«Öz idrakına etibar etmə»
«Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə» (SÜL. MƏS. 3:5).
1, 2. a) Biz hansı vəziyyətlərlə üzləşə bilərik? b) Çətin vəziyyətə düşəndə, vacib qərar qəbul etməli olanda, yaxud da şirnikdirici təsirlərlə mübarizə aparanda kimə bel bağlamalıyıq və nəyə görə?
SİNTİYANINa müdiri şirkətin bir hissəsini bağlayıb bəzi işçiləri işdən çıxarmışdı. Sintiya hiss edir ki, tezliklə bu, onun da başına gələcək. O, işini itirsə, nə edəcək? Kommunal və digər xərcləri necə ödəyəcək? Pamela adlı bir bacı təbliğçilərə ehtiyac olan əraziyə köçmək istəyir. Görəsən bunu etməyə dəyər? Təxminən 20 yaşında olan Samuel adlı gənci isə başqa problem narahat edir. O, uşaqlıqda pornoqrafiyaya baxıb və indi onda köhnə vərdişinə qayıtmaq istəyi yenidən baş qaldırıb. Bəs o, bu istəyini necə boğa bilər?
2 Çətin vəziyyətə düşəndə, vacib qərar qəbul etməli olanda, yaxud da şirnikdirici təsirlərlə mübarizə aparanda kimə bel bağlayırsan? Sən yalnız özünə güvənirsən, yoxsa «qayğı yükünü Rəbbə [verirsən]»? (Məz. 55:22). Müqəddəs Kitabda deyilir: «Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məz. 34:15). Buna görə də bütün qəlbimizlə Yehovaya güvənmək və öz idrakımıza etibar etməmək olduqca vacibdir! (Sül. məs. 3:5).
3. a) Yehovaya etibar etmək nə deməkdir? b) Nəyə görə bəziləri öz idrakına güvənir?
3 Bütün qəlbimizlə Yehovaya etibar etmək Onun dediklərinə uyğun davranaraq iradəsini yerinə yetirmək deməkdir. Bunun üçün daima Ona dua etməli və ürəkdən Ondan bizə rəhbərlik verməsini xahiş etməliyik. Lakin çoxları Yehovaya tam güvənməkdə çətinlik çəkirlər. Misal üçün, Linn adlı bir bacı etiraf edir: «Yehovaya tam güvənmək üçün hələ də gərgin mübarizə aparıram». Bunun səbəbi nədir? Bacı sözünə davam edir: «Atamla heç bir münasibətim olmayıb, anamdan isə qətiyyən qayğı görməmişəm. Buna görə də artıq erkən yaşlarımda öz ayağım üzərində dayanmağı öyrəndim». Uşaqlığı bu cür keçdiyinə görə Linnə kiməsə tam güvənmək çətindir. İnsanın qabiliyyətləri və həyatda qazandığı uğurlar da onun özünə güvənməsinə səbəb ola bilər. Təcrübəsinə arxalanan ağsaqqalda yığıncaqda yaranan problemləri Yehovadan duada rəhbərlik diləmədən həll etmək vərdişi yarana bilər.
4. Bu məqalədə söhbət nədən gedəcək?
4 Duada Yehovadan kömək diləyəndə O, istəyir ki, biz Ondan xahiş etdiklərimizə uyğun davranaq və Onun rəhbərliyinə əməl edək. Çətin problemlərimizi Yehovanın üzərinə atmaqla onları özümüz həll etməyə çalışmaq arasında tarazlığı necə qoruya bilərik? Qərarlar qəbul edərkən nədən ehtiyat etməliyik? Şirnikdirici vəziyyətlərə müqavimət göstərməkdə duanın rolu nəyə görə vacibdir? Biz bu sualları Müqəddəs Kitabdakı nümunələr əsasında müzakirə edəcəyik.
Çətin vəziyyətlərdə
5, 6. Assuriyanın padşahının hədə-qorxularına tuş gələn Xizqiya belə bir vəziyyətdə necə davrandı?
5 Müqəddəs Kitabda Xizqiya padşah haqda deyilir: «O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi». Bəli, «Xizqiya İsrailin Allahı Rəbbə güvəndi» (2 Pad. 18:5, 6). Bir dəfə Assuriya padşahı Sanxeriv yüksək vəzifəli nümayəndələrini böyük ordusu ilə birgə Yerusəlimə göndərəndə Xizqiya padşah nə etdi? Onun qüdrətli ordusu artıq Yəhudanın bir neçə istehkamlı şəhərini zəbt etmişdi, indi isə Sanxerivin məqsədi Yerusəlimi ələ keçirmək idi. Xizqiya Yehovanın məbədinə gedib dua etməyə başladı: «Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!» (2 Pad. 19:14—19).
