Uşaqlara Allah haqqında nəyi öyrətmək lazımdır?
«Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır və təlim, tənbeh, islah və salehlik yolunda tərbiyə üçün faydalıdır» (2 TİMOTEYƏ 3:16).
UŞAQLAR Allah haqqında həqiqəti bilməlidirlər. Bəs onlar həqiqəti haradan öyrənə bilərlər? Dünyada dini kitablar arasında ən çox hörmət edilən Müqəddəs Kitabdan.
Müqəddəs Kitab Allahdan gələn məktubdur. Bu məktubda Allah bizə Özü haqqında biliklər təqdim edir, eləcə də bütün bəndələrinə — həm gənclərə, həm də yaşlılara əxlaqi məsələlərə dair rəhbərlik verir. Gəlin Müqəddəs Kitabın bəzi təlimlərinə və gənclərin onlardan nə öyrənə biləcəklərinə nəzər salaq.
Bu nümunələrdən gördüyümüz kimi, Müqəddəs Kitabdakı ibrət dərsləri uşaqların minnətdar olmağı bacaran, hörmətcil, başqalarının halına yanan bir insan kimi böyümələrinə kömək edə bilər. Bəs bütün bunları uşaqlara kim öyrətməlidir?
Müqəddəs Kitabın Allah haqqında öyrətdikləri
◼ Müqəddəs Kitab öyrədir: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm» (Yeşaya 42:8, Kitabı Mukaddes).
Dərs: Allah sadəcə qüvvə deyil. O, real Varlıqdır və Onun şəxsi adı var.
◼ Müqəddəs Kitab öyrədir: «Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq» (1 Salnamələr 28:9).
Dərs: Yehova Allah balaca uşaqlardan tutmuş hamının qayğısına qalır (Məzmur 10:14; 146:9). Allah bizim Onun haqqında öyrənməyimizi istəyir.
◼ Müqəddəs Kitab öyrədir: «Heç bir... yetimə əziyyət verməyin. Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm» (Çıxış 22:22—24).
Dərs: Yehova Allah hətta balaca uşaqların belə duasını eşidir. Biz müntəzəm olaraq duada Allaha müraciət edərək ən dərin düşüncələrimizi və hisslərimizi Onunla bölüşə bilərik.
◼ Müqəddəs Kitab öyrədir: «Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xatirinə dəydilər» (Məzmur 78:41).
Dərs: danışıq tərzimiz və hərəkətlərimiz Yehova Allaha təsir edir, buna görə də danışmazdan və nəyisə etməzdən əvvəl, insan gərək yaxşı-yaxşı düşünsün.
Bizdən fərqli görünən insanlarla necə davranmalıyıq?
◼ Müqəddəs Kitab öyrədir: «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35).
Dərs: əgər mənşəyindən asılı olmayaraq, Allah bütün insanları qəbul edirsə, onda biz də dərisinin rənginə və üz cizgilərinə görə bizdən seçilən insanlara fərq qoymamalıyıq.
◼ Müqəddəs Kitab öyrədir: «Sizdən izahat tələb edən hər kəsin qarşısında ümidinizi müdafiə etməyə həmişə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin» (1 Peter 3:15).
Dərs: din haqda söhbət edərkən fikirlərimizi qəzəbə və hiddətə yol vermədən əminliklə və nəzakətlə danışmalıyıq. Biz həmçinin dini etiqadları bizimkindən fərqlənən insanlara da hörmət göstərməliyik.
Ailə üzvlərimizlə necə rəftar etməliyik?
◼ Müqəddəs Kitab öyrədir: «Ey uşaqlar, valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir» (Koloslulara 3:20).
Dərs: uşaqlar itaətli olmaqla təkcə valideynlərini sevdiklərini yox, həm də Allahı razı salmaq istədiklərini göstərirlər.
◼ Müqəddəs Kitab öyrədir: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olarsa, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın» (Koloslulara 3:13).
Dərs: başqaları, o cümlədən ailə üzvlərimiz vaxtaşırı bizi ruhdan sala bilərlər. Amma əgər biz istəyiriksə, Allah bizi bağışlasın, biz də başqalarını bağışlamağı öyrənməliyik (Matta 6:14, 15).
Nəyə görə dürüst və xeyirxah olmaq lazımdır?
◼ Müqəddəs Kitab öyrədir: «Artıq yalanı kənara qoyduğunuz üçün qoy hər kəs yaxınına həqiqəti söyləsin» (Efeslilərə 4:25).
Dərs: biz düz danışanda Allaha bənzəməyə çalışır və Onu sevindirmiş oluruq. Əgər yalan danışmağa vərdiş etsək, onda biz Allahın düşməni, yalanın atası olan İblisə bənzəyəcəyik (Yəhya 8:44; Titusa 1:2).
◼ Müqəddəs Kitab öyrədir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin» (Matta 7:12).
Dərs: biz ailə üzvlərimizin və ünsiyyətdə olduğumuz insanların hisslərinə, fikirlərinə və tələbatlarına qarşı diqqətli olmalıyıq. Biz başqalarının «dərdinə şərik» olanda, çox ehtimal ki, onlar da bizə qarşı xeyirxah olurlar (1 Peter 3:8; Luka 6:38).