Seçdiyin əyləncə faydalıdır?
«Rəbbə nəyin məqbul olduğuna daima əmin olun» (EFES. 5:10).
1, 2. a) Haradan bilirik ki, Allah bizim həyatdan zövq almağımızı istəyir? b) Əyləncə və istirahətə Allahın bəxşişi kimi baxmaq bizi nəyə təşviq edir?
MÜQƏDDƏS KİTAB dönə-dönə göstərir ki, Yehova bizim sadəcə yaşamağımızı yox, həyatdan zövq almağımızı istəyir. Məsələn, Məzmur 104:14, 15 ayələrində deyilir: «Qoy insan torpaqdan azuqəsini çıxartsın: ürəkləri xoşhal edən şərabı, üzləri güldürən zeytun yağını, taqət verən çörəyi». Həqiqətən də, yaşamaq üçün bizə lazım olan hər şey — taxıl, yağ və şərab Yehovadandır. Şərab yaşamaq üçün zəruri olmasa da, ürəyimizi xoşhal edərək həyatımıza sevinc qatır (Vaiz 9:7; 10:19). Bəli, Yehova istəyir ki, biz həyatdan sevinc duyaq və ürəyimiz «şadlıqla» dolsun (Həv. iş. 14:16, 17).
2 Buna görə də vaxtımızın müəyyən qismini «göy quşlarına» baxmağa, «zanbaqların» gözəlliyini seyr etməyə, yaxud da bizi təravətləndirən, həyatımızı zənginləşdirən bu kimi digər məşğuliyyətlər üçün ayıranda ürəyimiz bizi mühakimə etməməlidir (Mat. 6:26, 28; Məz. 8:3, 4). Sağlam və xoşbəxt həyat Allahın bəxşişlərindən biridir (Vaiz 3:12, 13). İstirahətə sərf etdiyimiz vaxt da bu bəxşişin bir hissəsidir. Buna görə də həmin vaxtı elə keçirməliyik ki, bu, Allaha şərəf gətirsina.
Böyük seçim və məhdudiyyət
3. Nəyə görə əyləncə seçimi məsələsində insanların zövqü müxtəlifdir?
3 İstirahətə tarazlı nöqteyi-nəzərə malik olanlar bilirlər ki, bu məsələdə seçim azadlıqları olsa da, məhdudiyyətləri də var. Nəyə görə? Bu suala cavab tapmaq üçün əyləncəni yeməklə müqayisə edək. Hər xalqın öz mətbəxi var. Dünyanın bir yerində bəh-bəhlə yeyilən xörəklər başqa bir yerində dadsız hesab olunur. Eynilə dünyanın bir nöqtəsində yaşayan məsihçilər üçün əyləncəli olan məşğuliyyətlər dünyanın digər yerində yaşayanlar üçün bir o qədər də maraqlı olmaya bilər. Hətta eyni ərazidə yaşayan məsihçilərin də bu sahədə zövqü müxtəlifdir. Məsələn, bir məsihçi rahat oturub yaxşı kitab oxumağı xoşladığı halda, digər məsihçi üçün bu, darıxdırıcı ola bilər və yaxud da kimsə velosipedlə gəzintiyə çıxanda özünü gümrah hiss etdiyi halda, digərləri üçün bu, yorucu ola bilər. Biz qəbul edirik ki, yemək və əyləncə məsələsində böyük seçim və zövq müxtəlifliyi var (Rom. 14:2—4).
4. Nəyə görə əyləncə seçimimizə məhdudiyyətlər qoymalıyıq? Nümunə əsasında izah et.
4 Biz başa düşürük ki, əyləncə məsələsində seçim etmək hüququmuz olsa da, bu o demək deyil ki, indi bizim üçün hər şey yolveriləndir. Bunu əyani şəkildə göstərmək üçün gəlin yemək nümunəsinə yenidən nəzər salaq. Biz müxtəlif yeməklər yeyə bilərik, lakin bizlərdən heç birimiz bilərəkdən xarab olmuş yeməkləri yeməyəcək. Bu, sağlam düşüncəyə ziddir və səhhətimizə ziyan vura bilər. Eynilə, ola bilsin, biz müxtəlif faydalı əyləncə növlərini «sınaqdan keçirməyi» xoşlayırıq, ancaq həyatımız üçün təhlükə yaradan, zorakı və pozğun əyləncə növlərindən uzaq durmalıyıq. Bu cür əyləncə növləri Müqəddəs Kitab prinsiplərinə ziddir, eləcə də fiziki və ruhani sağlamlığımız üçün təhlükəlidir. Buna görə də əyləncə seçiminə məhdudiyyətlər qoymalıyıq və bu çərçivədən kənara çıxmamaq üçün bizə cəlbedici görünən əyləncənin zərərsiz olub-olmadığını əvvəlcədən yoxlamalıyıq (Efes. 5:10). Bunu necə etmək olar?
5. Əyləncənin Allahın normalarına uyğun gəlib-gəlmədiyini necə müəyyən etmək olar?
5 Əyləncənin bizə fayda gətirməsi və Yehovanın gözündə məqbul olması üçün Onun Kəlamındakı konkret normalara müvafiq olmalıdır (Məz. 86:11). Sevdiyin əyləncənin Yehovanın normalarına uyğun gəlib-gəlmədiyini yoxlamaq üçün sadə test keçirək və üç suala — nə?, nə zaman? və kiminlə? suallarına cavab verək. Gəlin bu sualları bir-bir nəzərdən keçirək.
Əyləncəyə nə daxildir?
6. Biz hansı növ əyləncələri rədd etməliyik və nəyə görə?
6 Diqqətimizi cəlb edən əyləncəni seçməzdən öncə özümüzə ilk sualı — «bu əyləncəyə nə daxildir?» sualını verməliyik. Bu sualımıza cavab axtararkən yaxşı olardı ki, əyləncələrin iki əsas qrupa bölündüyünü yaddan çıxarmayaq. Birinci qrupdakı əyləncələri biz rədd edirik, ikinci qrupdakı əyləncələrlə bağlı seçim isə bizim öhdəmizə buraxılır. Birinci qrupa nələr aiddir? Bu pis dünyanın təklif etdiyi əyləncələrin əksər növləri tamamilə Müqəddəs Kitab prinsiplərinə və Allahın qanunlarına zidd olan məşğuliyyətlərlə bağlıdır (1 Yəh. 5:19). Həqiqi məsihçilər belə əyləncələrin hamısını qəti şəkildə rədd edirlər. Bura vəhşiliyi, cindarlığı, homoseksualizmi, pornoqrafiyanı, zorakılığı və bu kimi digər iyrənc və pozğun hərəkətləri yaxşı bir şey kimi qələmə verən bütün əyləncə növləri daxildir. (1 Kor. 6:9, 10; Vəhy 21:8 ayəsini oxu.) Harada olmağımızdan asılı olmayaraq, belə əyləncə növlərinə «yox» deməklə Yehovaya «pislikdən ikrah [etdiyimizi]» göstəririk (Rom. 12:9; 1 Yəh. 1:5, 6).
7, 8. Əyləncənin «keyfiyyətini» necə müəyyən edə bilərik? Nümunə əsasında izah et.
7 İkinci qrupa isə Allahın Kəlamında açıq şəkildə mühakimə olunan məşğuliyyətlərlə əlaqəsi olmayan əyləncələr daxildir. Bu kimi hallarda əyləncə seçməzdən öncə biz onun Yehovanın gözündə məqbul olub-olmadığını öyrənməliyik; bunun üçün onu Müqəddəs Kitab prinsipləri ilə diqqətlə müqayisə etməliyik (Sül. məs. 4:10, 11). Sonra isə elə qərar verməliyik ki, vicdanımız təmiz qalsın (Qalat. 6:5; 1 Tim. 1:19). Bunu necə etmək olar? Gəlin yemək nümunəsinə bir daha diqqət yetirək. Bizim üçün yeni olan yeməyi dadmazdan öncə, ilk əvvəl onun tərkibi ilə maraqlanırıq. Eynilə hər hansı bir əyləncəni seçməzdən əvvəl onun «tərkibini» öyrənməliyik (Efes. 5:17).
8 Məsələn, ola bilsin, sən, bir çox insanlar kimi, idmanı sevirsən. İdman oyunları çox şən və əyləncəli ola bilər. Bəs əgər hansısa idman növü onda aqressivlik, rəqabət və millətçilik ruhu, hədsiz risk, zədə almaq təhlükəsinin yüksək olduğu, haylı-küylü bayramları ilə tanındığı və bu kimi digər şeylərin əks olunduğu üçün səni cəlb edirsə, onda necə? Həmin idman növünün «tərkibini» araşdırdıqdan sonra, ola bilsin, sən bu əyləncənin Yehovanın düşüncə tərzinə və təbliğ etdiyimiz sülh və məhəbbət xəbərinə müvafiq olmadığı qənaətinə gəldin (Yeşaya 61:1; Qalat. 5:19—21). Lakin əgər əyləncənin «tərkibinə» Yehovanın bəyəndiyi «inqrediyentlər» daxildirsə, onda o, sənə həm fayda gətirəcək, həm də təravətləndirəcək. (Qalat. 5:22, 23; Filipililərə 4:8 ayəsini oxu.)
