Əhval-ruhiyyəni qaldıran musiqi
1 Mahnı və musiqi həmişə Yehovaya ibadətin ayrılmaz hissəsi olmuşdur. Qədim İsraildə yaşamış Asaf və onun qardaşları oxuyurdular: “Rəbbə şükr edin... ona mahnı oxuyun, ona tərənnüm eyləyin; bütün xariqələrini söyləyin” (1 Tarix. 16:8, 9). Bu gün biz də hər həftə keçirilən görüşlərimizdə Yehovaya birlikdə mahnı oxuyuruq (Efes. 5:19). Bu, Allahın isminə həmd etmək üçün olduqca gözəl imkandır! (Məz. 69:30).
2 Orkestrlə müşayiət olunan “Padşahlıq melodiyaları” əqlimizi ruhani fikirlərlə doldurur. Bir bacı deyir: “Padşahlıq mahnılarının melodiyaları çalındıqda, dərhal mahnının sözləri yada düşür. Yehova haqqında düşünmək, eyni zamanda da xoş musiqini dinləmək çox gözəldir!” (Filip. 4:8).
3 “Padşahlıq melodiyaları”nı nə zaman dinləmək olar? “Padşahlıq melodiyaları”nın evdə səslənməsi xoş ruhani atmosfer yaradır və ailədəki sülhə səbəb olur. Bir ailə yazır: “Biz həmişə evdə də, maşında da bu musiqiləri dinləyirik. Adam bu gözəl bəstələri dinləməkdən heç yorulmur. Çox vaxt “Padşahlıq melodiyaları” məsihçi görüşlərinə və ya konqreslərə gedərkən düzgün əhval-ruhiyyə əldə etməyə kömək edir”. Bir bacı demişdir: “Ev işləri ilə məşğul olan zaman “Padşahlıq melodiyaları” əhval-ruhiyyəmi qaldırır. Kimin ağlına gələrdi ki, paltar yuduqdan sonra qurumuş paltarları qatlayıb yığmaqdan sevinc əldə etmək olarmış? Mən belə qərara gəlmişəm ki, ruhdan düşdüyümü hiss etdiyim hər zaman bu musiqiləri dinləyim. Onlar mənim əhval-ruhiyyəmi qaldırır! [...] Hər mahnı mənim üçün sevinc mənbəyidir”. Məgər belə bir gözəl musiqini dinləmək sənin üçün də faydalı olmazdımı?
4 Müasir musiqi əsasən bu dünyanın ruhunu əks etdirir. Valideynlərin “Padşahlıq melodiyaları”nın köməyi ilə uşaqlarında sağlam musiqiyə zövq aşılamaq üçün gözəl imkanları var. Şübhəsiz ki, Müqəddəs Kitabı öyrənən və maraqlanan kəslərin çoxu Yehovanı izzətləndirən və insanın əhval-ruhiyyəsini qaldıran bu gözəl ruhani mahnılarla tanış olmağa şad olacaqlar (Məz. 47:1, 2, 6, 7).