Diqqəti daha çox Müqəddəs Kitaba yönəldirik!
1. «Gözətçi Qülləsi» və «Qızıl əsr» jurnalı başlanğıcda kimlər üçün nəzərdə tutulmuşdu?
1 1919-cu il oktyabrın 1-də «Qızıl əsr» jurnalının ilk nüsxəsi işıq üzü gördü. Bu jurnal təbliğ işində çox dəyərli vasitə oldu. Nəyə görə? Çünki bu jurnal xüsusi olaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu. Bunu, uzun illər ərzində «kiçik sürü» üçün nəzərdə tutulan «Gözətçi Qülləsi» haqqında demək olmazdı (Luka 12:32). Padşahlığın təbliğçiləri «Qızıl əsr» jurnalının buraxılışını elə böyük şövqlə qarşıladılar ki, onun tirajı bir çox illər ərzində «Gözətçi Qülləsi»nin tirajını üstələyirdi.
2. «Qızıl əsr» jurnalı hal-hazırda necə adlanır və başlanğıcdan hansı məqsədi daşıyırdı?
2 «Qızıl əsr» jurnalı, bəşəriyyətin problemlərinə yalnız Məsihin Minillik hökmranlığının son qoyacağını göstərmək üçün nəşr edilməyə başlanmışdır. Bu hökumətin idarəsi bəşəriyyət üçün həqiqətən də xoşbəxt dövr, «qızıl əsr» olacaq. İllər ötdükcə «Qızıl əsr» jurnalına bir sıra dəyişikliklər daxil edilmişdir ki, dövrün tələbatlarına uyğun olsun. 1937-ci ildə həmin jurnal «Təsəlli» adlanmağa başlandı. 1946-cı ildə isə, hal-hazırda bizə mə’lum olan «Oyanın!» adını daşımağa başladı.
3. «Oyanın!» jurnalı hansı peyğəmbərliyin həyata keçirilməsində vacib rol oynamışdır?
3 1919-cu ildə dərc olunmağa başladığı vaxtdan təbliğ işində bu jurnalın böyük köməkliyi olmuşdur (Mat. 24:14). Lakin sonun yaxın olduğunu nəzərə alaraq, görünür, «Oyanın!» jurnalına növbəti dəyişiklikləri etmək müdrik davranış olardı.
4. a) Əgər insanlar «Rəbbin [Yehovanın] qəzəb günündə» sağ qalmaq istəyirlərsə, onda nə etməlidirlər? b) Vəhy 14:6, 7 ayələrinə əsasən, ‘göyün ortasında uçan mələk’ hamını nə etməyə çağırır?
4 Milyonlarla insanlar «Oyanın!» jurnalını oxumağı xoşlayırlar, çünki burada dini mövzularla bağlı olmayan müxtəlif maraqlı məqalələr dərc olunur. Şübhəsiz ki, hər il Rəbbin Xatirə Gecəsində iştirak edən insanların əksəriyyəti «Oyanın!» jurnalının daimi oxucularıdır. Lakin əgər kimlərsə «Rəbbin [Yehovanın] qəzəb günündə» sağ qalmağa ümid edirlərsə, onda onların nəşrlərimizin daimi oxucusu olmaqdan başqa daha artıq iş görmələri üçün köməyə ehtiyacları var (Sef. 2:3; Vəhy 14:6, 7).
5. a) 2006-cı ilin yanvar buraxılışından başlayaraq «Oyanın!» jurnalı diqqəti daha çox nəyə yönəldəcək? b) Bir çoxları nə etməyə təşviq olunacaqlar və bununla hansı peyğəmbərlik yerinə yetəcək?
5 Bu səbəbdən, 2006-cı ilin yanvar ayından başlayaraq «Oyanın!» jurnalı diqqəti daha çox Allahın Padşahlığına yönəldəcək. Bu jurnalda dərc olunacaq məqalələr oxucuları öz problemlərinin həllini tapmaq üçün bilavasitə Müqəddəs Kitaba müraciət etməyə təşviq edəcək və cərəyan edən hadisələri Müqəddəs Kitaba əsasən daha aydın izah edəcək. Beləliklə oxucular dünyada baş verən hadisələri daha yaxşı başa düşəcək və ehtimal ki, bu onları, oxuduqları materialdan Yehova haqda daha çox öyrənməyə təşviq edəcək (Zək. 8:23).
6, 7. a) «Oyanın!» jurnalı 1 Saloniklilərə 2:13 ayəsinə müvafiq davranmaqda bir çox insanlara necə kömək edəcək? b) «Oyanın!» jurnalı ayda neçə dəfə çıxacaq və bu dəyişiklik nə qədər dilə tə’sir göstərəcək?
6 «Oyanın!» jurnalında bundan sonra da müxtəlif mövzulu məqalələr dərc ediləcək. Lakin əsas diqqət Müqəddəs Kitaba yönəldiləcək (1 Salon. 2:13). «Gözətçi Qülləsi»nin dərin ruhani məqalələrlə zəngin olduğunu və «Oyanın!» jurnalında da Müqəddəs Yazılara əsaslanan məqalələrin əsas yer tutacağını nəzərə alaraq, «Oyanın!» jurnalını ayda iki dəfə çap etməyə ehtiyac qalmır. Bu səbəbdən, 2006-cı ilin yanvar ayından başlayaraq «Oyanın!» jurnalı ayda bir dəfə çıxacaq. Bu, nəşrlərimizin çapa hazırlanmasını, tərcüməsini və daşınmasını xeyli asanlaşdıracaq.
7 Bu dəyişiklik «Oyanın!» jurnalının çap edildiyi təxminən 40 faizə yaxın dilə tə’sir göstərəcək. Əksər dillərdə «Oyanın!» jurnalı ayda və ya üç ayda bir dəfə çıxır. «Gözətçi Qülləsi»nin nəşrində heç bir dəyişiklik olmayacaq.
8. Təbliğçilər «Oyanın!» jurnalını «Gözətçi Qülləsi» ilə bir yerdə necə istifadə edə bilərlər?
8 Təbliğçilər hər ay çıxacaq «Oyanın!» jurnalını həmin ayda nəşr edilən «Gözətçi Qülləsi»nin istənilən sayı ilə təqdim edə bilərlər. «Oyanın!» jurnalını paylayan təbliğçilər həmin ay üçün olan jurnalı bütün ay ərzində təqdim edə bilərlər və bunun üçün ayın ortasında öz təqdimələrini dəyişməyə bilərlər.
9. «Oyanın!» jurnalı hansı rolu oynamağa davam edəcək?
9 1919-cu ildən çap edilməyə başlanan «Qızıl əsr», «Təsəlli» və hal-hazırda «Oyanın!» kimi yaxşı tanınan jurnal təbliğ işində böyük rol oynamışdır. Biz dua edirik ki, Yehova dəyişiklik ediləcək bu jurnalın paylanmasına xeyir-dua verməyə davam etsin və «Oyanın!» jurnalı «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan» bir çox insanlara yeganə ümid yeri kimi Allahın Padşahlığına üz tutmağa kömək etsin (Vəhy 7:9).