Kor insanlara Yehova haqda öyrənməyə kömək et
1. İsa kor insanlara şəfqətlə yanaşdığını necə göstərmişdi?
1 İsanın ölümünə bir neçə gün qalmışdı. O, Əriha şəhərindən çıxanda iki kor dilənçi qışqırdı: «Ağa,.. bizə rəhm et!» İsanın fikri onu gözləyən çətinliklərdə olsa da, ayaq saxladı, onları yanına çağırdı və sağaltdı (Mət. 20:29—34). Bəs biz İsadan nümunə götürərək kor insanlara necə şəfqət göstərə bilərik?
2. İctimai yerdə kor insanla rastlaşanda ona necə şahidlik etmək olar?
2 Köməyinə yet. İctimai yerdə kor insanla rastlaşanda özünü təqdim et və əgər lazımdırsa, köməyini təklif et. Adətən, belə insanlardan istifadə edirlər, buna görə də o, əvvəlcə ehtiyat edə bilər. Ancaq dostyana münasibətin və səmimiyyətin onun şübhələrini qova bilər. Həmçinin yadda saxla ki, korluğun dərəcələri müxtəlif olur və insanın nə dərəcədə köməyə ehtiyacı olduğu bundan asılı ola bilər. Ona kömək etdikdən sonra Müqəddəs Kitab üzrə maarifləndirmə işi ilə məşğul olduğunu vurğulaya bilərsən. Onun üçün Müqəddəs Kitabdan ayə, məsələn Zəbur 146:8, yaxud Əşiya 35:5, 6 ayələrini oxuya bilərsən. Əgər o, Brayl şrifti ilə oxuya bilirsə, ondan Müqəddəs Kitab haqda daha çox öyrənmək üçün Brayl şriftində olan nəşrləri əldə etmək istədiyini soruş. Ona həmçinin jw.org saytından audio yazıları yükləməyə kömək etmək olar. Əgər onun kompüterində mətni monitordan oxuyan proqram varsa, jw.org saytından məqalələri və nəşrləri onu üçün RTF formatda yükləmək olar. («Kor adama kömək edərkən» adlı çərçivəyə bax.)
3. Ərazimizdə kor insanları necə axtara bilərik?
3 Kor insanları axtar. Ev-ev təbliğ edərkən kor insanlarla nadir hallarda qarşılaşırıq. Belə ki, onların əksəriyyəti qapılarına gələn yad adamlarla söhbət etməyi xoşlamırlar. Buna görə də bu cür insanları axtarıb onlara şahidlik etmək üçün əməlli-başlı səy göstərmək lazımdır (Mət. 10:11). İş və ya məktəb yoldaşların arasında kor olanı var? Özün yaxınlaşıb onunla söhbət et. Əgər sizin ərazidə korlar üçün məktəb varsa, onda Brayl şriftində çıxan nəşrlərimizdən bir neçəsini məktəbin kitabxanasına verə bilərsən. Ailəsində kor adam olan kimisə tanıyırsan? Yaşadığın yerdə korlara xidmət göstərən cəmiyyətlər, yaxud korlar evi varmı? Onların ailə üzvünə, qəbul şöbəsində işləyənə və ya müdirə bildir ki, Yehovanın Şahidləri səmimi-qəlbdən kor insanlara kömək etmək istəyir. Sonra isə Brayl şriftində olan nəşrlər və ya audio materiallar gətirməyi təklif et. Ona Müqəddəs Kitabdan Allahın tezliklə korların gözlərini açacağı vədini oxu. Sən həmçinin jw.org saytından «Bilmirəm, onsuz nə edərdim» adlı videonu göstərə bilərsən. Bu video Brayl şriftində Müqəddəs Kitabdan yararlanan bir kor kişi haqdadır. Gəlişinin məqsədini izah etsən, korlarla rahat əlaqə saxlamaq mümkün ola bilər.
4. Canetin nümunəsindən nə öyrənirik?
4 Canet adlı kor bir bacı korlar evinə baş çəkmişdi. Orada gənc bir qadınla söhbətə başlamışdı. Canet ona demişdi: «İsa korları sağaldaraq göstərmişdi ki, gələcəkdə korlara şəfa verəcək». Onlar Vəhy 21:3, 4 ayələrini müzakirə etdikdən sonra Canet Allahın Padşahlığı altında yaşayanda bu vədin necə yerinə yetəcəyini izah etmişdi. Qadın əvvəlcə sükuta qərq olmuş, sonra isə demişdi: «Mən bunu heç vaxt kor adamın dilindən eşitməmişdim. İnsanların çoxu elə fikirləşir ki, korlar ya özlərinin, ya da dədə-babalarının günahının cəzasını çəkirlər». Canet «Müqəddəs Kitab öyrədir» kitabının linkini qadının elektron ünvanına göndərdi, indi onlar həftədə iki dəfə Müqəddəs Kitabı araşdırırlar.
5. Korlara şəfqətlə yanaşsaq, onlara hansı köməyimiz dəyə bilər?
5 Düzdür, biz, İsa kimi, insanların gözlərini aça bilmərik. Ancaq zehni bu dövrün allahı tərəfindən kor edilmiş insanlara, eləcə də əsil korlara Allahın Kəlamındakı həqiqəti başa sala bilərik (2 Kor. 4:4). İsa Əriha yaxınlığındakı həmin o iki kora yazığı gəldiyi üçün onları sağaltmışdı (Mət. 20:34). Əgər biz də kor insanlara şəfqətlə yanaşsaq, onlardan kimlərəsə korluğu əbədiyyən yox edəcək Yehova Allah haqqında öyrədə bilərik.