6 Xizqiya duasına uyğun davrandı. O hətta məbədə getməzdən öncə adamlarına tapşırdı ki, assuriyalıların istehzalarına cavab verməsinlər. Həmçinin Xizqiya məsləhət almaq üçün adamlarını Yeşaya peyğəmbərin yanına göndərdi (2 Pad. 18:36; 19:1, 2). Belə vəziyyətdə o, Yehovaya məqbul olacağını dəqiq bildiyi addımlar atdı. O, Yehovanın iradəsinə zidd olan heç bir şey etmədi. Məsələn, Misirdən və ya qonşu xalqlardan kömək istəmədi. Xizqiya öz idrakına yox, Yehovaya güvəndi. Yehovanın mələyi Sanxerivin ordusundan 185 000 nəfəri qıranda padşah «geri çəkilib» Ninevaya qayıtdı (2 Pad. 19:35, 36).
7. Xannanın və Yunusun duası bizə necə təsəlli verə bilər?
7 Levili Elqananın arvadı Xanna sonsuz idi. Belə bir üzücü vəziyyətdə o da Yehovaya güvənirdi (1 Şam. 1:9—11, 18). Yunus isə dua etdikdən sonra Yehova onu böyük balığın qarnından qurtardı. Duasında o demişdi: «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin» (Yun. 2:1, 2, 10). Vəziyyətimizin nə dərəcədə acınacaqlı olmasından asılı olmayaraq, Yehovadan duada mərhəmət diləmək imkanımızın olduğunu bilmək necə də təsəllivericidir! (Məzmur 55:1, 16 ayələrini oxu.)
8, 9. Xizqiya, Xanna və Yunus öz dualarında hansı narahatçılıqlarını dilə gətirmişdilər və onların nümunəsindən biz nə öyrənirik?
8 Xizqiya, Xanna və Yunusun nümunəsindən ağır sınaqlar zamanı dua edərkən nəyi yadda saxlamalı olduğumuza dair daha bir vacib dərs öyrənirik. Onların üçü də bu vəziyyətlərdə emosional ağrı hiss edirdi. Lakin Allahın bu xidmətçilərinin dualarından görürük ki, onlar yalnız özləri və problemlərindən tez canlarını qurtarmaq barədə düşünmürdülər. Allahın adı, ibadət və Onun iradəsi onlar üçün ən ümdə məsələ idi. Xizqiyanı Yehovanın adının rüsvay olunması narahat edirdi. Xanna söz verdi ki, həsrətlə gözlədiyi oğlunu Şilodakı müqəddəs məskəndə xidmət etməsi üçün verəcək. Yunus isə dedi: «Əhdimi yerinə yetirəcəyəm» (Yun. 2:9).
9 Yehovadan duada bizi çətin vəziyyətdən xilas etməsini xahiş edəndə bunu hansı niyyətdən irəli gələrək etdiyimizi təhlil etməliyik. Bizi yalnız canımızı problemdən qurtarmaq, yoxsa Yehovanın niyyəti narahat edir? Sıxıntı zamanı problemlər gözümüzü bağlaya bilər və belə bir vəziyyətdə ruhani işlərin arxa plana keçərək bizim üçün öz əhəmiyyətini itirmək təhlükəsi yarana bilər. Yehovadan duada köməklik diləyəndə gəlin diqqətimizi Ona, adının təqdis olunmasına və ali hökmranlığının bəraət qazanmasına yönəldək. Əgər belə etsək, onda problemimiz istədiyimiz kimi həll olunmasa da, müsbət əhval-ruhiyyəmizi qorumuş olacağıq. Bəzən Yehova dualarımıza başqa cür cavab verir. Ola bilsin, O istəyir ki, biz Onun köməyilə vəziyyətimizə tab gətirək. (Yeşaya 40:29; Filipililərə 4:13 ayələrini oxu.)
Qərarlar qəbul edəndə
10, 11. Yehoşafat nə etməli olduğunu bilməyəndə necə davrandı?
10 Həyatda vacib məsələlərlə əlaqədar qərarları necə verirsən? Ola bilərmi ki, sən əvvəlcə qərar verirsən, sonra isə Yehovadan qərarına xeyir-dua verməsini istəyirsən? Görək moavlılar və ammonlular birləşərək Yəhuda padşahı Yehoşafata qarşı çıxanda o, nə etdi. Yəhuda padşahlığının onlara müqavimət göstərməyə gücü yox idi. Belə vəziyyətdə Yehoşafat necə davrandı?
