Yehovaya nə verə bilərik?
1 Səncə, insanlar Yehovaya nə isə verə bilərlərmi? Habil sürüsündən ən yaxşı heyvanları Yehovaya qurban gətirmişdi, Nuh və Əyyub da belə etmişdilər (Yar. 4:4; 8:20; Əyy. 1:5). Əlbəttə, belə qurbanlar Yaradanı heç cür zəngin etmir, çünki onsuz da hər şey Ona məxsusdur. Lakin bu sadiq insanlar həmin qurbanlarla Allaha olan dərin məhəbbətlərini göstərmişlər. Bu gün biz Yehovaya «həmd qurbanını» təqdim etmək üçün vaxtımızdan, gücümüzdən və vəsaitlərimizdən istifadə edə bilərik (İbr. 13:15).
2 Vaxtımız. Az əhəmiyyətli işlərə gedən vaxtımızı xidmətdə daha çox iştirak etməyə sərf etməyimiz necə də tərifəlayiqdir! (Efes. 5:15, 16). Ola bilsin, ildə bir və ya bir neçə ay köməkçi pioner kimi xidmət etmək üçün qrafikimizdə dəyişiklik edə, yaxud da adətən etdiyimizdən bir az çox xidmət edə bilərik. Hər həftə əlavə 30 dəqiqə təbliğ etməklə xidmətimizi ayda ən azı iki saat artırmış olarıq.
3 Gücümüz. Xidmət etməyə gücümüz olsun deyə, bizi taqətdən salan əyləncə və işdən qaçmalıyıq ki, malik olduğumuz ən yaxşı şeyləri Yehovaya verə bilək. Biz, Allaha xidmət etməyə gücümüzü alaraq ‘qəddimizi əyə’ bilən şeylər haqda həddindən artıq narahat olmamalıyıq (Sül. məs. 12:25). Narahatçılığımıza əsaslı səbəb olsa da, ‘qayğı yükümüzü’ Yehovaya verməyimiz necə də yaxşı olardı! (Məz. 55:22; Filip. 4:6, 7).
4 Vəsaitlərimiz. Təbliğ işini dəstəkləmək üçün vəsaitimizdən də istifadə edə bilərik. Pavel həmimanlılarını təşviq edirdi ki, ehtiyacı olanlarla bölüşmək üçün müntəzəm olaraq ‘bir qədər pul saxlasınlar’ (1 Kor. 16:1, 2). Yığıncağımızın tələbatları və ümumdünya işinə ianə etmək üçün biz də müəyyən miqdarda pul ayıra bilərik. Yehova, miqdarından asılı olmayaraq, ürəkdən verdiyimiz hər şeyi qiymətləndirir (Luka 21:1-4).
5 Yehova bizə çox şey verib (Yaq. 1:17). Vaxtımızı, gücümüzü və vəsaitlərimizi Ona xidmətə səxavətlə sərf etməklə minnətdarlığımızı göstəririk. Bizim belə etməyimiz ‘gülər üzlə verəni sevən’ Yehova Allahı sevindirir (2 Kor. 9:7).