Gücümüzü əsirgəmədən sevinclə Yehovaya xidmət edirik!
1 Həvari Pavel Məsihçi xidmətini yerinə yetirmək naminə ‘sərf edilməyəʼ şad idi (2 Kor. 12:15, İ–93). Bu gün bir çox məsihçilər də pioner kimi xidmət edərək sə’y göstərirlər. Başqaları isə ciddi ailə məs’uliyyətlərinin olmasına baxmayaraq, xidmətdə müntəzəm iştirak etməyi də öz qrafiklərinə daxil edirlər. Bə’zilərinin səhhətlə bağlı ciddi problemləri olsa da, öz məhdud qüvvələrini Padşahlığın maraqlarının inkişafına sərf edirlər. Yaşa və ya şəraitlərə baxmayaraq, Yehovanın xalqının öz gücünü əsirgəmədən Yehovaya xidmət etdiklərini görmək necə də ruhlandırıcıdır!
2 Qonşuya məhəbbət. Allaha və qonşuya məhəbbətdən irəli gələrək Yehovaya xidmətdə əlimizdən gələni etdikdə vicdanımız təmiz olur. Pavel xoş xəbəri təbliğ etmək işini canla-başla yerinə yetirdiyi üçün sevinclə deyə bildi: «Bugünkü gündə sizə şəhadət edirəm ki, bütün insanların qanından təmizəm» (Həv. iş. 20:24, 26; 1 Salon. 2:8). Şəraitimizin yol verdiyi qədər xidmətdə iştirak etməklə başqalarının qanından azad olacağıq (Yez. 3:18-21).
3 Qüvvəmizi başqalarına kömək etməyə sərf etmək bizə xoşbəxtlik gətirir (Həv. iş. 20:35). Bir qardaş deyir: «E’tiraf edirəm ki, bütün günü Yehovaya xidmət etdikdən sonra axşam evə qayıdanda yorğunluq hiss edirəm. Amma xoşbəxtəm və Yehovaya minnətdaram ki, mənə heç kimin əlimdən ala bilməyəcəyi sevinc verib».
4 Allaha məhəbbət. Ən vacibi odur ki, bu cür fədakar xidmətimiz səmavi Atamızı məmnun edir. Allahı sevmək bizi təşviq edir ki, Onun əmrlərini, həmçinin təbliğ etmək və şagirdlər hazırlamaq tapşırığını yerinə yetirək (1 Yəh. 5:3). Hətta insanlar e’tinasız yanaşanda və ya müqavimət göstərəndə də, biz Yehovaya sevinclə xidmət etməyə davam edirik.
5 İndi ləngiməyin vaxtı deyil. Biz məhsul yığımı dövründə yaşayırıq (Mat. 9:37). Məhsul yığımında əkinçi adətən tarlada çox işləyir, çünki xarab olmasın deyə məhsul vaxtında yığılmalıdır. Ruhani məhsulun yığımı üçün ayrılan vaxt da məhduddur. Yaşadığımız zəmanəni yadda saxlayaraq, gəlin bütün gücümüzü Yehovaya xidmətə sərf edək! (Luka 13:24; 1 Kor. 7:29-31).