BİOQRAFİYA
Başqalarından örnək almağım mənə nemətlər bəxş etdi
GƏNC olanda təbliğ etmək mənə çətin gəlirdi. Böyüdükcə öhdəsindən gələ bilməyəcəyimi düşündüyüm təyinatlar alırdım. İstəyirəm sizə 58 illik tamvaxtlı xidmətim boyu qorxularımı aşmağa kömək edən bəzi şəxslərin nümunəsindən və aldığım gözəl nemətlərdən danışım.
Mən Kanadanın fransızdilli əyaləti olan Kvebekdə dünyaya gəlmişəm. Valideynlərim Luis və Zelia məni məhəbbət və qayğı ilə böyüdüb. Atam sakit təbiətli insan idi, oxumağı çox sevirdi. Mən yazmağı xoşlayırdım və böyüyəndə jurnalist olmaq istəyirdim.
12 yaşım olanda atamın iş yoldaşı Rodolf Süsi bir dostu ilə bizə gəlmişdi. Onlar Yehovanın Şahidi idi. Yehovanın Şahidləri haqda elə də çox şey bilmirdim və nəyə inandıqları mənə elə də maraqlı deyildi. Bununla belə, onların Müqəddəs Kitab vasitəsilə suallara necə məntiqli cavablar verməsi məni heyrətləndirmişdi. Bu, valideynlərimin də xoşuna gəlmişdi, ona görə də Müqəddəs Kitabı öyrənmək qərarına gəldik.
Həmin vaxt mən katolik məktəbində oxuyurdum. Bəzən sinif yoldaşlarıma Müqəddəs Kitab dərsində öyrəndiklərim barədə danışırdım. Günlərin bir günü keşiş olan müəllimlərim bundan xəbər tutdu. Dediklərimin yanlış olduğunu Müqəddəs Kitab vasitəsilə sübut etmək əvəzinə, müəllimlərdən biri məni bütün sinfin önündə satqın adlandırdı. Amma yaranan bu gərgin vəziyyət mənim üçün xeyir-duaya çevrildi. Məktəbdə öyrədilən dini təlimlərin Müqəddəs Kitabla uzlaşmadığını gördüm. Anladım ki, bu məktəb mənlik deyil. Valideynlərimin razılığı ilə başqa bir məktəbə keçdim.
TƏBLİĞİ SEVMƏYİ ÖYRƏNDİM
Müqəddəs Kitabı öyrənməyə davam edirdim, amma ev-ev təbliğ etməkdən qorxduğum üçün ruhani inkişafım zəif gedirdi. Katolik kilsəsi böyük nüfuza sahib idi və təbliğ işimizə kəskin şəkildə qarşı çıxırdı. Kvebekin baş naziri Moris Düplessi kilsənin siyasi müttəfiqi idi. Onun dəstəyi ilə camaat Yehovanın Şahidlərini təqib edir, hətta onlara hücum çəkirdi. Həmin vaxt təbliğ etmək üçün əsl cəsarət gərək idi.
Gilad məktəbinin doqquzuncu sinif məzunu Con Rey qardaş mənə qorxularımı dəf etməyə kömək etdi. O, çox təcrübəli, həlim və təvazökar insan idi, onunla söhbət etmək asan idi. Con qardaş çox nadir hallarda mənə birbaşa məsləhət verərdi, amma onun qoyduğu nümunədən çox şey öyrəndim. Qardaş fransız dilində çətinliklə danışırdı, buna görə də çox vaxt xidmətdə onunla əməkdaşlıq edir və fransızca təbliğ etməyə kömək edirdim. Yehovanın Şahidləri ilə tanışlığımdan on il sonra, 1951-ci il mayın 26-sı vəftiz olundum.
Con Reyin (A) gözəl nümunəsi mənə (B) ev-ev təbliğ etmək qorxusunu yenməyə kömək etdi
Kvebek şəhərindəki kiçik yığıncağımızın çoxu öncül kimi xidmət edirdi. Onların gözəl nümunəsi məni öncül olmağa təşviq etdi. O vaxtlar ev-ev təbliğdə heç bir nəşrdən istifadə etmirdik. Təkcə Müqəddəs Kitabla təbliğ etdiyimizə görə ayələrdən məharətlə istifadə etməyi bacarmalıydıq. Odur ki, həqiqəti müdafiə etməyimə kömək edəcək ayələri öyrənməyə çalışırdım. Lakin çoxları bu ayələri də oxumaq istəmirdi. Onlar Katolik kilsəsinin təsdiqləmədiyi Müqəddəs Kitab tərcümələrini qəbul etmirdilər.
1952-ci ildə yığıncağımızdan Simon Patri adlı sədaqətli bir dindaşımla ailə qurdum. Monreala köçdük, bir ilin içində qızımız Liz dünyaya gəldi. Evlənəndən qısa müddət sonra öncüllüyü dayandırsam da, Simonla birgə sadə həyat sürməyə çalışırdıq, istəyirdik ki, ibadət görüşlərində və təbliğ işində tam iştirak edək.
On ildən sonra yenidən xidmətimi genişləndirmək barədə düşünməyə başladım. 1962-ci ildə Kanada Beytelində Məsul Qardaşlar üçün Məktəbdə oxuyan zaman Kamil Volet adlı bir qardaşla eyni otaqda qalırdım. Kamil ailəli idi və uşağı var idi, buna rəğmən, xidmətə can qoyurdu. Bu mənə çox təsir etmişdi. Həmin vaxt Kvebekdə uşaq böyüdən valideynlərin öncül kimi xidmət etdiyinə çox nadir hallarda rast gəlmək olardı. Kamil qarşısına öncül olmaq məqsədi qoymuşdu. Bir yerdə qaldığımız müddətdə o məni də vəziyyətimi götür-qoy etməyə təşviq edirdi. Bir neçə aydan sonra düşündüm ki, yenidən öncül kimi xidmət edə bilərəm. Bəziləri bu qərarımın müdrik olmadığını düşünürdü, amma mən heç nəyə fikir vermədim. Əmin idim ki, Yehova daha çox xidmət etmək qərarımı dəstəkləyəcək.
KVEBEK ŞƏHƏRİNƏ XÜSUSİ ÖNCÜL KİMİ QAYIDIRIQ
1964-cü ildə Simonla mən doğma yurdumuza, Kvebek şəhərinə xüsusi öncül kimi təyin olunduq və burada bir neçə il xidmət etdik. Həmin vaxtlar təbliğlə bağlı vəziyyət yaxşılaşmağa doğru gedirdi, amma hələ də təqiblərlə üzləşirdik.
Bir dəfə şənbə günü günorta saatlarında Kvebek şəhərinin yaxınlığındakı Sent-Mari adlı balaca bir şəhərdə həbs olundum. Polis məni bölməyə apardı və icazəsiz ev-ev təbliğ etdiyim üçün həbs etdi. Daha sonra məni Bayarjon adlı zəhmli bir hakimin qarşısına çıxardılar. O, məhkəmədə məni kimin təmsil edəcəyini soruşdu. Yehovanın Şahidi olan tanınmış vəkil Qlen Haununa adını çəkəndə hakim hiddətlənib dedi: «Ola bilməz! Bircə o, olmasın!» Qlen Hau Yehovanın Şahidlərini uğurla müdafiə edən vəkil kimi böyük nüfuza malik idi. Çox keçməmiş məhkəmə mənim azad olunduğumu bildirdi.
Kvebekdəki təqiblər ucbatından ibadət görüşləri keçirməyə münasib yer tapmaq çətin idi. Kiçik yığıncağımız üçün köhnə, buz kimi soyuq qarajı güclə tapmışdıq. Şaxtalı qış günlərində yüngülvari isinmək üçün yağla işləyən qızdırıcı istifadə edirdik. Biz çox vaxt yığıncaqdan bir neçə saat əvvəl onun ətrafına toplaşıb ruhlandırıcı hadisələr danışırdıq.
İllər ərzində təbliğ işinin necə çiçəkləndiyini görmək möhtəşəmdir. 1960-cı illərdə Kvebek şəhərində, Kot-Nor bölgəsində və Qaspe yarımadasında ümumilikdə bir neçə kiçik yığıncaq var idi. Bu gün isə bu ərazilərdə ikidən çox teokratik rayon var və bacı-qardaşlar gözəl ibadət evlərində yığışır.
SƏYYAR XİDMƏTƏ DƏVƏT OLUNURUQ
1977-ci ildə Torontoda (Kanada) səyyar nəzarətçilər üçün görüşdə iştirak etmişəm
1970-ci ildə həyat yoldaşımla birgə rayon xidmətinə dəvət aldıq. 1973-cü ildə isə vilayət nəzarətçisi təyin olundum. Bu illər ərzində səyyar xidmətdə olan Lorya Somuerb və Deyvid Spleync kimi təcrübəli qardaşlardan çox şey öyrəndim. Hər toplantıdan sonra Deyvidlə mən təlim vermək bacarığımızı daha da yaxşılaşdırmaqla bağlı bir-birimizə məsləhət verirdik. Yadımdadır, bir dəfə Deyvid mənə demişdi: «Leons, sonuncu məruzən xoşuma gəldi. Yaxşı məruzə idi, amma mən bu məruzədən üç məruzə hazırlayardım!» Həqiqətən də, məruzəmə həddindən çox məlumat daxil edirdim. Daha yığcam məruzə hazırlamağı öyrənməliydim.
Kanadanın şərqindəki bir çox şəhərdə xidmət etmişəm
Vilayət nəzarətçilərinin üzərinə rayon nəzarətçilərini ruhlandırmaq məsuliyyəti düşürdü. Kvebekdə təbliğçilərin bir çoxu məni yaxşı tanıdığından rayonları ziyarət edən zaman xidmətdə mənimlə əməkdaşlıq etmək istəyirdilər. Onlarla əməkdaşlıq etməkdən zövq alırdım, amma rayon nəzarətçilərinə kifayət qədər vaxt ayıra bilmirdim. Bir dəfə bir rayon nəzarətçisi mənə mehribanlıqla dedi: «Bacı-qardaşlara vaxt ayırmağın çox yaxşıdır, amma unutma ki, bu bir həftə mənə məxsusdur. Mənim də ruhlanmağa ehtiyacım var!» Bu mülayim məsləhət mənə daha tarazlı olmağa kömək etdi.
1976-cı ildə gözlənilməz faciə baş verdi. Can yoldaşım Simon ciddi xəstəliyə tutuldu və ölüm yuxusuna getdi. O, çox gözəl həyat yoldaşı olub, çünki fədakar və Yehovanı sevən bir qadın idi. Xidmətə çox vaxt ayırmağım onun itkisinə dözməyə kömək etdi. Yehovaya minnətdaram ki, bu ağır dönəmlərdə mənə dayaq oldu. Sonralar Karolin Eliot adlı öncül dindaşımla ailə qurdum. O, ingilis dilində danışırdı və Kvebekə tələbat olan ərazidə xidmət etmək məqsədi ilə köçmüşdü. Karolin mehribandır və insanlarla səmimi-qəlbdən maraqlanır. Xüsusilə də utancaq xasiyyətli adamlara, yaxud tənhalıqdan əziyyət çəkənlərə diqqət göstərir. Birgə səyyar xidmət etdiyimiz vaxtlar onun mənə böyük köməyi dəyib.
ƏLAMƏTDAR İL
1978-ci ilin yanvarında mənə Kvebekdə keçirilən ilk Öncül Məktəbində təlim verməyi tapşırdılar. Çox həyəcanlı idim, çünki bu məktəb həm şagirdlər, həm də mənim üçün ilk idi. Xoşbəxtlikdən, təlim verdiyim ilk sinifdə çoxlu təcrübəli öncül var idi. Təlimatçı olsam da, şagirdlərdən çox şey öyrəndim!
Elə həmin ildə Monreal Olimpiya Stadionunda «Qalib gələn iman» adlı beynəlxalq toplantı keçirildi. Bu, Kvebekdə keçirilmiş ən böyük toplantı idi, 80 000-dən çox adam iştirak etmişdi. Mən Məlumat şöbəsinə təyin olunmuşdum. Çoxlu jurnalistlə söhbət etmişdim və mətbuatda haqqımızda çıxan gözəl xəbərlər məni sevindirirdi. Televiziya və radio kanallarında müsahibələrimizə 20 saatdan çox vaxt ayrılmışdı və haqqımızda yüzlərlə məqalə çap olunmuşdu. Bu, möhtəşəm şahidlik idi!
FƏRQLİ BİR ƏRAZİYƏ KÖÇÜRÜK
1996-cı ildə mənim üçün böyük bir dəyişiklik baş verdi. Vəftizimdən bu yana Kvebekdə fransızdilli ərazidə xidmət edirdim. İndi isə məni Toronto ərazisində ingilisdilli sahəyə təyin etdilər. Özümü bu xidmətə yararsız hesab edirdim. İngilis dilini zəif bildiyim üçün məruzələr söyləmək fikri məni qorxudurdu. Yehovaya tez-tez dua etməli və Ona tam güvənməli idim.
Bu vilayətdə xidmətə başlayanda çox həyəcanlı idim, amma indi deyə bilərəm ki, Toronto ərazisində xidmət etdiyimiz iki il çox gözəl keçdi. Karolin ingilis dilində əminliklə danışmağıma kömək etdi, bacı-qardaşlar da mənə dəstək olur, ruhlandırırdı. Tez bir zamanda çoxlu dostlara sahib olduq.
Rayon toplantısı üçün çoxlu hazırlıqlar görməli olurdum. Bundan əlavə, çox vaxt cümə günləri axşamlar təxminən bir saat ev-ev xidmətdə iştirak edirdim. Kimsə düşünə bilərdi ki, gərgin toplantı həftəsi ərzində xidmətə çıxmağa nə gərək var? Amma xidmət zamanı gözəl söhbətlər alınırdı və bu məni ruhlandırırdı. Hətta indi də sahə xidmətində iştirak etmək əhvalımı yüksəldir.
1998-ci ildə Karolinlə mən yenidən Monreala xüsusi öncül xidmətinə təyin olunduq. Uzun illər ərzində xüsusi ictimai şahidlik işini təşkil etmişəm və Yehovanın Şahidlərinə qarşı olan qərəzli fikirləri aradan qaldırmaq üçün kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmişəm. Hal-hazırda Karolinlə birgə Kanadaya köçən əcnəbilərə təbliğ edirik. Əksər hallarda onlar Müqəddəs Kitabı öyrənməyə böyük maraq göstərir.
Həyat yoldaşım Karolinlə birgə
Yehovanın vəftiz olunmuş xidmətçisi kimi 68 il ərzində çoxlu nemətlər almışam. Təbliğdən sevinc duymağı öyrənmək və başqalarına həqiqəti öyrətmək mənə xoşbəxtlik bəxş edib. Qızım Lizlə yoldaşı uşaqlarını böyüdəndən sonra öncül xidmətinə başladı. Qızımın hələ də xidmətdə necə şövqlü olduğunu görmək məni çox sevindirir. Öz gözəl nümunələri və məsləhətləri ilə mənə ruhani cəhətdən tərəqqi etməyə və Yehovanın təşkilatında müxtəlif tapşırıqları yerinə yetirməyə kömək edən dindaşlarıma çox minnətdaram. Öyrəndim ki, yalnız Yehovanın müqəddəs ruhuna bel bağladığımız təqdirdə təyinatımızı davam etdirə bilərik (Zəb. 51:11). Yehovaya minnətdaram ki, mənə Öz adını mədh etmək şərəfi nəsib edib! (Zəb. 54:6)
a Qlen Haunun «Bu döyüş sizin yox, Allahındır» adlı bioqrafiyası «Oyanın!» jurnalının 2000-ci il 22 aprel sayında (rus.) dərc olunub.
b Lorya Somuerin «Tapdığım şeyə görə vuruşmağa dəyərdi» adlı bioqrafiyası «Gözətçi qülləsi» jurnalının 1976-cı il 15 noyabr sayında (ing.) dərc olunub.
c Deyvid Spleyn hal-hazırda Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvüdür.