Təravətləndirici xidmət
1 Müqəddəs Kitabda olan xəbər onu qəbul edən və ona müvafiq yaşayan hər bir kəsə təravət gətirir (Məz. 19:7, 8). Bu xəbər yalan tə’limlərdən və zərərli vərdişlərdən azad edir, həmçinin gələcəyə dair ümid verir. Lakin xoş xəbər, yalnız onu qəbul edənlərə fayda gətirmir. Müqəddəs Kitabın təravətləndirici həqiqətlərini başqaları ilə bölüşənlərin özləri də təravətlənirlər (Sül. məs. 11:25).
2 Xidmət ruhlandırır. İsa demişdir ki, şagirdlik boyunduruğunu üzərinə götürənlər — bu isə özünə təbliğ etmək və şagirdlər hazırlamaq işini daxil edir — ‘canlarına rahatlıq tapacaqlar’ (Mat. 11:29). İsanın özü başqalarına şahidlik etməkdən ruh yüksəkliyi əldə edirdi. Bu onun üçün yeməyə bənzəyirdi (Yəh. 4:34). İsanın göndərdiyi 70 şagird, Yehovanın onları dəstəklədiyini görərək sevinclə təbliğ edirdilər (Luka 10:17).
3 Xidmət etmək bu gün də çox məsihçilərə güc verir. Bir bacı deyir: “Xidmət həyatıma istiqamət və mə’na verdiyi üçün təravət gətirir. Xidmətdə başqaları ilə bölüşəndə şəxsi problemlərim və gündəlik stresslər arxa planda qalır”. Çalışqan başqa bir bacımız isə deyir: “Xidmətin sayəsində... Yehovanın real şəxsiyyət olduğunu hər gün hiss edirəm, bu isə məni müqayisəyə gəlməz dərəcədə xoşbəxt edir”. ‘Allahın həmişçiləri’ olmaq bizim üçün necə də böyük şərəfdir! (1 Kor. 3:9, İ–93).
4 Məsihin boyunduruğu rahatdır. İsa şagirdlərini var qüvvələri ilə ‘çalışmağa’ çağırsa da, bizim qüvvəmizdən artıq etməyimizi gözləmir (Luka 13:24). Əksinə, o bizi məhəbbətlə, boyunduruğu onunla birlikdə daşımağa də’vət edir (Mat. 11:29). Daima çətin şəraitlərlə mübarizə aparmalı olsaq da əmin ola bilərik ki, nə qədər etməyimizdən asılı olmayaraq, sədaqətlə etdiyimiz xidmət Yehovaya məqbuldur (Mark 14:6-8; Kolos. 3:23).
5 Adı naminə etdiyimiz xidməti qiymətləndirən Allaha xidmət etmək necə də təravətləndiricidir! (İbr. 6:10). Gəlin, qüvvəmiz daxilində olan ən yaxşı şeyi həmişə Ona verməyə çalışaq.