TƏLİM MƏQALƏSİ 51
Bəla vaxtı qəlb rahatlığını qoruyaq
«Qoy ürəyiniz narahat olmasın, qorxmayın» (YƏH. 14:27).
NƏĞMƏ 112 Yehova sülh Allahı
İCMALa
1. «Allahın sülhü» nədir və o bizə nədə kömək edir? (Filippililərə 4:6, 7).
«ALLAHIN SÜLHÜ». Dünyanın bu sülhdən xəbəri yoxdur. Bu sülh səmavi Atamızla münasibətdən qaynaqlanan qəlb rahatlığıdır. Allahın sülhü sayəsində ürəyimizdə qorxu-hürkü olmur. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.) Yehovanı sevən insanlarla aramızda gözəl dostluq münasibətləri olur. Ən əsası isə «sülh mənbəyi» olan Allahla yaxın, səmimi dost oluruq (1 Salon. 5:23). Səmavi Atamızı tanıyanda, Ona güvənəndə və itaət edəndə Onun sülhü hətta çətin vaxtlarda belə qəlbimizə sakitlik verir.
2. Nəyə görə əmin ola bilərik ki, bizdə Allahın sülhü ola bilər?
2 Doğrudanmı, xəstəliklər, fəlakətlər, iğtişaşlar, təqiblər və başqa çətinliklər vaxtı qəlb rahatlığını qorumaq mümkündür? Bu çətinliklər qəlbimizi qorxuya sala bilər. Amma İsa davamçılarına növbəti məsləhəti vermişdi: «Qoy ürəyiniz narahat olmasın, qorxmayın» (Yəh. 14:27). Nə yaxşı ki, bacı-qardaşlar İsanın məsləhətinə əməl edirlər. Yehovanın köməyi sayəsində onlar ən çətin sınaqlar vaxtı belə qəlb rahatlığını itirmirlər.
XƏSTƏLİKLƏR ZAMANI QƏLB RAHATLIĞINI QORUYAQ
3. Epidemiya və ya pandemiya insanlara necə təsir edir?
3 Epidemiya və ya pandemiya həyatımızı köklü şəkildə dəyişə bilər. COVID-19 pandemiyası da çoxlarının həyatına təsirsiz ötüşmədi. Bir hesablamaya əsasən, insanların yarısından çoxu pandemiyada yuxusuzluqdan əziyyət çəkib. Bu xəstəlik nəticəsində narahatlıq, depressiya halları, spirtli içkidən sui-istifadə, narkotik qəbulu, ailə zorakılığı və intihara cəhd halları xeyli artıb. Yaşadığınız ərazidə xəstəlik yayılıbsa, narahatlığınızı azaltmağa və Allahın sülhünü duymağa nə kömək edər?
4. Nəyə görə İsanın axırzamanla bağlı peyğəmbərliyi bizə qəlb rahatlığı verir?
4 İsa Məsih peyğəmbərlik etmişdi ki, axırzamanda «gah burada, gah orada» xəstəliklər olacaq (Luka 21:11). Bunu bilmək sayəsində xəstəliklər baş qaldıranda təəccüblənmirik və qəlb rahatlığını qoruya bilirik. Biz görürük ki, bütün hadisələr İsanın dediyi kimi cərəyan edir. Buna görə də İsa Məsihin axırzamanda yaşayan kəslərə verdiyi məsləhətə əməl etməliyik. O demişdi: «Təşvişə düşməyin» (Mət. 24:6).
Xəstəlik yayılan vaxtlarda Müqəddəs Kitabın audioyazılarına qulaq asmaq sizə rahatlıq gətirəcək (5-ci abzasa baxın)
5. a) Filippililərə 4:8, 9 ayələrinə əsasən, xəstəlik yayılanda nə barədə dua edə bilərik? b) Müqəddəs Kitabın audioyazılarını dinləməyin hansı xeyrini görürsünüz?
5 Xəstəliklər tüğyan edəndə insan asanlıqla narahatlıq keçirə, hətta panikaya düşə bilər. Belə bir şey Dezib adlı bacının da başına gəlmişdi. Onun əmisi, əmisi oğlu və həkimi COVID-19 xəstəliyindən vəfat etmişdi. Dezi qorxurdu ki, özü də xəstəliyə yoluxar və yaşlı anasını da yoluxdurar. Bir tərəfdən də narahat idi ki, pandemiyaya görə birdən işini itirər, belə olsa, necə dolanar, kirayə pulunu necə ödəyər. O, fikirdən gecələr yata bilmirdi. Amma Dezi yenidən qəlb rahatlığı tapdı. Ona bu sahədə nə kömək etdi? Dezi Yehovaya dua edib xahiş etdi ki, onu sakitləşdirsin və müsbət düşünməyə kömək etsin. (Filippililərə 4:8, 9 ayələrini oxuyun.) Müqəddəs Kitabın audioyazısına qulaq asaraq o, sanki Yehovanı dinləyirdi. «Oxucuların mülayim səsini eşitdikcə narahatlıqlarım azalırdı və Yehovanın mərhəmətini hiss edirdim»,— deyə Dezi bölüşür (Zəb. 94:19).
6. Fərdi mütaliə və yığıncaq görüşləri sizə necə kömək edə bilər?
6 Xəstəliklər yayılanda insanın həyatı əvvəlki kimi olmur. Amma çalışın, fərdi mütaliə edəsiniz, yığıncaq görüşlərindən qalmayasınız. Nəşrlərimizdən, videolarımızdan oxşar çətinliklərlə üzləşən, amma sadiq qalan dindaşlarımızın həyat hekayələri ilə tanış olun (1 But. 5:9). İbadət görüşlərində olanda çoxlu ruhlandırıcı fikirlər eşidəcəksiniz. Bu görüşlərdə həm özünüz ruhlanacaqsınız, həm də dindaşlarınızı ruhlandıracaqsınız (Rom. 1:11, 12). Həmçinin düşünün görün Yehova xəstələnən, qorxuya düşən və özünü tənha hiss edən xidmətçilərinə necə dəstək olmuşdu. Bu, imanınızı möhkəmləndirəcək və əmin olacaqsınız ki, Yehova sizi də tək qoymayacaq.
7. Həvari Yəhyadan nə öyrənirik?
7 Dindaşlarınızla əlaqəni kəsməyin. Düzdür, xəstəlik yayılanda biz insanlarla fiziki məsafə saxlamalı oluruq, hətta dindaşlarımızla bir yerdə olanda da onlara yaxın gedə bilmirik. Bəlkə də, belə vaxtlarda özümüzü həvari Yəhya kimi hiss edirik. O, dostu Qayla üz-üzə danışmaq istəyirdi (3 Yəh. 13, 14). Amma Yəhya başa düşürdü ki, bu, hələ mümkün deyil. O həmin vəziyyətdə bacardığını etdi, Qaya məktub yazdı. Əgər siz də bacı-qardaşlarla canlı şəkildə görüşə bilmirsinizsə, onlarla telefon, videozəng vasitəsilə əlaqə yaradın və ya mesaj yazın. Dindaşlarınızla daim ünsiyyətdə olsanız, özünüzü əvvəlki qədər tənha hiss etməyəcəksiniz və qəlbiniz aramlıq tapacaq. Güclü narahatlıq keçirəndə ağsaqqallarla danışın, onlar sizə ürək-dirək verəcək (Əşy. 32:1, 2).
FƏLAKƏTLƏR ZAMANI QƏLB RAHATLIĞINI QORUYAQ
8. Fəlakətlə üzləşəndə insan adətən hansı hissləri keçirir?
8 Daşqın, zəlzələ, yanğın baş verəndə bəzi insanlar uzun müddət təlaş hissindən qurtula bilmirlər. İnsan əzizini itirəndə, ev-eşiyi dağılanda kədər, ümidsizlik və hətta qəzəb hissi keçirir. Əgər siz də bu cür hisslər keçirirsinizsə, bu, o demək deyil ki, imanınız azdır, yaxud malpərəstsiniz. Həyatın bu kimi keşməkeşli günlərində belə hisslər keçirmək təbiidir. Ola bilsin, başqaları da sizin mənfi reaksiya verəcəyinizi gözləsin (Əyy. 1:11). Amma belə çətin vaxtlarda da qəlb rahatlığını qorumaq mümkündür. Necə?
9. İsa bizi fəlakətlərə necə hazırlayırdı?
9 İsanın söylədiyi peyğəmbərliyi unutmayın. Bu dünyada bəzi insanlar nə vaxtsa fəlakətlə üzləşəcəklərini ağıllarına gətirmirlər. Amma biz bilirik ki, fəlakətlər get-gedə artacaq və hətta bu bizim də başımıza gələ bilər. İsa davamçılarına demişdi ki, son gəlməzdən əvvəl «güclü zəlzələlər» və digər fəlakətlər olacaq (Luka 21:11). Həmçinin o demişdi ki, hərc-mərclik baş alıb gedəcək (Mət. 24:12). Bu gün bunun canlı şahidiyik. Məsələn, zorakılıq, cinayətkarlıq və terrorizm bütün dünyanı öz cənginə alıb. Hətta Yehovanın bir çox sadiq xidmətçiləri belə bu bəlalara tuş gəlir. İsa heç vaxt deməmişdi ki, başımıza belə bir bəla gəlibsə, deməli, Allah bizi atıb (Əşy. 57:1; 2 Kor. 11:25). Yehova bizi möcüzəvi şəkildə bütün fəlakətlərdən qorumasa da, bu fəlakətlər zamanı bizə sakitlik, qəlb rahatlığı verir.
10. Nəyə görə fəlakətlərə indidən hazırlaşmaq imanın göstəricisidir? (Məsəllər 22:3).
10 Fəlakətlərə qabaqcadan hazırlaşsaq, fəlakət baş verəndə sakitliyimizi qorumaq asan olacaq. Bəs qabaqcadan hazırlaşmağımız Yehovaya imanımızın olmadığından xəbər verir? Əlbəttə ki, yox. Əslində, fəlakətlərə hazırlaşmaqla göstəririk ki, Yehovanın bizim qayğımıza qalacağına inanırıq. Nəyə görə? Çünki Allahın Kəlamında məsləhət görülür ki, fəlakətlərə hazırlıqlı olaq. (Məsəllər 22:3 ayəsini oxuyun.) Həmçinin Allahın təşkilatı nəşrlər, ibadət görüşləri və elanlar vasitəsilə xəbərdarlıq edir ki, fəlakətlərə hazırlaşaqc. Əgər Yehovaya etibar ediriksə, elə indidən, fəlakət baş verməmişdən öncə verilən məsləhətlərə riayət edəcəyik.
Qabaqcadan hazırlaşmaqla fəlakət zamanı həyatınızı xilas edə bilərsiniz (11-ci abzasa baxın)d
11. Marqaret bacıdan nə öyrənirik?
11 Gəlin Marqaret adlı bacının nümunəsinə baxaq. Onun yaşadığı ərazidə güclü yanğın baş verdiyi üçün hökumət əhaliyə ərazini tərk etməyi tapşırmışdı. Hamı eyni vaxtda çıxdığından yollarda tıxac yaranmışdı və hərəkət dayanmışdı. Üstəlik, tüstü hər yanı bürümüşdü; Marqaret bir müddət maşından çıxa bilmədi. Amma qabaqcadan hazırlaşdığı üçün sağ qaldı. O, əvvəlcədən çantasına xəritə qoymuşdu. Xəritənin köməyilə başqa yolla həmin ərazidən çıxa bildi. Həm də bacı əvvəlcədən bu yolu maşınla getmişdi ki, fövqəladə hal yaranarsa, yolu asanlıqla tapsın. Qabaqcadan hazırlaşdığı üçün Marqaret həyatını xilas etdi.
12. Təhlükəsizliklə bağlı göstərişlərə nəyə görə əməl etmək lazımdır?
12 İdarə orqanları həm əhalini, həm də asayişi qorumaq üçün komendant saatı və ya təxliyə elan edə bilər. Yaxud hansısa başqa göstərişlər verə bilər. Bəzi insanlar ev-eşiklərini qoyub getmək istəmirlər, buna görə də göstərişlərə əməl etmirlər. Bəs məsihilər necə davranmalıdır? Müqəddəs Kitabda deyilir: «Ağanın xatirinə insan hakimiyyətlərinə tabe olun. Ən yüksək vəzifə tutduğuna görə padşaha, yaxud… padşah tərəfindən göndərilmiş hakimlərə tabe olun» (1 But. 2:13, 14). Bundan əlavə, Allahın təşkilatı da təhlükəsizliyimizi qorumaq üçün bizə göstərişlər verir. Tez-tez elan edilir ki, son əlaqə məlumatlarımızı ağsaqqallara verək. Fövqəladə hal baş verəndə onda onlar bizimlə əlaqə yarada biləcəklər. Bəs siz bunu etmisiniz? Bəzən biz müəyyən sahələrlə, məsələn, zərərçəkənlər üçün ayrılan yardımı əldə etmək, başqalarına kömək etmək, evdən çıxmamaq, yaxud ərazini tərk etməklə bağlı göstərişlər alırıq. Əgər bu göstərişlərə tabe olmasaq, həm özümüzün, həm də ağsaqqalların həyatını təhlükəyə atarıq. Unutmayın ki, bu sadiq kişilər bizim qeydimizə qalırlar (İbr. 13:17). Marqaret deyir: «Mən tam əminəm ki, ağsaqqalların və təşkilatın verdiyi göstərişlərə əməl etmək mənim həyatımı xilas etdi».
13. Yurd-yuvalarından didərgin düşən məsihilərə sevinc və qəlb rahatlığı duymağa nə kömək edir?
13 Bir çox bacı-qardaşlar fəlakətlər, müharibələr, iğtişaşlar ucbatından yurd-yuvalarını tərk ediblər, amma buna baxmayaraq, onlar tez bir zamanda yeni vəziyyətə uyğunlaşıblar və ruhani fəaliyyətlərini bərpa ediblər. Təqiblər ucbatından başqa ərazilərə dağılışan ilk məsihilər kimi, onlar da Allahın sözünü müjdələməyə davam edirlər (Həv. 8:4). Təbliğ işi onlara diqqətlərini çətinliklərə yox, Allahın Padşahlığına cəmləməyə kömək edir. Beləcə, onlar sevinclərini qoruyurlar və qəlb rahatlığı tapırlar.
TƏQİBLƏR ZAMANI QƏLB RAHATLIĞINI QORUYAQ
14. Təqiblər bizə necə təsir edə bilər?
14 Bir çox işlər var ki, onlarla məşğul olanda ürəyimiz rahat olur. Ancaq təqiblər baş qaldıranda biz bu işlərlə məşğul ola bilmirik. Adətən biz sərbəst şəkildə bir yerə yığışanda, təbliğ edəndə və həbs olunmaq qorxusu olmadan gündəlik işlərimizi görəndə məmnunluq duyuruq. Bu sərbəstlik əlimizdən alınanda gələcəyə görə narahat oluruq, təlaş keçiririk. Bu cür hisslər keçirmək təbiidir. Amma yenə də ehtiyatlı olmalıyıq. İsa bildirmişdi ki, bəzi davamçıları təqiblərlə üzləşəndə ondan üz döndərəcəklər (Yəh. 16:1, 2). Bəs təqiblər zamanı qəlb rahatlığımızı necə qoruya bilərik?
15. Nəyə görə təqiblərdən qorxmamalıyıq? (Yəhya 15:20; 16:33).
15 Allahın Kəlamında deyilir: «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq» (2 Tim. 3:12). Andrey adlı bir qardaşın yaşadığı ölkədə fəaliyyətimiz qadağan olunanda o, bu vəziyyətlə heç cür barışa bilmirdi. O belə fikirləşirdi: «Burada bu qədər Yehovanın Şahidi var. Necə ola bilər ki, hamını həbs etsinlər?» Amma bu cür fikirləşməsi heç də ona rahatlıq gətirmirdi, əksinə, təşvişə salırdı. Başqa qardaşlar isə hər şeyi Yehovanın öhdəsinə buraxmışdılar, onlar özlərini həbs olunmayacaqlarına inandırmağa çalışmırdılar. Başa düşürdülər ki, həbs oluna bilərlər, ancaq Andrey qədər narahat olmurdular. Andrey onlara baxıb düşüncəsini dəyişdi və hər şeyi Yehovanın öhdəsinə buraxdı. Çox tezliklə onun ürəyi sakitləşdi və hazırda vəziyyət dəyişməsə də, o, sevincini qoruya bilir. Eyni şey bizə də aiddir. Düzdür, İsa demişdi ki, təqib olunacağıq, amma eyni zamanda əmin etmişdi ki, təqiblər zamanı sadiq qala biləcəyik. (Yəhya 15:20; 16:33 ayələrini oxuyun.)
16. Təqiblər zamanı hansı göstərişlərə tabe olmalıyıq?
16 Fəaliyyətimiz qadağan olunanda filialdan və ağsaqqallardan göstərişlər alırıq. Bu göstərişlər bizi qorumaq, ruhani qidanı əldə etmək və təbliğ işini mümkün qədər davam etdirmək üçün nəzərdə tutulub. Aldığınız göstərişlərə tabe olmaq üçün əlinizdən gələni edin, hətta onların nəyə görə verildiyini başa düşməsəniz də (Yaq. 3:17). Həmçinin bacı-qardaşlar barədə, yığıncağın işləri ilə bağlı məlumatları aidiyyəti olmayan insanlara verməyin (Vaiz 3:7).
Çətin vaxtlarda qəlb rahatlığını necə tapa bilərik? (17-ci abzasa baxın)e
17. Birinci əsrdəki məsihilər kimi nə etməyə əzmlisiniz?
17 Şeytanın Allahın xalqına qarşı vuruşmasının səbəblərindən biri onların «İsa haqqında şəhadət» etməsidir (Vəhy 12:17). Qoymayın ki, Şeytan və onun dünyası sizi qorxuya salsın. Təqiblərə rəğmən, təbliğ işində iştirak etmək bizə sevinc və qəlb rahatlığı verir. Birinci əsrdə yəhudi din xadimləri həvarilərə təbliğ etməyi qadağan etmişdilər. Amma onlar Allaha itaət edərək təbliği davam etdirdilər, bu isə onlara sevinc gətirdi (Həv. 5:27—29, 41, 42). Sözsüz ki, fəaliyyətimiz qadağan olunanda biz ehtiyatla təbliğ etməliyik (Mət. 10:16). Ancaq xidmətdə əlimizdən gələni etsək, Yehovanı razı saldığımıza, insanlara müjdə çatdırdığımıza görə qəlbimizdə sülh hökm sürəcək.
«SÜLH ALLAHI SİZİNLƏ OLACAQ»
18. Bizə əsl sülhü kim verə bilər?
18 Əmin olun ki, həyatınızın ən çətin anlarında belə qəlb rahatlığı duya bilərsiniz. Belə vaxtlarda Yehovadan sülh diləməyi unutmayın, çünki yalnız Yehovanın verdiyi sülhlə çətinliyə dözmək mümkündür. Xəstəliklər, fəlakətlər, təqiblər zamanı Yehovaya arxalanın, Onun təşkilatına bağlı qalın. Sizi qarşıda gözləyən möhtəşəm gələcək barədə düşünün. Onda «sülh Allahı sizinlə olacaq» (Filip. 4:9). Növbəti məqalədə öyrənəcəyik ki, bəlalarla üzləşən dindaşlarımıza Allahın sülhünü duymağa necə kömək edə bilərik.
NƏĞMƏ 38 Allah səni güclü edəcək
a Yehova Onu sevənlərə sülhünü verəcəyini vəd edir. «Allahın sülhü» nədir? Onu necə tapa bilərik? Allahın sülhü bizə xəstəliklər, fəlakətlər və təqiblər zamanı necə kömək edə bilər? Məqalədə bu sualların cavabını tapacağıq.
b Bəzi adlar şərtidir.
c «Oyanın!» jurnalının 2017-ci il 5 nömrəli sayında yerləşən «Fövqəladə hallarda həyatımızı qoruyan tədbirlər» adlı məqaləyə baxın.
d ŞƏKLİN İZAHI. Bir bacı qabaqcadan hazırlaşdığı üçün dərhal evini tərk edə bildi.
e ŞƏKLİN İZAHI. Qardaş fəaliyyətimizin qadağan olunduğu ərazidə yaşayır və ehtiyatla təbliğ edir.