Ümid xəbərini yoxsullarla bölüş
1 İsa kasıblara xüsusi diqqət yetirirdi. Hərdən mö’cüzəli şəkildə xəstələri sağaldıb, maddi köməklik göstərsə də, onun əsas işi yoxsullara ‘Müjdəni’ təbliğ etmək idi (Mat. 11:5). Məsihçi xidməti bu gün də başqalarına olduğu kimi, kasıblara da fayda gətirir (Mat. 24:14; 28:19, 20).
2 Həqiqi ümid. Xristian dünyasının ruhaniləri çox vaxt kasıblara və’d edirlər ki, əgər onlar əliaçıqlıqla kilsəyə ianə etsələr, maddi vəziyyətləri yaxşılaşacaq. Ancaq Müqəddəs Kitab öyrədir ki, yalnız Allahın Padşahlığı yoxsulluğa son qoyacaq və bəşəriyyətin bütün problemlərini həll edəcək (Məz. 9:18; 145:16; Yeşaya 65:21-23). Kasıb adamlara Müqəddəs Kitabın əslində nə öyrətdiyini göstərəndə, biz onlara ümid verir və ruhani tələbatlarını ödəməyə kömək edirik (Mat. 5:3).
3 İsanın günlərində fəriseylər kasıblara yuxarıdan baxır, onları həqarətlə «amhaarets», başqa sözlə, «torpaq adamları» adlandırırdılar. Ancaq İsanın gözündə onların «qanı» və ya həyatı qiymətli idi (Məz. 72:13, 14). Biz İsanı təqlid edib, xeyirxah və mərhəmətli olaraq yoxsullara ‘lütf göstərə’ bilərik (Sül. məs. 14:31). Biz istəmirik ki, qonşuluqda yaşayan kasıblar haqqında saymazyana danışaq və ya onlara könülsüz təbliğ edək. Padşahlıq xəbərinə hay verənlərdən çoxu yoxsul insanlardır.
4 İndi kömək et. Müqəddəs Kitabın prinsiplərini öyrənmək sahəmizdəki yoxsullara elə indidən özlərinin maddi vəziyyətini yaxşılaşdırmağa kömək edəcək. Məsələn, Müqəddəs Kitab kasıbçılığa gətirib çıxaran sərxoşluğu, qumar oyunlarını, tənbəlliyi, tütündən istifadə etməyi və başqa işləri mühakimə edir (Sül. məs. 6:10, 11; 23:21; 2 Kor. 7:1; Efes. 5:5). Müqəddəs Yazılar bizi vicdanlı olmağa və «canla-başla» işləməyə çağırır (Kolos. 3:22, 23; İbr. 13:18). İşə qəbul edilərkən bu kimi keyfiyyətlər yüksək qiymətləndirilir. Bir sorğuda, işçi qəbul edənlərin çoxu «işə adam götürərkən ən çox vicdanlılığa və düzlüyə fikir verdiklərini söyləmişlər».
5 Yehova yoxsulların əziyyətlərinə qarşı biganə deyil. Tezliklə İsa Məsih «imdad deyib çağıran fəqirləri» qurtaracaq (Məz. 72:12). Nə qədər ki, o vaxt gəlməyib, bizim, kasıblar da daxil olmaqla, hamıya Müqəddəs Kitabın verdiyi ümid ilə təsəlli vermək imkanımız var.