Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/10 s. 18—22
  • Yehovaya Xidmət Ömrüm Boyu Mənə Sevinc Gətirib

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya Xidmət Ömrüm Boyu Mənə Sevinc Gətirib
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Həyatımda dönüş nöqtəsi olan görüş
  • Meri bibinin mənə köməyi
  • Ruhani inkişaf, vəftiz və Bet-El
  • Digər unudulmaz konqreslər və tikinti layihələri
  • Həyatımdakı dəyişikliklər
  • Ahıl yaşlarının çətinlikləri
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • İndiyədək Yehovadan elm alıram
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvənmək xeyir-dualar gətirir
    Gözətçi qülləsi 2013
  • Tammüddətli xidmətdə sorağım haralardan gəldi!
    Gözətçi qülləsi 2014
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/10 s. 18—22

Yehovaya Xidmət Ömrüm Boyu Mənə Sevinc Gətirib

NƏQL ETDİ FRED RASK

Davud Məzmur 27:10 ayəsində yazmışdı: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər». Hələ həyatımın erkən illərində mən bu sözlərin həqiqiliyinə əmin oldum. Sizə elə bu barədə danışmaq istəyirəm.

MƏN Corciya ştatında (ABŞ) yaşayan babamın fermasında böyümüşəm. O zaman, 1930-cu illərdə ölkədə böyük iqtisadi böhran tüğyan edirdi. Atam anamın və yenicə doğulmuş qardaşımın ölümündən sonra dərddən özünə yer tapa bilmirdi. O, məni dul qalmış babamın yanında qoyub uzaq bir şəhərə iş dalınca getmişdi. Sonradan atam bir neçə dəfə məni öz yanına aparmağa çalışsa da, bu baş tutmadı.

Bütün ev işlərinə babamın böyük qızları baxırdı. Babam dindar deyildi, ancaq cənub baptistlər kilsəsinə aid olan bu bibilərim öz dinlərinə çox həssas yanaşırdılar. Onlar məni döyməklə hədələyərək hər bazar günləri kilsəyə getməyə məcbur edirdilər. Bunun ucbatından erkən yaşlarımdan dinə o qədər də böyük hörmət bəsləmirdim. Amma dərslər və idman lap mənlik idi.

Həyatımda dönüş nöqtəsi olan görüş

Günlərin bir günü, 1941-ci ildə 15 yaşım olanda bir yaşlı kişi arvadı ilə bizim evə gəlmişdi. Məni onunla tanış edəndə dedilər ki, bu adam əmim Talmac Raskdır. Əvvəllər onun barəsində heç vaxt eşitməmişdim. Sonra bildim ki, Talmac əmi və onun arvadı Yehovanın Şahididirlər. O, Allahın niyyətini — insanların yer üzündə əbədi yaşayacaqlarını izah etdi. Mənim bu eşitdiklərim kilsədə eşitdiyim təlimlərdən kəskin şəkildə fərqlənirdi. Ailəmizin əksər üzvləri onun dediklərini rədd etdilər, hətta nifrətlə qarşıladılar. Bundan sonra evimizin qapıları onların üzünə həmişəlik bağlandı. Lakin məndən cəmi üç yaş böyük olan kiçik bibim Meri Müqəddəs Kitabı və onu izah edən nəşrləri götürdü.

Meri həqiqəti tapdığını dərhal başa düşdü və 1942-ci ildə vəftiz olunub Yehovanın Şahidi oldu. İsa söyləmişdi ki, «insanın düşmənləri öz evindəkiləri olacaq». Meri bu sözlərin doğruluğuna öz təcrübəsindən əmin oldu (Mat. 10:34—36). Doğmaları ona gün verib işıq vermirdilər. Şəhərin məmurları arasında sözü keçən Merinin böyük bacısı şəhərin meri ilə əlbir olub Talmac əmini həbs etdirdi. Onu lisenziyasız səyyar ticarətlə məşğul olmaqda ittiham etdilər. Məhkəmə ittiham hökmü çıxartdı. Hakim elə merin özü idi.

Şəhərimizdə çıxan qəzetdə merin bu sözləri gətirilirdi: «Bu kişinin... payladığı ədəbiyyat zəhər kimi təhlükəlidir». Talmac əmi sonradan appelyasiya məhkəməsinə müraciət edib bu işi udsa da, on gün dəmir barmaqlıqlar arasında keçirməli olmuşdu.

Meri bibinin mənə köməyi

Meri yeni etiqadını yalnız mənimlə yox, qonşularımızla da bölüşürdü. O, bir kişiyə «Yeni dünya»a kitabını vermişdi. Günlərin bir günü Meri onunla Müqəddəs Kitab öyrənməsi keçirməyə gedərkən məni də özü ilə apardı. Həmin kişinin arvadı Meriyə dedi ki, əri bütün gecəni yatmayıb o kitabı oxuyub. Dinlə məşğul olmaq fikrim olmasa da, öyrəndiklərim ürəyimə yağ kimi yayılırdı. Lakin Yehovanın Şahidlərinin Allahın xalqı olduğuna məni inandıran, əsas etibarilə, onların təlimləri yox, insanların onlara qarşı pis münasibəti idi.

Məsələn, bir gün Meri ilə pomidor toxalamaqdan qayıdanda gördük ki, böyük bibilərim, fonoqraf və Müqəddəs Kitab xəbəri olan plastinkalar da daxil olmaqla, ona məxsus olan bütün ədəbiyyatları zibil yandırılan sobada yandırıblar. Mən özümdən çıxdığım bir halda, bibim özündən razı və sakit şəkildə mənə: «Sən buna görə sonra bizə təşəkkür edəcəksən», — dedi.

Meri imanından dönmədiyi və qonşulara təbliğ etməyi dayandırmadığı üçün 1943-cü ildə evdən getməli oldu. Artıq o vaxt mən nəinki Allahın adının Yehova olduğunu, həm də Onun çox məhəbbətli, şəfqətli olduğunu və insanları cəhənnəm odunda yandırmadığını öyrəndim. Yığıncaq görüşlərində iştirak etməsəm də, bilirdim ki, Onun qayğıkeş təşkilatı var.

Bir müddət keçəndən sonra qazon biçərkən bir maşın yavaş-yavaş mənə sarı gələrək yanımda saxladı. Maşında olan iki kişidən biri mənim Fred olub-olmadığımı soruşdu. Onların Yehovanın Şahidləri olduqlarını biləndə dedim: «Gəlin təhlükəsiz yerə gedib orada söhbət edək». Onları Meri göndərmişdi. Bu iki nəfərdən biri səyyar xidmətçi Şild Tutciyan idi. O, məni çox ruhlandırdı və ehtiyac duyduğum ruhani rəhbərliyi verdi. Yehovanın Şahidlərinin etiqadlarını müdafiə etdiyim üçün indi bütün ailənin «diqqəti» məndə idi.

Meri məskunlaşdığı Virginiya ştatından mənə məktub göndərdi. Məktubda yazılmışdı ki, əgər Yehovaya xidmət etmək niyyətim varsa, gəlib onunla birgə yaşaya bilərəm. Elə həmin an getmək qərarına gəldim. 1943-cü ilin oktyabrında, cümə günü axşam bəzi lazımi əşyalarımı qutuya yığıb evimizdən bir qədər aralıda olan ağaca bağladım. Şənbə günü isə qutunu oradan götürdüm və dolayı yolla qonşumuzun evinə tərəf gedərək şəhərə getdim. Roanok şəhərinə gələrkən Merinin qaldığı Edna Foulz bacının evini tapdım.

Ruhani inkişaf, vəftiz və Bet-El

Edna şəfqətliyi ilə tanınan məsh olunmuş məsihçi idi. Onu müasir Lidiya adlandırmaq olardı. Nəyə görə? Çünki o, böyük bir ev kirayə götürmüşdü və orada Meri bibidən başqa, iki qızı ilə birgə qardaşı arvadı da qalırdı. Onun qızları — Qledis və Qreys sonradan missioner oldular. Hal-hazırda 90 yaşlarında olan Qledis Yaponiya filialında sədaqətlə xidmət edir.

