Köməyə ehtiyac olan yerdə xidmət etməyə hazırsanmı?
1 Təbliğçi çatışmayan əraziyə köçmək haqqında heç düşünmüsənmi? Əgər kömək etmək üçün səndən belə yerə köçməyi xahiş etsəydilər, həvari Pavel kimi, bu çağırışa hay verərdinmi? (Həv. iş. 16:9, 10). Bir çox yığıncaqlarda ruhani cəhətdən yetkin ailələr azdır, sahələri işləmək üçün pionerlərin köməyinə ehtiyac var, həmçinin ağsaqqallar və xidməti köməkçilər də tələb olunur. Bizim sahədə bu tələbat hətta böyük şəhərlərdə də müşahidə olunur. Bə’zən belə yığıncağın sahəsi geniş kənd ərazisinə səpələnmiş bir neçə yaşayış məntəqələrindən ibarət olur. Ən yaxın Padşahlıq Zalı belə çox uzaqda yerləşə bilər. İş tapmaq çox çətindir. Hava həmişə yaxşı olmur. Sən belə bir əraziyə köçə bilərdinmi? Bunu necə uğurla həyata keçirmək olar?
2 İman və e’tibar tələb olunur. Allahın göstərişilə İbram doğma şəhəri Uru tərk edərək, arvadı, qardaşı oğlu və qoca atası Terah ilə birlikdə 1 000 kilometr uzaqlıqda yerləşən Xarana yola düşdü (Yar. 11:31, 32; Neh. 9:7). Terahın ölümündən sonra, Yehova 75 yaşlı İbrama qohumlarını və Xaranı tərk etməyi və göstərəcəyi yerə getməyi əmr etdi. İbram, Saray və Lut itaətkarlıq göstərərək yola düşdülər (Yar. 12:1, 4, 5). Əlbəttə, İbram evini daha çox ehtiyac olan yerdə xidmət etmək üçün tərk etməmişdi. Bəs ona belə fədakarlıq göstərməyə nə kömək etdi?
3 Belə bir qətiyyətli addımı atmağa İbrama iman və e’tibar kömək etdi. O, həyat tərzini və baxışlarını dəyişməyə hazır idi. İbram qohumlarının tə’min etdiyi təhlükəsizlikdən imtina etməli oldu. Lakin o inanırdı ki, Yehova onun və ailəsinin qeydinə qalacaqdır. Bu gün də eyni tərzdə, bir çox bacı və qardaşlar Yehovaya e’tibar edirlər.
4 Qısamüddətli tə’yinat. Tə’yin olunmamış ərazidə xidmət etdiyin üçün Yehovanın xeyir-duasını hiss etmisənmi? Məsələn, keçən il Rusiyada təxminən 600 qrup təbliğ etmək üçün tə’yin olunmamış ərazidə xidmət etmişdi. Cəmi bir il ərzində bu xidmətdə 4 177 təbliğçi iştirak etdi. Bu tapşırığı yerinə yetirmək üçün bə’ziləri çox böyük məsafəni qət etməli olmuşdu. Göstərilən sə’ylər özlərini doğrultdumu?
5 Biz təbliğçilərdən çoxlu minnətdarlıq məktubları almışıq. Onların bir neçəsinə nəzər salaq: «Biz təxminən 250 evdən ibarət sahədə təbliğ etməyə tə’yin olunduq. Ərazi böyük olmasa da, onu əsaslı surətdə işlədik... Oradan qayıdanda bizi dostcasına yola saldılar və yenidən oraya gəlməyimizi xahiş etdilər. Kim isə hətta ağlayırdı. Yaşadığımız küçənin sakinlərinin, demək olar ki, hamısı bizi yola salmağa çıxmışdı. Ümumiyyətlə, biz çox böyük sevinc əldə etdik və ruhlandıq, həm də çoxlu təzə dostlar tapdıq». «Xidmət etdiyimiz zaman çoxları məktublaşmağa razı oldu. Bu üsulla biz 77 Müqəddəs Kitab öyrənməsinə başladıq... Şəxsən mənim üçün bu iki həftə qeyri-müəyyən, uzun bir zamana bərabərdir. Bu unudulmaz bir vaxt idi, çünki bu müddət ərzində mən Yehovaya daha çox güvənməyi, Onun rəhbərliyinə e’tibar etməyi və dualarıma cavab verdiyini hiss etməyi öyrəndim». Təbliğçilərin əksəriyyəti hesab edir ki, ehtiyac olan ərazidə hətta qısa müddət ərzində təbliğ etmək, xidməti daha çox qiymətləndirməkdə onlara kömək etmişdi. Bu cür xidmət növündə iştirak edənlərlə söhbət etsən görəcəksən ki, onlar ruhani canlanma hiss etmişlər və yəqin ki, belə bir imkan yaranarsa, yenə də uzaq ərazilərə getməyə hazırdırlar.
6 Təbliğçilər çatışmayan ərazidə xidmət etmək üçün qısa müddətli tə’yinatı qəbul etsən, yaxşı bir məqsədə nail olarsan. Gələcəkdə ölkənin başqa hissəsinə köçmək üçün ‘oturub məsrəfləri hesablamaqda’ sənin daha çox təcrübən olacaq (Luka 14:28).
7 Yehovanın niyyətinə əsasən, son gəlməzdən əvvəl Müjdə «bütün dünyada təbliğ olunacaqdır» (Mat. 24:14). Bunları nəzərə alaraq, əgər şərait imkan verirsə, yaşayış yerini dəyişərək, köməyə ehtiyac olan yerə köçməyə hazırsanmı? Köməyə isə çox yerdə ehtiyac vardır.
8 Köməyə daha çox ehtiyac olan yerə köçmək. Əgər sən doğrudan da köçmək haqqında düşünürsənsə, xidməti komitədən hansı şəhərlərdə təbliğçiyə ehtiyac olduğunu soruş. Xidməti komitə ofis vasitəsilə sənə bu barədə mə’lumat verəcək. Təqaüdə çıxmısanmı? Stabil gəlir mənbəyin varmı? Xidmət sahəsində işləməyə hazırsanmı? Kompüterdə işləməyi bacarırsanmı? Dalandar, bərbər, çəkməçi işləyərək özünü dolandıra bilərsənmi? Bütün ailə ilə birlikdə başqa yerə köçmək haqqında düşünmüsənmi? Əgər özünün köçmək imkanın yoxdursa, ailə üzvlərindən uzaq yerdə xidmət etmək istəyənə kömək edə bilərsənmi?
9 Əgər dua edərək düşündükdən sonra ehtiyac çox olan yerə köçmək imkanının olduğunu görürsənsə, bunu ailə üzvləri və yığıncağın ağsaqqalları ilə müzakirə et. Sonra məktub yazıb, ağsaqqallara ver ki, filiala göndərməzdən əvvəl ona zəmanət məktubunu əlavə etsinlər.
10 Məktubda nəyi qeyd etmək lazımdır? Yaşını, vəftiz olunduğun tarixi, yığıncaqda malik olduğun məs’uliyyətlərini, ailə vəziyyətini və həmçinin həddi-büluğa çatmamış uşaqlarının olub-olmadığını. Şəraitindən asılı olaraq, hansı bölgələrdə xidmət etmək istədiyini qeyd et. Məsələn, isti, rütubətli və ya dağlıq yerlərdə yaşaya, yaxud şaxtalı qışa tab gətirə bilərsənmi? Başqa hansı dilləri bilirsən? Ofis həmin əraziyə baxan yığıncaqla əlaqə saxlamağa sənə kömək edəcək.
11 Sən fəal və çalışqan təbliğçisənmi? Şəraitin sənə köçməyə imkan verirmi? Əgər belədirsə, o zaman öz şəxsi təcrübəndə Yehovanın, Ona inanaraq fədakarlıq ruhu nümayiş etdirənlərə necə daima bol-bol xeyir-dua verdiyinin şahidi ol! (Məz. 34:8; Mal. 3:10).