdülər. Hətta belə bir ağır vəziyyətdə Yehova Rusiyadakı əziz həmimanlılarımıza məhkəmədə qələbə bəxş etməklə onların nöqsansızlığını xeyir-dualandırdı. Bu qarşıdurmanın yaranmasına səbəb nə idi?

NƏHAYƏT Kİ, AZADLIQ!

1990-cı illərin əvvəlində Rusiyadakı qardaşlarımız 1917-ci ildə itirdikləri din azadlığını yenidən aldılar. 1991-ci ildə Sovet İttifaqı hökuməti onları rəsmi din kimi qeydiyyata aldı. Sovet İttifaqı süquta uğradıqdan sonra Yehovanın Şahidləri Rusiya Federasiyasında qeydiyyata alındılar. Üstəlik, bundan əvvəl onilliklər ərzində dini təqiblərə məruz qalan Yehovanın Şahidlərini yeni dövlət rəsmi olaraq siyasi repressiyaların qurbanı kimi tanıdı. 1993-cü ildə Moskva şəhərində Yehovanın Şahidlərinin Dini İcması (bu, həmin şəhərdə bizim rəsmi adımızdır) Ədliyyə Nazirliyinin Moskva Departamenti tərəfindən qeydiyyata alındı. Elə həmin il din azadlığını təmin edən Rusiyanın yeni konstitusiyası qüvvəyə mindi. Bir qardaş sevinclə dedi: «Biz nə vaxtsa belə azadlığa qovuşacağımızı heç ağlımıza belə gətirmirdik!» Sonra əlavə etdi: «Əlli il biz bu günün həsrətilə yaşayırdıq!»

Rusiyadakı bacı-qardaşlarımız təbliğ fəaliyyətlərini genişləndirərək yaranan sabit vaxtdan səmərəli istifadə etdilər və çoxları xoş xəbərə hay verdi (2 Tim. 4:2). Bir müşahidəçi həmin vaxt Rusiyada dinə marağın xeyli artdığını qeyd etmişdi. Çox keçmədi ki, təbliğçilərin, pionerlərin və yığıncaqların sayı artdı. 1990—1995-ci illər ərzində Moskvada Yehovanın Şahidlərinin sayı 300 nəfərdən 5000 nəfərədək qalxdı. Din azadlığına qarşı çıxan insanlar Moskvada Yehovanın xidmətçilərinin sayının artdığını görüb həyəcan təbili çalmağa başladılar. 1990-cı illərin ortalarında onlar məhkəmələrdə Yehovanın Şahidlərinə qarşı əsil müharibəyə başladılar. Bu qarşıdurma sona çatanacan dörd mərhələdən keçməli oldu.

GÖZLƏNİLMƏZ NƏTİCƏ VERƏN İSTİNTAQLAR

Qarşıdurmanın ilkin mərhələsi 1995-ci ilin iyun ayında başladı. Moskvada Rus Pravoslav Kilsəsi ilə açıq əlaqədə olan bir qrup insan qardaşlarımızı cinayət törətməkdə ittiham edən şikayət ərizəsi yazıb prokurorluğa təqdim etdi. Onlar iddia edirdilər ki, həyat yoldaşları və uşaqları Yehovanın Şahidləri olduğundan şikayətlənən insanların adından çıxış edirlər. 1996-cı ilin iyun ayında müstəntiqlər qardaşlarımızın cinayət törətdiyini sübut edən dəlillər axtarmağa başladılar, amma heç nə tapmadılar. Həmin qrup eyni ittihamla yenidən şikayət ərizəsi yazdı. Başqa istintaq keçirildi, amma yenə də onların ittihamları təkzib olundu. Buna baxmayaraq, onlar üçüncü dəfə eyni ittihamlarla şikayət ərizəsi yazdılar. Yenə də istintaq keçirildi və prokuror elə həmin nəticəyə gəldi — cinayət işinə başlamaq üçün heç bir əsas yoxdur. Sonra onlar eyni ittihamlar olan şikayət ərizəsini dördüncü dəfə prokurorluğa təqdim etdilər və bu dəfə də prokuror heç bir dəlil aşkar etmədi. Nə qədər qəribə olsa da, onlar yenidən istintaqın keçirilməsini tələb etdilər. Nəhayət, 1998-ci il aprelin 13-ü daha bir istintaq keçiriləndən sonra iş bağlandı.

