Şəfqətdən irəli gələn xidmətimiz
1 İsa ona qulaq asan izdihamın «çobansız qoyunlar kimi taqətsiz və dağınıq» olduğunu gördü (Mat. 9:36). O, şəfqət və məhəbbətlə Yehovanın yollarını onlara öyrədir, təsəlli verir və ruhani ehtiyaclarını mərhəmətlə ödəyirdi. Məsihin xidməti üzərində fikirləşərək, biz onun kimi düşünməyi və hiss etməyi öyrənirik, bunun sayəsində şəfqət hissi xidmətimizdə özünü aydın büruzə verir.
2 Ümidsizliyə qapılmış insanlar kömək üçün İsaya yaxınlaşanda, onun verdiyi cavaba diqqət yetir (Luka 5:12, 13; 8:43-48). Məsih xüsusi tələbatı olanların vəziyyətini nəzərə alırdı (Mark 7:31-35). Başqalarının hisslərini anlayır, onlara qayğı göstərirdi. O, zahiri görünüşə aldanmırdı (Luka 7:36-40). Bəli, İsa Allahımızın mərhəmətini mükəmməl tərzdə əks etdirirdi.
3 «Onlara yazığı gəldi». İsa xidmətini sadəcə borc hissindən irəli gələrək yerinə yetirmirdi. Onun insanlara ‘yazığı gəlirdi’ (Mark 6:34). Bizim də məqsədimiz, sadəcə olaraq, insanlara xəbər çatdırmaq deyil, qiymətli həyatlarını xilas etməkdir. İnsanların nə üçün bu və ya başqa cür cavab verdiklərini başa düşməyə çalış. Onları nə narahat edir? Bəlkə bunun səbəbi yalan din xadimlərinin onların ruhani tələbatlarının qayğısına qalmaması və ya onları aldatmasıdır? Göstərdiyimiz səmimi maraq adamları xoş xəbərə qulaq asmağa təşviq edə bilər (2 Kor. 6:4, 6).
4 Mərhəmət insanların ürəyinə tə’sir göstərir. Belə bir nümunəyə nəzər salın: bir qadın üç aylıq qızının ölümünün xiffətini çəkirdi. İki Şahid onun qapısını döyəndə, qadın onları evə də’vət etdi ki, Allahın əzablara nə üçün yol verdiyini izah edən dəlillərini yalana çıxarsın. Sonralar isə qadın dedi: «Onlar məni şəfqətlə dinlədilər, Şahidlər gedəndə artıq özümü bir qədər yaxşı hiss edirdim, buna görə də onların yenidən gəlməsinə razılıq verdim». Xidmətdə rastlaşdığın hər adamla sən də şəfqətlə davranmağa çalışırsanmı?
5 Əgər şəfqətli olarıqsa, başqalarına həqiqətən təsəlli verə biləcəyik. Belə etməklə biz ‘mərhəmətli Atamız’ Yehovanı izzətləndiririk (2 Kor. 1:3).