Uşaqlara Allah haqqında danışmaq lazımdırmı?
«Dindarlığımız ancaq bir-birimizə nifrət etməyə çatır, sevməyə yox» (CONATAN SVİFT, İNGİLİS YAZIÇISI).
SVİFTİN bu sözləri XVIII əsrdə yazmasına baxmayaraq, bu gün çoxları onunla razılaşar. Bəzi ölkələrdə insanlar düşünürlər ki, valideynlər uşaqlarına Allah haqqında öyrətməməlidirlər. Onların fikrincə, dindar ailədə böyüyən uşaqlar, sanki, nədənsə məhrum olurlar.
Bəs siz bu barədə nə düşünürsünüz? Növbəti fikirlərdən hansı daha ağlabatandır?
● Valideynlərə uşaqlarına Allah haqqında öyrətmək ixtiyarı verilməməlidir.
● Valideynlər uşaqları ilə dini mövzular barədə söhbət etmək üçün onların böyüməsini gözləməlidirlər.
● Valideynlər öz inanclarını uşaqlarına körpə yaşlarından aşılamalıdırlar. Lakin uşaqlar böyüdükdən sonra valideynlər onları təşviq etməlidirlər ki, inandıqları şeylərin üzərində düşünsünlər.
● Uşaqlar sorğusuz-sualsız valideynlərinin dinini qəbul etməlidir.
Dinin uşaqlara zərəri varmı?
Heç bir ürəyiyanan valideyn övladının pisliyini istəməz. Bəs faktlar uşaqları Allah haqqında öyrənməkdən çəkindirənlərin iddialarını təsdiqləyirmi? Artıq onilliklərdir ki, tədqiqatçılar valideynlərin dini etiqadlarının uşaqlara necə təsir etdiyini dərindən araşdırırlar. Bəs onların tədqiqatları nə ilə nəticələnib?
Tədqiqatçıların araşdırmaları nəticəsində məlum olmuşdur ki, din uşaqların inkişafına mənfi yox, müsbət təsir edə bilər. 2008-ci ildə bir jurnalda dərc olunmuş hesabatda deyilir: «Din uşaqların valideynlərlə — həm ata, həm də ana ilə münasibətlərini möhkəmləndirir». Həmçinin orada qeyd olunurdu: «Din və mənəviyyat bir çox uşaqların həyatının ayrılmaz hissəsidir və ailə münasibətlərində böyük əhəmiyyət daşıyır» («Social Science Research»)a. Diqqət yetirin ki, buna bənzər sözləri İsa peyğəmbər də demişdi: «Ruhani nemətlərə susayanlar nə xoşbəxtdirlər» (Matta 5:3).
Bəs uşaqların Allah və din haqqında böyüdükdən sonra öyrənməli olduqları barədə nə demək olar? Bu fikir bir fakta ziddir: uşağın beyni ağ kağız kimidir, üzərinə nə yazsan, onu da götürəcək. Həqiqətən də, valideynlər seçim qarşısında dururlar: onlar ya bu «kağızın» üzərinə məqbul hesab etdikləri əxlaq prinsiplərini və etiqadlarını evdə özləri yazacaqlar, ya da uşağın beyninin və ürəyinin kənardan qarmaqarışıq ideyalar axınına məruz qalmasına yol verəcəklər.
Necə etməli?
Tarix boyunca dindən fanatizmi və nifrəti alovlandırmaq məqsədilə istifadə olunub. Valideynlər Conatan Sviftin təsvir etdiyi aqibətə düçar olmamaq üçün nə edə bilərlər? Onlar övladlarına başqalarını sevməyə kömək edən etiqadları necə aşılaya bilərlər?
Bunun üçün növbəti üç sualın cavabını tapmaq lazımdır: 1) Uşaqlara nəyi öyrətmək lazımdır? 2) Onları kim öyrətməlidir? 3) Ən yaxşı təlim üsulları hansılardır?
[Haşiyə]
a Bu tədqiqat Birləşmiş Ştatlarda yaşayan 21 000 uşaq, eləcə də onların valideynləri və müəllimləri arasında keçirilmiş sorğuya əsaslanır.