İnsanlara diqqətlə yanaşaraq onlara səmimi maraq göstər
1 Yehova Allah və İsa Məsih insanların tələbatlarını hər bir kəsdən daha yaxşı bilir və onlara qayğı göstərirlər (2 Saln. 16:9; Mark 6:34). İnsanı nə maraqlandırdığını və nə narahat etdiyini müəyyən edərək, söhbət zamanı bunları nəzərə ala bilərik.
2 Xırda şeylərə də nəzər sal. İsa hər şeyə diqqət yetirirdi (Mark 12:41-43; Luka 19:1-6). Əgər təbliğdə qapıya yaxınlaşan zaman bizim nəzərimizə dini xarakter daşıyan bir bəzək əşyası çarpırsa və ya avtomobil üzərində hər hansı bir şüar, yaxud həyətdə uşaq oyuncaqları görürüksə, söhbətimizi elə qura bilərik ki, xoş xəbəri müvəffəqiyyətlə bölüşmək imkanı yaransın.
3 İnsanın üzünün ifadəsindən və davranışından onun ürəyində olanları müəyyən etmək olar (Sül. məs. 15:13). Ola bilsin, o, yaxınlarından kimisə itirdiyinə və ya başqa bir bədbəxtlik baş verdiyinə görə təsəlliyə möhtacdır. Ehtimal ki, o bizdən münasib Müqəddəs Kitab ayələri eşitməyə şad olacaq (Sül. məs. 16:24). Bəs, əgər bir kəs harasa tələsir və ya qucağında ağlayan körpəsi varsa, onda necə? Belə halda, yəqin ki, başqa bir vaxt gələcəyimizi demək daha yaxşı olar. İnsanın yanına təkrarən gələrkən, diqqət və şəfqət göstərməyimiz onu bizi dinləməyə təşviq edəcək (1 Pet. 3:8).
4 Təqdiməni uyğunlaşdır. Həvari Pavel Afinada olarkən «Namə’lum Allaha» həsr olunan qurbangaha diqqət yetirdi və bu, onun xoş xəbəri necə təqdim etməsinə öz tə’sirini göstərdi. «Bax, mən sizə bilməyərək ibadət etdiyiniz bu Allahı təbliğ edirəm». Pavelin nəzakətlə davranmasının sayəsində orada olanların bə’ziləri Padşahlıq haqqında olan xəbərə ciddi yanaşdılar və imanlı oldular (Həv. iş. 17:23, 34).
5 Eyni tərzdə, diqqətli olmaq insanın nə ilə maraqlandığını müəyyən etməkdə və bunun əsasında təqdiməni uyğunlaşdırmaqda bizə də kömək edər. İnsanın qəlbində olanları bilmək üçün ona suallar ver. Düşün: insanın marağını inkişaf etdirmək üçün onun diqqətini hansı Müqəddəs Kitab ayələrinə yönəltmək olardı? (Sül. məs. 20:5). İnsanlara göstərdiyimiz diqqət və səmimi maraq, xoş xəbəri bacarıqla bölüşməkdə bizə kömək edəcək.