«Lakin sonra çox qəribə bir şey baş verdi», — deyə bu işlə məşğul olan vəkillərdən biri xatırlayır. Beşinci istintaqı keçirən müstəntiq cinayət əməlinin olduğunu sübut edən heç bir dəlilin olmadığını etiraf etsə də, iddiaçılara qardaşlarımıza qarşı mülki iş qaldırmağı məsləhət gördü. O iddia edirdi ki, Moskva şəhərində Yehovanın Şahidlərinin Dini İcması dövlət və beynəlxalq qanunları pozub. Moskvanın Şimal İnzibati Dairəsinin prokuroru bununla razılaşdı və Yehovanın Şahidlərinə qarşı mülki iş qaldırıldıa. 1998-ci il sentyabrın 29-da Moskva Qolovinski Rayon Məhkəməsində dinləmələrə başlandı. Bununla qarşıdurmanın ikinci mərhələsinə start verildi.

MÜQƏDDƏS KİTAB MƏHKƏMƏDƏ

Moskvanın şimalında yerləşən darısqal məhkəmə zalında prokuror Tatyana Kondratyeva öz ittihamlarına 1997-ci ildə qəbul edilən federal qanuna istinad etməklə başladı. Həmin qanunda deyilir ki, pravoslav xristianlıq, islam, iudaizm və buddizm ənənəvi dinlərdirb. Bu qanun digər dinlər üçün rəsmi qeydiyyatdan keçmək prosesini çətinləşdirir, eyni zamanda məhkəmələrə insanlar arasında nifaq salan dinlərin fəaliyyətini dayandırmağa əsas verir. Bu qanuna əsaslanaraq prokuror Yehovanın Şahidlərinin bunda və həmçinin ailələri dağıtmaqda ittiham edərək fəaliyyətimizin qadağan olunmasını tələb etdi.

Qardaşlarımızı müdafiə edən vəkillərdən biri prokurordan soruşdu: «Moskva yığıncağının hansı üzvü bu qanunu pozub?» Prokuror bir nəfərin də olsun adını çəkə bilmədi. Buna baxmayaraq, o dedi ki, Yehovanın Şahidlərinin nəşrləri dini düşmənçiliyə təhrik edir. Sözlərini təsdiqləmək üçün o, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarından, eləcə də başqa nəşrlərimizdən (yuxarıdakı şəklə bax) bəzi fikirləri oxudu. Ondan bu nəşrlərin düşmənçiliyə necə səbəb olduğunu soruşanda o cavab verdi: «Yehovanın Şahidləri öyrədirlər ki, yalnız onların dini həqiqidir».

Vəkillərdən biri, bizim qardaşımız, Müqəddəs Kitabın bir nüsxəsini hakimə, digər nüsxəsini isə prokurora verib Efeslilərə 4:5 ayəsini oxudu: «Bir Ağa, bir iman, bir vəftiz vardır». Sonra hakim, prokuror və vəkil əllərində Müqəddəs Kitab Yəhya 17:18 və Yaqub 1:27 kimi ayələri müzakirə etdilər. Hakim soruşdu: «Sizcə, bu ayələr dini düşmənçiliyə təhrik edir?» Prokuror cavab verdi ki, Müqəddəs Kitaba şərh vermək səlahiyyəti yoxdur. Bizim vəkil Yehovanın Şahidlərini sərt şəkildə tənqid edən Rus Pravoslav Kilsəsinin bir nəşrini göstərib prokurordan soruşdu: «Sizcə, bu ifadələr qanun pozuntusu deyil?» Prokuror cavab verdi: «Mənə kilsənin arqumentlərinə şərh vermək səlahiyyəti verilməyib».

ƏSASSIZ İTTİHAMLAR

Şahidləri ailələri dağıtmaqda ittiham edərək prokuror onların Milad və bu kimi digər bayramları qeyd etməmələrini əsas gətirdi. Lakin sonra özü etiraf etdi ki, Rusiya hökuməti öz vətəndaşlarından Milad bayramını qeyd etməyi tələb etmir. Yehovanın Şahidi olan ruslar da daxil olmaqla, bütün rusların seçim etmək hüququ var. Prokuror həmçinin bildirdi ki, bizim təşkilat «uşaqları normal istirahətdən və sevincdən məhrum edir». Amma ona bəzi suallar verildikdən sonra o etiraf etdi ki, valideynləri Yehovanın Şahidi olan gənclərlə heç vaxt söhbət etməyib. Vəkil prokurordan Yehovanın Şahidlərinin yığıncaq görüşlərində iştirak edib-etmədiyini soruşanda o: «Buna heç bir ehtiyac yoxdur», — deyə cavab verdi.

Prokuror şahid kürsüsünə psixiatriya üzrə bir professoru dəvət etdi. Professor nəşrlərimizi oxuyan insanların psixikasının pozulduğunu söylədi. Bizim vəkil professorun məhkəməyə təqdim etdiyi yazılı sənədin Moskva Patriarxiyasının hazırladığı sənədlə eyni olduğuna fikir verdi. Professor təsdiq etdi ki, bəzi hissələr, həqiqətən də, sözbəsöz eynidir. O, bu sənədi hazırlayarkən Moskva Patriarxiyasının sənədindən istifadə etdiyini boynuna aldı. Sorğu-sual nəticəsində bəlli oldu ki, onun pasientləri arasında bir nəfər də olsun Yehovanın Şahidi olmayıb. Moskvada yüzdən çox Şahidi müayinə etmiş psixiatriya üzrə digər professor isə məhkəmədə ifadə verərkən onların psixi cəhətdən sağlam olduqlarını və bu dini qəbul etdikdən sonra başqa dinlərə hörmətlə yanaşmağa başladıqlarını qeyd etdi.

QƏLƏBƏ, AMMA TAM YOX

1999-cu il martın 12-də hakim beş nəfər alimi nəşrlərimizin ekspertizasını keçirməyə təyin etdi, buna görə də ekspertizanın aparıldığı müddətdə işi təxirə saldı. Məhkəmənin bu qərarından əvvəl Rusiya Federasiyasının Ədliyyə Nazirliyi bizim nəşrlərimizi tədqiq etmək üçün artıq bir qrup alim təyin etmişdi. 1999-cu il aprelin 15-də bu qrupun nazirliyə təqdim etdiyi hesabatda deyilirdi ki, bizim nəşrlərimizdə zərərli bir şey yoxdur. Buna görə də 1999-cu il aprelin 29-da Ədliyyə Nazirliyi Rusiyadakı Yehovanın Şahidlərini yenidən qeydiyyata aldı. Belə bir müsbət nəticə əldə olunsa da, Moskva məhkəməsi ədəbiyyatlarımızın ekspertizasını keçirmək qərarında israrlı idi. Çox qəribə bir vəziyyət yarandı: Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Yehovanın Şahidlərini qanuna tabe olan bir din kimi qeydiyyata aldığı halda, nazirliyin Moskva departamenti onları qanun pozuntusunda ittiham edərək istintaq keçirirdi.

Təxminən iki ildən sonra məhkəmə prosesi yenidən başladı və hakim Yelena Proxorıçeva 2001-ci il fevralın 23-də hökm çıxartdı. Təyin etdiyi ekspertizanın nəticələrini nəzərdən keçirdikdən sonra o bəyan etdi: «Moskva şəhərində Yehovanın Şahidlərinin Dini İcmasının fəaliyyətini qadağan və ya ləğv etmək üçün heç bir əsas yoxdur». Nəhayət, qanuni şəkildə təsdiq olundu ki, qardaşlarımıza qarşı irəli sürülən ittihamların hamısı əsassızdır. Lakin bu qərarla razılaşmayan prokuror Moskva Şəhər Məhkəməsinə müraciət etdi. Üç aydan sonra, 2001-ci il mayın 30-da məhkəmə hakim Proxorıçevanın qərarını ləğv edib yeni məhkəmə işinin başlanmasına qərar verdi. Bu iş üçün həmin prokuror, ancaq başqa hakim təyin olundu. Beləliklə, qarşıdurmanın üçüncü mərhələsi başladı.

MƏĞLUBİYYƏT, AMMA TAM YOX

2001-ci il oktyabrın 30-da hakim Vera Dubinskayanın sədirliyi ilə yeni məhkəmə işi başladıc. Prokuror Kondratyeva bu dəfə də Yehovanın Şahidlərini insanlar arasında nifaq salmaqda günahlandırdı, lakin öz ittihamlarını başqa şəkildə təqdim etdi. Sonra o, Moskvada Yehovanın Şahidlərinin Dini İcmasını qadağan edilməsini tələb etməklə Moskvadakı Şahidlərin hüquqlarını müdafiə etdiyini bəyan etdi! Moskvadakı həmimanlılarımızın hamısı — 10 000 nəfər bu gülünc bəyanat barədə xəbər tutan kimi məhkəmədən prokurorun «müdafiəsini» rədd etməyi xahiş edən petisiyaya, yəni sənədə qol çəkdi.

Prokuror bildirdi ki, Şahidlərin qanunu pozduqlarını sübut edən dəlilləri təqdim etməyinə ehtiyac yoxdur, çünki məhkəmə işi Yehovanın Şahidlərinin fəaliyyəti barədə yox, onların ədəbiyyatları və etiqadları barədədir. O, şahid kürsüsünə mütəxəssis qismində Rus Pravoslav Kilsəsinin nümayəndəsini dəvət edəcəyini dedi. Bu təsdiq etdi ki, bu işin arxasında, həqiqətən də, pravoslav kilsəsinin ruhaniləri durur. 2003-cü il mayın 22-də hakim yenə də ədəbiyyatlarımızın ekspertizasını təyin etdi!

2004-cü il fevralın 17-də məhkəmə ekspertizanın nəticələrini araşdırmaq üçün yenidən bir araya gəldi. Ekspertlər aşkar etmişdilər ki, nəşrlərimiz oxucuları «ailəni və nikahı qoruyub saxlamağa təşviq edir», eləcə də ədəbiyyatlarımızın insanlar arasında nifaq saldığına dair fikirlər «əsassızdır». Digər alimlər də bu fikri təsdiqlədi. Hakim din tarixi üzrə professordan soruşdu: «Yehovanın Şahidləri nəyə görə təbliğ edir?» O cavab verdi: «Təbliğ işi məsihçilər üçün mütləqdir. Bu barədə müjdələrdə deyilir və İsa öz şagirdlərinə: “Gedin və bütün ölkələrdə təbliğ edin”, — deyə əmr etmişdi». Buna baxmayaraq, 2004-cü il martın 26-da hakim Moskva şəhərində Yehovanın Şahidlərinin fəaliyyətini qadağan etdi. 2004-cü il iyunun 16-da Moskva Şəhər Məhkəməsi bu qərarı təsdiqlədid. Uzun illərdi ki, Yehovanın Şahidi olan bir nəfər məhkəmənin qərarı barədə belə demişdi: «Sovet dövründə ruslardan ateist olmaq tələb olunurdu, bu gün isə onlardan pravoslav olmaq tələb olunur».

