Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 iyul s. 25—29
  • Düşündüyümdən qat-qat artıq nemət aldım

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Düşündüyümdən qat-qat artıq nemət aldım
  • Gözətçi qülləsi 2019
  • Başlıqlar
  • Oxşar material
  • UTANCAQLIĞI VƏ TƏRƏDDÜDÜ DƏF EDİRƏM
  • GİLADDA DƏYƏRLİ TƏLİM
  • XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ KİMİ ÖYRƏNDİKLƏRİM
  • KENİYADA XİDMƏT
  • EFİOPİYADA ƏLDƏ ETDİYİMİZ NEMƏTLƏR
  • YEHOVA BÖYÜTDÜ
  • Xoş sürprizlər, öyrəndiyim dərslər
    Gözətçi qülləsi 2023
  • Allahın verdiyi güc sayəsində geri çəkilmirik
    Yehovanın Şahidlərinin Bioqrafiyaları
Gözətçi qülləsi 2019
w19 iyul s. 25—29
Manfred Tonak və Qeyl Tonakın toy günü

Bioqrafiya

Düşündüyümdən qat-qat artıq nemət aldım

Nəql etdi Manfred Tonak

«ÖNCÜL olmalıyam. Amma görəsən öncül olmaq darıxdırıcı olmayacaq?» — deyə düşünürdüm. Almaniyadakı işimi sevirdim. Afrikanın Darüssəlam, Elizabetvil və Asmera kimi ekzotik ərazilərinə ərzaq göndərirdim. Heç ağlıma da gəlməzdi ki, bir gün həmin ərazilərdə, eləcə də Afrikanın bir çox yerində Yehovaya tamvaxtlı xidmət edərəm!

Nəhayət, şübhələrimdən qurtulub öncüllüyə başlayanda önümdə ağlıma belə gəlməyəcək bir həyat qapısı açıldı (Efes. 3:20). Yəqin sizə maraqlıdır bu, necə baş verdi. Gəlin lap əvvəldən danışım.

Mən 1939-cu ildə, İkinci Dünya müharibəsi başlayandan bir neçə ay sonra Almaniyanın Berlin şəhərində anadan olmuşam. 1945-ci ilin sonlarında müharibə bitmək üzrə olanda Berlin güclü hava bombardmanı altında idi. Bir dəfə bombardman zamanı bizim küçəmiz darmadağın oldu. Ailəmlə birgə sığınacağa qaçdıq. Sonra təhlükəsizlik üçün anamın doğulduğu yerə, Erfurtda məskunlaşdıq.

Manfred Tonak valideynləri və bacıları ilə birgə Almaniyada, təxminən 1950-ci il

Valideynlərim və bacımla birgə Almaniyada, təxminən 1950-ci il

Anam həqiqətin axtarışında idi. O, fəlsəfi kitablar oxuyur, fərqli dinləri araşdırırdı, lakin heç biri onu qane etmirdi. Təxminən 1948-ci ildə iki Yehovanın Şahidi qapımızı döydü. Anam onları evə dəvət edib sual atəşinə tutdu. Bir saat keçmədi ki, bacımla mənə dedi: «Mən həqiqəti tapdım!» Çox keçməmiş anam, bacım və mən Erfurtdakı ibadət görüşlərinə getməyə başladıq.

1950-ci ildə Berlinə qayıtdıq. Orada Berlin-Kreuzberq yığıncağına gedirdik. Daha sonra Berlində başqa əraziyə köçdüyümüz üçün Berlin-Tempelhof yığıncağına getməyə başladıq. Bir müddət sonra anam vəftiz olundu, mən isə hələ özümü hazır hiss etmirdim. İndi səbəbini danışacağam.

UTANCAQLIĞI VƏ TƏRƏDDÜDÜ DƏF EDİRƏM

Utancaqlıq ucbatından ruhani inkişafım zəif idi. Təbliğdə iştirak etməyimə baxmayaraq, iki il ərzində bir dəfə də ağzımı açıb təbliğ etməmişdim. Yehovaya xidmətdə cəsarət və sədaqət göstərmiş bacı-qardaşları daha yaxından tanıdıqca dəyişməyə başladım. Onlardan bəziləri nasist həbs düşərgələrində və ya Almaniyanın şərqində həbsdə olmuşdu. Bəziləri isə azadlıqlarını təhlükə altına atıb Almaniyanın şərqinə ədəbiyyat keçirmişdi. Bu kimi nümunələr mənə dərin təsir bağışlayırdı. Düşünürdüm ki, əgər onlar Yehovadan və bacı-qardaşlardan ötrü həyatlarını və azadlıqlarını riskə atıblarsa, mən də utancaqlığın öhdəsindən gəlməyi öyrənməliyəm.

1955-ci ildə keçirilən xüsusi təbliğ kampaniyasına qatılmağım sayəsində utancaqlığımın öhdəsindən gəlməyə başladım. «İnformator»daa nəşr olunan məktubda Neytan Norr qardaş bu kampaniyanın təşkilatın tarixində keçirilən ən böyük kampaniyalardan biri olduğunu elan etdi. O dedi ki, bütün təbliğçilər kampaniyaya qatılsa, «bu ay bütün dünyada aparılan təbliğ işinin ən möhtəşəm ayı olacaq». Doğrudan da onun dediyi kimi oldu! Üstündən çox keçməmiş özümü Yehovaya həsr etmək qərarına gəldim və 1956-cı ildə atam və bacımla birgə vəftiz olundum. Lakin tezliklə başqa vacib qərar qəbul etməli oldum.

Bu illər ərzində öncüllüyün ən düzgün seçim olduğunu bilsəm də, hər dəfəsində sonraya saxlayırdım. Qərar vermişdim ki, əvvəlcə Berlində mal alıb xaricə satmaqla bağlı müəyyən şeylər öyrənim. Daha sonra isə öncüllüyə başlamaq imkanım olsun deyə, bir müddət bu sahədə işləyib təcrübə toplamaq istəyirdim. Buna görə də 1961-ci ildə Almaniyanın ən böyük liman şəhəri olan Hamburqda işə düzəldim. Gördüyüm işi o qədər sevirdim ki, hətta öncüllüyü bir müddət də təxirə salmaq qərarına gəlmişdim. Nə edə bilərdim?

Şükür Yehovaya ki, qayğıkeş qardaşlar vasitəsilə mənə ruhani şeyləri birinci yerə qoymağa kömək etdi. Bir neçə dostum öncüllüyə başlamışdı və mənim üçün gözəl örnək oldular. Üstəlik, həbs düşərgəsindən sağ çıxmış Erik Mund qardaş məni Yehovaya etibar etməyə təşviq etdi. O dedi ki, həbs düşərgəsində özünə güvənən qardaşlar sonradan zəiflədilər. Amma Yehovaya tam etibar edənlər sadiq qaldılar və yığıncağın sütunları oldular.

Manfred Tonak, 1963-cü il

Öncüllüyə başlayanda, 1963-cü il

Eləcə də, sonradan Rəhbərlik Şurasında xidmət etmiş Martin Pötzinger qardaş bacı-qardaşları ruhlandıraraq demişdi: «Sahib ola biləcəyiniz ən dəyərli şey cəsarətdir!» Onun sözləri üzərində dərindən düşündüm, nəticədə işdən çıxıb 1963-cü ilin iyun ayında öncüllüyə başladım. Bu, verdiyim ən yaxşı qərar idi! İki aydan sonra hələ təzə iş axtarmağa başlamamış xüsusi öncül təyin olundum. Bir neçə il sonra Yehova mənə gözlənilməz mükafat verdi: mən Gilad məktəbinin 44-cü sinfinə dəvət aldım.

GİLADDA DƏYƏRLİ TƏLİM

«Təyinatınızı dayandırmağa tələsməyin» — bu, Giladda öyrəndiyim ən dəyərli fikirlərdən biri idi. Xüsusilə də bunu Neytan Norr və Layman Svinql qardaşdan öyrəndim. Onlar bizi təyinatımızda qalmaq üçün əlimizdən gələni etməyə təşviq edirdi. Neytan qardaş deyirdi: «Sizin diqqətiniz nədə olacaq? Toz-torpaqda, həşəratlarda, şəraitsizlikdə, insanların kasıb olmasında? Yoxsa ağaclarda, gül-çiçəkdə, üzlərdəki təbəssümdə? İnsanları sevməyi öyrənin!» Bir gün Layman qardaş bəzilərinin təyinatlarını nə üçün dayandırdığını izah edərkən kövrəldi və gözləri doldu. Özünü ələ almaq üçün nitqinə ara verdi. Bu, mənə çox təsir etdi və qərar verdim ki, heç vaxt nə Məsihi, nə də onun sadiq qardaşlarını kədərləndirməyim (Mət. 25:40).

Manfred Tonak, Klaud Lindsey və Henrik Denbostal Konqonun paytaxtı Lubumbaşidə xüsusi təyinatlı müjdəçi kimi xidmət edəndə, 1967-ci il

Mən, Klaud və Henrik; Lubumbaşidə (Konqo) xüsusi təyinatlı müjdəçi kimi xidmət edəndə, 1967-ci il

Təyinat alanda bəzi beytellilər maraqla bizdən hara yollanacağımızı soruşurdu. Onlar hər bir təyinatla bağlı müsbət şeylər deyirdi. Növbə mənə çatanda Konqoya (Kinşasa) təyin olunduğumu dedim. Onlar bir anlıq duruxub dedilər: «Konqo?! Allah köməyin olsun!» O vaxtlar Konqo barədə tez-tez müharibə, muzdlu əsgərlər və sui-qəsdlə bağlı xəbərlər eşidirdik. Amma mən Giladda öyrəndiyim şeyləri yaddaşıma həkk etmişdim. 1967-ci ilin sentyabr ayında, buraxılışımızdan qısa müddət sonra Henrik Denbostal, Klaud Lindsey və mən Konqonun paytaxtı Kinşasaya yola düşdük.

XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ KİMİ ÖYRƏNDİKLƏRİM

Kinşasada üç ay ərzində fransız dilini öyrəndik. Sonra təyyarə ilə Konqonun cənubuna, Zambiya sərhəddinə yaxın olan ucqar Lubumbaşiyə (keçmiş Elizabetvil) uçduq. Şəhər mərkəzində xüsusi təyinatlı müjdəçilər üçün ayrılan evdə qalırdıq.

Lubumbaşinin çox hissəsində təbliğ olunmamışdı. Orada həqiqəti çatdıran ilk insan olmaq bizə böyük sevinc bəxş edirdi. Qısa müddətdə Müqəddəs Kitabı öyrənənlərin sayı o qədər oldu ki, hətta vaxt tapıb dərs keçə bilmirdik. Həmçinin dövlət məmurlarına və polislərə də təbliğ edirdik. Çoxları Allahın Kəlamına və təbliğ işimizə böyük hörmət göstərirdi. Əhali əsasən suahili dilində danışırdı, ona görə də Klaud Lindseylə mən bu dili öyrəndik. Çox keçmədən bizi suahilidilli yığıncağa təyin etdilər.

Çoxlu gözəl hadisələrlə yanaşı, çətin anlarımız da olurdu. Tez-tez əlisilahlı, sərxoş əsgərlərlə və ya bizə qarşı yalan ittihamlar irəli sürən aqressiv polislərlə qarşılaşırdıq. Bir dəfə əlisilahlı polis dəstəsi qaldığımız evdə keçirilən yığıncağa basqın edib bizi mərkəzi polis bölməsinə apardı. Orada bizi təxminən axşam saat ona qədər çirkli döşəmədə oturaq vəziyyətdə saxladılar.

1969-cu ildə səyyar xidmətə təyin olundum. Bu xidmətdə Afrika kollarının dadını gördüm, hündür otların arası ilə uzun, palçıqlı yollardan keçdim. Bir kənddə toyuq cücələri ilə birlikdə axşam yatağımın altına doluşmuşdu. Toyuğun alaqaranlıqda ucadan qaqqıldamasına yerimdən necə dik atıldığımı heç vaxt unutmaram. Axşamlar tonqalın ətrafında oturub qardaşlarla söhbət etdiyimiz gözəl günlərdən xoş xatirələrim var.

Ən böyük çətinliklərdən biri Kitavalab hərəkatını dəstəkləyən saxta qardaşlarla mübarizə idi. Onların bəziləri vəftiz olunmuş və hətta yığıncaqda müəyyən məsuliyyətlər almışdı. Bu «sualtı qayalar»ın əksəriyyəti səmimi bacı-qardaşları yoldan çıxara bilməmişdi (Yhd. 12). Əvvəl-axır Yehova yığıncağı təmizlədi və beləcə, inanılmaz artım başladı.

1971-ci ildə mən Kinşasadakı filiala təyin olundum. Orada yazışmalar, ədəbiyyat sifarişi, xidmət şöbəsinin gördüyü işlər və sairə işlərlə məşğul olurdum. Beyteldə zəif infrastrukturu olan böyük ölkədə təbliğ işini təşkil etməyi öyrəndim. Bəzən hava poçtu ilə göndərdiyimiz məktubların yığıncaqlara çatması aylar çəkirdi. Təyyarədən boşaldılan məktublar qayıqlara yüklənirdi. Qayıqlar suyun üzündə xalı kimi sərilmiş sünbülçiçəklərə ilişib həftələrlə yolda qalırdı. Bütün bu kimi çətinliklərə rəğmən, iş davam edirdi.

Bacı-qardaşların imkanlarının məhdud olmasına rəğmən, böyük toplantıları necə təşkil etmələrinə heyran qalırdım. Onlar termit təpələrdən platforma düzəldir, hündür filotu bitkisindən divar çəkir, həmçinin ondan diyirləyərək döşəkcə düzəldirdilər. Bambukdan dayaqlar qoyur, qamışdan isə tavan və stollar üçün örtük düzəldirdilər. Mismar olmadığından materialları bir-birinə ağac qabıqları ilə sarıyıb bərkidirdilər. Çətinlikləri aşmaq üçün həmişə gözəl ideyaları olan bu fərasətli bacı-qardaşlara valeh idim. Onlar mənə çox əziz olmuşdular. Yeni təyinat alıb oradan köçəndə onlar üçün çox darıxırdım!

KENİYADA XİDMƏT

1974-cü ildə Keniyaya, Nayrobidəki filiala təyin olundum. Görüləsi çox iş var idi. Keniya filialı yaxınlıqdakı on ölkədə aparılan təbliğ işinə nəzarət edirdi və bu ölkələrdən bəzilərində fəaliyyətimiz qadağa altında idi. Filial məni tez-tez bu ölkələrə, xüsusilə də Efiopiyaya göndərirdi. Burada bacı-qardaşlarımız təqiblərlə və sərt sınaqlarla üzləşirdi. Onların çoxu qəddar rəftara məruz qalmış, yaxud da həbsə salınmışdı, hətta bəziləri öldürülmüşdü. Lakin Yehovayla və bir-biriləri ilə möhkəm münasibətləri sayəsində onlar sədaqətlərini qoruyurdu.

1980-ci ildə həyatımda gözəl bir dəyişiklik baş verdi, Qeyl Mateson adlı dindaşımla ailə qurdum. O, əslən Kanadadan idi, biz Giladda eyni sinifdə oxumuşduq. O vaxtdan məktublaşırdıq. Qeyl xüsusi təyinatlı müjdəçi olaraq Boliviyada xidmət edirdi. Biz düz 12 ildən sonra Nyu-Yorkda görüşdük. Çox keçməmiş Keniyada ailə qurduq. Ruhani düşüncəli olduğuna və hər şeylə qane olmağı bacardığına görə ona çox minnətdaram. Qeyl günü bu gün də mənim üçün əsl dayaq və məhəbbət dolu əməkdaşdır.

1986-cı ildə filial komitəsində işləyə-işləyə Qeyllə birgə səyyar xidmətə təyin olunduq. Bu işə Keniya filialının nəzdində olan bir çox ölkələri ziyarət etmək daxil idi.

Manfred Tonak Asmerada (Eritreya) toplantıda məruzə söyləyəndə, 1992-ci il

Asmerada toplantıda məruzə söyləyəndə, 1992-ci il

1992-ci ildə Asmerada (Eritreya) toplantı keçirmək üçün görülən hazırlıqları heç unutmaram. Həmin vaxt orada fəaliyyətimizin qadağa altında idi. Əfsuslar olsun ki, toplantı keçirmək üçün pis vəziyyətdə olan anbardan başqa heç nə tapa bilmədik. Anbarın içərisi çölündən daha bərbad idi. Toplantı günü görəndə ki, bacı-qardaşlar buranı necə gözəl məkana çevirib, Yehovaya ibadətə layiqli bir yer hazırlayıb, heyran qalmışdım. Bacı-qardaşlar pis görünən yerləri bəzəmək üçün evlərindən örtüklər gətirmişdi. 1279 nəfərin iştirakı ilə möhtəşəm və sevinc dolu bir toplantı keçirdik.

Səyyar xidmət bizə çətin gəlirdi, çünki hər dəfə fərqli yerlərdə qalırdıq. Bir dəfə dənizin sahilində villada qalırdıq, o biri dəfə fəhlələrin qalması üçün ayrılan dəmir komada, ayaqyolu da 100 metr aralıda olurdu. Lakin harada xidmət etməyimizə baxmayaraq, öncül və təbliğçilərlə xidmətdə keçirdiyimiz günlərin xoş xatirələri bizə çox əzizdir. Başqa yerə təyin olunanda əziz dostlarımızdan ayrılmalı olurduq, onlar üçün çox darıxırdıq.

EFİOPİYADA ƏLDƏ ETDİYİMİZ NEMƏTLƏR

1987—1992-ci illər ərzində Keniya filialının nəzdində olan bir çox ölkələrdə fəaliyyətimiz hüquqi cəhətdən tanındı. Nəticədə, filiallar və ofislər yarandı. 1993-cü ildə Efiopiyanın Əddis-Əbəbə şəhərindəki ofisə təyin olunduq. Onilliklər ərzində təbliğ işinin gizlin şəkildə aparıldığı bu ərazidə fəaliyyətimiz nəhayət qanuniləşmişdi.

Manfred və Qeyl Tonak Efiopiyada, 1996-cı il

Efiopiyanın kəndində səyyar xidmətdə, 1996-cı il

Yehova Efiopiyadakı fəaliyyətimizi avand etdi. Neçə-neçə bacı-qardaşımız öncül xidmətinə başladı. 2012-ci ildən bəri hər il təbliğçilərin 20 faizi öncül kimi xidmət edir. Üstəlik, teokratik məktəblər keçirilir, 120-dən çox ibadət evi tikilib. 2004-cü ildə Beytel ailəsinin yeni binaya köçməsi ilə yanaşı, həmin ərazidə yeni toplantı zalının istifadəyə verilməsi də bizim üçün böyük nemət idi.

Qeyl də, mən də Efiopiyada bir çox bacı-qardaşla yaxın dost olmuşuq. Bu cür mehriban, xeyirxah bacı-qardaşları sevməmək mümkün deyil. Bu yaxınlarda səhhətimizdə problemlər yaranıb. Buna görə də Mərkəzi Avropa filialına köçməli olduq. Burada bacı-qardaşlar məhəbbətlə bizə qayğı göstərir, lakin biz Efiopiyadakı dostlarımız üçün çox darıxırıq.

YEHOVA BÖYÜTDÜ

Biz Yehovanın Öz işini necə böyütdüyünə şahidik (1 Kor. 3:6, 9). Misal üçün, ilk dəfə Konqoda «Mis qurşağında» Ruandadan gələn mədənçilərə təbliğ edəndə burada təbliğçi yox idi. İndi isə orada 30 000-dən çox dindaşımız var. 1967-ci ildə Konqoda (Kinşasa) 6000-ə yaxın təbliğçi var idi. Hal-hazırda orada təbliğçilərin sayı 230 000-ə yaxındır. 2018-ci ildə isə anma mərasimində milyondan çox insan iştirak edib. Vaxtilə Keniya filialının nəzdində olan ölkələrdə təbliğçilərin sayı 100 000-dən çoxdur.

Manfred Tonak və Qeyl Tonak

Təxminən 50 il bundan öncə tamvaxtlı xidmətə başlamağım üçün Yehova müxtəlif qardaşlardan istifadə etdi. Hələ də utancaqlığımla mübarizə aparsam da, Yehovaya tam etibar etməyi öyrənmişəm. Afrikada yaşadıqlarım mənə səbir və qane olmaq xüsusiyyətini yetişdirməyə kömək etdi. Qeyllə mən heyrətamiz qonaqpərvərlik göstərən, böyük çətinliklərə sinə gərən və Yehovaya etibar edən bacı-qardaşlara heyranıq. Yehovaya hədsiz lütfünə görə o qədər minnətdaram ki! Onun bəxş etdiyi nemətlər düşündüyümdən qat-qat çox oldu (Zəb. 37:4).

a Sonradan «Müqəddəs ibadətimiz» adlanan bu vərəqə hal-hazırda «Məsihi həyatı və ibadəti. İş dəftəri» ilə əvəz olunub.

b «Kitavala» suahili dilində «ağalıq etmək, idarə etmək, yaxud rəhbərlik etmək» mənası verir. Bu hərəkat siyasi məqsəd güdürdü, Belçikanın müstəmləkəsindən azadlıq istəyirdi. Kitavala qrupları Yehovanın Şahidlərinin nəşrlərini əldə edir, oxuyur və yayırdı. Onlar öz siyasi baxışlarına, mövhumi adətlərinə və əxlaqsız həyat tərzlərinə haqq qazandırmaq üçün Müqəddəs Kitab təlimlərini təhrif edirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş