Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 iyul s. 20—25
  • İsrail padşahlarından dərs alaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsrail padşahlarından dərs alaq
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • ONLAR YEHOVANI BÜTÜN QƏLBLƏRİ İLƏ SEVİRDİLƏR
  • ONLAR TÖVBƏ ETDİLƏR
  • ONLAR PAK İBADƏTƏ BAĞLI İDİLƏR
  • Sadiq insanların son nəsihətinə əməl edin
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Unutmayın, Yehova «var olan Allahdır»
    Gözətçi qülləsi 2024
  • Kimə ibadət edəcəyinizə qərar verin
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2024
w24 iyul s. 20—25

TƏLİM MƏQALƏSİ 30

NƏĞMƏ 36 Ürəyimizi qoruyaq

İsrail padşahlarından dərs alaq

«Siz yenə saleh adamla şər adam arasında, Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz» (MƏL. 3:18).

ƏSAS FİKİR

İsrail padşahlarının nümunəsini araşdırıb görəcəyik ki, bu gün Yehova xidmətçilərindən nə gözləyir.

1, 2. Müqəddəs Kitabda İsrailin bəzi padşahları barədə nələr açıqlanır?

MÜQƏDDƏS KİTABDA 40-dan çox İsrail padşahının adı çəkilira. Bu padşahların bəziləri haqda təəccüb doğuran məlumatlar yazılıb. Məsələn, öyrənirik ki, yaxşı padşahlar bəzi pis işlər görmüşdülər. Onlardan biri Davud padşah idi. Yehova bu padşah haqda demişdi ki, o, «sidqi-ürəkdən yolumla gedən, mənə məqbul işlər görən» padşahdır (1 Pad. 14:8). Amma bu cür insan evli qadınla əxlaqsızlıq etdi və onun ərinin döyüşdə ölməsi üçün sui-qəsd qurdu (2 İşm. 11:4, 14, 15).

2 Eyni zamanda, Müqəddəs Kitabda Yehovaya sadiq qalmayan padşahların yaxşı işlər gördüyü yazılıb. Rəhabam padşahı misal gətirmək olar. Yehovanın gözündə o, «pis işlər görürdü» (2 Saln. 12:14). Bununla belə, Rəhabam Yehovanın buyruğuna əməl edib on qəbilənin onun padşahlığından ayrılmasına qarşı çıxmadı. Həmçinin o, Allahın xalqını düşmənlərdən qorumaq üçün şəhərlərin mühafizəsini əməlli-başlı gücləndirdi (1 Pad. 12:21—24; 2 Saln. 11:5—12).

3. Ortaya hansı vacib sual çıxır və bu məqalədə nə haqda danışacağıq?

3 Ortaya vacib bir sual çıxır: Əgər İsrail padşahları həm yaxşı, həm də pis işlər görmüşdüsə, onda Yehova onların sadiq olub-olmadığına nəyə əsasən qərar verirdi? Bu suala cavab tapsaq, biləcəyik ki, Yehova bu gün bizdə nələri görmək istəyir. Yehova İsrail padşahlarının yaxşı olub-olmadığına qərar verərkən, görünür, üç amilə diqqət yetirirdi: onların ürəyinə, tövbəsinə və pak ibadətə bağlı olub-olmamasına. Məqalədə bu amillərdən söhbət gedəcək.

ONLAR YEHOVANI BÜTÜN QƏLBLƏRİ İLƏ SEVİRDİLƏR

4. Yehovaya sadiq olan padşahlarla sadiq olmayanlar arasında hansı fərq var idi?

4 Yehovanın bəyəndiyi padşahlar Ona bütöv ürəklə ibadət edirdib. Məsələn, Yəhuşafat yaxşı padşah idi. «O, Yehovaya sidqi-ürəkdən ibadət etmiş»di (2 Saln. 22:9). Buna bənzər sözlər Yuşiyyə padşah haqda da yazılıb. Onun barəsində deyilir ki, «nə ondan əvvəl, nə də ondan sonra... bütün qəlbi... ilə Yehovaya üz tutan padşah olmadı» (2 Pad. 23:25). Bəs ömrünün sonlarına yaxın pis işlər görmüş Süleyman padşah haqda nə demək olar? Onun ürəyi «bütünlüklə Allahı Yehovaya bağlı qalmadı» (1 Pad. 11:4). Yehovaya sadiq olmayan digər padşah Əbyam idi. Onun haqda belə deyilir: «[Əbyamın] ürəyi Allahı Yehovaya bütünlüklə bağlı deyildi» (1 Pad. 15:3).

5. Yehovaya bütün qəlbimizlə ibadət etmək nə deməkdir?

5 Bəs Yehovaya bütün qəlbimizlə ibadət etmək nə deməkdir? Bu o deməkdir ki, insan Yehovaya sadəcə lazımdır deyə yox, ürəkdən xidmət edir. O, Yehovanı sevir və Ona ehtiram bəsləyir. Ən əsası isə Yehova ilə bu münasibətini bütün ömrü boyu qoruyub saxlayır.

6. Ürəyimizin bütünlüklə Yehovaya bağlı qalması üçün nə etməliyik? (Məsəllər 4:23; Mətta 5:29, 30).

6 Biz ürəyi bütünlüklə Yehovaya bağlı qalan sadiq padşahlara necə bənzəyə bilərik? Bunun üçün ruhaniliyimizə pis təsir edən şeylərdən uzaq olmalıyıq. Məsələn, nəyə baxdığımıza, boş vaxtımızı necə keçirdiyimizə, kiminlə oturub-durduğumuza fikir verməliyik. Çünki pis dostlar bizə maddiyyatın hər şeydən vacib olduğunu aşılaya bilər. İşdir, görsək ki, Yehovaya sevgimiz zəifləməyə başlayıb, gəlin dərhal tədbir görək. (Məsəllər 4:23; Mətta 5:29, 30 ayələrini oxuyun.)

7. Nəyə görə pis təsirlərdən uzaq olmalıyıq?

7 Ürəyimizin haçalanmasına imkan vermək olmaz. Ehtiyatlı olmasaq, özümüz-özümüzü aldadıb belə düşünə bilərik: «Ruhani işlərlə çox məşğul oluramsa, özümü pis təsirlərdən qorumağa ehtiyac yoxdur». Gəlin belə bir nümunəyə baxaq. Təsəvvür edin ki, çöldə sərt şaxta adamı qılınc kimi kəsir, bərk külək əsir. Siz evə çatan kimi otağı isitməyə başlayırsınız. Bəs əgər qapını açıq qoysanız, ev isinər? Əlbəttə ki, yox. Soyuq hava tez evə dolar. Məğzi tutdunuz? Yehova ilə münasibətlərimizi isidən ruhani qidanı qəbul etmək azdır. Biz həm də pis təsirlərə qarşı «qapını bağlamalıyıq». Əks halda, bu dünyanın soyuq «havası», başqa sözlə, Allaha məqbul olmayan düşüncəsi ürəyimizə daxil olub onu haçalaya bilər (Efes. 2:2).

ONLAR TÖVBƏ ETDİLƏR

8, 9. Davud padşah və Hizqiyyə padşah məzəmmətə necə yanaşmışdı? (Şəklə baxın.)

8 Əvvəldə qeyd olunduğu kimi Davud padşah ciddi günah işləmişdi. Amma Natan peyğəmbər Davudun səhvini üzünə deyəndə o, təvazökarlıq göstərib tövbə etdi (2 İşm. 12:13). 51-ci məzmurdan açıq-aşkar görmək olar ki, onun tövbəsi səmimi idi. Davud cəzadan qaçmaq üçün yalandan peşman olduğunu göstərib Natanın gözündən pərdə asmadı (Zəb. 51:3, 4, 17, müqəddimə).

