Öyrətdiyiniz insanlar üçün ‘canınızı verin’
1. Müqəddəs Kitabı öyrənənlərə kömək etmək üçün nə tələb olunur?
1 Öyrətdiyimiz insanın öz həyatını Yehovaya həsr etməsini istəyiriksə, onunla müntəzəm Müqəddəs Kitab öyrənməsi keçirməkdən daha çox şey etməliyik. Həvari Pavel öyrətdiyi insanlara münasibətini nəvazişli ananın öz körpəsini əzizləməsinə bənzətmişdi. Biz də öyrətdiyimiz insanlara ruhən böyüməkdə kömək etmək üçün ‘canımızı’ sevə-sevə verməyə hazırıq (1 Salon. 2:7-9).
2. Nə üçün öyrənənə şəxsi maraq göstərməliyik və bunu necə etmək olar?
2 Şəxsi maraq göstər. Müqəddəs Kitabı öyrənən şəxs öyrəndiklərini tətbiq etməyə başlayanda vicdanı onu Allahın normalarına uyğun yaşamayan insanlarla sıx münasibətləri kəsməyə təşviq edəcək (1 Pet. 4:4). Hətta ola bilər ki, ailəsi ondan imtina etsin (Mat. 10:34-36). Ona şəxsi maraq göstərərək içindəki emosional boşluğu doldurmağa kömək edə bilərik. Bir təcrübəli missioner məsləhət görür: «Öyrənməni qurtaran kimi getməyə tələsməyin. Mümkündürsə, qalıb bir az söhbət edin». Öyrətdiyin insana əməldə kömək etməyə hazır ol. Məsələn, xəstələnərsə, ona zəng edə və ya yanına gedə bilərsənmi? Yığıncaq görüşündə öyrənənin yanında otura və uşağını saxlamağa kömək edə bilərsənmi?
3. Öyrənənin yığıncaqdan faydalanması üçün nə edə bilərik?
3 Yığıncağın köməyi. Öyrətdiyin adamın evinə yaxın ərazidə xidmət edən zaman, nəyə görə əməkdaşını onunla tanış etmək üçün yolüstü ona baş çəkməyəsən? Münasib olanda, vaxtaşırı ayrı-ayrı təbliğçiləri, habelə ağsaqqalları öyrənmədə səninlə əməkdaşlıq etməyə dəvət et. Həmçinin öyrənməni başlayandan tez sonra öyrənəni Padşahlıq Zalında keçirilən görüşlərə gəlməyə təşviq et. Bu ona imkan verəcək ki, gələcəkdə ruhani ailəsi ola biləcək yığıncaq üzvləri ilə ruhlandırıcı ünsiyyətdən sevinc duysun (Mark 10:29, 30; İbr. 10:24, 25).
4. Göstərdiyimiz cəhdlər hansı xeyir-duaları gətirə bilər?
4 Uşağının ruhani insan olması üçün əlindən gələni edən valideyn övladının Yehovanın tərəfini tutduğunu və həqiqət yolunda yeridiyini görəndə sevinci yerə-göyə sığmır (3 Yəh. 4). Müqəddəs Kitabı öyrətdiyimiz insanlara kömək etmək üçün canımızı versək, biz də eyni sevinci yaşaya bilərik.