Məhəbbət bizi başqalarının maraqlarını özümüzünkündən üstün tutmağa təşviq edir
İnsanlara necə münasibət bəsləməliyik?
Bütün insanlar Adəmdən törəyib. Ona görə də bəşəriyyət bir ailədir. Ailə üzvləri təbii olaraq bir-birini sevib, bir-birilərinə hörmət edirlər. Amma bu gün belə məhəbbəti tapmaq çətindir. Bu vəziyyət Allaha xoş deyil.
MÜQƏDDƏS KİTABDA MƏHƏBBƏT
«Başqasını özünüzü sevdiyiniz kimi sevin» (LAVİLİLƏR 19:18).
«Düşmənlərinizi həmişə sevin» (MƏTTA 5:44).
ƏSL MƏHƏBBƏT
1 Korinflilərə 13:4—7 ayələrində Allah əsl məhəbbətə bu cür tərif verir:
«Məhəbbət səbirli və xeyirxahdır».
Düşünün: Başqaları sizə qarşı səbirli və xeyirxah olanda, səhvinizə acıqlanmayanda, məgər, bu sizə xoş təsir etmir?!
«Məhəbbət paxıl deyil».
Düşünün: Kimsə hər hərəkətinizə görə sizə niyyət yazanda, paxıllığınızı çəkəndə hansı hissləri keçirirsiniz?
Məhəbbət «öz xeyrini güdmür».
Düşünün: Kimsə sizin fikirlərinizə hörmətlə yanaşanda, öz dediyində israr etməyəndə nə hiss edirsiniz?
Məhəbbət «ona edilən pisliyin hesabını tutmur».
Düşünün: Allah günahına görə tövbə etmiş insanları bağışlamağa hazırdır. O, «daim nöqsan axtarmaz, əbədiyyən acıqlı qalmaz» (Zəbur 103:9). Xətrinə dəydiyimiz adam bizi bağışlayanda sevinirik. Buna görə biz də qəlbimizə dəyən insanları bağışlamağa hazır olmalıyıq (Zəbur 86:5).
Məhəbbət «haqsızlığa sevinmir».
Düşünün: Başımıza pis bir hadisə gələndə kiminsə əzablarımıza sevinməsini istəmərik. Odur ki, biz də başqalarının, hətta bizimlə pis rəftar edən insanların bədbəxtliyinə sevinməməliyik.
Allahın nemətlərinə yetişmək üçün biz kimliyindən asılı olmayaraq hər kəsə bu cür məhəbbət bəsləməliyik. Bunun bir yolu isə ehtiyacı olanlara kömək əlimizi uzatmaqdır.