Oxucularımız soruşur...
Valideynlər uşaqlarına cinsi tərbiyə verməlidirlərmi?
▪ Uşaqları təhlükəli xəstəliyə tutulmasın deyə valideynlər əlindən gələni edirlər. Onları əxlaqsız düşüncə tərzindən qorumaq üçün də valideynlər eyni səyi göstərməlidirlər. Bunu etməyin üsullarından biri uşağa münasib cinsi tərbiyə verməkdir (Süleymanın məsəlləri 5:3—23). Uşaqlar tez-tez televiziya, İnternet, kitablar və mobil telefon vasitəsilə yayılan əxlaqsız materialların təsirinə məruz qaldıqları üçün bu cür tərbiyə böyük əhəmiyyət kəsb edir.
«Bu gün problem onda deyil ki, uşaqlar cinsi münasibətlər haqqında nə isə öyrənirlər, — deyə professor və müəllif Dayan Levin izah edir. — Problem onların bu barədə nə, neçə yaşlarında və kimdən öyrənmələrindədir. Reklam, filmlər, şou-biznes və sairənin güclü təsiri altında uşaqlarda cinsi münasibətlər barədə təhrif edilmiş fikir formalaşır».
Valideynlər uşaqlarını bu dünyada hökm sürən pozğun və əxlaqsız düşüncə tərzindən qorumalıdırlar (Süleymanın məsəlləri 5:1; Efeslilərə 6:4). Uşaqlar bədən quruluşları, ona necə qulluq göstərməli olduqlarını və özlərini əxlaqsız insanlardan necə qorumalı olduqları barədə öyrənməlidirlər. Qız uşaqları, hələ cinsi yetişkənliyin ilk əlamətlərindən öncə, bədənlərində olan dəyişiklikləri və buna səbəb olan amilləri bilməli, eləcə də aybaşının nə üçün və necə olduğunu başa düşməlidirlər. Eynilə oğlan uşaqları da əvvəlcədən pollyusiya, yəni yuxuda ikən, özündən asılı olmadan (qeyri–iradi) toxum mayesinin (spermanın) axması barədə xəbərdar olmalıdırlar. Valideynlər uşaqlarını kiçik yaşlarında bədən üzvlərinin adlarını öyrədə bilərlər. Qayğıkeş valideynlər uşaqlarına növbəti üç qaydanı öyrətməlidirlər: 1) bədənin bəzi üzvləri məhrəmdir, 2) onlar haqqında pis şəkildə danışmaq olmaz, 3) onlara heç kim toxunmamalı və onları heç kimə göstərmək olmaz. Qadının necə hamilə qaldığını böyüyən uşaqlarına izah etmək üçün valideynlər münasib vaxt seçməlidirləra.
Bəs valideynlər bu haqda nə vaxt danışmalıdırlar? Bir çoxlarının düşündüyündən də tez. Qızlarda aybaşı 10 yaşında, hətta bundan da əvvəl başlaya bilər. Oğlanlarda ilk pollyusiya artıq 11—12 yaşlarında ola bilər. Əgər uşaqlar bədənlərində nəyin baş verdiyini başa düşməsələr, bu şeylər onları çox narahat edə bilər. Uşaqları qabaqcadan maarifləndirmək lazımdır ki, bədənlərində baş verən bu dəyişikliklərin normal olduğunu bilsinlər. Bu dövr uşaqlara Müqəddəs Kitabın əxlaq normalarına əməl etməyin dəyərini və vacibliyini başa salmağın ən münasib vaxtıdır. Çünki belə əxlaq normaları, demək olar ki, dünyanın heç bir cinsi tərbiyə proqramlarında xatırlanmır (Süleymanın məsəlləri 6:27—35).
[Haşiyə]
a Valideynlər bu mövzuya dair əlavə məlumatı «Ailə xoşbəxtliyin sirri» kitabının 8-ci fəslin 4—11-ci və «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 9-cu fəslin 9—12-ci abzaslarında tapa bilərlər.