Oğul atanı tanıtmaq istəyir
«Atanı... Oğuldan savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır» (LUKA 10:22).
NECƏ CAVAB VERƏRDİN?
Nəyə görə yalnız İsa Atanı başqalarına yaxşı tanıda bilərdi?
İsa Atasını başqalarına necə tanıtdı?
Sən Atanı başqalarına tanıtmaqda İsanı necə təqlid edə bilərsən?
1, 2. Çoxlarını hansı sual çaş-baş qoyur və bunun səbəbi nədir?
«ALLAH kimdir?» Bu sual bir çoxlarında çaşqınlıq yaradır. Məsələn, bir çox insanlar düşünürlər ki, Allah tövbə etməyən günahkarları qır qazanında yandırır, lakin eyni zamanda onlar deyirlər ki, Allah çox mərhəmətli və bağışlayandır. Təkamül nəzəriyyəsinin tərəfdarı olan insanların əksəriyyəti isə Allahın mövcudluğuna ümumiyyətlə inanmır. Onlar təbiətdəki möcüzələrin kor təsadüf nəticəsində ərsəyə gəldiyini iddia edirlər. Allahın mövcudluğunu danmayan Çarlz Darvin demişdi: «Mənim üçün ən ağlabatan nəticə ondan ibarətdir ki, “Allah” anlayışını insan zehni qavramaq qabiliyyətində deyil».
2 Etiqadlarından asılı olmayaraq, əksər insanları Allahın mövcudluğu barədə suallar düşündürür. Lakin suallarına qaneedici cavab tapa bilmədikdə onların çoxu Allahı axtarmağa son qoyurlar. Həqiqətən də, Şeytan «imansızların zehnini kor edib» (2 Kor. 4:4). Təəccüblü deyil ki, Yer kürəsinin əksər sakinləri Kainatın Yaradanı olan Allah haqqında həqiqəti bilmirlər və ya çaşqınlıq içindədirlər! (Yeşaya 45:18).
3. a) Yaradanı bizə kim tanıdıb? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?
3 Bununla belə, insanların Allah haqqında bilmələri çox vacibdir. Nəyə görə? Çünki yalnız «Yehovanın adını» çağıranlar xilas olacaqlar (Rom. 10:13). Allahın adını çağırmağa Onu bir Şəxsiyyət kimi tanımaq daxildir. Həyati vacib olan bu biliyi İsa Məsih öz şagirdlərinə açıqlamışdı. O, Atasını onlara tanıtmışdı. (Luka 10:22 ayəsini oxu.) Nəyə görə yalnız İsa Atasını ən yaxşı şəkildə tanıda bilmişdi? O, bunu necə etdi? Bəs biz Atanı başqalarına tanıtmaqda İsanı necə təqlid edə bilərik? Gəlin bu sualları nəzərdən keçirək.
ATANI İSA MƏSİHDƏN YAXŞI HEÇ KİM TANIDA BİLMƏZDİ
4, 5. Nəyə görə Atanı İsadan başqa heç kəs yaxşı tanıda bilməzdi?
4 Allahı insanlara İsadan yaxşı heç kəs tanıda bilməzdi. Nəyə görə? Çünki Yehova digər varlıqları yaratmazdan əvvəl, yer üzündə İsa kimi tanınan ruhani varlıq artıq göylərdə Allahın yeganə Oğlu kimi mövcud idi (Yəh. 1:14; 3:18). Bu, həqiqətən də, tayı-bərabəri olmayan bir vəzifədir! Digər varlıqlar yaradılmazdan öncə, Oğul Atasının ona göstərdiyi zərif qayığı və diqqətindən, eləcə də Allah və Onun xüsusiyyətləri barədə öyrənməkdən həzz alırdı. Minilliklər ərzində Onların bir-biri ilə sıx ünsiyyət etmələri sayəsində aralarında dərin məhəbbət yaranmışdı (Yəh. 5:20; 14:31). Təsəvvür edirsən, İsa Atasının şəxsiyyəti barədə nə qədər şey öyrənmişdi?! (Koloslulara 1:15—17 ayələrini oxu.)
5 Ata Oğulu Öz nümayəndəsi, yəni «sözü» təyin etmişdi (Vəhy 19:13). Buna görə də Atanı başqalarına tanıtmaq kimi nadir vəzifə yalnız Oğula tapşırılmışdı. Bu səbəbdən Müjdəni yazan Yəhya İsanı «Atanın qoynunda» olan «Söz» kimi təsvir etmişdi (Yəh. 1:1, 18). Bu ifadə ilə Yəhya onun dövründə geniş yayılan bir adətə istinad etdi: bir qonağı başqa bir qonağın yanında otuzdururdular ki, onlar bir-biri ilə rahat söhbət edə bilsinlər. Beləliklə, «Atanın qoynunda» olan Oğul Onunla sıx ünsiyyət edirdi.
6, 7. Ata və Oğul arasındakı münasibət get-gedə necə inkişaf edirdi?
6 Ata və Oğul arasında münasibət getdikcə inkişaf edirdi. Müqəddəs Kitabda deyilir: «Rəbbin... hüzurunda həmişə sevinirdim». (Süleymanın məsəlləri 8:22, 23, 30, 31 ayələrini oxu.) Təbii ki, birlikdə işləmələri, eləcə də Oğulun Atasının xüsusiyyətlərini təqlid etməyi öyrənməsi sayəsində münasibətləri daha da möhkəmləndi. Digər şüurlu varlıqlar yaradıldıqdan sonra Yehovanın onların hər biri ilə necə rəftar etdiyini müşahidə edən Oğulun Allaha olan məhəbbət və hörməti birə-beş artdı.
7 Hətta Şeytan Yehovanın ali hökmranlığına meydan oxuyanda Oğul üçün Yehovanın belə bir mürəkkəb vəziyyətdə məhəbbət, ədalət, müdriklik və qüvvə kimi xüsusiyyətləri necə təzahür etdirdiyini görmək imkanı yaranmışdı. Şübhə yoxdur ki, bunun sayəsində Oğul yer üzündəki xidməti zamanı üzləşdiyi çətinliklərin öhdəsindən necə gəlməyi öyrənmişdi (Yəh. 5:19).
8. Müjdələrdə yazılan hadisələr bizə Atanın xüsusiyyətləri barədə daha çox öyrənməyə necə kömək edir?
8 Atası ilə sıx münasibəti olduğu üçün İsa Onu başqalarından daha yaxşı tanıtdı. Məgər yeganə Oğulun təlimlərini və etdiklərini araşdırmaq Ata barədə öyrənməyin ən yaxşı üsulu deyil? Məsələn, «məhəbbət» sözünün mənasını lüğətdən oxuyub tam şəkildə başa düşmək bizim üçün çətin olmazdımı? İsa Məsihin xidməti və başqalarının qayğısına qalması ilə bağlı Müjdələrdə canlı şəkildə təsvir olunan hadisələrin üzərində düşünmək bizə «Allah məhəbbətdir» ifadəsinin məğzini daha yaxşı başa düşməyə kömək edir (1 Yəh. 4:8, 16). Bunu yer üzündə olarkən İsanın şagirdlərinə tanıtdığı Yehovanın digər xüsusiyyətlərinə də şamil etmək olar.
İSA ATASINI NECƏ TANITDI?
9. a) İsa, əsas etibarilə, hansı iki yolla Atasını tanıtdı? b) İsa təlimləri ilə Atasını necə tanıtdırdı? Nümunə çək.
9 İsa şagirdlərinə və geniş mənada desək, gələcəkdəki davamçılarına Atasını necə tanıtdı? O, bunu, əsasən, iki yolla — təlimləri və davranışı ilə etdi. İlk növbədə, gəlin İsanın təlimlərinə nəzər salaq. Onun təlimlərindən Atasının dərin fikirlərinə, hisslərinə və yollarına çox gözəl bələd olduğunu aydın görmək olar. Məsələn, İsa Atasını bir itmiş qoyununu axtarmağa gedən qayğıkeş sürü sahibinə bənzətmişdi. İsa dedi ki, sahib itmiş qoyununu tapanda «doxsan doqquz azmamış qoyundan daha çox o qoyuna görə» şadlandı. İsa bu nümunəni nə üçün çəkdi? O izah edir: «Eynilə də, mənim səmavi Atam bu kiçiklərdən bircəsinin belə məhv olmasını istəmir» (Mat. 18:12—14). Bu nümunədən Yehova haqqında nə öyrənə bilərsən? Hətta əgər sən bəzən özünü dəyərsiz və ya unudulmuş hiss edirsənsə, heç vaxt yadından çıxartma ki, səmavi Atan səninlə maraqlanır və qeydinə qalır. Onun gözündə sən «bu kiçiklərdən» birisən.
10. İsa öz davranışı ilə Atasını necə tanıtdı?
10 Atasını şagirdlərinə tanıtmağın ikinci yolu onun davranışı idi. Buna görə də həvari Filip İsadan Atanı onlara göstərməyi xahiş edəndə o, haqlı olaraq dedi: «Məni görən Atanı da görüb» (Yəh. 14:8, 9). Gəlin bir neçə nümunəyə baxaq və görək İsa Atasının bəzi xüsusiyyətlərini necə təzahür etdirirdi. «Başdan-ayağadək cüzam içində olan» bir kişi İsadan onu sağaltmağı xahiş edəndə İsa ona toxunub dedi: «İstəyirəm. Təmizlən». Xəstəliyindən şəfa tapan həmin kişi şübhə etmirdi ki, İsada olan bu güc Yehovadandır (Luka 5:12, 13). Lazar öləndə isə İsanın bərk qəhərləndiyini və dərindən ah çəkib ağladığını görən şagirdlər Atanın nə qədər şəfqətli olduğunu duydular. İsa bir azdan Lazarı dirildəcəyini bilsə də, onun ailəsinin və dostlarının keçirdiyi ağrını qəlbində hiss etdi (Yəh. 11:32—35, 40—43). Şübhə yoxdur ki, sənin də Atanın nə qədər mərhəmətli olduğunu görməyə kömək edən İsa ilə bağlı olan Müqəddəs Kitab hekayələrin var.
11. a) İsanın məbədi təmizləməsindən Ata barədə nə öyrənirik? b) Nəyə görə İsanın məbədi təmizləməsi barədə olan hadisə bizə təsəlli verir?
11 Bəs İsanın məbədi təmizləməsindən nə öyrənirik? Belə bir səhnəni təsəvvür et: İsa kəndirdən bir qamçı düzəldib qoyun və mal-qara alverçilərini məbəddən qovur. Sərrafların masalarını çevirib pullarını yerə dağıdır (Yəh. 2:13—17). İsanın bu qəti addımını görən şagirdlər Davud padşahın peyğəmbərlik sözlərini yadına salırlar: «Evinin qeyrəti məni yandırıb-yaxdı» (Məz. 69:9). Qəti tədbirlər görməklə İsa həqiqi ibadəti müdafiə etmək arzusu ilə alışıb-yandığını göstərdi. Sən bu hadisədən Ata haqqında nə öyrəndin? Həmin hadisə bizə xatırladır ki, Allah nəinki pisliyi yer üzündən silib atmağa qadirdir, hətta bunu etməyi ürəkdən arzulayır. İsanın pisliyə olan bu cür münasibəti göstərir ki, Yehova yer üzündə baş verən pisliklərə baxanda hansı hissləri keçirir. Biz haqsızlıqlarla üzləşəndə bu fikir bizə təsəlli verə bilər.
12, 13. İsanın şagirdləri ilə rəftarından Yehova barədə nə öyrənirik?
12 Gəlin başqa bir nümunəyə nəzər salaq və görək İsa şagirdləri ilə necə rəftar edirdi. Onların arasında kimin daha böyük olduğu haqda daima mübahisə düşürdü (Mark 9:33—35; 10:43; Luka 9:46). Atasının yanında çoxlu vaxt keçirən İsa təkəbbürlülüyə xas olan bu kimi meyillərə Onun münasibətini bilirdi (2 Şam. 22:28; Məz. 138:6). Bundan əlavə, İsa Şeytan İblisin belə xüsusiyyətləri necə təzahür etdirdiyini görmüşdü. Bu xudbin şəxsiyyəti şöhrət və yüksək mövqedən başqa heç nə maraqlandırmırdı. Buna görə də İsa təlim verdiyi şagirdləri arasında bu cür şöhrətpərəstlik ruhunun olduğunu görəndə çox kədərlənirdi! Üstəlik, bu xüsusiyyət Onun seçdiyi həvarilər arasında da var idi. Onlar şöhrətpərəstlik ruhunu İsanın yer üzündəki son gününədək göstərmişdilər (Luka 22:24—27). Bununla belə, İsa xeyirxahcasına onlara düzəliş verməyə davam edirdi və onların da nə vaxtsa onu təqlid edərək təvazökar insan olacaqlarına ümidini itirmirdi (Filip. 2:5—8).
13 İsanın şagirdlərinin düzgün olmayan meyillərinə səbirlə düzəliş verməsindən Atasını necə təqlid etdiyini görürsənmi? İsanın söz və hərəkətlərində, dəfələrlə səhv etmələrinə baxmayaraq, Öz xidmətçilərini tərk etməyən Atanı görürükmü? Məgər Allahın bu xüsusiyyətləri barədə bilmək səhvlərə yol verəndə peşman olduğumuzu duada Ona bildirməyə təşviq etmir?
ATANI TANITMAQ OĞULUN İSTƏYİDİR
14. İsanın Atanı insanlara tanıtmaq istəyi nədən görünür?
14 Bir çox diktatorlar müəyyən məlumatları öz vətəndaşlarından gizlədərək onları nəzarət altında saxlamağa çalışırlar. Bunun əksinə olaraq, İsa Allah haqqındakı məlumatları məmnuniyyətlə insanlarla bölüşərək Atasını hərtərəfli onlara tanıtdırırdı. (Matta 11:27 ayəsini oxu.) Bundan əlavə, İsa həqiqi Allah olan Yehova haqqında öyrənə bilmələri üçün şagirdlərinə dərrakə vermişdi (1 Yəh. 5:20). Bu, o deməkdir ki, İsa şagirdlərinə Ata haqqında öyrətdiklərini başa düşmələrinə kömək etmişdi. İsa odlu cəhənnəm kimi təlimlərlə insanlarda çaşqınlıq yaratmağa çalışmırdı.
15. Nəyə görə İsa Ata barədə bəzi məlumatları şagirdlərinə açıqlamırdı?
15 Bəs İsa şagirdlərinə Atası haqqında bildiyi hər şeyi açıqlayırdı? Xeyr. Onun hər şeyi açıqlamaması müdrikliyin təzahürü idi. (Yəhya 16:12 ayəsini oxu.) Nəyə görə? Çünki həmin vaxt onlar İsanın dediyi şeylərin hamısını qavraya bilməyəcəkdilər. Ancaq İsa onlara izah etmişdi ki, «həqiqəti tam dərk [etmələrinə] kömək edəcək» «köməkçi», yəni müqəddəs ruh gələndə onların biliyi daha da artacaq (Yəh. 16:7, 13). Müdrik valideynlər uşaqlarına müəyyən məlumatları demirlər. Onlar uşaqlarının başa düşmək üçün kifayət qədər yetkin olacağı vaxtı gözləyirlər. İsa, belə bir valideyn kimi, şagirdlərinin Ata haqqında müəyyən bilikləri başa düşmək üçün hazır olacaqları vaxtı gözləyirdi. O, xeyirxahcasına onların imkanlarının məhdud olduğunu nəzərə alırdı.
ATANI BAŞQALARINA TANITMAQDA İSANI TƏQLİD ET
16, 17. Nəyin sayəsində biz Ata haqqında başqaları ilə bölüşə bilirik?
16 Sən kimisə yaxından tanıyanda və onun gözəl xüsusiyyətlərini qiymətləndirməyə başlayanda məgər bu, səni onun haqqında başqalarına danışmağa təşviq etmir? İsa yer üzündə olanda öz Atası haqqında danışırdı (Yəh. 17:25, 26). İsa kimi, Yehovanı başqalarına tanıtmaq bizim üçün mümkündürmü?
17 Gördüyümüz kimi, Atanı İsadan daha yaxşı tanıyan başqa bir şəxs yoxdur. Yuxarıda dediyimiz kimi, o, müəyyən məlumatları davamçılarına açıqlamağa hazır idi və hətta onlara dərrakə verirdi ki, Allahın şəxsiyyətinin dərin yönlərini başa düşə bilsinlər. Məgər İsanın köməyi sayəsində biz əksər insanların Ata haqqında bilmədiklərini öyrənməmişik? Təlimləri və davranışı ilə bizə böyük məmnuniyyətlə Atanı tanıtdığına görə İsaya necə də minnətdarıq! Biz Atanı tanıdığımıza görə qürur duyuruq (Yer. 9:24; 1 Kor. 1:31). Biz Ona yaxınlaşmaq üçün çoxlu səy göstərmişik və indi O da bizə yaxındır (Yaq. 4:8). Buna görə də indi bildiklərimizi başqaları ilə bölüşə bilərik. Bunu necə etmək olar?
18, 19. Sən Atanı başqalarına necə tanıda bilərsən? İzah et.
18 Biz söz və hərəkətlərimizlə Atanı başqalarına tanıdaraq İsanın nümunəsini izləməliyik. Yadda saxla ki, xidmətdə qarşılaşdığımız insanların çoxu Allahın kim olduğunu bilmir. Ola bilsin, buna səbəb yalan dini təlimlərdir. Biz insanlarla Allahın adı, bəşəriyyət üçün niyyəti və Müqəddəs Kitabdan Onun şəxsiyyəti barədə bildiklərimizi bölüşə bilərik. Üstəlik, ola bilsin, Müqəddəs Kitab hadisələrini yenidən oxuyanda Allahın şəxsiyyətinin yeni yönlərini görürük və bu məlumatları həmimanlılarımızla müzakirə edə bilərik. Bu, onlar üçün də faydalı və ruhlandırıcı ola bilər.
19 Bundan əlavə, biz İsanı təqlid edərək öz əməllərimizlə də Allahı başqalarına tanıtmalıyıq. İnsanlar əməllərimizdə Məsihə olan məhəbbəti görəndə bu, onları həm Ataya, həm də ona yaxınlaşmağa təşviq edə bilər (Efes. 5:1, 2). Həvari Pavel bizi çağırır: «Məsihdən nümunə götürdüyüm kimi, siz də məndən nümunə götürün» (1 Kor. 11:1). Əməllərimizlə Yehovanı başqalarına tanıtmaq necə də böyük şərəfdir! Gəlin hamımız İsanı təqlid edərək bundan sonra da Atanı başqalarına tanıdaq.