Artıq Ölümdən Qorxmuram
Nəql etdi Pyero Qati
GURULTU səsi getdikcə yüksəlirdi. Sonra həyəcan siqnalının səsi ətrafı bürüdü. İnsanlar sığınacaqlara qaçdılar. Bombalar partladı, evlər dağıldı. Dəhşətli hücum nəticəsində aləmə yayılan səsdən qulaqlarımızın pərdəsi deşilirdi.
Bu hadisə 1943—1944-cü illərdə İtaliyanın Milan şəhərində baş vermişdi. Bu zaman mən gənc əsgər idim və mənə hava hücumuna məruz qalmış sığınacaqlarda tələyə düşən və parça-parça olaraq tanınmaz vəziyyətdə olan insanların cəsədlərini yığmaq tez-tez tapşırılırdı. Başqalarının ölümünü yaxından görmək az imiş kimi, özüm də dəfələrlə ölümlə üz-üzə gəlirdim. Belə anlarda Allaha dua edirdim və Ona söz verirdim ki, bu cəhənnəmdən sağ çıxsam, Onun iradəsini yerinə yetirəcəyəm.
Ölüm qorxusundan azad oluram
Uşaqlığım İsveçrə sərhədinin yaxınlığında, İtaliyanın Komo şəhərindən 10 kilometr uzaqlıqda yerləşən bir kənddə keçib. Dərd-kədərin və ölüm qorxusunun nə demək olduğunu erkən yaşlarımdan bilirdim. İki bacım İspan qripindən ölmüşdü. 1930-cu ildə isə altı yaşım olanda anam Luica vəfat etdi. Uşaqlıqdan məni katolik kimi tərbiyə etdikləri üçün dini qayda-qanunlara riayət edir və həftəlik messada iştirak edirdim. Lakin ölüm qorxusundan kilsədə yox, bərbərxanada azad oldum.
1944-cü ildə İkinci Dünya müharibəsində ölənlərin sayı getdikcə artırdı. On minlərlə italyan əsgərləri kimi, mən də müharibə zonasından neytral ölkə olan İsveçrəyə qaçdım. Bizi bir neçə qaçqın düşərgəsində yerləşdirdilər. Məni göndərdikləri düşərgə ölkənin şimal-şərqində yerləşən Ştaynax şəhərinin yaxınlığında idi. Orada bizə müəyyən dərəcədə sərbəstlik verilmişdi. Ştaynaxda bir bərbərə müvəqqəti işçi lazım idi. Mən bir ay ərzində onun yanında qalıb işlədim. Bu zaman bir nəfərlə tanış olmağımın sayəsində həyatım tamamilə dəyişdi.
Həmin adam bərbərin müştərilərindən biri olan Adolfo Tellini idi. O, italiyalı idi və İsveçrədə yaşayırdı. Adolfo Yehovanın Şahidi idi. O vaxta qədər mən Yehovanın Şahidləri haqda heç nə eşitməmişdim. Həmin dövrdə İtaliyada təxminən 150 Şahidin olmasını nəzərə alsaq, bu, təəccüblü deyildi. Adolfo mənə Müqəddəs Kitabın gözəl həqiqətləri, sülh və əbədi həyat vədləri barədə danışdı (Yəh. 10:10; Vəhy 21:3, 4). Gələcəkdə müharibələrin, ölümün olmayacağını eşidəndə heyrətə gəldim. Qaçqın düşərgəsinə qayıdanda bu ümid barədə gənc italiyalı Cüzeppe Tubiniyə danışdım və o da heyrətə gəldi. Bundan sonra Adolfo və digər Şahidlər bizə tez-tez baş çəkirdilər.
Adolfo məni Ştaynaxdan 10 kilometr aralıda yerləşən Arbon kəndinə apardı. Burada Yehovanın Şahidlərindən ibarət kiçik qrup italyan dilində yığıncaq görüşlərini keçirirdi. Eşitdiklərim o qədər xoşuma gəldi ki, gələn həftə yığıncağa yenə getdim. Sonra Yehovanın Şahidlərinin Sürixdəki Konqres Zalında keçirilən konqresində iştirak etdim. Orada üst-üstə yığılmış insan cəsədləri ilə dolu olan ölüm düşərgələrindən bəhs edən slaydlar göstərilmişdi. Bunu görəndə dəhşətə gəldim. Mən çoxlu alman Şahidlərin imanlarına görə qəddarcasına qətlə yetirildiyini öyrəndim. Həmin konqresdə Mariya Pizato ilə rastlaşdım. Bu bacı xidmətdə çox fəal olduğu üçün İtaliyanın faşist hökuməti ona 11 il iş kəsmişdi.
Müharibə qurtaranda İtaliyaya qayıtdım və Komo şəhərindəki balaca yığıncağa qoşuldum. Mənimlə müntəzəm olaraq Müqəddəs Kitabı öyrənməsələr də, onun əsas təlimlərini yaxşı bilirdim. Mariya Pizato da o yığıncağın üzvü idi. O, mənə vəftizin vacibliyi barədə danışdı və Sondrio əyalətindəki Kastione-Andevenno kəndində yaşayan Marçello Martinellinin yanına getməyi məsləhət gördü. Marçello məsh olunmuş qardaş idi. Ona diktator rejimi dövründə 11 il iş kəsmişdilər. Onun yanına getmək üçün velosipedlə 80 kilometr yol qət etməli oldum.
1946-cı ilin sentyabr ayı idi. Marçello mənə Müqəddəs Kitabdan vəftiz üçün tələbləri izah etdi, sonra dua edib Adda çayına yollandıq və mən orada vəftiz oldum. Bu, mənim üçün xüsusi gün idi! Yehovaya xidmət etmək qərarını verdiyim və gələcəyə dair möhkəm ümidim olduğu üçün o qədər sevinirdim ki, həmin gün velosipedlə 160 kilometr yol getdiyimi heç hiss etmədim!
Müharibədən sonra İtaliyada ilk konqres 1947-ci ilin may ayında Milanda keçirilmişdi. Həmin konqresdə iştirak edən 700 nəfərin arasında faşistlərin təqiblərindən sağ çıxan bacı-qardaşlar da az deyildi. O konqres qeyri-adi hadisə ilə yadda qaldı. Qaçqın düşərgəsində təbliğ etdiyim Cüzeppe Tubini vəftiz olunmaq istəyənlər qarşısında məruzə ilə çıxış etdikdən sonra özü də vəftiz oldu!
Həmin konqresdə Bruklin Bet-Elində xidmət edən Neytan Norr qardaşla tanış oldum. Qardaş Cüzeppe ilə məni həyatımızı Yehovaya xidmətə həsr etməyə təşviq etdi. Mən qərara aldım ki, bir aydan sonra tammüddətli xidmətə başlayacağam. Evə qayıdar-qayıtmaz ailəmə qərarım barədə söylədim, lakin onların hamısı məni fikrimdən daşındırmağa çalışdı. Ancaq qərarım qəti idi və bir aydan sonra Milanda yerləşən Bet-Eldə xidmət etməyə başladım. Burada məndən və məndən bir qədər əvvəl Bet-Elə gələn Cüzeppe Tubinidən başqa, dörd missioner — Cüzeppe (Cozef) Romano və yoldaşı Ancelina, Karlo Benanti və yoldaşı Konstansa xidmət edirdi.
Bet-Eldə cəmi-cümlətanı bir ay xidmət etdikdən sonra rayon nəzarətçisi təyin olundum. 1946-cı ildə ABŞ-dan İtaliyaya gələn ilk missioner Corc Fredianelli artıq rayon nəzarətçisi kimi burada xidmət edirdi, lakin mən İtaliyada doğulan ilk rayon nəzarətçisi idim. Corc bir neçə həftə ərzində mənə təlim keçdikdən sonra təkbaşına sərgüzəştlərlə dolu olan bu xidmətə başladım. Baş çəkdiyim ilk Faenza yığıncağı heç vaxt yadımdan çıxmayacaq. Ömrümdə bircə dəfə də olsun yığıncaq qarşısında çıxış etmədiyim bir halda, dinləyiciləri tammüddətli xidmət barədə fikirləşməyə təşviq etdim! Onların arasında gənclər də az deyildi. İllər sonra onlardan bəziləri İtaliyada müxtəlif təyinatlarda xidmət etməyə başladılar.
Rayon nəzarətçisi kimi xidmət etdiyim xoş və gözəl illər sürprizlərlə, çətinliklərlə və sevindirici hadisələrlə zəngin olub. Mən həmişə bacı-qardaşların coşğun məhəbbətini hiss edirdim.
Müharibədən sonra İtaliyada dini vəziyyət
O vaxtlar İtaliyada hökm sürən dini vəziyyət barədə bir-iki söz demək istərdim. Həmin dövrdə ölkədə Katolik kilsəsi ağalıq edirdi. 1948-ci ildə yeni konstitusiya qüvvəyə minsə də, faşistlərin dövründə qəbul olunan Yehovanın Şahidlərinə təbliğ etməyi qadağan edən qanun yalnız 1956-cı ildə ləğv olundu. Ruhanilərin təzyiqi ucbatından rayon konqreslərimizi tez-tez dağıdırdılar. Lakin bəzən onların cəhdləri boşa çıxırdı. Məsələn, belə hadisələrdən biri 1948-ci ildə İtaliyanın mərkəzində yerləşən Sulmona şəhərində baş vermişdi.
Konqres üçün bir teatr zalı icarəyə götürmüşdük. Bazar günü səhər mən konqresə sədrlik edirdim, Cüzeppe Romano isə açıq məruzə ilə çıxış edirdi. Həmin gün zal ağzınacan dolu idi. O vaxt İtaliyada təxminən 500 təbliğçinin olmasına baxmayaraq, zala 2000 adam toplaşmışdı. Nitqin sonunda iki keşiş tərəfindən öyrədilən bir gənc səhnəyə tullanaraq qarışıqlıq salmaq məqsədilə yüksək səslə çığır-bağır etməyə başladı. Mən dərhal ona dedim: «Əgər deməyə sözün varsa, get icarəyə zal götür və orada nə istəyirsən de». Oğlanın hərəkətini bəyənməyən dinləyicilər ondan da yüksək səslə qışqıraraq səhnədən düşməyi tələb etdilər. Oğlan səhnədən tullanıb bir anda gözdən itdi.
O illərdə səyahət edərkən tez-tez başıma məzəli əhvalatlar gəlirdi. Bəzən bir yığıncaqdan o biri yığıncağa velosipedlə, ağzınacan dolu olan köhnə avtobuslarla və ya qatarla gedirdim. Hərdən tövlədə, yaxud da alətlərin saxlanıldığı anbarlarda gecələməli olurdum. Müharibə təzəcə sona çatmışdı və italiyalıların əksəriyyəti kasıbçılıq içində yaşayırdı. Qardaşlar o vaxt az idi, onlar da özlərini güc-bəla ilə dolandırırdılar. Buna baxmayaraq, Yehovaya xidmət etmək çox gözəl idi.
Gilead Məktəbi
1950-ci ildə Cüzeppe Tubini ilə mən Gilead Məktəbinin 16-cı sinfinə dəvət aldıq. Lap əvvəldən bilirdim ki, ingilis dilini öyrənmək mənim üçün asan olmayacaq. Əlimdən gələni etsəm də, bu, mənim üçün çətin idi. Bizdən Müqəddəs Kitabı başdan ayağa ingiliscə oxumaq tələb olunurdu. Buna görə də ucadan oxumağı məşq etmək üçün bəzən nahara getmirdim. Və budur, nitq söyləmək növbəsi mənə çatdı. Çıxışdan sonra bizə təlim keçən qardaşın dediyi sözlər indiyədək yadımdadır: «Jestlərinə və şövqlə danışmağına söz ola bilməz. Amma bilmədim nə dildə danışdın»! Buna baxmayaraq, məktəbi müvəffəqiyyətlə başa vurdum və Cüzeppe ilə birlikdə məni İtaliyaya təyin etdilər. Əlavə təlim sayəsində qardaşlara daha yaxşı xidmət edə bilirdik.
1955-ci ildə Lidiya adlı bir bacı ilə ailə qurdum. Biz ailə qurmamışdan yeddi il əvvəl, Lidiya vəftiz olunan zaman vəftiz üçün məruzəni mən söyləmişdim. Onun atası Dominikonu bacı-qardaşlar çox sevirdi. Faşist diktaturası dövründə təqiblərə məruz qalmasına və üç il sürgündə olmasına baxmayaraq, yeddi övladının hamısına həqiqəti aşılamışdı. Lidiya da, atası kimi, həqiqət üçün canla-başla mübarizə aparırdı. Hakimiyyət evdən-evə təbliğ etmək hüququmuzu qəbul edənə qədər o, üç məhkəmə işində iştirak etmişdi. Altı ildən sonra ilk oğlumuz Beniamino, 1972-ci ildə isə ikinci oğlumuz Marko dünyaya gəldi. Övladlarımızın ailələri ilə birgə Yehovaya səylə xidmət etdiklərini görmək bizi çox sevindirir.
Xidmətdə hələ də fəalam
Başqalarına xidmət etdiyim xoşbəxt illər unudulmaz hadisələrlə dolu olub. Misal üçün, 1980-ci illərin əvvəlində qayınatam o vaxt İtaliyanın prezidenti olan Sandro Pertiniyə məktub yazdı. Faşistlərin dövründə onların ikisi də Ventotene adasına sürgün olunmuşdu. Bu adaya faşistlər dövlət üçün təhlükəli hesab etdikləri adamları göndərirdilər. Prezidentə şahidlik vermək istəyən qayınatam onun qəbuluna yazıldı. Onun xahişi qəbul olundu və prezidentlə görüşə ikimiz getdik. Prezident bizi çox mehriban qarşıladı. İndiyə qədər heç kim bizi belə qarşılamamışdı. Prezident qayınatamla qucaqlaşaraq onu salamladı. Sonra imanımız barədə söhbət etdik və ədəbiyyat saxladıq.
44 il səyyar xidmətdə olduqdan sonra 1991-ci ildə bu xidməti dayandırdım. Amma əvvəlcə yığıncaqların hamısına sonuncu dəfə baş çəkdim. Ta ki məndə ciddi xəstəlik aşkar olunana qədər növbəti dörd il ərzində Konqres Zalının nəzarətçisi kimi xidmət etdim. Yehovanın lütfü sayəsində hələ də tammüddətli xidmətdəyəm. Bu gün də qardaşlar mənə tez-tez deyirlər ki, məruzələri şövqlə söyləyirəm. Yehovaya çox minnətdaram ki, qocalmağıma baxmayaraq, gücüm zəifləməyib.
Gənclikdə ölümdən çox qorxurdum, lakin Müqəddəs Kitabdan dəqiq bilik əldə etdikdən sonra «əbədi həyata» ümidim oldu (Yəh. 10:10). Mən bu həyatı, yəni əmin-amanlıq, təhlükəsizlik, xoşbəxtlik və Yehovadan bol xeyir-duaların olacağı vaxtı səbirsizliklə gözləyirəm. Adını daşımaq şərəfinə layiq görüldüyüm sevən Yaradanımıza eşq olsun! (Məz. 83:18).
[22 səhifədəki xəritə]
İSVEÇRƏ
BERN
Sürix
Arbon
Ştaynax
İTALİYA
ROMA
Komo
Milan
Adda çayı
Kastione- Andevenno
Faenza
Sulmona
Ventotene adası
[22 səhifədəki şəkil]
Gileada gedərkən
[22 səhifədəki şəkil]
Cüzeppe ilə birgə Gilead Məktəbində
[23 səhifədəki şəkil]
Toy günümüz
[23 səhifədəki şəkil]
55 beş il ömür-gün yoldaşım olan Lidiya ilə