Edna bacının evində qaldığım müddətdə yığıncaqlarda müntəzəm iştirak edir və xidmətlə əlaqədar təlim alırdım. Azad şəkildə Allahın Kəlamını öyrənməyim və görüşlərdə iştirak etməyim sayəsində getdikcə artan ruhani iştahamı təmin edirdim. 1944-cü il iyunun 14-ü vəftiz oldum. Meri, Qledis və Qreys pioner xidmətinə başladılar və Virginiya ştatının şimalında xidmət etməyə təyin olundular. Onların köməyi ilə Lisburq şəhərində yığıncaq təşkil olunmuşdu. 1946-cı ilin əvvəlində mən də pioner oldum və onlara yaxın olan ərazidə təbliğ etməyə başladım. Həmin il biz birgə avqustun 4-dən 11-dək Ohayo ştatının Klivlend şəhərində keçirilən beynəlxalq konqresə getdik. Bu konqres, həqiqətən də, unudulmaz idi.

Həmin konqresdə o vaxtlar təşkilata rəhbərlik edən Neytan Norr qardaş Bruklindəki Bet-Elin genişləndirmə planlarından danışdı. Buraya yeni yaşayış binasının tikintisi, eləcə də tipoqrafiyanın genişləndirilməsi daxil idi. Çoxlu gənc qardaşlara ehtiyac var idi. Mən qərara aldım ki, məhz Bet-El Yehovaya xidmət etmək istədiyim yerdir. Ərizə blankını doldurandan bir neçə ay sonra, yəni 1946-cı il dekabrın 1-də məni Bet-Elə dəvət etdilər.

Mən çatdırılma şöbəsində işləyirdim. Təxminən bir ildən sonra tipoqrafiyanın nəzarətçisi Maks Larson işlədiyim yerə gəlib xidməti şöbəyə təyin olunduğumu bildirdi. Burada, xüsusilə də bu şöbənin nəzarətçisi olan Tomas Sallivanla xidmət etdiyim müddətdə Müqəddəs Kitab prinsiplərinin tətbiqi və Allahın təşkilatının fəaliyyəti barədə çox şey öyrəndim.

Atam bir neçə dəfə Bet-Eldə mənə baş çəkmişdi. Artıq o da dindar olmuşdu. 1965-ci ildə sonuncu dəfə Bet-Elə gələndə mənə demişdi: «Ürəyin istəyəndə yanıma gələ bilərsən, ancaq mən bir daha səni görmək üçün bura gəlməyəcəyəm». Atamın ölümündən qabaq mən bir neçə dəfə ona baş çəkmişdim. O əmin idi ki, göylərə gedəcək. Mən isə ümid edirəm ki, atam Yehovanın yaddaşındadır və əgər bu belədirsə, o diriləndə fikirləşdiyi yerdə — göydə yox, yer üzündə bərpa olunmuş Cənnətdə yaşayacaq.

Digər unudulmaz konqreslər və tikinti layihələri

Konqreslər hər zaman ruhani inkişafa təkan verib. Bunu xüsusilə 1950-ci illərdə Nyu–Yorkun «Yanki» stadionunda keçirilən beynəlxalq konqreslər barədə demək olar. 1958-ci ildə «Yanki» və «Polo Qraunds» stadionlarında 123 ölkə və ərazidən toplaşan insanların ümumi ən yüksək sayı 253 922 nəfər idi. Həmin konqresdə baş verən bir hadisə heç vaxt yadımdan çıxmayacaq. Konqres bürosunda kömək edirdim ki, Norr qardaş sürətlə mənə yaxınlaşaraq dedi: «Fred, yaxınlıqda icarəyə götürülmüş banket zalında toplaşan pionerlər qarşısında çıxış edəcək qardaşı təyin etməyi unutmuşam. Heç özüm də bilmirəm, bu, necə oldu! Xahiş edirəm, tez özünü ora çatdır və münasib bildiyin mövzuda yaxşı bir nitq söylə». Ora gəlib çatanda təngnəfəs olmuşdum və yol boyu dua edirdim.

1950—1960-cı illərdə Nyu–York şəhərində yığıncaqların sayı sürətlə artdığı üçün Padşahlıq Zalları kimi icarəyə götürülən yerlər artıq kifayət etmirdi. 1970—1990-cı illər arasında Manhettendə üç bina alındı və onlardan Padşahlıq Zalları düzəldildi. Mən bu layihələrlə əlaqədar yaradılan tikinti komitələrinin sədri idim. Bu günədək həqiqi ibadətin mərkəzi olan bu binalardakı işi birgə maliyyələşdirən və başa vuran yığıncaqları Yehovanın necə xeyir-dualandırdığını öz gözlərimlə görmüşəm və bununla bağlı bir çox xoş xatirələrim var.

Həyatımdakı dəyişikliklər

Bir gün 1957-ci ildə yaşadığım bina ilə tipoqrafiyanın arasındakı parkdan keçərkən birdən yağış yağmağa başladı. Qarşıda cazibədar sarışın bir qız gördüm. O, Bet-Elə yeni gəlmişdi. Onun çətiri olmadığı üçün təklif etdim ki, mənimkindən istifadə edək. Gələcək həyat yoldaşım Marcori ilə belə tanış oldum. Biz 1960-cı ildə evləndik və indiyədək əl-ələ verib pis və yaxşı günlərimizdə Yehovaya sevinclə xidmət edirik. 2010-cu ilin sentyabrında evliliyimizin 50 illiyini qeyd etdik.

Bal ayından qayıdar-qayıtmaz, Norr qardaş mənə xəbər verdi ki, Gilead Məktəbinə təlimçi təyin olunmuşam. Bu, mənim üçün xüsusi şərəf idi! 1961—1965-ci illərdə, əsas etibarilə, filialda xidmət edənlərdən təşkil olunan və hər biri uzun müddət davam edən beş sinif keçirilmişdi. Bu siniflərdə oxuyanlar filialın idarəetmə işləri ilə bağlı xüsusi təlim almışdılar. 1965-ci ilin payız aylarından etibarən isə təlim müddəti beş aya qədər azaldıldı və yenidən bütün diqqət missionerlərin hazırlanmasına yönəldi.

1972-ci ildə məni Gilead Məktəbindən Yazı işləri ilə bağlı məktublaşma şöbəsinə keçirtdilər. Mən bu şöbənin nəzarətçisi idim. Müxtəlif sualları və problemləri həll etmək üçün apardığım araşdırmalar sayəsində Allahın Kəlamındakı təlimləri daha yaxşı başa düşdüm və başqalarına yardım göstərərkən Allahımızın yüksək prinsiplərini daha yaxşı tətbiq etməyi öyrəndim.

1987-ci ildə məni yeni yaradılmış Xəstəxana məlumat xidməti şöbəsinə təyin etdilər. Bu şöbə Xəstəxanalarla əlaqə komitəsində xidmət edən ağsaqqallar üçün seminarlar təşkil edirdi. Burada onlar həkimlərə, hakimlərə, sosial işçilərə qanla əlaqədar Müqəddəs Kitaba əsaslanan mövqeyimizi necə izah etməyi öyrənirdilər. Problemlərdən biri o idi ki, həkimlər özbaşına, çox vaxt isə məhkəmənin icazəsini alaraq uşaqlarımıza qan köçürürdülər.

Həkimlərə alternativ müalicə üsullarından istifadə etməyi təklif edəndə onlar, adətən, bunların əlçatmaz və ya baha başa gəldiyini deyirdilər. Bir dəfə cərrahlardan biri həmin sözü deyərkən mənim cavabım belə oldu: «Zəhmət olmasa, əlinizi uzadın». O, əlini uzadanda mən dedim: «Bilirsiniz, bu ən yaxşı alternativ üsullardan biridir». Bu xoş sözlər cərrahın özünün də yaxşı bildiyi bir həqiqəti xatırlatdı — əməliyyat zamanı skalpeldən (cərrah bıçağından) ehtiyatla istifadə etməklə qanaxmanı minimuma endirmək mümkündür.

