Başqalarına ‘ürəkdən itaət etməkdə’ kömək et
1. Yehova Ona ibadət edənlərdən nə tələb edir?
1 İbadətimizin Yehovaya məqbul olması üçün itaətkarlıq göstərməliyik (Qanun. 12:28; 1 Pet. 1:14-16). ‘Allahı tanımayan və Müjdəyə itaət etməyənlər’ tezliklə Allahın hökmünə uğrayacaqlar (2 Salon. 1:8). Başqalarının Allahın Kəlamındakı tə’limlərə ‘ürəkdən itaət etmələrinə’ necə kömək edə bilərik? (Rom. 6:17).
2. Başqalarının möhkəm iman inkişaf etdirmələrinə kömək etmək nəyə görə vacibdir?
2 İman və məhəbbət inkişaf etdirməkdə kömək et. Müqəddəs Yazılar itaətkarlığın imanla sıx bağlı olduğunu göstərir. Həvari Pavel «əbədi Allahın əmrinə uyğun olaraq... bütün xalqların iman gətirib itaət etmələri» barədə yazmışdır (Rom 14:24, 25). Pavelin «İbranilərə» məktubunun 11-ci fəslində Yehovanın iradəsinə müvafiq davranan və möhkəm imana malik olan bir çox xidmətçilərinin gözəl nümunələri sadalanır (İbr. 11:7, 8, 17). İtaətsizlik isə, imanın çatışmazlığından irəli gəlir (Yəh. 3:36; İbr. 3:18, 19). Biz Allahın Kəlamından məharətlə istifadə etməyi bacarmalıyıq ki, başqalarının itaətkarlıq göstərməyə təşviq edən iman inkişaf etdirmələrinə kömək edək (2 Tim. 2:15; Yaq. 2:14, 17).
3. a) İtaətkarlıq məhəbbətlə necə bağlıdır? b) Müqəddəs Kitabı öyrənənlərə Yehovanı sevməkdə necə kömək edə bilərik?
3 İtaətkarlıq, həmçinin Allaha məhəbbətlə bağlıdır (Qanun. 5:10; 11:1, 22; 30:16). 1 Yəhya 5:3 ayəsində deyilir: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir». Müqəddəs Kitabı öyrənənlərin Yehovaya məhəbbət inkişaf etdirmələrinə necə kömək etmək olar? Öyrənmə zamanı Yehovanın keyfiyyətlərinə görə minnətdarlıq hissi inkişaf etdirmələri üçün hər bir fürsətdən istifadə et. Göstər ki, sən də Allaha dərin minnətdarlıq hissi bəsləyirsən. Öyrənən adamı Yehova ilə şəxsi münasibət inkişaf etdirmək barədə düşünməyə təşviq et. Axı Yehovaya itaət etmək arzusu həm bizdə, həm başqa adamlarda ilk növbədə məhəbbətdən irəli gəlir (Mat. 22:37).
4. a) Bizim şəxsi nümunəmiz nəyə görə vacibdir? b) «İtaətkar ürək» inkişaf etdirmək üçün nə etməliyik?
4 Özün nümunə ol. Öz şəxsi nümunəmizlə başqalarını xoş xəbərə itaət etməyə təşviq edə bilərik. Lakin «itaətkar ürək» (YD) inkişaf etdirmək üçün gərək biz özümüz daim qüvvə sərf edək (1 Pad. 3:9; Sül. məs. 4:23). Bunu necə edə bilərik? Müntəzəm olaraq Müqəddəs Kitabı öyrənməklə və görüşlərə gəlməklə ürəyimizi qidalandırmalıyıq (Məz. 1:1, 2; İbr. 10:24, 25). Həmişə Yehovanı bütün ürəkdən sevən və Ona itaət edən insanlarla ünsiyyət et (Sül. məs. 13:20). İnsanlara səmimi qəlbdən kömək etmək arzusu ilə müntəzəm olaraq xidmətdə iştirak et. Yehovadan duada yaxşı ürək inkişaf etdirmək üçün Öz rəhbərliyini təqdim etməsi barədə xahiş et (Məz. 86:11). Sənin ürəyini poza biləcək hər şeydən, məsələn, əxlaqsızlıq və zorakılıqla bağlı əyləncələrdən qaçın. Səni Allaha yaxınlaşdıracaq və Onunla olan münasibətlərini möhkəmləndirəcək işlərlə məşğul ol (Yaq. 4:7, 8).
5. İtaətkarlıq insana necə xeyir-dua gətirir?
5 Yehova qədim İsrail xalqına demişdir ki, əgər Onun sözünə itaət etsələr, Onun xeyir-duaları onların üzərinə gələcək (Qanun. 28:1, 2). Bu gün də Yehova «Ona itaət edənlərə» bol xeyir-dualar verir (Həv. iş. 5:32). Buna görə də, gəlin başqalarını öyrədərək və onlara nümunə verərək ürəkdən itaətkar olmalarına kömək edək.