Xidmətdə səyli olmaq üçün dua və düşünməyin vacibliyi
1. İsaya ən vacib işdən yayınmamağa nə kömək edirdi?
1 Bir axşam İsa insanları sağaltdı və cinləri qovdu. Ertəsi gün şagirdləri onu tapanda: «Hamı səni axtarır» dedilər və təşviq etdilər ki, bu möhtəşəm işləri davam etdirsin. Ancaq İsa əsas olan xoş xəbərin təbliğ işini icra etməkdən yayınmırdı. O cavab verdi: «Gəlin başqa yerə, bu yaxın kəndlərə gedək ki, mən xoş xəbəri oralarda da təbliğ edim, axı mən bunun üçün gəlmişəm». Belə əhval-ruhiyyəni qoruyub-saxlamaqda İsaya nə kömək edirdi? İsa dua etmək və düşünmək üçün səhər tezdən dururdu (Mark 1:32—39). Bəs dua və dərindən düşünmək səyli təbliğçilər olmaqda bizə necə kömək edə bilər?
2. Xidmətdə səyli olmaq üçün nəyin üzərində düşünmək bizə kömək edə bilər?
2 Nəyin üzərində düşünməli? İsa görürdü ki, insanlar «çobansız qoyunlar kimi yazıq və pərakəndə halda idilər» (Matta 9:36). Eynilə biz də xoş xəbərə nə qədər insanın ehtiyacı olduğunun üzərində düşünə bilərik. Həmçinin vaxtın gözləmədiyini də düşünün (1 Kor. 7:29). Biz Yehovanın işləri və xüsusiyyətləri, eləcə də Yehovanın Şahidi olmağın nə qədər şərəfli olduğu haqqında, ətrafımızda olan insanların hələ də bilmədikləri Allahın Kəlamından öyrəndiyimiz dəyərli ruhani xəzinələrin üzərində düşünə bilərik. (Məz. 77:11—13; Yeşaya 43:10—12; Mat. 13:52).
3. Düşünmək üçün necə vaxt ayırmaq olar?
3 Hansı vaxtlarda düşünməli? Düşünmək üçün bəziləri İsa kimi, səhər tezdən sakit vaxtda qalxır. Başqaları isə axşam yatmazdan öncə düşünməyə vaxt ayırırlar (Yar. 24:63). Hətta qrafikimiz gərgin olsa da, bunun üçün vaxt tapa bilərik. Bəziləri nəqliyyatda gedərkən, digərləri isə nahar fasiləsi zamanı düşünməyə vaxt ayırırlar. Çoxları fikir vermişlər ki, xidmətdən öncə qısa da olsa düşünmək səylə və cəsarətlə təbliğ etməyə kömək edir.
4. Nəyə görə düşünmək vacibdir?
4 Dua edərək dərindən düşünmək Yehovaya xidmət etmək istəyimizi gücləndirəcək, xidmətə daha ciddi yanaşmağa kömək edəcək və təbliğ işində mətanətli olmaq qətiyyətimizi artıracaq. Düşünmək Allahın ən böyük xidmətçisi İsaya fayda gətirdiyi kimi, bizə də fayda gətirəcək.