Xainlik — bizim günlərin dəhşətli əlaməti
«Bizlər... necə sədaqətli, saleh və qüsursuz həyat sürmüşük» (1 SALON. 2:10).
ƏSAS FİKİRLƏRİ TAPIN
Xain çıxan Delila, Avşalom və Yəhuda İskariotun nümunələrindən nə öyrəndik?
Biz Yonatan və Peter kimi necə sadiq ola bilərik?
Həyat yoldaşımıza və Yehovaya necə sadiq qala bilərik?
1-3. a) Axır günlərin dəhşətli əlamətlərindən biri hansıdır? Xainlik və ya satqınlıq nədir? b) Hansı üç sualın cavabını tapacağıq?
DELİLA, Avşalom və Yəhuda İskariotun arasında hansı oxşar cəhət var? Onların üçü də xain çıxdı — Delila onu sevən hakim Şimşona, Avşalom atası padşah Davuda, Yəhuda isə Ağası İsa Məsihə. Onların bu pis hərəkəti başqalarına çoxlu əzab vermiş və ziyan vurmuşdu! Bəs nəyə görə bu, bizi maraqlandırmalıdır?
2 Müasir yazıçılardan biri xainliyi ən çox yayılan pisliklərdən biri adlandırır. Bu heç də təəccüblü deyil! İsa «dövrün yekununun əlaməti» barədə danışanda çoxlarının satqın olacağını demişdi (Mat. 24:3, 10). «Xainlik» sözü kimisə «satmaq», «düşmənə təslim etmək» mənasını verir. Xainliyin bu dərəcədə vüsət alması bizim «axır günlərdə» yaşadığımıza dəlalət edir. Pavel bunu peyğəmbərlik edərək insanların «vəfasız,.. xain» olacağını yazmışdı (2 Tim. 3:1, 2, 4). Kitablarda və filmlərdə yazıçılar və kinossenariçilər xainliyi çox vaxt romantikləşdirirlər və onu yaxşı bir şey kimi qələmə verirlər. Ancaq real həyatda xainlik, xəyanət ağrı-acıdan və əzabdan başqa insana heç nə vermir. Həqiqətən də, bütün bunlar bizim son günlərdə yaşadığımıza bir sübutdur!
3 Müqəddəs Kitabda qeyd olunan xain insanların nümunələrindən nə öyrənmək olar? Hansı sadiq insanların nümunəsini təqlid edə bilərik? Və kimə qeyd-şərtsiz sadiq qalmalıyıq? Gəlin bir-bir bu sualları araşdıraq.
KEÇMİŞDƏ XAİN ÇIXAN İNSANLARIN NÜMUNƏSİ
4. Delila Şimşona necə xain çıxdı və nəyə görə bu, alçaq hərəkət idi?
4 Əvvəlcə gəlin hakim Şimşonun sevdiyi hiyləgər qadın Delilanın nümunəsinə nəzər salaq. Şimşon Allahın xalqı naminə filiştlilərlə vuruşmaq niyyətində idi. Görünür, filiştlilərin ağalarından beş nəfər Delilanın Şimşonu ürəkdən sevmədiyini bilirdi. Onlar Şimşonu aradan götürmək üçün onun qeyri-adi gücünün sirrini öyrənmək müqabilində Delilaya böyük məbləğdə rüşvət təklif etdilər. Pulgir Delila onların təklifini qəbul etdi. Lakin Şimşonun sirrini öyrənmək cəhdi düz üç dəfə boşa çıxdı. O, Şimşonu dilə tutaraq «hər gün ona əziyyət və başağrısı» verirdi. Sonda «Şimşonun canı boğazına yığıldı» və o, sirrini açdı. Şimşon Delilaya dedi ki, doğulandan bəri başına ülgüc dəyməyib və əgər saçı kəsilərsə, gücünü itirəcəka. Delila Şimşonu dizləri üstündə yatızdırıb saçlarını kəsdirtdi və onu düşmənlərin əlinə təslim etdi ki, onunla istədiklərini etsinlər (Hak. 16:4, 5, 15—21). Pula görə Delila onu sevən insanı satdı. Bu necə də alçaq hərəkət idi!