Bəs bacı-qardaşlarımızın qadağaya münasibəti necə oldu? Onlar qədimdə yaşayan Nehemya kimi davrandılar. Onun günlərində Allahın xalqına düşmən kəsilən insanlar müxtəlif fəndlərə əl ataraq Yerusəlimin divarlarını bərpa etmələrinə mane olmağa çalışırdılar. Amma nə Nehemya, nə də onun adamları işlərini dayandırmadılar. Əksinə, xalq ürəkdən çalışaraq divarın bərpasını davam etdirdi (Neh. 4:1—6). Eynilə, Moskvadakı bacı-qardaşlarımız yol vermədilər ki, əleyhdarlarımız onları çox vacib olan təbliğ işindən yayındırsın (1 Pet. 4:12, 16). Qardaşlar əmin idilər ki, Yehova onlara kömək edəcək və onlar uzun çəkən bu mübarizənin dördüncü mərhələsinə hazır idilər.

HÜCUMLAR ARTIR

2004-cü il avqustun 25-də qardaşlarımız o vaxt Rusiyanın prezidenti olan Vladimir Putinə petisiya göndərdilər. 76 cilddən ibarət olan və 315 000-dən çox insanın imza atdığı bu sənəddə onlar qadağa ilə əlaqədar öz narahatçılıqlarını bildirdilər. Bu zaman Rus Pravoslav Kilsəsinin ruhaniləri iç üzlərini göstərdilər. Moskva Patriarxiyasının nümayəndəsi bəyan etdi: «Biz qəti şəkildə Yehovanın Şahidlərinin fəaliyyətlərinə qarşıyıq». Müsəlmanların dini lideri isə Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunması barədə məhkəmənin çıxartdığı qərarı «çox mühüm və yaxşı hadisə» adlandırdı.

Təəccüblü deyil ki, bəzi insanlar bu yalanlara inanıb Yehovanın Şahidlərinə hücum etməyə başladılar. Moskvada bəzi həmimanlılarımız təbliğ edərkən döyülmüşdü. Qəzəbli bir kişi təbliğ edən bacımızı binadan qovanda ayağı ilə onun belindən elə bərk vurmuşdu ki, bacı yıxıldı və onun başı yerə dəydi. Onun halı o qədər pis idi ki, ona tibbi yardım göstərmək lazım gəldi. Ancaq polis ona hücum edən kişiyə qarşı heç bir tədbir görmədi. Başqa qardaşlarımızı isə polis həbs etmiş, onların barmaq izlərini götürmüş, şəkillərini çəkmiş və bütün gecəni həbsdə saxlamışdı. Qardaşlarımızın icarəyə götürdükləri zalların müdirlərinə hədə-qorxu gələrək demişdilər ki, əgər icarə müqavilələrini ləğv etməsələr, iş yerlərini itirəcəklər. Çox keçmədi ki, əksər yığıncaqlar ibadət üçün yerlərindən məhrum oldu. 40 yığıncaq 4 zaldan ibarət olan Padşahlıq Zalında yığışmaq məcburiyyətində qaldı. Həmin zalda toplaşan yığıncaqlardan birinin açıq görüşü səhər saat səkkizin yarısında başlayırdı. Səyyar nəzarətçi demişdi ki, bacı-qardaşlar görüşdə iştirak etmək üçün bir ildən çox vaxt ərzində səhər saat 5-də durmalı olurdular, buna baxmayaraq, onlar bunu böyük sevinclə edirdilər.

«ŞƏHADƏT VERƏCƏKSİNİZ»

Qardaşlarımız onlara qarşı çıxarılan hökmün qanunsuz olduğunu sübut etmək üçün 2004-cü ilin dekabr ayında Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər (6-cı səhifədə yerləşən «Nəyə görə Rusiyanın məhkəmə qərarına Fransada baxılıb?» adlı çərçivəyə bax). Altı ildən sonra, yəni 2010-cu il iyunun 10-da Avropa məhkəməsi yekdil qərarı ilə Yehovanın Şahidlərinə tam bəraət qazandırdı!e Bizə qarşı irəli sürülən bütün ittihamları araşdıraraq məhkəmə onların tamamilə əsassız olduğunu bildirdi. Məhkəmənin qərarına əsasən, Rusiya dövləti «məhkəmə tərəfindən aşkar edilən qanun pozuntularına son qoymalı və mümkün qədər vurulmuş zərərin əvəzini ödəməlidir» (8-ci səhifədəki «Avropa məhkəməsinin qərarı» adlı çərçivəyə bax).

Məhkəmə aydın göstərdi ki, Avropa İnsan Hüquqları Konvensiyası Yehovanın Şahidlərinin fəaliyyətini müdafiə edir və onun qərarı yalnız Rusiyaya yox, Avropa Şurasının üzvü olan digər 46 ölkəyə də aiddir. Bundan əlavə, bu məhkəmə işi zamanı araşdırılan qanunların və faktların çoxluğunu nəzərə alsaq, bu qərar hüquq üzrə alimlər, hakimlər, qanunvericilər və insan hüquqları üzrə mütəxəsislər üçün maraqlı olacaq. Nəyə görə? Çünki bu qərarı verərkən məhkəmə əvvəllər Yehovanın Şahidlərinin xeyrinə çıxardığı səkkiz qərarla yanaşı, Argentina, Kanada, Yaponiya, Rusiya, Cənubi Afrika, İspaniya, Böyük Britaniya və ABŞ-ın Ali Məhkəmələrinin Yehovanın Şahidlərinin lehinə çıxardığı 9 qərara da istinad etmişdi. Bütün dünyadakı qardaşlarımız öz etiqadlarını və fəaliyyətlərini müdafiə etməkdə bu qərarlardan, o cümlədən məhkəmənin Rusiyaya qarşı çıxardığı qərardan istifadə edə bilərlər.

İsa şagirdlərinə demişdi: «Məndən ötrü sizi hakimlərin və padşahların önünə gətirəcəklər. Beləcə onlara və digər xalqlara şəhadət verəcəksiniz» (Mat. 10:18). Son 15 il ərzində Rusiyada gedən məhkəmələr bacı-qardaşlarımıza Yehovanın adını Moskvada və digər yerlərdə əvvəlkindən daha çox ucaltmağa şərait yaratdı. İstintaqlar, məhkəmə işləri, beynəlxalq məhkəmənin çıxartdığı qərar, əslində, şahidlik idi və «xoş xəbərin yayılmasına xidmət etmişdir» (Filip. 1:12). İndi Moskvada yaşayan Yehovanın Şahidləri evdən-evə təbliğ edəndə çoxları təəccüblə soruşur: «Bəs sizin dininizi qadağan etmədilər?» İnsanların bu sualı verməsi qardaşlarımıza etiqadlarımız haqda daha çox məlumat verməyə imkan yaradır. Aydındır ki, heç bir qüvvə Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyimizə mane ola bilməz. Dua edirik ki, Yehova bundan sonra da Rusiyadakı cəsarətli əziz bacı-qardaşlarımızı dəstəkləsin və onlara xeyir-dua versin.

[Haşiyə]

a Şikayət ərizəsi 1998-ci il aprelin 20-də prokurorluğa təqdim olundu. İki həftədən sonra, mayın 5-də Rusiya 1996-cı ildə qol çəkdiyi Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya (təsdiq) etdi.

b «Bu qanun Rusiyada öz mövqelərini səylə müdafiə edən və Yehovanın Şahidlərinin qadağan olunmasını istəyən Rus Pravoslav Kilsəsinin güclü təzyiqi nəticəsində qəbul edilmişdi» («Assoşieyted Press», 25 iyun 1999-cu il).

c Nə qədər təəccüblü olsa da, elə həmin gün, amma on il əvvəl Rusiya dövləti Yehovanın Şahidlərinin Sovet İttifaqı dövründə dini təqiblərin qurbanı olduğunu tanımışdı.

d Bu qadağa o demək idi ki, artıq Moskvadakı yığıncaqları heç bir hüquqi təşkilat təmsil etmir. Əleyhdarlarımız ümid edirdilər ki, bununla qardaşlarımızın təbliğ işinə əngəl törədəcəklər və onu tamamilə dayandıracaqlar.

e Rusiya hökuməti xahiş etdi ki, məhkəmənin Böyük Palatasında bu işə yenidən baxılsın. Lakin 2010-cu il noyabrın 22-də beş hakimdən ibarət olan Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası buna ehtiyac olmadığını bildirərək xahişi rədd etdi. Beləliklə, məhkəmənin 2010-cu il 10 iyun tarixli qərarı son və icrası mütləq olan qərar oldu.

[6 səhifədəki şəkil/çərçivə]

Nəyə görə Rusiyanın məhkəmə qərarına Fransada baxılıb?

1996-cı il fevralın 28-də Rusiya Avropa İnsan Hüquqları Konvensiyasına qol çəkdi. (1998-ci il mayın 5-də isə Rusiya Konvensiyanı ratifikasiya etdi.) Bu Konvensiyanı imzalamaqla Rusiya hökuməti vətəndaşlarının aşağıdakı hüquqlarının olduğunu bəyan etdi:

«Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir» (Maddə 9).

«Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa... məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir» (Maddə 10).

«Hər kəsin dinc toplaşmaq azadlığı... var» (Maddə 11).

Hüquqları pozulan şəxslər və ya təşkilatlar öz ölkələrində bütün məhkəmə instansiyalarını keçdikdən sonra Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər (yuxarıdakı şəklə bax). Avropa İnsan Hüquqları Konvensiyasına qol çəkən ölkələrin sayına müvafiq olaraq, məhkəmə 47 hakimdən ibarətdir. Məhkəmənin qərarlarını həyata keçirmək mütləqdir. Konvensiyanı imzalayan hər ölkə çıxarılan qərarları mütləq yerinə yetirməlidir.

[8 səhifədəki çərçivə]

Avropa məhkəməsinin qərarı

Burada məhkəmənin qərarından qısaca olaraq üç abzas gətirilir.

Yehovanın Şahidlərinə qarşı irəli sürülən ittihamlardan biri onların ailələri dağıtmalarıdır. Məhkəmə isə tamamilə başqa qərar verdi:

«Ailədə münaqişələrin yaranmasına səbəb ailə üzvünün əqidəsinə şərik olmayan və ya onun öz dininə etiqad etmək hüququna hörmət göstərməyən, yaxud onun bu hüquqa malik olduğunu qəbul etmək istəməyən qohumların törətdiyi müqavimətlərdir» (Abzas 111).

İnsanların «şüurunu idarə etmək» ittihamı ilə əlaqədar məhkəmənin qərarı aşağıdakı kimi oldu:

«Məhkəmənin fikrincə, məhkəmələrin [Rusiya məhkəmələrinin] bu kimi üsulların tətbiqi nəticəsində vicdan azadlığı hüququnun pozulduğu bir nəfərin də adını çəkməməsi təəccüblüdür» (Abzas 129).

Digər ittihamda deyilirdi ki, Yehovanın Şahidləri qanköçürmədən imtina etməklə öz səhhətlərinə zərər vururlar. Bu barədə məhkəmənin qərarında deyilir:

«Konkret bir müalicə üsuluna razılıq verib-verməmək və ya alternativ müalicə üsulu seçmək azadlığı öz müqəddəratını təyin etmək və şəxsi avtonomiya prinsipləri üçün olduqca vacibdir. Həddi-büluğa çatmış və qərar qəbul etmək bacarığı olan hər bir xəstənin qərar vermək hüququ var. Məsələn, insanın cərrahiyyə əməliyyatına və ya hər hansı bir müalicə üsuluna razılıq verib-verməmək hüququnun olduğu kimi, qanköçürməyə də razılıq verib-verməmək hüququ var» (Abzas 136).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş