Bölüşmək üçün qiymətli xəzinəmiz var
1 Allahın Kəlamı bizə əziz olan ruhani xəzinələrlə zəngindir (Məz. 12:6; 119:11, 14). Bir dəfə İsa nümunələr çəkərək Padşahlığın müxtəlif cəhətlərini təsvir etdi, sonra şagirdlərindən soruşdu: «Bütün bu şeyləri anladınızmı?» Müsbət cavab aldıqda dedi: «Beləliklə, Səmavi Səltənətə öyrədilmiş hər din alimi xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzər» (Mat. 13:1-52).
2 Müqəddəs Kitabı araşdırmağa başlayanda öyrəndiyimiz həqiqətləri köhnə xəzinə hesab etmək olar. Müntəzəm şəxsi öyrənmə vasitəsilə Allahın Kəlamının dərinliklərinə vardıqca Müqəddəs Kitabdan başqa həqiqətləri tapırıq ki, bunlar da bizim üçün yeni kəşf edilmiş xəzinə olur (1 Kor. 2:7). Həmçinin «sadiq və ağıllı qul» vasitəsilə yeni həqiqətləri başa düşürük (Mat. 24:45).
3 Həm köhnə, həm də yeni ruhani xəzinə bizim üçün çox qiymətlidir. Bu bizi təlim almağa və öyrəndiyimiz qiymətli həqiqətləri səxavətlə insanlarla bölüşərək Allahın Kəlamının müəllimləri kimi təcrübə əldə etməyə təşviq edir.
4 İsanın nümunəsindən öyrən. Bu xəzinəyə necə yanaşdığını göstərərək İsa onu insanlarla bölüşmək üçün əlindən gələni edirdi. Hətta yorğun olanda da o, ‘ambarından’ xəzinə çıxarmağa davam edirdi (Yəh. 4:6-14).
5 İsanın ruhani cəhətdən acınacaqlı vəziyyətdə olanlara məhəbbəti onu Allahın həqiqətlərinin həyat verən xəzinəsini onlarla bölüşməyə təşviq edirdi (Məz. 72:13). Ruhən aclara yazığı gəldiyi üçün İsa «onlara çox şeylər öyrətməyə başladı» (Mark 6:34).
6 İsanı təqlid et. Bizdə olan xəzinəni yüksək qiymətləndirsək, biz də İsa kimi ruhani inciləri insanlara birbaşa Müqəddəs Kitabdan göstərməyə can atacağıq (Sül. məs. 2:1-5). Ola bilər, hərdən yorulaq, ancaq buna baxmayaraq, Müqəddəs Yazılardan olan həqiqətləri şövqlə danışacağıq (Mark 6:34). Malik olduğumuz xəzinəyə görə dərin minnətdarlıq hissi bizi əlimizdən gələn hər şeyi etməyə çalışaraq xidmətimizi həmişə genişləndirməyə təşviq edəcək.