5. a) Avşalom Davuda necə xainlik etdi və o, bununla nəyi göstərdi? b) Axitofelin satqın çıxması Davuda necə təsir etdi?
5 Xainlik edənlərin siyahısında məkrli Avşalomun da adı var. O, ürəyində baş qaldıran şöhrətpərəstlik ruhuna qapılaraq atası Davudun taxt-tacını ələ keçirmək niyyətinə düşdü. Avşalom, ilk növbədə, israillilərin gözünə girərək onların könlünü aldı; o, yanına gələnlərə yalan vədlər verir və saxta məhəbbət göstərirdi. Avşalom, sanki, bu insanlara və ehtiyaclarına maraq göstərirmiş kimi onları qucaqlayır və öpürdü (2 Şam. 15:2—6). O hətta Davudun etibar etdiyi Axitofeli də öz tərəfinə çəkdi (2 Şam. 15:31). 3-cü və 55-ci məzmurlarında Davud bu xainliyin ona necə təsir etdiyini təsvir edib (Məz. 3:1—8; Məzmur 55:12—14 ayələrini oxu). Avşalom abırsızcasına Yehovanın təyin etdiyi padşaha qarşı sui-qəsd qurmaqla Onun ali hökmranlığına böyük hörmətsizlik etdiyini göstərdi (1 Saln. 28:5). Lakin onun üsyanı uğursuzluğa uğradı və Yehovanın məsh etdiyi Davud padşah yenə də ölkəni idarə etməyə başladı.
6. Yəhuda İsanı necə ələ verdi və bu ad bəzi dillərdə hansı sözün sinonimidir?
6 İndi isə Məsihi ələ verən satqın Yəhuda İskariot haqqında danışaq. İsa 12 həvarisi ilə birgə qeyd etdiyi sonuncu Pasxa bayramında onlara dedi: «Bunu bilin ki, sizlərdən biri məni satacaq» (Mat. 26:21). Həmin gecə Getsemani bağında İsa Peter, Yaqub və Yəhyaya dedi: «Xain yaxınlaşır». İsa bu sözləri söyləyən kimi Yəhuda onunla əlbir olanlarla bağa gəldi və «düz İsaya yaxınlaşıb: “Salam, Müəllim!” — dedi və onu nəvazişlə öpdü» (Mat. 26:46—50; Luka 22:47, 52). Yəhuda saleh adam olan İsanı sataraq onu düşmənlərin əlinə təslim etdi. Pulpərəst Yəhuda İsanı neçəyə satdı? Cəmi-cümlətanı 30 gümüş pula! (Mat. 27:3—5). O vaxtdan etibarən bəzi dillərdə Yəhuda adı «satqın» sözünün sinonimi kimi işlənir və xüsusilə də dostlarını satan insanlara aid edilirb.
7. a) Avşalom və Yəhudanın, eləcə də b) Delilanın nümunəsindən nə öyrənirik?
7 Biz bu üç nümunədən nə öyrəndik? Avşalom və Yəhuda Yehovanın məsh olunmuşlarına xainlik etdikləri üçün şərəfsiz aqibətə düçar oldular (2 Şam. 18:9, 14—17; Həv. iş. 1:18—20). Delilanın adı isə həmişəlik satqınlıq və saxta məhəbbətlə bağlı olacaq (Məz. 119:158). Yehovanın lütfünü itirməmək üçün şöhrətpərəstliyə və tamahkarlığa olan hər bir meylimizi ram etmək necə də vacibdir! Məgər xainliyə gətirib çıxaran hər bir şeyi rədd etmək üçün bundan da təsirli nümunələr ola bilər?
SADİQ İNSANLARDAN NÜMUNƏ GÖTÜRƏK
8, 9. a) Nəyə görə Yonatan Davuda sadiq qalacağına söz verdi? b) Biz Yonatanı necə təqlid edə bilərik?
8 Müqəddəs Kitabda bir çox sadiq insanların da nümunəsi var. Gəlin onlardan ikisinə nəzər salaq və görək biz onlardan nə öyrənə bilərik. İlk öncə Davuda sadiq olan insanın nümunəsinə diqqət yetirək. Şaul padşahın böyük oğlu Yonatan İsrailin taxt-tacının varisi olacaqdı, lakin Yehova Davudu seçdi. Yonatan Yehovanın bu qərarına hörmətlə yanaşdı. O, Davuda rəqib gözü ilə baxmırdı və ona paxıllıq etmirdi. Əksinə, «Yonatanın qəlbi Davudun qəlbinə bağlandı» və ona sadiq olacağına söz verdi. Cübbəsini, ox-kamanını və kəmərini Davuda verməklə Yonatan ona padşaha layiq izzəti göstərdi (1 Şam. 18:1—4). Yonatan əlindən gələni edərək «onu Allah naminə ruhlandırdı» və hətta Davudu Şaulun əlindən qurtarmaq üçün öz həyatını riskə atdı. Sadiq Yonatan Davuda dedi: «İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam» (1 Şam. 20:30—34; 23:16, 17). Təəccüblü deyil ki, Yonatanın ölümündən sonra Davud öz kədərini və ona olan məhəbbətini ağı deməklə ifadə etmişdi (2 Şam. 1:17, 26).
9 Yonatan kimə sadiq olduğunu bilirdi. O, tamamilə Ali Hökmdar Yehovaya itaət edir və Onun məsh olunmuşu olan Davudu ürəkdən dəstəkləyirdi. Eynilə, biz yığıncaqda xüsusi məsuliyyətlər almasaq da, aramızda nəzarətçi təyin olunanlara canla-başla dəstək olmalıyıq (1 Salon. 5:12, 13; İbr. 13:17, 24).
10, 11. a) Nəyə görə Peter İsaya sadiq qaldı? b) Biz Peterin nümunəsini necə izləyə bilərik və bu, bizi nəyə təşviq etməlidir?
10 Araşdıracağımız ikinci yaxşı nümunə hamının qarşısında İsaya sadiqliyini bəyan edən həvari Peterdir. Bir dəfə İsa məcazi dillə tezliklə qurban verəcəyi bədən və qanına iman gətirməyin vacib olduğunu deyəndə onun bu sözlərindən dəhşətə gələn bir çox şagirdlər onu tərk etdilər (Yəh. 6:53—60, 66). Bu zaman İsa üzünü 12 həvarisinə tutub onlardan soruşdu: «Bəlkə, siz də getmək istəyirsiniz?» İsanın bu sualına Peter cavab verdi: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir. Biz inandıq və bilirik ki, Allahın müqəddəs qulu sənsən» (Yəh. 6:67—69). Bu, o deməkdirmi ki, Peter İsanın fidyə qurbanlığı ilə bağlı bir az əvvəl dediyi sözləri tam başa düşmüşdü? Yəqin ki, yox. Amma buna baxmayaraq, o, Allahın məsh olunmuşuna sadiq qalmaq əzmində idi.
11 Peter fikirləşmirdi ki, İsanın düşüncələrində nəsə bir səhv var və əgər ona vaxt verilərsə, o, fikrini dəyişəcək. Əksinə, Peter təvazökarlıqla etiraf etdi ki, «əbədi həyatın sözləri» İsa Məsihdədir. Bəs biz «sadiq... nökərbaşı»nın nəşrlərində çətin başa düşülən və ya bizim fikirlərimizlə üst-üstə düşməyən fikirlərə rast gələndə nə edirik? Bu fikrin istədiyimiz kimi dəyişəcəyini gözləmək əvəzinə, onu başa düşməyə çalışmalıyıq. (Luka 12:42 ayəsini oxu.)
HƏYAT YOLDAŞINIZA SADİQ QALIN
12, 13. Xəyanət nikahda özünə necə yer eləyir və nəyə görə insanın yaşı bu hərəkətə bəraət qazandırmır?
12 Xainliyin istənilən forması alçaq hərəkətdir və biz yol verməməliyik ki, bu, məsihçi ailəsində və yığıncaqda sülh və birliyi pozsun. Bunu yadda saxlayaraq, gəlin görək Allaha və həyat yoldaşımıza sadiqliyimizi necə möhkəmləndirə bilərik.
13 Zina xəyanətin ən ağır formalarından biridir. Yoldaşına xəyanət edən insan sadiqliyini pozur və başqa birisinə diqqət göstərir. Günahsız tərəf qəflətən tək qalır və onun həyatı tamamilə alt-üst olur. Nə vaxtsa bir-birini sevən iki nəfər arasında bu, necə baş verə bilər? Çox vaxt buna gətirib çıxaran ilk addım ərlə arvadın emosional cəhətdən bir-birindən uzaqlaşmalarıdır. Sosiologiya üzrə professor Qabriella Turnaturi izah edir ki, «münasibətlərdə gah iştirak edəndə, gah da iştirak etməyəndə xainlik artıq özünə yer eləyir». Bu hətta orta yaş dövründə olan bəzi insanlarla da baş verib. Məsələn, 25 il evli olan 50 yaşlı bir kişi xoşuna gələn başqa bir qadınla birgə olmaq üçün öz sadiq həyat yoldaşından boşanıb. Bəziləri bunu orta yaş sindromu adlandırırlar. Ancaq xəyanətə qaçılmaz bir şey kimi bəraət qazandırmaq əvəzinə, gəlin onu əslində olduğu kimi — orta yaş dövrü xəyanəti adlandıraqc.
14. a) Yehovanın xəyanətə münasibəti necədir? b) İsa sadiqlik barədə nə demişdi?
14 Müqəddəs Kitab əsası olmadan həyat yoldaşlarını tərk edən insanlara qarşı Yehovanın münasibəti necədir? Allahımız Yehova boşanmaya nifrət edir və yoldaşları ilə pis rəftar edən və onları atan insanları ciddi şəkildə qınayır. (Malaki 2:13—16 ayələrini oxu.) Atasının sözlərinə tam şərik olan İsa da öyrədirdi ki, heç kəs həyat yoldaşını ataraq, sanki, heç nə baş verməmiş kimi davrana bilməz. (Matta 19:3—6, 9 ayələrini oxu.)
15. Evli insanlar həyat yoldaşlarına sadiq qalmaq üçün nə etməlidirlər?
15 Evli insanlar bir-birinə necə sadiq qala bilərlər? Allahın Kəlamında deyilir: «Gənc ikən evləndiyin arvadınla [və ya ərinlə] xoşbəxt yaşa» və «həyatının hamısını sevdiyin qadınla [və ya kişi ilə] xoş... keçir» (Sül. məs. 5:18; Vaiz 9:9). Ərlə arvad yaşa dolduqca həm fiziki, həm də emosional cəhətdən münasibətlərində tam «iştirak etməlidirlər». Bu, bir-birinə qarşı diqqətli olmaq, bir-biri ilə vaxt keçirmək və qəlbən bir-birinə bağlanmaq deməkdir. Onlar bütün diqqətlərini nikahlarını və Yehova ilə münasibətlərini qoruyub saxlamağa yönəltməlidirlər. Bunun üçün ər-arvadlar birlikdə Müqəddəs Kitabı araşdırmalı, müntəzəm olaraq birlikdə təbliğ etməli və birlikdə duada Yehovadan onlara xeyir-dua verməsini istəməlidirlər.
YEHOVAYA SADİQ QALIN
16, 17. a) Ailədə və yığıncaqda Yehovaya sadiqliyimiz necə sınana bilər? b) Hansı nümunə göstərir ki, Allahın yığıncaqdan kənar edilən qohumla ünsiyyəti kəsmək əmrinə riayət etmək yaxşı bəhrələr gətirə bilər?
16 Yığıncağın bəzi üzvləri ciddi günaha yol vermişlər. «İmanları möhkəm olsun deyə, onları... ciddi tənbeh [etmək]» lazım gəlmişdi (Tit. 1:13). Bəzilərinin davranışı isə yığıncaqdan kənar edilmələrinə səbəb olmuşdu. Nizam-intizam tədbirlərindən ibrət götürənlərə bu, Yehova ilə münasibətlərini bərpa etməyə kömək etmişdi (İbr. 12:11). Bəs əgər yığıncaqdan kənar edilən yaxın dostumuz və ya qohumumuzdursa, onda necə? Belə vəziyyətdə bizim həmin insana yox, Yehovaya olan sadiqliyimiz sınağa çəkilir. Bizi görən Yehova, yığıncaqdan kimin kənar edilməsindən asılı olmayaraq, onunla bütün əlaqələri kəsmək əmrinə riayət edib-etməyəcəyimizi müşahidə edir. (1 Korinflilərə 5:11—13 ayələrini oxu.)
17 Gəlin yalnız bir nümunəyə nəzər salaq və görək ailə Yehovanın yığıncaqdan kənar edilən qohumla əlaqəni kəsmək əmrinə itaət edəndə bu, onlara hansı xeyir-duaları gətirə bilər. Bir gənc oğlan on ildən çox idi ki, yığıncaqdan kənar edilmişdi. Bu müddət ərzində onun atası, anası və dörd qardaşı onunla ünsiyyət etmirdilər. Bəzən bu gənc onlarla birgə vaxt keçirməyə cəhd göstərirdi. Ancaq tərifəlayiqdir ki, bu ailənin bütün üzvləri onunla əlaqə saxlamamaq niyyətində qəti idilər. O bərpa olunandan sonra dedi ki, həmişə, xüsusilə də gecələr tək olanda doğmaları ilə birgə keçirdiyi vaxt üçün burnunun ucu göynəyirdi. Lakin o etiraf etdi ki, ailəsi onunla, az da olsa, ünsiyyət etsəydi, bu, onu qane edəcəkdi. Lakin nə valideynləri, nə də qardaşları onunla, az da olsun, ünsiyyət etmədikləri üçün yenidən onlarla olmaq arzusu bu gənci Yehova ilə münasibətlərini bərpa etməyə təşviq etdi. Ürəyimizdə Yehovanın yığıncaqdan kənar edilən qohumumuzla ünsiyyət etməmək əmrini pozmaq istəyi baş qaldırarsa, gəlin bu barədə fikirləşək.
18. Bu məqalədə araşdırdığımız satqın və sadiq insanların nümunələrindən sonra siz nə etmək əzmindəsiniz?
18 Yaşadığımız dünyada xainlik adi haldır. Lakin məsihçi yığıncağında bir çox sadiq insanlar var ki, onların nümunəsini təqlid edə bilərik. Onlar, sanki, həyat tərzləri ilə deyirlər: «Allah da, siz də şahidsiniz ki, bizlər siz imanlıların yanında necə sədaqətli, saleh və qüsursuz həyat sürmüşük» (1 Salon. 2:10). Gəlin hamımız Allaha və bir-birimizə sadiq qalmaq üçün əlimizdən gələni əsirgəməyək!
[Haşiyə]
a Şimşonun gücünün mənbəyi onun saçı yox, bu saçla təmsil olunan Yehova ilə bir Nəziri kimi xüsusi münasibətləri idi.
b Buna görə də «Yəhudanın öpüşü» «xainlik etmək» mənasını verir.
c Bu mövzu ilə əlaqədar daha çox məlumat əldə etmək üçün «Gözətçi qülləsi»nin 2010-cu il 15 iyun sayının 29-dan 32-dək səhifələrində yerləşən «Həyat yoldaşı xəyanət edəndə» adlı məqaləyə baxın.
[10–cu səhifədəki şəkil]
Başqaları İsadan üz döndərsələr də, Peter Allahın məsh olunmuş Oğluna sadiq qaldı