Nə zaman?
9. «Mən nə zaman əylənirəm?» sualına verdiyimiz cavab nəyi üzə çıxarır?
9 İkinci suala gəldikdə, biz özümüzdən soruşmalıyıq: «Mən nə zaman istirahət edirəm və istirahət nə qədər vaxt aparır?» Bizim «nə?» sualına verdiyimiz cavab daha çox nəyə meyil göstərdiyimizi, yəni nəyi münasib, nəyi isə namünasib saydığımızı üzə çıxarır. Lakin «nə zaman?» sualına verdiyimiz cavab prioritetlərimizdən, başqa sözlə, bizim üçün nəyin vacib, nəyin isə vacib olmadığından xəbər verir. Belə isə, əyləncəyə həyatımızda düzgün yer ayırıb-ayırmadığımızı necə müəyyən edə bilərik?
10, 11. İsanın Matta 6:33 ayəsində yazılan sözləri əyləncənin həyatımızda hansı yeri tutmalı olduğunu müəyyənləşdirməyə necə kömək edir?
10 İsa Məsih davamçılarına demişdi: «Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30). Buna görə də bizim həyatımızda birinci yeri Yehovaya məhəbbət tutur və bu, İsanın növbəti sözlərinə riayət etməyimizdən bəlli olur: «Padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək» (Mat. 6:33). İsanın bu sözləri bizə əyləncənin həyatımızda hansı yeri tutmalı olduğunu və ona nə qədər vaxt sərf etməli olduğumuzu müəyyən etməyə kömək edəcək. Necə?
11 «Padşahlığı... həmişə birinci yerə qoyun» sözlərinə fikir verək. İsa demədi ki, biz yalnız Padşahlığı düşünməliyik. O başa düşürdü ki, Padşahlıq işindən savayı, bizim görüləsi başqa işlərimiz də olacaq. Bizə ev, qida, müəyyən təhsil, iş, istirahət və sairə şeylər lazımdır. Lakin bütün bunlardan yalnız bir şey — Allahın Padşahlığının maraqları həyatımızda birinci yerdə durur (1 Kor. 7:29—31). Bu vacib həqiqət bizi təşviq edir ki, istirahət də daxil olmaqla, ikinci dərəcəli məşğuliyyətlər həyatımızda əsas yeri tutan Padşahlıq işini görməyimizə mane olmasın. Yalnız belə etdikdə istirahətin bizə faydası olacaq.
12. Luka 14:28 ayəsindəki prinsipi əyləncəyə necə tətbiq etmək olar?
12 İstirahətə nə qədər vaxt sərf edəcəyimizi də nəzərə almalıyıq (Luka 14:28). Biz seçdiyimiz əyləncənin nə qədər vaxt aldığını, sonra isə ona nə qədər vaxt ayırmağın münasib olduğunu müəyyən etməliyik. Əgər əyləncə vacib işlərimizə — Müqəddəs Kitab öyrənməsi, ailəvi ibadət, yığıncaq görüşləri, təbliğ fəaliyyətimizə maneçilik törədirsə, onda ona vaxt ayırmağa dəyməz (Mark 8:36). Amma əgər əyləncə Padşahlıq işini davam etdirməyimizə bizə yeni güc verirsə, onda ola bilsin, vaxtımızın müəyyən hissəsini ona ayırmaq qərarına gəldik.
Əhatəmdə kimlər olacaq?
13. Nəyə görə kimlərlə birgə istirahət etmək məsələsinə başdansovdu yanaşmamalıyıq?
13 İndi isə sonuncu sualı təhlil edək: «İstirahətimi kimlərlə keçirim?» Bu, vacib sualdır. Nəyə görə? Çünki istirahətimizin «keyfiyyəti» onu kimlərlə keçirəcəyimizdən asılıdır. Yemək yaxşı dostlarımızın əhatəsində bizə daha çox ləzzət verdiyi kimi, istirahətimizi yaxşı dostlarımızla birgə keçirmək də bizə o qədər xoş təsir bağışlayır. Buna görə də təəccüblü deyil ki, çoxları, xüsusilə gənclər başqaları ilə birgə istirahət etməyi sevir. Lakin istirahətin faydalı keçməsi üçün biz gərək qabaqcadan əhatəmizdə kimlərin olub-olmayacağına qərar verək. (2 Saln. 19:2; Süleymanın məsəlləri 13:20 ayəsini oxu; Yaq. 4:4.)
14, 15. a) Düzgün dost seçmək məsələsində İsa hansı gözəl nümunəni qoyub? b) Dost seçərkən özümüzə hansı sualları verməliyik?
14 Bu sahədə bizə İsanın nümunəsi kömək edəcək. İnsanların yaradıldığı ilk gündən bəri İsa bəşəriyyəti çox sevir (Sül. məs. 8:31). Yerdə olarkən o, hamıya məhəbbət və qayğı ilə yanaşırdı (Mat. 15:29—37). Lakin İsa dostyana münasibətlə sıx dostluq arasında fərq qoyurdu. O, ümumilikdə insanlara dostyana yanaşsa da, yalnız konkret tələblərə cavab verənlərlə sıx dostluq edirdi. İsa on bir sadiq həvarisinə müraciət edərək demişdi: «Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız». (Yəh. 15:14; həmçinin Yəhya 13:27, 30 ayələrinə bax.) İsa yalnız onun ardınca gedən və Yehovaya xidmət edən insanlarla dostluq edirdi.
15 Buna görə də kiminləsə yaxın dostluq etmək qərarını verəndə İsanın sözlərini xatırlamaqla müdrik davranmış olarsan. Özünə bu kimi suallar ver: «Bu adam sözdə və əməldə Yehovanın və İsanın əmrlərinə riayət edirmi? O da mənim kimi Müqəddəs Kitabın əxlaq normalarına görə yaşayırmı? Onunla dostluq etmək məni Padşahlığı həyatımda birinci yerə qoymağa və Yehovaya sədaqətlə xidmət etməyə təşviq edəcəkmi?» Əgər sən bütün bu suallara əminliklə «hə» cavabını verə bilərsənsə, onda sən yaxşı dost tapmısan və onunla asudə vaxtını keçirməyə dəyər. (Məzmur 119:63 ayəsini oxu; 2 Kor. 6:14; 2 Tim. 2:22.)
Seçdiyimiz istirahət «imtahandan» keçibmi?
16. Əyləncə ilə əlaqədar biz nəyi müəyyən etməliyik?
16 Biz əyləncə ilə bağlı qısaca olaraq üç məqamı — keyfiyyət, kəmiyyət və əhatə dairəmizi nəzərdən keçirdik. Əyləncə faydalı olsun deyə hər bir məqam üçün nəzərdən keçirdiyimiz Müqəddəs Kitab prinsiplərinə tam şəkildə cavab verməlidir. Buna görə də hansısa əyləncəni seçməzdən öncə onu imtahandan keçirməliyik. Əyləncənin keyfiyyətini götür-qoy edəndə biz ona nəyin daxil olduğunu, eləcə də onun faydalı, yaxud da zərərli olduğunu araşdırmalıyıq (Sül. məs. 4:20—27). Əyləncənin kəmiyyəti barədə biz özümüzə növbəti sualları verməliyik: «O, nə qədər vaxtımı alacaq? Ona bu qədər vaxt sərf etməyə dəyər, yoxsa dəyməz?» (1 Tim. 4:8). Əhatə dairəmizə gəldikdə isə, biz kiminlə istirahət edəcəyimizi və həmin insanların bizə yaxşı və ya pis təsir göstərəcəyini müəyyən etməliyik (Vaiz 9:18; 1 Kor. 15:33).
17, 18. a) Əyləncənin Müqəddəs Kitab normalarına müvafiq olub-olmadığını necə müəyyən edə bilərik? b) Şəxsən sən əyləncə seçərkən bunu necə etmək niyyətindəsən?
17 Əgər əyləncə bu üç məqamın birinə də olsun cavab vermirsə, onda bu əyləncə imtahandan keçmədi. Lakin əgər biz əminik ki, əyləncə bu üç məqamın hamısına uyğun gəlir, onda həmin əyləncə Yehovaya şərəf, bizə isə fayda gətirəcək (Məz. 119:33—35).
18 Xülasə, gəlin münasib vaxtda, münasib insanlarla və münasib şəkildə istirahət edək. Qoy növbəti Müqəddəs Kitab prinsipinə əməl etmək hər birimizin ürəkdən gələn arzusu olsun: «İstər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, nəticədə Allah şərəflənsin» (1 Kor. 10:31).
[Haşiyə]
a Bu məqalədə istifadə olunan «istirahət» və «əyləncə» sözləri asudə vaxtımızı xoş keçirmək üçün ayırdığımız vaxta aiddir.
İzah edə bilərsinizmi?
Əyləncə seçərkən növbəti ayələrdəki prinsipləri necə tətbiq edə bilərsən?
[9–cu səhifədəki şəkil]
✔Nə?
[10–cu səhifədəki şəkil]
✔Nə zaman?
[12–ci səhifədəki şəkil]
✔Kiminlə?
[10–cu səhifədəki şəkil]
Dost və əyləncə seçimində İsanın nümunəsini necə izləyə bilərik?