9 Hizqiyyə padşah da Yehovaya qarşı günah işləmişdi. Müqəddəs Kitabda yazılıb: «O qürurlandı, həm özünü, həm də Yəhuda ilə Yerusəlimi Allahın qəzəbinə düçar etdi» (2 Saln. 32:25). Bəs onun qürurlanmağına səbəb nə idi? Bəlkə də varına, aşşurlular üzərində çaldığı qələbəyə, ya da Yehovanın onu möcüzəvi şəkildə sağaltdığına görə özü haqqında yüksək fikirdə idi. Yəqin, elə lovğalandığı üçün babillilərə öz var-dövlətini nümayiş etdirmişdi. Buna görə Əşiya peyğəmbər onu məzəmmət etmişdi (2 Pad. 20:12—18). Amma Davud padşah kimi Hizqiyyə də təvazökarlıq göstərib tövbə etdi (2 Saln. 32:26). Nəticə etibarilə, Yehova Hizqiyyəyə Onun «bəyəndiyi işləri» görən sadiq padşah kimi baxdı (2 Pad. 18:3).

Şəkillər: 1) Natan danışarkən Davud kor-peşman göyə baxır. 2) Əşiya danışarkən Hizqiyyə padşah məyus halda əlini alnına qoyur.

Səhvlərini göstərəndə Davud padşah və Hizqiyyə padşah təvazökarlıqla tövbə etdi (8 və 9-cu abzaslara baxın)


10. Amisay padşah məzəmmətə necə yanaşdı?

10 Onlardan fərqli olaraq, Yəhuda padşahı Amisay Yehovanın bəyəndiyi işləri görsə də, «bunu sidqi-ürəkdən etmirdi» (2 Saln. 25:2). Onun səhvi nədə idi? Yehova Amisaya ədumilər üzərində qələbə çalmağa kömək edəndən sonra o gedib onların allahlarına baş əymişdic. Yehovanın peyğəmbəri ona səhvini göstərəndə isə o, dikbaşlıq etdi, peyğəmbərə heç qulaq asmaq da istəmədi (2 Saln. 25:14—16).

11. 2 Korinflilərə 7:9, 11 ayələrinə əsasən Yehovanın bizi bağışlaması üçün nə etməliyik? (Həmçinin şəkillərə baxın.)

11 Bu nümunələrdən nə öyrənirik? Biz günahımızdan tövbə etməli və onu təkrarlamamaq üçün var gücümüzlə çalışmalıyıq. Əgər ağsaqqallar hətta xırda görünən məsələdə belə bizə məsləhət versə, necə davranacağıq? Bu zaman düşünməməliyik ki, Yehova bizi sevmir, ya da ağsaqqallar bizə qarşıdır. Hətta Yehovanın bəyəndiyi İsrail padşahlarının belə, tənbehə ehtiyacı olurdu (İbr. 12:6). Buna görə də kimsə səhvimizi deyəndə 1) təvazökarlıq göstərməli, 2) lazımi dəyişikliklər etməli və 3) Yehovaya sidqi-ürəklə xidmət etməyə davam etməliyik. Əgər tövbə etsək, Yehova bizi bağışlayacaq. (2 Korinflilərə 7:9, 11 ayələrini oxuyun.)

Şəkillər: 1) Gənc ağsaqqal bir qardaşla danışır. Həmin qardaş butulkaya və içində spirtli içki olan stəkana baxır. 2) Həmin qardaş Müqəddəs Kitabı və «Əbədi xoşbəxt həyat!» kitabının 43-cü dərsini mütaliə edir. 3) Gənc ağsaqqal həmin qardaşla ev-ev xidmətdə əməkdaşlıq edir.

Kimsə səhvimizi deyəndə 1) təvazökarlıq göstərməli; 2) lazımi dəyişikliklər etməli və 3) Yehovaya sidqi-ürəklə xidmət etməyə davam etməliyik (11-ci abzasa baxın)f


ONLAR PAK İBADƏTƏ BAĞLI İDİLƏR

12. Sadiq padşahların sadiq olmayan padşahlardan əsas fərqi nə idi?

12 Yehovanın sadiq hesab etdiyi padşahlar Ona düzgün şəkildə ibadət edirdi. Onlar xalqı da buna təşviq edirdi. Düzdür, əvvəldə də qeyd etdiyimiz kimi bu padşahların səhvləri olurdu. Amma onlar tək olan Yehovaya ibadət edirdilər. Hətta ölkəni bütlərdən təmizləmək üçün böyük canfəşanlıq göstərmişdilərd.

13. Nəyə görə Yehova Əhəbi sadiq hesab etməmişdi?

13 Bəs Yehovanın sadiq hesab etmədiyi padşahlar haqda nə demək olar? Sözsüz, onların etdiyi hər şeyə pis demək olmaz. Hətta pis padşah Əhəb Nabutun onun ucbatından öldürüldüyünü biləndə, az da olsa, təvazökarlıq göstərmiş və peşman olmuşdu (1 Pad. 21:27—29). O həm də şəhərlər salmış və İsrail uğrunda döyüşlər aparıb qələbələr qazanmışdı (1 Pad. 20:21, 29; 22:39). Amma Əhəb bunlarla yox, arvadının təsirinə uyaraq yalan ibadəti yaymaqla ad çıxarmışdı. Bu hərəkətinə görə o, heç vaxt tövbə etməmişdi (1 Pad. 21:25, 26).

14. a) Nəyə görə Yehovanın gözündə Rəhabam sadiq padşah deyildi? b) Yehovaya sadiq olmayan əksər padşahlara nə xas idi?

14 Yehovaya sadiq olmayan digər padşah Rəhabam idi. Əvvəldə də qeyd olunduğu kimi o, hakimiyyəti dövründə xeyli yaxşı işlər görmüşdü. Amma hakimiyyəti güclənəndə Yehovanın Qanununu rədd edib saxta allahlara ibadət etməyə başladı (2 Saln. 12:1). Bundan sonra Rəhabam gah Yehovaya ibadət edirdi, gah da bütlərə (1 Pad. 14:21—24). Rəhabam və Əhəb həqiqi ibadətdən uzaqlaşan yeganə padşahlar deyildi. Əksər padşahlar Yehovaya sadiq qalmayıb saxta allahlara baş əyirdilər və başqalarını da buna sövq edirdilər. Aydın məsələdir ki, Yehovanın padşahlarda fikir verdiyi əsas şey onların pak ibadətə bağlı qalıb-qalmaması idi. O buna əsasən padşahın yaxşı və ya pis olduğuna qərar verirdi.

15. Nəyə görə Yehovaya pak şəkildə ibadət etməyimiz Onun üçün vacib məsələdir?

15 Nəyə görə Yehova üçün ibadət məsələsi bu qədər vacib idi? Səbəblərdən biri o idi ki, xalqın Allaha düzgün şəkildə ibadət etməsi padşahların məsuliyyəti idi. Həm də saxta ibadət istər-istəməz insanı digər ciddi günahlara sürükləyir və insanlarla haqsız davranmasına gətirib çıxarır (Huşə 4:1, 2). Bir şey də var idi ki, həm padşahlar, həm də israillilər Yehovaya həsr olunmuşdular. Buna görə də onların saxta allahlara ibadət etməsini Yehova zinaya bərabər tuturdu (Ərm. 3:8, 9). İnsan həyat yoldaşına xəyanət edəndə ona qarşı böyük günah etmiş olur. Eynilə Yehovanın həsr olunmuş xidmətçisi yalan ibadətə aid işlərdə iştirak edəndə Allaha qarşı günah işləyir və Onun qəlbini bərk yaralayıre (Qan. 4:23, 24).

16. Yehovanın gözündə saleh adamla şər adam arasında əsas fərq nədir?

16 Buradan nə öyrənirik? Söz yox ki, biz yalan ibadətə aid olan hər şeydən uzaq olmalıyıq. Bununla yanaşı, biz Yehovaya Onun bəyəndiyi tərzdə ibadət etməli və xidmətdə fəal olmalıyıq. Məlaki peyğəmbər yaxşı insanla pis insan arasındakı fərqi aydın şəkildə göstərmişdi. O yazır: «Siz yenə saleh adamla şər adam arasında, Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz» (Məl. 3:18). Ona görə də heç bir şeyin — nə qeyri-kamilliyin, nə səhvlərimizin, nə də başqa bir şeyin Yehovaya xidmətimizi dayandırmasına imkan verməməliyik. Yehovaya xidməti dayandırmağın elə özü ciddi günahdır.

17. Nəyə görə həyat yoldaşı seçimində diqqətli olmalıyıq?

17 Məlakinin sözləri evlənməyi düşünən subay məsihilərə həyat yoldaşı seçimində kömək edə bilər. Əgər insanın gözəl xüsusiyyətləri varsa, amma o, Yehovaya ibadət etmirsə, hal-hazırda Yehova onu saleh hesab edir? (2 Kor. 6:14). Özünüz düşünün, əgər bu cür insanla ailə qursanız, o sizi ruhani cəhətdən inkişaf etməyə təşviq edəcək? Süleyman padşahın da bütpərəst arvadları arasında, yəqin, yaxşı xüsusiyyətləri olanlar var idi. Amma onlar Yehovaya ibadət etmirdilər, üstəlik, Süleymanı da yavaş-yavaş öz tərəflərinə çəkmişdilər (1 Pad. 11:1, 4).

18. Valideynlər uşaqlarına nəyi aşılamalıdırlar?

18 Əziz valideynlər, Müqəddəs Kitabda padşahlar haqda yazılan məlumatın köməyi ilə uşaqlarınızın ürəyində Yehovaya ibadət etmək istəyi oyadın. Onlara başa salın ki, Yehova yalnız Ona ibadət edən və xalqı da buna təşviq edən padşahlardan razı qalırdı. Uşaqlarınıza həm sözünüzlə, həm də əməlinizlə ruhani işləri hər şeydən üstün tutmağı öyrədin. Məsələn, Müqəddəs Kitabı mütaliə etməyin, ibadət görüşlərinə gəlməyin və xidmətdə iştirak etməyin vacibliyini aşılayın (Mət. 6:33). Yoxsa övladınız elə düşünəcək ki, Yehovanın Şahidi olmaq sadəcə «valideynlərinin dininə» mənsub olmaq deməkdir. Nəticədə o, həqiqi ibadəti ya ikinci yerə qoyacaq, ya da ümumiyyətlə həqiqətdən uzaqlaşacaq.

19. Yehovaya xidməti dayandıran insanlar üçün hansı ümid var? (Həmçinin «Yehovanın əfv qapısı üzünüzə açıqdır!» adlı çərçivəyə baxın.)

19 Bəs insan Yehovaya xidmət etməyi dayandırıbsa, daha heç vaxt Yehovanın dostu ola bilməz? Tövbə edib yenidən Yehovaya ibadət etməyə başlasa ola bilər. Bunun üçün, ola bilsin, ona qürurunu sındırmaq və ağsaqqalların köməyini qəbul etmək lazım gəlsin (Yaq. 5:14). Yehova ilə yenidən dost olmağın yanında etdiyimiz bu şeylər nədir ki?!

Yehovanın əfv qapısı üzünüzə açıqdır!

Gəlin Mənəssə padşahı yadımıza salaq. O, «Yehovanın bəyənmədiyi mənfur işlər» gördü, «çoxlu günahsız qan tökdü», cindarlıqla və bu kimi digər əməllərlə məşğul oldu. Hətta oğullarını yalan allahlara qurban gətirdi! (2 Pad. 21:6, 16). Mənəssə Yəhuda xalqını yoldan çıxartdı, «onları Yehovanın israillilərin önündən yox etdiyi xalqlardan da betər işlərə sürüklədi» (2 Pad. 21:9; 2 Saln. 33:1—6). Amma babillilər Mənəssəni əsir aparanda o, tövbə etdi. Bilirik ki, Mənəssə uzun illər ərzində çox ağır günahlar işləmişdi. Buna görə də Allahın onu bağışlaması üçün bir dəfə əfv diləməsi az olardı. Mənəssə bəlaya düşəndə «özünü çox alçaltdı», «durmadan Allaha yalvarıb-yaxardı». Bu, nə ilə nəticələndi? Yehova onun yalvarışlarını eşitdi və dualarını «qəbul etdi», onu bağışlayıb yenidən Yerusəlimə taxtına qaytardı (2 Saln. 33:12, 13).

Bəs bu gün Yehova Ona ibadət etməyi dayandıran, amma səmimi-qəlbdən tövbə edən insanlara da kömək olur? Bəli. Əşiya 55:7 ayəsində deyilir: «Qoy pis adam pis yolunu, şər adam şər fikirlərini atsın. Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər. Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər». Odur ki, Yehovaya geri dönmək üçün lazım olan addımları atmağa çəkinməyin!

20. Sadiq padşahların nümunəsini izləsək, Yehova bizə necə yanaşacaq?

20 İsrail padşahlarından hansı dərsləri öyrəndik? Əgər biz də Yehovaya sidqi-ürəkdən ibadət etməyi davam etdirsək, sadiq padşahlar kimi ola bilərik. Odur ki, gəlin səhvlərimizdən nəticə çıxaraq, tövbə edək və onları düzəltmək üçün öz üzərimizdə işləyək. Bir şeyi yaddan çıxarmayaq: biz yalnız yeganə həqiqi Allaha ibadət etməliyik. Əgər sadiq qalsanız, onda siz də Yehovanın bəyəndiyi işləri görən insanların sırasında olacaqsınız.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehovaya sidqi-ürəklə necə ibadət edə bilərik?

  • Tövbə etdiyimizi necə göstərə bilərik?

  • Pak ibadətə necə bağlı qala bilərik?

NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr

a Bu məqalədə «İsrail padşahları» deyiləndə Yehovanın xalqına rəhbərlik edən bütün padşahlar nəzərdə tutulur: həm ikiqəbiləli Yəhuda padşahlığının, həm də onqəbiləli İsrail padşahlığının padşahları. Bir sözlə, 12 qəbilənin bütün padşahları.

b BƏZİ İFADƏLƏRİN İZAHI. Müqəddəs Kitabda «ürək» deyildikdə insanın arzuları, fikirləri, xasiyyəti, əhval-ruhiyyəsi, bacarıqları, məqsədləri və niyyəti nəzərdə tutulur.

c Görünür həmin dövrlərdə israilli olmayan padşahların işğal etdikləri xalqların allahlarına ibadət etmək adəti var idi.

d Asa padşah ciddi günahlar etmişdi (2 Saln. 16:7, 10). Bununla belə, Müqəddəs Kitabda onun haqda yaxşı fikirlər yazılıb. Düzdür, o, əvvəl-əvvəl verilən məsləhəti rədd etdi. Amma, görünür, sonralar tövbə etdi. Yehovanın gözündə onun yaxşı xüsusiyyətləri səhvlərindən çox idi. Ən vacibi isə odur ki o, yalnız Yehovaya ibadət edirdi və ölkəni bütlərdən təmizləmək üçün var gücü ilə çalışırdı (1 Pad. 15:11—13; 2 Saln. 14:2—5).

e Maraqlıdır ki, Musaya verilən Qanunda ilk iki əmr Yehovadan başqa kiməsə və ya nəyəsə ibadət etməyi qadağan edirdi (Çıx. 20:1—6).

f ŞƏKLİN İZAHI. Gənc ağsaqqal yaşlı qardaşa spirtli içki içmək vərdişi ilə bağlı məsləhət verir. Həmin qardaş məsləhəti təvazökarlıqla qəbul edir, lazım olan dəyişikliyi edir və Yehovaya xidmətini sədaqətlə davam etdirir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş