TƏLİM MƏQALƏSİ 35
NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq
Artıq Yehovanın Şahidi olmayanlara kömək
«Bunu bilin ki, göydə tövbə edən bir günahkardan ötrü tövbəyə ehtiyacı olmayan doxsan doqquz salehdən daha çox sevinəcəklər» (LUKA 15:7).
ƏSAS FİKİR
Nəyə görə bəzilərinə artıq Yehovanın Şahidi kimi qalmağa izin verilmir və ağsaqqallar bu cür insanların tövbə etməsinə və Yehovanın razılığını yenidən qazanmasına necə kömək edə bilər?
1, 2. a) Yehova tövbə etməyən insanlara necə yanaşır? b) Yehova ciddi günah işləyən insanların nə etməsini istəyir?
YEHOVA hər davranışı götürmür. O, günaha nifrət edir (Zəb. 5:4—6). Yehova istəyir ki, biz Kəlamında bizim üçün qoyduğu normalara əməl edək. Sözsüz ki, Yehova qeyri-kamil insandan kamillik gözləmir (Zəb. 130:3, 4). Bununla belə, O, «azğınlıq etmək üçün [Onun] lütfünü bəhanəyə çevirən» allahsız adamların hərəkətinə göz yummur (Yhd. 4). Müqəddəs Kitabda deyildiyi kimi Armageddon müharibəsində allahsızlar məhv ediləcək (2 But. 3:7; Vəhy 16:16).
2 Bununla belə, Yehova heç kəsin məhv olmasını istəmir. Bu silsilə məqalələrdən artıq öyrəndiyimiz kimi Yehova istəyir ki, «hamı tövbəyə gəlsin» (2 But. 3:9). Ağsaqqallar Yehovadan nümunə götürərək günah edən insana səbirlə kömək etməyə çalışırlar. Onun tövbə etməsi və yenidən Yehovaya yaxınlaşması üçün əllərindən gələni edirlər (Əşy. 6:9). Amma heç də bütün günah işləyən insanlar tövbə etmək istəmir. Ağsaqqallar dəfələrlə kömək etməyə çalışsa da, bəziləri günahlı əməllərindən əl çəkmir. Belə vəziyyətdə ağsaqqallar nə etməlidir?
«PİS ADAMI ARANIZDAN ÇIXARIN»
3. a) Müqəddəs Kitaba əsasən insan tövbə etməyəndə ağsaqqallar nə etməlidir? b) Nəyə görə demək olar ki, insanın artıq Yehovanın Şahidi olmaması müəyyən mənada onun öz seçimidir?
3 İnsan tövbə etməyəndə ağsaqqalların 1 Korinflilərə 5:13 ayəsində yazılana uyğun davranmaqdan başqa çarəsi qalmır. Orada yazılıb: «Pis adamı aranızdan çıxarın». Ağsaqqallar qərar verir ki, belə insan Yehovanın Şahidi kimi qala bilməz. Müəyyən mənada bu, günah işləyən insanın öz seçimidir, o öz əkdiyini biçir (Qal. 6:7). Nəyə görə belə demək olar? Çünki ağsaqqallar ona günahından əl çəkib tövbə etməsi üçün dəfələrlə kömək etsə də, o dəyişmək istəməyib (2 Pad. 17:12—15). O öz davranışı ilə göstərir ki, Yehovanın qanunlarına uyğun yaşamaq istəmir (Qan. 30:19, 20).
4. Nəyə görə tövbə etməyən insanın artıq Yehovanın Şahidi olmadığı yığıncaqda elan edilir?
4 İnsan günahından tövbə etmirsə, artıq onun Yehovanın Şahidi olmadığı barədə yığıncaqda elan edilir. Bu elanın məqsədi insanı utandırmaq deyil. Bu onun üçündür ki, bacı-qardaşlar Müqəddəs Kitab məsləhətinə uyğun davranıb onunla daha oturub-durmasın və hətta bir süfrəyə də əyləşməsin (1 Kor. 5:9—11). Yehovanın bu əmri verməsi əbəs yerə deyil. Həvari Bulus yazmışdı: «Azacıq maya bütün xəmiri acıdır» (1 Kor. 5:6). Tövbə etməyən insanla bağlı tədbir görülməsə, kimdəsə elə fikir yaranar ki, Yehovanın qanunlarına əməl etməyin bir mənası yoxdur (Məs. 13:20; 1 Kor. 15:33).
5. Artıq Yehovanın Şahidi olmayan insana necə yanaşmalıyıq və nəyə görə?
5 Bəs artıq Yehovanın Şahidi olmayan dindaşımıza necə yanaşmalıyıq? Biz onunla münasibəti kəssək də, düşünməyəcəyik ki, daha onun dəyişəcəyinə heç bir ümid yoxdur. Ona Yehovanın itmiş quzusu kimi yanaşacağıq. Axı itmiş quzunun sürüyə geri qayıtması mümkündür. Unutmayın, həmin insan özünü Yehovaya həsr edib. Əfsuslar olsun ki, o, hal-hazırda həsr olunmasına uyğun davranmır və bu vəziyyət onun üçün təhlükəlidir (Hizq. 18:31). Bununla belə, nə qədər ki Yehovanın mərhəmət qapısı açıqdır, həmin insanın geri qayıdacağına ümid var. Ağsaqqallar artıq Yehovanın Şahidi olmayan insandan ümidlərini üzmədiklərini necə göstərə bilərlər?
AĞSAQQALLARIN KÖMƏYİ
6. Ağsaqqallar insana yığıncağa qayıtmağa necə kömək edəcəklər?
6 İnsanın artıq Yehovanın Şahidi olmaması o deməkdirmi ki, hamı ondan üz döndərib və Yehovaya geri dönmək üçün özü hansısa bir yol tapmalıdır? Xeyr. Ağsaqqallar komitəsi ona artıq Yehovanın Şahidi olmadığını bildirəndən sonra yenidən yığıncağa qayıtması üçün hansı addımları atmalı olduğunu izah edəcək. Amma iş bununla bitməyəcək. Əksər hallarda komitə həmin insanın düşüncəsinin dəyişib-dəyişmədiyini öyrənmək üçün onunla bir neçə aydan sonra yenidən görüşmək istədiyini deyəcək. Əgər günah edən kəs razılaşsa, ağsaqqallar həmin görüş zamanı onu tövbə edib geri qayıtmağa təşviq edəcəklər. Hətta həmin vaxt onun düşüncəsində yaxşılığa doğru dəyişiklik olmasa da, ağsaqqallar gələcəkdə yenə də onunla ara-sıra görüşməyə çalışacaqlar.
7. Ağsaqqallar Yehovadan örnək götürərək artıq Onun Şahidi olmayan insanla necə davranırlar? (Ərəmya 3:12).
7 Ağsaqqallar Yehovadan örnək götürərək artıq Onun Şahidi olmayan insanla şəfqətlə davranırlar. Məsələn, Yehova qədimdə israillilərə kömək etmək üçün onların əvvəlcə tövbə etməsini gözləmirdi. Onlarda tövbədən əsər-əlamət olmadığı halda, yanlarına peyğəmbərlərini göndərirdi. Bu silsilə məqalələrin ikincisində deyilirdi ki, Yehova Huşə peyğəmbərə arvadını bağışlamağı buyurmuşdu, halbuki arvadı ciddi günah etməyə davam edirdi. Bu yolla Yehova çox şəfqətli olduğunu göstərmişdi (Huşə 3:1; Məl. 3:7). Ağsaqqallar Yehovadan nümunə götürərək günah edən insanın geri qayıtmasını ürəkdən istəyirlər və bunu onlar üçün çətinləşdirmirlər. (Ərəmya 3:12 ayəsini oxuyun.)
8. İsa Məsihin itmiş oğul haqda məsəli Yehovanın rəhmli və mərhəmətli olduğunu necə göstərir? (Luka 15:7).
8 Bu silsilə məqalələrin ikincisində İsa Məsihin itmiş oğul haqda çəkdiyi məsəldən danışılırdı. Ata evə qayıdan oğlunu görən kimi «qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü» (Luka 15:20). Fikir verdinizsə, ata oğlunun yalvarıb əfv diləməsini gözləmədi. Əksinə, övladını sevən hər bir ata kimi ilk addımı özü atdı. Ağsaqqallar Yehovadan uzaqlaşan insanlara məhz bu münasibəti göstərməyə çalışırlar. Onlar itmiş quzuların “evə qayıtmasını” istəyir (Luka 15:22—24, 32). Günahkar insan Yehovaya geri dönəndə həm göydə, həm də yerdə böyük sevinc yaşanır. (Luka 15:7 ayəsini oxuyun.)
9. Yehova günah edən insanları mehribancasına nəyə təşviq edir?
9 Bura qədər gördük ki, Yehova tövbə etməyən insanın yığıncaqda qalmasına göz yummur. Amma O, həmin insandan üz çevirmir, onun geri dönməsini istəyir. Yehova tövbə edib Ona geri dönənlərə qarşı hansı hissləri keçirir? Görün Huşə 14:4 ayəsində nə yazılıb: «Mən onları xəyanət azarından sağaldacağam. Könlüm onları sevəcək, çünki onlara qarşı qəzəbim keçdi». Görün bu, ağsaqqallar üçün necə güclü stimuldur! Onlar insanda tövbəyə işarə edən hər hansı əlaməti görməyə çalışmalıdırlar. Bu, Yehovadan uzaqlaşan insanların da yubanmadan geri dönməsi üçün güclü əsasdır.
10, 11. Ağsaqqallar artıq uzun illərdir Yehovanın Şahidi olmayan insana necə kömək edəcək?
10 Bəs insanın artıq Yehovanın Şahidi olmamasının üstündən bir neçə il, hətta uzun illər keçibsə, onda necə? Bəziləri, bəlkə də, pis əməllərindən çoxdan əl çəkiblər, hətta ola bilsin, o vaxt hansı günahı etdiklərini heç xatırlamırlar. Nə qədər vaxt keçməsindən asılı olmayaraq, ağsaqqallar onlarla əlaqə saxlamağa çalışmalı və onları ziyarət etməlidirlər. Bu kimi ziyarətlər vaxtı onlar həmin insanla birgə dua edəcəklər və mehribanlıqla onu yığıncağa qayıtmağa təşviq edəcəklər. İnsan uzun illərdir yığıncaqdan uzaq düşdüyü üçün, sözsüz ki, imanı xeyli zəifləyib. Buna görə də əgər o, yığıncağa dönmək istədiyini deyirsə, hətta bərpa olunmamışdan əvvəl ağsaqqallar kiminsə onunla dərs keçməsini təşkil edə bilərlər. Həmin insanla Müqəddəs Kitab dərsini kimin keçəcəyinə ağsaqqallar qərar verəcəklər.
11 Yehova çox rəhmlidir. Ağsaqqallar Ondan nümunə götürməyə çalışırlar. Onlar Yehovadan uzaqlaşan kəslərin mümkün qədər hamısını tapıb Ona geri dönməyə təşviq etmək istəyirlər. İnsan tövbə edib və günahlı əməllərinə son qoyubsa, onu gecikdirmədən bərpa etmək olar (2 Kor. 2:6—8).
12. a) Ağsaqqallar hansı məsələlərdə xüsusilə ehtiyatlı davranmalıdırlar? b) Bəzi insanların heç vaxt Yehovanın mərhəmətini qazana bilməyəcəklərini düşünmək nəyə görə yanlış olardı? (Həmçinin haşiyəyə baxın.)
12 Bəzi hallarda ağsaqqallar kimisə bərpa etməzdən əvvəl xüsusilə ehtiyatlı davranmalıdır. Məsələn, əgər insan uşağa qarşı zorakılıq edibsə, dönük olubsa, yaxud nikahına son qoymaq üçün fənd işlədibsə (ola bilsin, bunun üçün zina edib), ağsaqqallar onun həqiqətən də tövbə etdiyinə əmin olmaq üçün məsələni yaxşı-yaxşı araşdırmalıdırlar (Məl. 2:14; 2 Tim. 3:6). Çünki onlar yığıncağı qorumaq məsuliyyətini daşıyırlar. Eyni zamanda başa düşmək lazımdır ki, Yehova tövbə edən və günahına son qoyan istənilən insanı bağışlayır. Deməli, ağsaqqallar başqaları ilə xaincəsinə davranan insanların həqiqətən də tövbə etdiyini bilmək üçün yüz ölçüb bir biçirlər. Bununla belə, onlar düşünməməlidir ki, bu cür insanlar heç vaxt Yehovanın mərhəmətini qazana bilməza (1 But. 2:10).
YIĞINCAĞIN ÖHDƏSİNƏ NƏ DÜŞÜR?
13. Töhmət alan insanla necə rəftar etməliyik? Artıq Yehovanın Şahidi olmayan insanla necə rəftar etməliyik?
13 Əvvəlki məqalədə araşdırdığımız kimi bəzən insanın töhmət aldığı elan edilir. Belə halda biz onunla danışmağa davam edə bilərik, çünki o, tövbə edib və pis əməlindən dönüb (1 Tim. 5:20). O, hələ də yığıncağın bir parçasıdır və dindaşları ilə ünsiyyət edib ruhlanmağa ehtiyacı var (İbr. 10:24, 25). Amma kiminsə artıq Yehovanın Şahidi olmadığı elan ediləndə başqa cür davranırıq. Biz həmin insanla daha oturub-durmuruq, beləsi ilə hətta bir süfrəyə də əyləşmirik (1 Kor. 5:11).
14. Məsihi artıq Yehovanın Şahidi olmayan insanla Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına əsasən necə davrana bilər? (Həmçinin şəklə baxın.)
14 Bəs bu o deməkdir ki, artıq Yehovanın Şahidi olmayan insanla yoxmuş kimi davranmalıyıq? Xeyr. Aydın məsələdir ki, biz onunla söhbət etməyəcəyik və vaxt keçirməyəcəyik. Amma məsihi Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına əsasən onu yığıncağa dəvət etmək qərarına gələ bilər. Ola bilsin, həmin insan onun qohumudur və ya əvvəllər dostlu olub. Bəs o, yığıncağa gələrsə, ona hansı münasibəti göstərməliyik? Əvvəllər belə insanlarla salamlaşmırdıq. Hər bir məsihi bu məsələdə də Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına uyğun davranmalıdır. Bəziləri belə qərara gələ bilər ki, onunla salamlaşsın və ya bir-iki xoş sözlə «xoş gəldin» desin. Amma biz onunla uzun-uzadı danışmamalı, yaxud birlikdə vaxt keçirməməliyik.
Məsihi vicdanına əsasən qərara gələ bilər ki, artıq Yehovanın Şahidi olmayan insanı ibadət görüşünə dəvət etsin və o, yığıncağa gələndə onunla qısaca salamlaşsın (14-cü abzasa baxın)
15. 2 Yəhya 9—11 ayələrində hansı günah sahiblərindən söhbət gedir? (Həmçinin «Yəhya ilə Bulus eyni cür günahdan danışırdı?» adlı çərçivəyə baxın.)
15 Bəziləri soruşa bilər: «Bəs Müqəddəs Kitabda yazılmayıb ki, bu insanı “salamlayan onun pis əməllərinə şərik olur”?» (2 Yəhya 9—11 ayələrini oxuyun.) Bu ayənin kontekstindən görmək olar ki, burada söhbət dönüklərdən və günahlı həyat tərzini fəal şəkildə təbliğ edən digər insanlardan gedir (Vəhy 2:20). Buna görə də əgər insan dönük təlimləri, yaxud günahlı əməlləri fəal şəkildə təbliğ edirsə, ağsaqqallar onu ziyarət etməyəcək. Əlbəttə, o insanın tövbə edəcəyinə hələ də ümid var, amma o vaxta qədər məsihilər belə insanı nə salamlayacaq, nə də ibadət görüşünə dəvət edəcək.
MƏRHƏMƏTLİ VƏ RƏHMLİ ALLAHDAN NÜMUNƏ GÖTÜRÜN
16, 17. a) Yehovanın günah edən insanlarla bağlı istəyi nədir? (Hizqiyal 18:32). b) Ağsaqqallar Yehova ilə əməkdaşlıq etdiklərini necə göstərə bilərlər?
16 Bu beşhissəli silsilə məqalələrdən nə öyrəndik? Yehova heç kəsin məhv olmasını istəmir. (Hizqiyal 18:32 ayəsini oxuyun.) O, günah işləyən insanların Onunla barışmasını istəyir (2 Kor. 5:20). Elə buna görə də tarix boyu Allah Ona asi çıxan xidmətçilərini tövbə etməyə, Ona geri dönməyə səsləyib. Ağsaqqallara Yehova ilə əməkdaşlıq etmək şərəfi nəsib olub: onlar günah edən insanın tövbə etməsinə kömək edirlər (Rom. 2:4; 1 Kor. 3:9).
17 Günah edən insan tövbə edəndə göydə nə qədər sevinc yaşandığını təsəvvür etmək olar! Səmavi Atamız Yehova yığıncağa qayıdan hər itmiş quzuya görə çox sevinir. Yehovanın rəhmi, mərhəməti və xeyirxahlığı barədə düşünəndə Ona olan sevgimiz daha da artır (Luka 1:78).
NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz
a Müqəddəs Kitaba əsasən, bəzi insanların günahı bağışlanmayacaq. Onlar hansısa konkret günahı işlədiklərinə görə yox, inadkarcasına, durmadan Allaha qarşı çıxdıqlarına görə bağışlanmayacaq. İnsanın günahının bağışlanmaz olub-olmadığına yalnız Yehova və İsa qərar verə bilər (Mark 3:29; İbr. 10:26, 27).