Bu iyirmi il ərzində həkimləri və hakimləri maarifləndirmək səylərimizə Yehova xeyir-dua verdi. Onlar bizim mövqeyimizi daha yaxşı başa düşəndə münasibətləri xeyli dəyişdi. Onlar öyrəndilər ki, tibbi araşdırmalar alternativ müalicə üsullarının effektiv olduğunu sübut edir və bizimlə əməkdaşlıq etməyə razı olan bir çox həkimlər, eləcə də xəstəxanalar var və ehtiyac yaranarsa, xəstəni ora köçürmək olar.

1996-cı ildən etibarən Marcori ilə birlikdə Bruklindən 110 kilometr şimalda yerləşən Gözətçi Qülləsinin Təlim Mərkəzində (Paterson, Nyu–York ştatı) xidmət edirik. Burada mən qısa müddət xidməti şöbədə işlədim, sonra isə filial heyətinə və səyyar nəzarətçilərə təlim keçirdim. Yazı işləri ilə bağlı məktublaşma şöbəsi Bruklindən Patersona köçürüldü və 12 ildir ki, mən yenə də bu şöbənin nəzarətçisiyəm.

Ahıl yaşlarının çətinlikləri

Səksən yaşımı ötəndən sonra Bet-Eldəki məsuliyyətlərimi icra etmək çətinləşdi. On ildən çox xərçəng xəstəliyi ilə mübarizə apardım. Özümü Yehovanın ömrünü uzatdığı Xizqiya padşah kimi hiss edirəm (Yeşaya 38:5). Həyat yoldaşımın da səhhəti zəifdir və biz onun Alsheymer xəstəliyi ilə birgə mübarizə aparırıq. Marcori Yehovanın səriştəli xidmətçilərindən biridir. O, gənclərə örnək, mənim sadiq köməkçim və dostumdur. O, həmişə Müqəddəs Kitabı dərindən araşdırır və başqalarına onu məharətlə öyrədirdi. Onun ruhani uşaqlarının çoxu indiyədək onunla əlaqə saxlayırlar.

Bibim Meri 2010-cu ilin mart ayında 87 yaşında vəfat edib. O, Allahın Kəlamını məharətlə öyrədən bir insan kimi ad qazanmışdı və çoxlarına həqiqi ibadətin tərəfini tutmaqda köməklik göstərmişdi. O, həyatının bir çox illərini tammüddətli xidmətə həsr etmişdi. Bibim mənə Allahın Kəlamındakı həqiqətləri anlamağa və məhəbbətli Allahımız Yehovanın onun kimi xidmətçisi olmağa kömək etdiyinə görə ürəkdən ona minnətdaram. Meri vaxtilə İsraildə missioner kimi xidmət edən ərinin yanında dəfn edilib. Mən əminəm ki, onlar Yehovanın yaddaşındadırlar və vaxtı gələndə diriləcəklər.

Yehovaya xidmət etdiyim 67 ilə boylanıb baxanda Onun bol xeyir-dualarına görə ürəyim minnətdarlıqla dolur. Yehovanın iradəsini yerinə yetirmək mənim üçün çox sevindirici idi! Mən həmişə onun lütfünə güvənirdim və çox ümid edirəm ki, Onun Oğlunun verdiyi vəd həyata keçəndə orada mənim də payım olacaq: «Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyan bundan qat-qat artıqlaması ilə alacaq və əbədi həyata qovuşacaq» (Mat. 19:29).

[Haşiyə]

a 1942-ci ildə çıxan bu nəşr artıq dərc olunmur.

[19–cu səhifədəki şəkil]

Babamın fermasında, Corciya ştatı, ABŞ, 1928-ci il

[19–cu səhifədəki şəkil]

Meri bibi və Talmac əmi

[20–ci səhifədəki şəkil]

Meri, Qledis və Qreys

[20–ci səhifədəki şəkil]

Mənim vəftizim, 14 iyun 1944-cü il

[20–ci səhifədəki şəkil]

Bet-Eldəki xidməti şöbədə

[21–ci səhifədəki şəkil]

Meri bibi ilə birgə beynəlxalq konqresdə, «Yanki» stadionu, 1958-ci il

[21–ci səhifədəki şəkil]

Toy günümüz

[21–ci səhifədəki şəkil]

Marcori ilə birgə, 2008-ci il

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş