TƏLİM MƏQALƏSİ 17
NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz
Ruhani cənnəti heç vaxt tərk etməyin
«Yaratdığım şeylərə görə əbədiyyən sevinin, şadlanın!» (ƏŞY. 65:18).
ƏSAS FİKİR
Öyrənin görün ruhani cənnətdə olmağın hansı faydaları var və başqalarını ruhani cənnətə necə cəlb edə bilərik.
1. Ruhani cənnət nədir və bizim niyyətimiz nə olmalıdır?
BU GÜN yer üzündə bir cənnət mövcuddur. Bu cənnətin milyonlarla sakini var. Orada həyat qaynayır, insanlar xeyirxah əməllərlə məşğuldur, bir-birilərinə can deyib, can eşidirlər. Bu cənnətin sakinləri oranı heç vaxt tərk etməmək niyyətindədirlər. Onlar bu xüsusi məkana başqalarının da gəlməsini istəyirlər. Bura haradır? Ruhani cənnət!a
2. Nəyə görə ruhani cənnətin mövcudluğu maraqlı məqamdır?
2 Şeytan bu gün dünyanı nifrətlə, pisliklə, təhlükələrlə dolu olan bir məkana çevirib. Maraqlıdır ki, Yehova belə bir dünyada sülhün, birliyin hökm sürdüyü məcazi bir yer yaradıb (1 Yəh. 5:19; Vəhy 12:12). O görür ki, bu şər dünya insanlara çox acılar yaşadır. Buna görə də xidmətçilərinin Ona sevinclə xidmət edə bilməsi üçün təhlükəsiz bir mühit yaradıb. Allahın Kəlamında ruhani cənnət «daldalanmaq üçün çardaq», «yaxşı sulanan bağ» kimi təsvir edilir (Əşy. 4:6; 58:11). Axırzamanda yaşamalarına baxmayaraq, bu ruhani cənnətin sakinləri Yehovanın sayəsində özlərini xoşbəxt hiss edirlər (Əşy. 54:14; 2 Tim. 3:1).
3. Əşiya 65-ci fəsildəki peyğəmbərlik qədimdə necə yerinə yetdi?
3 Yehova Əşiya peyğəmbər vasitəsilə ruhani cənnətdə yaşayanların həyatının necə olacağını təsvir etmişdi. Bu peyğəmbərlik Əşiya 65-ci fəsildə yazılıb. O, ilk dəfə eramızdan əvvəl 537-ci ildə yerinə yetdi. Həmin vaxt tövbə etmiş yəhudilər Babil əsarətindən azad oldu və vətənlərinə qayıtdı. Yehova onların işini avand etdi. Onlar darmadağın olunmuş Yerusəlim şəhərini yenidən gözəlləşdirdilər və məbədi bərpa etdilər. Ora yenidən İsraildə həqiqi ibadətin mərkəzi oldu (Əşy. 51:11; Zək. 8:3).
4. Əşiya 65-ci fəsildəki peyğəmbərlik müasir dövrdə necə yerinə yetir?
4 Əşiyanın peyğəmbərliyi ikinci dəfə eramızın XX əsrində yerinə yetirməyə başladı. 1919-cu ildə Allahın xidmətçiləri Böyük Babilin əsarətindən çıxdılar. Bundan sonra ruhani cənnətin sərhədləri genişlənərək bütün dünyanı bürüdü. Padşahlığın şövqlü müjdəçiləri çoxlu yığıncaqlar təsis etdilər və məsihiyə yaraşan xüsusiyyətlər təzahür etdirdilər. Bir zamanlar zorakı və əxlaqsız olmuş kişilər və qadınlar «Allahın iradəsinə əsasən... yeni şəxsiyyətə [büründülər]» (Efes. 4:24). Sözsüz, Əşiyanın peyğəmbərliyi hərfi mənada gələcəkdə yeni dünyada tam şəkildə yerinə yetəcək. Amma hətta indinin özündə də ruhani cənnətdə olmağımız bizə bol nemətlər gətirir. Gəlin görək bu hansı nemətlərdir və nəyə görə oranı heç vaxt tərk etməməliyik.
RUHANİ CƏNNƏTDƏ YAŞAYAN İNSANLARIN HƏYATI
5. Əşiya 65:13 ayəsində vəd olunduğu kimi biz ruhani cənnətdə hansı nemətləri dadırıq?
5 Sağlam və toxuq. Əşiya peyğəmbər ruhani cənnətdə olanlarla onun çölündə olanların həyatı arasında böyük bir fərq olduğunu vurğulayır. (Əşiya 65:13 ayəsini oxuyun.) Yehova Öz xidmətçilərinin ruhani tələbatlarını artıqlaması ilə ödəyir. Biz yeyək, içək və sevinək deyə bizə müqəddəs ruhunu, Kəlamını və digər ruhani qidaları verir. (Vəhy 22:17 ayəsi ilə əlaqələndirin.) Ruhani cənnətin çölündə olanların isə vəziyyəti tamam fərqlidir. Onlar acdırlar, susuzdurlar, xəcalət çəkirlər. Bu insanların Allahla münasibətləri yoxdur (Ams. 8:11).
6. Yuil 2:21—24 ayələrində Yehovanın verdiyi hansı nemətlərdən danışılır və onların bizə hansı xeyri var?
6 Yuil söylədiyi peyğəmbərlikdə taxıl, şərab, yağ kimi həyat üçün zəruri olan məhsulların adını çəkmişdi. Bununla göstərmək istəyirdi ki, Yehova xidmətçilərinin imanının möhkəm olması üçün lazım olan hər şeyi verəcək, o cümlədən də ruhani qidalarını (Yuil 2:21—24). Məsələn, O bunu Müqəddəs Kitab, ona əsaslanan nəşrlər, saytımız, yığıncaq görüşləri və toplantılar vasitəsilə edir. Biz bu naz-nemətlərdən hər gün dada bilərik. Nəticədə, daha sağlam və daha qüvvətli ola bilərik.
7. Nəyin sayəsində biz ürək coşqunluğundan hayqırırıq? (Əşiya 65:14).
7 Xoşbəxt və məmnunuq. Allahın xalqının ürəyi şükranla aşıb-daşdığı üçün sevincdən hayqırır. (Əşiya 65:14 ayəsini oxuyun.) Müqəddəs Kitabdakı ruhlandırıcı həqiqətlər, təsəlli verən vədlər, həmçinin İsa Məsihin fidyə qurbanlığı sayəsində olan möhkəm ümidimiz ürəyimizdə coşqunluq yaradır. Dindaşlarımızla bu şeylər barədə danışmaq bizə böyük xoşbəxtlik gətirir (Zəb. 34:8; 133:1—3).
8. Ruhani cənnətin iki əsas səciyyəvi cəhəti hansıdır?
8 Yehovanın xalqı arasında olan məhəbbət və birlik bu gün ruhani cənnətin iki əsas səciyyəvi cəhətidir. Təsəvvür edirsiniz, gələcəkdə yeni dünyada aramızda daha çox məhəbbət və birlik olanda həyat necə gözəl olacaq?! (Kol. 3:14). Görün bir bacı Yehovanın Şahidləri ilə ilk dəfə tanış olanda onlarda nəyə fikir vermişdi: «Xoşbəxtliyin nə olduğunu bilmirdim. Hətta ailəmdə də bunu görməmişdim. Əməldə sevgini ilk dəfə Yehovanın Şahidlərinin arasında gördüm». Əsl xoşbəxtliyi və məmnunluğu duymaq istəyən hər bir kəs gərək ruhani cənnətimizi dadsın. Bu dünya Allahın xidmətçiləri haqda çox şey fikirləşə bilər. Amma əsas odur ki, bizim Yehovanın qarşısında və Onun xalqı arasında çox şərəfli adımız var (Əşy. 65:15).
9. Əşiya 65:16, 17 ayələrində bizə əzab, dərd verən şeylərlə bağlı hansı vəd var?
9 Sakitik və hüzur içindəyik. Əşiya 65:14 ayəsində deyilir ki, ruhani cənnətə girmək istəməyənlər «ürək ağrısından qışqıracaq», ruhları əzildiyindən fəğan edəcək. Bəs Allahın xalqına əzab, dərd verən şeylərlə nə baş verəcək? Nəhayətdə bütün bu şeylər «unudulacaq» və Allahın gözünün qabağından «qeyb olacaq». (Əşiya 65:16, 17 ayələrini oxuyun.) Yehova bütün problemlərimizi aradan qaldıracaq, artıq pis xatirələr bizə əzab verməyəcək.
10. Nəyə görə bacı-qardaşlarınızın arasında olmağı böyük nemət hesab edirsiniz? (Həmçinin şəklə baxın.)
10 Hətta günü bu gün də biz yığıncaq görüşlərində iştirak edəndə əsəblərimiz sakitləşir, hüzur tapırıq və bu dünyanın bütün problemlərini unuduruq. Bəs bu ruhani mühitdəki hüzuru qorumaq üçün öz növbəmizdə biz nə edə bilərik? Bunun üçün özümüzdə məhəbbət, sevinc, sülh, yaxşılıq və mülayimlik kimi ruhun bəhrəsinə daxil olan xüsusiyyətləri yetişdirməliyik (Qal. 5:22, 23). Belə bir təşkilatda olmaq, doğrudan da, böyük nemətdir! Ruhani cənnətdə qalanlar Yehovanın «yeni göylər və yeni yer»lə bağlı vədinin tam şəkildə yerinə yetməsinin şahidi olacaqlar.
Ruhani cənnətdə Yehovanın ailəsinin bir hissəsi olmaq böyük xoşbəxtlikdir (10-cu abzasa baxın)c
11. Əşiya 65:18, 19 ayələrinə əsasən Yehovanın yaratdığı ruhani cənnət bizdə hansı hissləri oyatmalıdır?
11 Sevinc doluyuq və minnətdarıq. Əşiya peyğəmbər daha sonra ruhani cənnətdə nəyə görə sevinib-şadlanacağımızı izah edir. Bu məcazi cənnəti Yehova yaradıb. (Əşiya 65:18, 19 ayələrini oxuyun.) Buna görə də təəccüblü deyil ki, Yehova bizim vasitəmizlə insanlara Allahı tanımayan bu pis dünyadan ayrılıb gözəl ruhani cənnətdə yaşamağa kömək edir. Həqiqətdə olmağın gətirdiyi nemətlərə görə çox sevinirik və bu haqda başqalarına da danışmaq istəyirik (Ərm. 31:12).
12. Əşiya 65:20—24 ayələrindəki vəd sizdə hansı hissləri yaradır və nəyə görə?
12 Biz həmçinin ruhani cənnətin sakinləri kimi sahib olduğumuz ümidə görə çox minnətdarıq. Allahın yeni dünyasında bizi nələrin gözlədiyini, hansı işləri görəcəyimizi bir təsəvvür edin! Müqəddəs Kitabda belə bir vəd verilir: «Daha... bir neçə günlük körpələr ölməyəcək, ahılların ömrü yarıda qırılmayacaq». Biz «evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını [yeyəcəyik]». Heç kim «nahaq yerə əlləşməyəcək», çünki Yehova bizi mübarək edəcək. O bizə təhlükəsiz, məmnunluq gətirən əsl həyat vəd edir. Xalqı «hələ çağırmamış» Yehova hər bir bəndəsinin nəyə ehtiyac duyduğunu biləcək və hər birini öz «istəyinə [çatdıracaq]» (Əşy. 65:20—24; Zəb. 145:16).
13. Əşiya 65:25 ayəsinə əsasən insanlar Yehovaya ibadət etməyə başlayanda həyatlarında hansı dəyişiklikləri edirlər?
13 Sülhpərvərik və əmin-amanlıq içindəyik. Əvvəllər zorakı xüsusiyyətlərə sahib olan insanlar Yehovanın müqəddəs ruhunun köməyi ilə özlərində köklü dəyişiklik ediblər. (Əşiya 65:25 ayəsini oxuyun.) Onlar bu xüsusiyyətlərindən qurtulmaq üçün çox çalışıb (Rom. 12:2; Efes. 4:22—24). Sözsüz ki, Allahın xalqı hələ də qeyri-kamildir, ona görə də müəyyən səhvlər edəcək. Bununla belə, Yehova «hər cür» insanı qırılmaz məhəbbət və sülh telləri ilə birləşdirib (Tit. 2:11). Belə bir möcüzəni yalnız hər şeyə qadir Allah Yehova edə bilərdi!
14. Əşiya 65:25 ayəsinin doğruluğunu bir qardaşın hadisəsindən necə görə bilərik?
14 İnsanın xasiyyəti həqiqətən də dəyişə bilər? Gəlin bir hadisəyə baxaq. Bir gənc oğlan 20 yaşına qədər artıq bir neçə dəfə həbsə düşmüşdü. O, çox əxlaqsız, zorakı həyat tərzi sürürdü, həmçinin maşın oğurlamışdı, ev qarət etmişdi və başqa ciddi cinayətlər törətmişdi. Kiminlə gəldi dalaşmağa hazır idi. Müqəddəs Kitabdan ilk dəfə həqiqəti eşidəndə və Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə gəlməyə başlayanda əmin oldu ki, həyatda yaşamağın bir mənası var. Bu, ruhani cənnətdə Yehovaya ibadət etməkdir. O, vəftiz olunduqdan sonra tez-tez Əşiya 65:25 ayəsinin ona necə aid olduğu barədə düşünürdü. Bu oğlan şir kimi vəhşi insandan quzu kimi sülhsevər insana çevrildi.
15. Nəyə görə başqalarını ruhani cənnətdə yaşamağa dəvət etmək istəyirik və bunu necə edə bilərik?
15 Əşiya 65:13 ayəsi bu bəyanatla başlayır: «Külli-İxtiyar Yehova belə deyir». 25-ci ayə isə «deyir Yehova» ifadəsi ilə bitir. Yehovanın sözləri həmişə düz çıxır (Əşy. 55:10, 11). Ruhani cənnət artıq mövcuddur. Yehovanın təsis etdiyi bu ruhani ailənin tayı-bərabəri yoxdur. Onun xalqının arasında olmaqla biz bu zorakı dünyada sülh və əmin-amanlıq tapa bilərik (Zəb. 72:7). Bu səbəblərə görə biz daha çox insanın ailəmizə daxil olmasına kömək etmək istəyirik. Bunu diqqətimizi şagird hazırlamaq işinə cəmləməklə edə bilərik (Mət. 28:19, 20).
BAŞQALARINI RUHANİ CƏNNƏTƏ NECƏ CƏLB EDƏ BİLƏRİK?
16. İnsanlar ruhani cənnətə necə cəlb olunur?
16 Ruhani cənnəti insanlara cəlbedici etməkdə hər birimizin əvəzsiz rolu var. Bu rolumuzu Yehovaya bənzəməklə icra edə bilərik. Yehova heç kimi qolundan dartıb təşkilata məcbur gətirmir. O, insanları ehmalca özünə cəlb edir (Yəh. 6:44; Ərm. 31:3). Gözəl qəlbli insanlar Yehovanın məhəbbəti, Onun möhtəşəm xüsusiyyətləri barədə öyrənəndə Ona yaxınlaşmaq üçün ürəyində güclü istək duyur. Bəs biz gözəl xüsusiyyətlərimiz və yaxşı davranışımızla insanları ruhani cənnətə necə cəlb edə bilərik?
17. İnsanları ruhani cənnətə necə cəlb edə bilərik?
17 Bunun bir yolu dindaşlarımıza məhəbbət və xeyirxahlıq göstərməkdir. Qədim Korinfdə imansızlardan kimsə yığıncağa gələrdisə, belə deyərdi: «Həqiqətən də, Allah sizinlədir». Biz görüşlərimizə təzə gələn insanların da bu qənaətə gəlməsini istəyirik (1 Kor. 14:24, 25; Zək. 8:23). Buna görə də «bir-birinizlə mehriban olun» məsləhətinə daima əməl etməliyik (1 Salon. 5:13).
18. İnsanı Yehovanın xalqının arasında olmağa nə təşviq edə bilər?
18 Biz həmişə dindaşlarımıza Yehovanın gözü ilə baxmalıyıq. Bunun üçün diqqətimizi onların keçib gedəcək qeyri-kamilliklərinə yox, yaxşı xüsusiyyətlərinə cəmləməliyik. Biz bir-birimizə qarşı həmişə xeyirxah, şəfqətli olmaqla, bir-birimizi ürəkdən bağışlamaqla aramızda yaranan anlaşılmazlıqları məhəbbətlə yoluna qoya bilərik (Efes. 4:32). Onda özünə qarşı bu cür münasibət görmək istəyən insanlar ruhani cənnətin sakini olmaq istəyəcəklərb.
RUHANİ CƏNNƏTDƏ QALIN
19. a) «Getdilər, amma geri qayıtdılar» çərçivəsinə əsasən bəziləri ruhani cənnətə geri qayıdandan sonra nələr demişdi? b) Nə etməyə qətiyyətli olmalıyıq? (Həmçinin şəklə baxın.)
19 Ruhani cənnətdə olduğumuza görə ürəyimiz minnətdarlıqla dolub-daşır. O, həmişəkindən daha da gözəldir, Yehovaya həmd edən sakinləri əvvəlkindən daha da çoxdur. Gəlin Yehovanın bizdən ötrü yaratdığı bu ruhani cənnətə görə minnətdarlığımızı heç vaxt itirməyək. Təravət tapmaq, məmnunluq, sakitlik, əmin-amanlıq duymaq istəyən hər bir kəs ruhani cənnətə gəlməli və buranı heç vaxt tərk etməməlidir! Amma ehtiyatlı olun, Şeytan sizi oradan çıxarmaq üçün hər cür fəndə əl atacaq (1 But. 5:8; Vəhy 12:9). Qoymayın o, istəyinə nail olsun. Gəlin ruhani cənnətimizin gözəlliyini, paklığını, hüzurunu qorumaq üçün əlimizdən gələn hər şeyi edək!
Ruhani cənnətdə qalanlar gələcəkdə hərfi cənnəti də görəcəklər (19-cu abzasa baxın)
NECƏ CAVAB VERƏRDİNİZ?
Ruhani cənnət nədir?
Ruhani cənnətdə hansı nemətləri alırıq?
İnsanları ruhani cənnətə necə cəlb edə bilərik?
NƏĞMƏ 144 Gözün mükafatda olsun!
a BƏZİ İFADƏLƏRİN İZAHI. «Ruhani cənnət» deyiləndə Yehovaya ibadət etdiyimiz mühit nəzərdə tutulur. Bu ruhani cənnətdə Yehova ilə, dindaşlarımızla sülh içindəyik.
b jw.org saytında yerləşən «İllər sonra. Alena Jitnikova: Arzum yerinə yetdi» adlı videoya baxın. Görün ruhani cənnətdə məskunlaşmaq bir bacıya necə nemətlər gətirib.
c ŞƏKLİN İZAHI. İbadət görüşündə hamı bir-biri ilə söhbət edib ruhlanır, bir qardaş isə özünü qırağa çəkib.