Təmizlik Allahı izzətləndirir
1 Musanın qanununda təmizliyin qorunması üçün ciddi tələblər var idi. Bu tələblər özlərini fiziki və ruhani cəhətdən təmiz saxlamalı olan İsrail xalqını başqa xalqlardan fərqləndirirdi (Lev. 11:35, 36; 15:1-11; Yeşaya 52:11). Belə təmizlik Allaha izzət gətirir və xalqın sağlam qalmasına kömək edirdi.
2 Bu gün də təmizlik Yehovanın xalqının fərqləndirici cəhətidir. Bu, Yehovanın xalqının bir qrup kimi fərqləndirici cəhəti olduğu halda, ayrı-ayrılıqda hər birimiz haqqında da bunu demək olarmı? Səliqə-sahmana və şəxsi təmizliyimizə nə qədər riayət etməyimiz Yehovanın tələblərini nə dərəcədə qiymətləndirdiyimizi göstərir.
3 Evimizin vəziyyəti haqqında nə demək olar? O, təbliğ etdiyimiz Padşahlıq xəbərini dəyərdən salmır ki? Evimiz səliqəsiz olduğu, həyətimizi isə ot-alaf basdığı halda, yer üzünün Cənnətə çevriləcəyindən danışırıqsa, ola bilərmi ki, kimsə bizim səmimiyyətimizi şübhə altına alsın? Əgər evimizdə səliqəsizlik hökm sürürsə, yaxud natəmizlik ucbatından xoşagəlməz iylər gəlirsə, demək olarmı ki, biz Allahın Padşahlığı altında olacaq yeni dünyaya uyğun təmizliyə yiyələnmişik? (od s. 136-138, rus.).
4 Xidmətə getdiyimiz avtomobil haqqında nə demək olar? Onun içi və bayırı kifayət qədər təmizdirmi ki, gördüyümüz işi hörmətdən salmasın? Bəs geyimimiz, çantamız və makiyajımız necə? Onlar təmiz və xoşagələndirmi, insanlarda mənfi fikir oyatmır ki? Yaxşı olardı ki, vaxtlı-vaxtında yuyunaraq və paltarlarımızı yuyaraq özümüzü və üst-başımızı təmiz saxlayaq (w89 1.11. s. 16-19, rus.).
5 Bəs əgər biganəliyi ucbatından məsihçinin şəxsi gigiyenası, yaxud yaşadığı şərait yığıncağa ləkə gətirirsə, onda necə? Ola bilər, yaşı çox olduğuna və ya səhhətinin zəifliyinə görə onun köməyə ehtiyacı var. Əgər belədirsə, onda ona yardım göstərmək xeyirxahlıq olardı. Ancaq kiminsə, bu sahədə problemi olduğundan xəbəri olmaya bilər. Xeyirxahlıqla verilən məsləhət onu vəziyyəti düzəltməyə təşviq edə bilər. Bu sahədə həmişə pis nümunə verən adamlar yığıncaqda xüsusi məsuliyyət ala bilməzlər. Əlbəttə, ağsaqqallar ehtiyatlı olmalıdırlar ki, şəxsi normalarını və ya seçimlərini irəli sürməsinlər.
6 Biz adətən yeni maraqlanan şəxsləri Padşahlıq Zalına ruhani ziyafətə dəvət edirik. Zalımız gözəl və səliqəli olduğundan bunu sevinclə edirik. Ancaq zalı belə saxlamaq üçün səy tələb olunur. Öz zalınıza diqqətlə bax. Oturacaqlar, döşəmə, divarlar təmizdirmi? Ayaqyolu müntəzəm təmizlənirmi? Döşəməni həmişə zibilli, divarları da cızılmış görəndə bu bizim üçün tezliklə adiləşə bilər. Ancaq ilk dəfə gələnlər buradan pis təəssüratla gedə bilərlər. Zalın yığışdırılması və ya təmiri vaxtı öhdəmizə düşən işi yerinə yetirməklə onun gözəl və cəlbedici qalmasında əlimizdən gələni etməliyik.
7 Biz heç bir söz söyləmədən xarici görünüşümüzlə və evimizin, avtomobilimizin, Padşahlıq Zallarının təmizliyi ilə Allahı izzətləndirə bilərik. Yaxşı nümunəmiz sayəsində heç kimi büdrətməyəcək, əksinə, ibadətimizin təmiz və pak olduğuna şahidlik edəcəyik (1 Kor. 10:31, 32; Yaq. 1:27).