11 Müqəddəs Kitabda deyilir: «Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi». O, bütün Yəhudada oruc elan etdi və «Rəbdən kömək diləmək üçün» xalqı bir araya yığdı. Sonra Yehoşafat Yəhuda və Yerusəlim camaatının önündə durub dua etdi. O, duasında belə dedi: «Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir». Həqiqi Allah Yehoşafatın duasını eşitdi və möcüzəvi şəkildə onları xilas etdi (2 Saln. 20:3—12, 17). Xüsusilə ruhani məsələlərlə bağlı qərarlar qəbul edəndə məgər biz öz dərrakəmizə etibar etmək əvəzinə, Yehovaya güvənməli deyilik?
12, 13. Qərarlar qəbul etməklə bağlı Davud padşah hansı nümunəni qoyub?
12 Bəs problem bizə asan gələndə nə etməliyik? Ola bilsin, biz düşünürük ki, əvvəllər başımıza buna bənzər iş gəldiyi üçün asanlıqla ondan çıxış yolu tapacağıq. Davud padşahın nümunəsi belə vəziyyətlərdə necə davranmalı olduğumuzu başa düşməyə kömək edir. Bir dəfə amaleqlilər Ziqlaq şəhərinə hücum çəkib Davudun və adamlarının arvad-uşaqlarını əsir apardılar. Davud Yehovaya duada müraciət edərək soruşdu: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Yehova cavab verdi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan». Davud Allahın sözünə əməl etdi və «Amaleqlilərin götürüb apardığı hər bir şeyi... geri qaytardı» (1 Şam. 30:7—9, 18—20).
13 Bu hadisədən bir qədər sonra filiştlilər İsrailə basqın etdilər. Davud bu dəfə də Yehovadan rəhbərlik istədi və Ondan aydın cavab aldı. Allah dedi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm» (2 Şam. 5:18, 19). Bundan qısa müddət sonra isə filiştlilər yenidən Davuda qarşı qalxdılar. Bəs bu dəfə o, nə etdi? O düşünə bilərdi: «Artıq iki dəfə buna bənzər hadisə başıma gəlib. Qoy bu dəfə də Allahın düşmənlərinə qarşı çıxım və onları məğlub edim». O, belə fikirləşdi, yoxsa Yehovadan rəhbərlik istədi? Davud öz təcrübəsinə güvənmədi. O, yenidən Yehovaya dua etdi. Yəqin, sonradan belə etdiyinə görə sevinirdi, çünki Yehovanın bu dəfəki göstərişi fərqli idi (2 Şam. 5:22, 23). Biz də əvvəllər üzləşdiyimiz problemlərlə və vəziyyətlərlə yenidən üzləşəndə yalnız təcrübəmizə arxalanmaqdan özümüzü gözləməliyik. (Yeremya 10:23 ayəsini oxu.)
14. Yeşuanın və İsrail ağsaqqallarının giveonlularla olan hadisəsindən nə öyrənirik?
14 Qeyri-kamil olduğumuz üçün hamımız (hətta təcrübəli ağsaqqallar belə) ehtiyatlı olmalıyıq ki, qərar qəbul edərkən Yehovadan rəhbərlik diləməyi unutmayaq. Gəlin görək paltarlarını dəyişib özlərini uzaq bir ölkədən gələn adamlar kimi qələmə verən fərasətli giveonlular Musanın xələfi Yeşuanın və İsrail ağsaqqallarının yanına gələndə nə baş verdi. Yeşua və başqaları Yehova ilə məsləhətləşmədən onlarla sülh müqaviləsi bağladılar. Yehova onların müqaviləsini ləğv etməsə də, bu hadisənin Müqəddəs Kitabda qeyd olunmasının qayğısına qaldı ki, biz onların hərəkətinin səhv olduğunu bilək (Yeşua 9:3—6, 14, 15).
Şirnikdirici vəziyyətlərlə mübarizə aparanda
15. Şirnikdirici vəziyyətlərlə mübarizə aparanda dua etməyin nə üçün vacib olduğunu izah et.
15 Daxilimizdə günah qanunu olduğundan biz günahlı arzularımızla usanmadan mübarizə aparmalıyıq (Rom. 7:21—25). Bu döyüşdə qalib gəlmək mümkündür. Necə? İsa davamçılarına demişdi ki, şirnikdirici vəziyyətlərdə müqavimət göstərə bilməyimiz üçün dua etmək olduqca vacibdir. (Luka 22:40 ayəsini oxu.) Allaha dua edəndən sonra pis arzular və fikirlər bizi tərk etməsə, biz yenə də Allaha dua edərək bu sınağın öhdəsindən gəlmək üçün bizə müdriklik verməsini xahiş etməliyik. Müqəddəs Kitab bizi əmin edir ki, Yehova «səxavətlə və qınamadan verən» Allahdır (Yaq. 1:5). Yaqub həmçinin yazmışdı: «Aranızda [ruhani cəhətdən] xəstə olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın. Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər. İmanla edilən dua xəstəni sağaldacaq» (Yaq. 5:14, 15).
16, 17. Şirnikdirici vəziyyət yarananda dua etməyin ən yaxşı vaxtı hansıdır?
16 Biz şirnikdirici vəziyyətlərin öhdəsindən dua etmədən gələ bilmərik, ancaq vaxtında dua etməyin vacibliyini də unutmamalıyıq. Süleymanın məsəlləri 7:6—23 ayələrində haqqında bəhs olunan gənc oğlanın başına gələnlərin üzərində düşünməyə dəyər. Alaqaranlıqda o, bir küçə ilə gedirdi və bilirdi ki, həmin küçədə əxlaqsız qadın yaşayır. Qadının inandırıcı şirin sözlərinə aldanaraq oğlan kəsilməyə aparılan öküz kimi onun ardınca düşdü. Oğlanı yolunu həmin küçədən salmağa nə vadar etdi? O, «qanmaz», yəni təcrübəsiz idi və ola bilsin ki, pis arzuları ilə mübarizə aparırdı (Sül. məs. 7:7). Duanın nə zaman ona daha çox faydası dəyə bilərdi? Düzdür, qadın onunla söhbət etdiyi müddətdə dua etməsinin ona faydası dəyə bilərdi. Amma əgər o, bunu qadının olduğu küçə ilə getmək fikri ağlına gələn an etsəydi, onun üçün daha yaxşı olardı.
17 Bu gün, ola bilsin, kimsə pornoqrafiyaya baxmamaq üçün özü ilə güclü mübarizə aparır. Əgər o adam bilərəkdən əxlaqsız şəkillərin və videoların olduğu saytlara daxil olursa, məgər bu, «Süleymanın məsəlləri» kitabının 7-ci fəslində təsvir olunan oğlanın vəziyyətinə bənzəmir? O necə də təhlükəli yola qədəm qoyur! Bizdə pornoqrafiyaya baxmaq istəyi baş qaldıranda onu dəf etmək üçün əvvəlcədən dua etməliyik və həmin saytlara aparan «yollarla» getməməliyik.
18, 19. a) Nəyə görə şirnikdirici vəziyyətlərə müqavimət göstərmək asan deyil və bunun öhdəsindən müvəffəqiyyətlə necə gələ bilərik? b) Sən nə etmək əzmindəsən?
18 Şirnikdirici vəziyyətlərə müqavimət göstərmək və ya pis vərdişlərin öhdəsindən gəlmək asan deyil. Həvari Pavel yazmışdı: «Çünki bədən öz istəkləri ilə ruha qarşıdır, ruh da bədənə qarşıdır». Buna görə də «bu qarşıdurma üzündən» biz etmək istədiyimizi etmirik (Qalat. 5:17). Bu mübarizədə qalib gəlmək üçün biz pis fikir və arzuların ürəyimizdə təzə-təzə baş qaldırdığı vaxt səmimi-qəlbdən dua etməli və dualarımıza müvafiq davranmalıyıq. Üzləşdiyimiz «sınaqlarda qeyri-adi bir şey yoxdur» və Yehovanın köməyilə biz Ona sadiq qala bilərik (1 Kor. 10:13).
19 İstər çətin vəziyyətə düşək, istər vacib qərarlar qəbul etməli olaq, istərsə də pis fikir və arzularla mübarizə aparaq Yehova bizə gözəl ənam olan dua etmək imkanını verib. Dua etməklə biz Ona güvəndiyimizi göstəririk. Həmçinin biz daima Allahdan bizə rəhbərlik verən və möhkəmləndirən müqəddəs ruh diləməliyik (Luka 11:9—13). Gəlin hər zaman Yehovaya güvənək və öz idrakımıza etibar etməyək.
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
Yadınızdadırmı?
• Xizqiyanın, Xannanın və Yunusun nümunəsindən Yehovaya güvənmək barədə nə öyrəndin?
• Davud və Yeşuanın nümunəsi necə göstərir ki, qərar verərkən diqqətli olmalıyıq?
• Xüsusilə nə zaman dua etməliyik?
[9–cu səhifədəki şəkil]
Şirnikdirici vəziyyət yarananda dua etmək üçün ən yaxşı vaxt hansıdır?