Peyğəmbərlərdən nümunə götürün — Mikeya
1. Mikeya peyğəmbəri hansı sual narahat edirdi və nəyə görə onun çatdırdığı xəbər boş sözlər deyildi?
1 «Bu pis dünyanın sonu nə vaxt gələcək?» Ola bilsin, İsrail və Yəhuda padşahlıqlarına qarşı Allahın hökm xəbərini bəyan edən Mikeya peyğəmbəri də belə bir sual narahat edirdi. Amma onun çatdırdığı xəbər sadəcə boş sözlər deyildi. Mikeyanın yaşadığı dövrdə, yəni b. e. ə. 740-cı ildə Yehovanın Samariyaya qarşı dediyi sözlər yerinə yetdi (Mik. 1:6, 7). Daha sonra isə b. e. ə. 607-ci ildə Yerusəlim məhv edildi (Mik. 3:12). Bəs biz bu gün Yehovanın hökmünün yerinə yetməsini gözləyərkən Mikeya peyğəmbəri necə təqlid edə bilərik?
2. Yehovanın gününü gözləyərkən necə və nə üçün səbir göstərməliyik?
2 Səbirli ol. Mikeya peyğəmbər yazmışdı: «Mən isə Rəbbə baxacağam, məni xilas edən Allahı gözləyəcəyəm» (Mik. 7:7). Əlbəttə, o, sonun gəlişini gözləyərkən əlini əlinin üstünə qoyub oturmurdu. Yehovanın ona həvalə etdiyi peyğəmbərlik işi ilə məşğul olurdu. Yehovanın gününü gözləyərkən biz həmçinin müqəddəs həyat sürməli və Allaha sədaqətli qalmalıyıq (2 Pet. 3:11, 12). Yehovanın səbri sayəsində insanların tövbəyə gəlmək imkanı var (2 Pet. 3:9). Buna görə də biz Allahın peyğəmbərlərin səbrini təqlid etməklə bağlı göstərişinə əməl etməyə çalışırıq (Yaq. 5:10).
3. Biz nə üçün Yehovadan müqəddəs ruh diləməliyik?
3 Yehovanın qüvvəsinə arxalan. Mikeya çətin tapşırıqlar almasına baxmayaraq, bu işi yerinə yetirmək üçün Yehovanın gücünə arxalanırdı (Mik. 3:8). Heç də təəccüblü deyil ki, Müqəddəs Kitab Allahın bizə güc verəcəyinə əmin olmağa təşviq edir. O, yorğun olan kəslərə bol-bol güc verir ki, onlar teokratik məsuliyyətlərini icra edə bilsinlər (Məz. 84:5, 7; Yeşaya 40:28—31). Müqəddəs xidməti icra edərkən şəxsən sən bunun şahidi olmusanmı? Müntəzəm olaraq Yehovadan qüdrətli müqəddəs ruhu ilə sənə kömək etməsini xahiş edirsənmi? (Luka 11:13).
4. Mikeya peyğəmbərin həyat yolundan özümüzə hansı nümunəni götürə bilərik?
4 Bütün ömrü boyu Allahın iradəsi Mikeyanın həyatında ən vacib yeri tutub. Ətrafında pozğunluğun baş alıb getməsinə baxmayaraq, o, sadiq qalmağa qətiyyətli idi. Eynilə, bizim dürüstlüyümüz də hər gün sınanır. Buna görə də gəlin «daim və əbədi Allahımız Rəbbin adı ilə [getmək]» qərarımızı möhkəmləndirək (Mik. 4:5).