Gələcəyiniz seçiminizdir!
GƏLƏCƏYİNİZ SİZDƏN ASILIDIRMI? Bəziləri düşünür ki, həyat taleyin, qismətin əlindədir, insan onu dəyişə bilməz. Bu cür düşünən insanlar bəzi məqsədlərinə çata bilməyəndə «qismətdən artığını yemək olmaz» deyib «taleləri» ilə barışırlar.
Bəziləri isə yaşadığımız bu zülm və ədalətsizlik dünyasında çıxış yolu tapmayıb məyusluğa qərq olur. Onlar həyatlarını yaxşılaşdırmağa çalışırlar, amma hər dəfə müharibə, cinayət, təbii fəlakət, xəstəliklər və bu kimi şeylər planlarını alt-üst edir. Bu zaman onlar: «Özümü bu qədər öldürməyə dəyər?» — deyə düşünürlər.
Bu, həqiqətdir ki, həyatda baş verənlər planlarımıza ciddi şəkildə təsir edə bilər (Vaiz 9:11). Amma söhbət sizin əbədi həyatınızdan gedəndə seçim edə bilərsiniz. Müqəddəs Kitabda deyilir ki, gələcəyimiz verdiyimiz qərarlardan asılıdır. Gəlin görək necə.
Qədim İsrail xalqına rəhbərlik edən Musa peyğəmbər Vəd edilmiş diyarın astanasında xalqa Allahın sözlərini çatdırır: «Qarşınıza həyatla ölümü, xeyir-dua ilə lənəti qoydum. Həyatı seçin ki, özünüz də, övladlarınız da sağ qalasınız, Allahınız Yehovanı sevib, sözünə qulaq asıb, Ona bağlanıb yaşayasınız» (Qanunun təkrarı 30:15, 19, 20).
«Qarşınıza həyatla ölümü, xeyir-dua ilə lənəti qoydum. Həyatı seçin ki,.. sağ qalasınız» (Qanunun təkrarı 30:19).
Bəli, Allah İsrail xalqını Misir köləliyindən azad edir və onlara Vəd edilmiş diyarda azad və xoşbəxt həyat sürmək imkanı verir. Amma Allahın vəd etdiyi bütün nemətləri əldə etmək üçün onlar «həyatı» seçməli idi. Necə? Allahı sevib, sözünə qulaq asıb, Ona bağlanaraq.
Bu gün sizin də qarşınızda buna bənzər bir seçim durur və gələcəyiniz bu seçimdən asılıdır. Allahı sevməyi, Onun sözünə qulaq asmağı və Ona bağlı qalmağı seçməklə «həyatı» — yerüzü Cənnətdə əbədi yaşamağı seçmiş olacaqsınız. Bəs Allahı sevmək, sözünə qulaq asmaq, Ona bağlanmaq nə deməkdir?
ALLAHI SEVİN
Məhəbbət Allahın əsas xüsusiyyətidir. Müqəddəs Kitabda yazılıb: «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Elə buna görə də davamçıları İsa Məsihdən hansı əmrin ən böyük olduğunu soruşanda o demişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (Mətta 22:37). Yehova Allahla möhkəm dostluq münasibətləri qurmaq üçün Ona qorxudan və ya kor-koranə yox, məhəbbətdən irəli gələrək itaət etməliyik. Bəs Allahı nəyə görə sevməliyik?
Allahın insanlara sevgisini anlamaq üçün valideynin övlada bəslədiyi sevgi barədə düşünə bilərsiniz. Qeyri-kamil olmasına baxmayaraq, övladını sevən valideyn ona tərbiyə verir, ürəkləndirir, dayaq olur. Çünki övladının xoşbəxt olmasını, onun rifahını arzulayır. Bəs bunun qarşılığında valideyn nə gözləyir? Valideyn istəyir ki, uşağı onu sevsin və verdiyi tərbiyəni qəbul eləsin. Məgər bizə hər cür nemət bəxş edən Yaradanımızın da bizdən Ona minnətdar olmağımızı gözləməyə haqqı çatmır?
ALLAHIN SÖZÜNƏ QULAQ ASIN
Müqəddəs Kitabda yazılan «qulaq asmaq» sözü orijinal dildə əsasən «itaət etmək» mənasında işlədilir. Elə uşağa «valideyninin sözünə qulaq as» deyiləndə də bu nəzərdə tutulur. Eynilə, Allahın sözünə qulaq asmaq da Onun dediklərinə itaət etmək deməkdir. Biz Allahın Kəlamını oxumaqla Onu «eşidə» və sözünə əməl edə bilərik (1 Yəhya 5:3).
Allahın sözünə qulaq asmağın vacibliyini göstərmək üçün İsa Məsih demişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır» (Mətta 4:4). Fiziki qida nə qədər vacibdirsə, Allah haqda elm almaq ondan qat-qat vacibdir. Süleyman peyğəmbər demişdi: «Hikmət də pul kimi insanın sipəridir. Amma elmin üstünlüyü bundadır ki, hikmət öz sahibinin həyatını hifz edir» (Vaiz 7:12). Allahın bəxş etdiyi elm və hikmət bu gün bizi müdafiə edə və əbədi həyata aparan düzgün qərarlar verməyə kömək edə bilər.
ALLAHA BAĞLI QALIN
Bundan öncəki məqalədə İsa Məsihin çəkdiyi nümunədən bəhs etmişdik. Gəlin həmin nümunəyə yenidən nəzər salaq: «Həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır» (Mətta 7:13, 14). Belə bir yolda səyahət edərkən mənzilbaşına — əbədi həyata çatmaq üçün, sözsüz ki, təcrübəli bələdçinin yanımızda olmasını və bizə yol göstərməsini istəyərdik. Deməli, Allaha bağlı qalmaq üçün əsaslı səbəbimiz var (Zəbur 16:8). Bəs bunu necə edə bilərik?
Hər gün görüləsi və görmək istədiyimiz cürbəcür işlərimiz olur. Başımız bu şeylərə o qədər qarışa bilər ki, Allahın bizdən nə gözlədiyini düşünməyə vaxtımız qalmaya bilər. Məhz bu səbəbə görə Müqəddəs Kitab bizi xəbərdar edir: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və pis vaxtda yaşadığımızı nəzərə alaraq, vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16). Allahla münasibətimizi həyatda hər şeydən üstün tutmaqla Ona bağlı qala bilərik (Mətta 6:33).
SEÇİM SİZİNDİR!
Keçmişi dəyişə bilməsəniz də, özünüzün və doğmalarınızın gözəl gələcəyinin olması üçün tədbir görə bilərsiniz. Müqəddəs Kitabda yazılıb ki, Yaradanımız Yehova Allah bizə dərin məhəbbət bəsləyir və Onun bizdən nə gözlədiyini bilməyimizə imkan yaradıb. Mikə peyğəmbər demişdi:
«Ey insan, nəyin doğru olduğunu O, sənə söylədi. Yehova səndən başqa nə istəyir ki?! İstəyir ki, ədalətlə davranasan, Sədaqəti uca tutasan, Allahın önündə təvazökarlıqla yeriyəsən!» (Mikə 6:8).
Siz Yehova Allahın Onun yolunda addımlamaq dəvətini qəbul edib bu dəvətə hay verənləri gözləyən əbədi nemətləri dadmaq istəyirsinizmi? Seçim sizindir!