1924. Yüz il əvvəl
«İLİN əvvəli Rəbbin hər bir vəftiz olunmuş övladının... xidmətini genişləndirməsi üçün yaxşı vaxtdır»,— deyə «Bülleten»a nəşrinin 1924-cü il yanvar sayında yazılmışdı. Həmin il ərzində Müqəddəs Kitab Tədqiqatçıları bu məsləhətə iki sahədə əməl etdilər: onlar cəsarət göstərib ilklərə imza atdılar və mərdcəsinə təbliğ etdilər.
CƏSUR ADDIM — RADİOSTANSİYA TİKİNTİSİ
Beyteldən olan qardaşlar bir ildən çox idi ki, Steyton-Aylenddə (Nyu-York şəhəri) WBBR radiostansiyasının tikintisi ilə məşğul idilər. Əvvəlcə onlar ərazini təmizlədilər. Sonra işçilər üçün böyük bir ev, studiya və avadanlıqlar üçün isə ayrıca bina tikdilər. Bu işlər tamamlanandan sonra qardaşlar radioyayım üçün avadanlıqlar əldə etməyə başladılar. Amma onlar müəyyən maneələrlə üzləşdilər.
Stansiyanın əsas antenini quraşdırmaq qardaşlar üçün çox çətin idi. Onlar 91 metr uzunluğunda olan anteni 61 metr hündürlüyündə olan iki dirəyin arasında horizontal şəkildə asmalı idilər. İlk cəhd uğursuz oldu, amma Yehovanın köməyinə arxalanaraq onlar nəhayət bunu bacardılar. Bu layihədə çalışanlardan biri, Kalvin Proser demişdi: «Əgər ilk cəhdimiz uğurlu olsaydı, bəlkə də, sinəmizə döyüb belə deyəcəkdik: “Halal olsun bizə, gör nə etdik!”» Qardaşlar başa düşürdülər ki, bunu Yehovanın sayəsində bacardılar. Lakin onların problemləri bununla bitmədi.
WBBR anteninin dirəklərindən birini qaldırarkən
Həmin dövrdə radioyayım hələ ilk addımlarını atırdı. Buna görə də lazımi avadanlıqları tapmaq elə də asan deyildi. Bununla belə, qardaşlar yaxınlıqda əllə düzəldilmiş və istifadə olunmuş 500 vattlıq bir radioötürücü əldə etdilər. Onlar mikrofon almadılar, adi telefonun mikrofonundan istifadə etdilər. Fevral ayı idi, qardaşlar bir gecə bu əldəqayırma cihazı sınaqdan keçirməyə qərar verdilər. Onlar sınaq üçün nə isə yayımlamalı idilər. Buna görə də Padşahlıq nəğmələrini oxudular. Ernest Lou qardaş həmin gün baş verən gülməli bir hadisəni xatırlayıb deyir ki, qardaşlar nəğmə oxuyan vaxt onlardan təxminən 25 kilometr uzaqlıqda olan hakim Ruterforddanb zəng gəlir. O, Bruklində öz radiosunda qardaşların nəğmə oxuduğunu eşidir.
Ruterford qardaş zarafatla deyir: «Bu səs-küyü dayandırın. Pişik sürüsü kimi oxuyursunuz». Qardaşlar bir az pərt olub tez radioötürücünü söndürürlər. Amma radionun işlədiyinə və artıq ilk yayıma hazır olduğuna əmin olurlar.
1924-cü il fevralın 24-də ilk rəsmi yayım zamanı Ruterford qardaş radiostansiyanın «Məsihin tapşırdığı işi görməyə» həsr olunduğunu bildirdi. O, qeyd etdi ki, bu stansiyanın məqsədi «dinindən, etiqadından asılı olmayaraq hər bir insana hansı dövrdə yaşadığımızı Müqəddəs Kitab əsasında başa salmaqdır».
Solda: Ruterford qardaş ilk radiostudiyamızda
Sağda: Radioötürücü və yayım cihazı
İlk yayım uğurlu alındı. WBBR düz 33 il təşkilatımızın radioyayım fəaliyyətində aparıcı rol oynadı.
CƏSUR ADDIM — DİN XADİMLƏRİNƏ QARŞI İTTİHAM
1924-cü ilin iyulunda Ohayo ştatının paytaxtı Kolumbusda Müqəddəs Kitab Tədqiqatçılarının toplantısı keçirildi. Dünyanın dörd bir tərəfindən qonaqlar gəlmişdi. Toplantıda alman, ərəb, fransız, ingilis, italyan, Litva, macar, polyak, rus, Ukrayna, yunan və Skandinaviya dillərində nitqlər səsləndirildi. Toplantının hissələri radio vasitəsilə yayımlandı. Qardaşlar yerli bir qəzetdən xahiş etdilər ki, toplantı proqramının hər günü ilə bağlı hesabatlar dərc etsin.
Kolumbusda (Ohayo ştatı) keçirilən toplantı, 1924-cü il
Cümə axşamı, iyulun 24-ü 5 mindən çox bacı-qardaş toplantının keçirildiyi şəhərdə təbliğə yollandı. Onlar 30 minə yaxın kitab payladılar və minlərlə insanla Müqəddəs Kitab dərsinə başladılar. «Gözətçi qülləsi»ndə həmin günün «toplantının ən sevincli hissəsi» olduğu qeyd olunmuşdu.
Toplantının digər əlamətdar hadisəsi cümə günü, 25 iyulda baş verdi. Həmin vaxt Ruterford qardaş din xadimlərinə qarşı cəsarətli bir bəyanat olan ittiham aktını oxudu. Hüquqi sənəd şəklində olan bu aktda siyasi, dini və kommersiya liderləri ittiham olunurdu. Aktda deyilirdi ki, onlar «insanlara Allahın bəşəriyyətə nemətlər vermək üçün gördüyü tədbirlər haqda öyrənməyə mane olurlar». Bundan əlavə, ittihamda qeyd olunurdu ki, bu liderlər «Millətlər Cəmiyyətini dəstəkləyirlər və onu Allahın padşahlığının yer üzündəki siyasi siması» adlandırırlar. Bu xəbəri insanlara bəyan etmək üçün Müqəddəs Kitab Tədqiqatçılarına böyük cəsarət lazım idi.
Bu toplantının bacı-qardaşlara təsiri ilə bağlı «Gözətçi qülləsi»ndə yazılmışdı: «Kolumbusda keçirilən toplantı Məsihin kiçik ordusunun imanını möhkəmləndirdi... Düşmənin onlara qarşı istifadə edəcəyi istənilən güc və ya qızmar oxlar qarşısında qorxmaz olmağa kömək etdi». Həmin toplantıda iştirak etmiş Lio Klaus adlı qardaş xatırlayır: «Toplantıdan sonra bu bəyanatı ərazimizdəki insanlara çatdırmaq üçün ürəyimiz alışıb yanırdı».
«Kilsə xadimlərinə qarşı ittiham» vərəqəsinin bir nüsxəsi
Oktyabr ayında Müqəddəs Kitab Tədqiqatçıları «Kilsə xadimlərinə qarşı ittiham» adlı vərəqənin milyonlarla nüsxəsini payladılar. Bu, Ruterford qardaşın kilsə əleyhinə bəyanatının çap versiyası idi. Oklahoma ştatının kiçik bir şəhəri olan Klivlenddə Frank Conson qardaş ona təyin olunan sahədə bu vərəqələri paylayıb bacı-qardaşlarla görüşməli idi. O bu işi 20 dəqiqə tez qurtarır. Amma digər təbliğçiləri açıq bir yerdə dayanıb gözləməsi təhlükəli idi. Çünki təbliğ etməsi şəhər sakinlərini qəzəbləndirmişdi və onlar qardaşı axtarırdılar. Ona görə də Frank qardaş yaxınlıqdakı kilsədə gizlənmək qərarına gəlir, amma orada heç kimin olmadığını görüb boş dayanmır. Qardaş «Kilsə xadimlərinə qarşı ittiham» vərəqəsini pastorun Bibliyasının arasına və hər oturacağın üzərinə qoyur. O bunu cəld edib kilsədən çıxır. Amma hələ vaxtı qaldığı üçün digər iki kilsəyə də girib eyni şeyi edir.
Sonra Frank qardaş qaça-qaça təbliğçilərlə görüşməli olduğu yerə gedir. Orada yanacaqdoldurma məntəqəsinin arxasında gizlənib onun dalınca düşən adamları izləyir. Həmin adamlar oradan maşınla ötüb-keçirlər, amma onu görmürlər. Onlar gedən kimi yaxınlıqdakı ərazidə təbliğ edən bacı-qardaşlar maşınla gəlib Frank qardaşı götürürlər və birlikdə oradan uzaqlaşırlar.
Həmin qardaşlardan biri o günü xatırlayaraq deyir: «Oranı tərk edəndə üç kilsənin yanından keçib getdik. Hər kilsənin qabağında 50-yə yaxın adam durmuşdu. Onlardan bəziləri vərəqəni oxuyur, bəziləri isə əlini yuxarı qaldırıb onu pastora göstərirdilər. Yaxşı ki, vaxtında aradan çıxmışdıq. Allahımız Yehovaya şükür edirdik ki, bizi qorudu və Padşahlığın düşmənlərinin əlinə düşməmək üçün bizə hikmət verdi».
MƏRD TƏBLİĞÇİLƏR
Yosef Kret
Başqa ölkələrdə də Müqəddəs Kitab Tədqiqatçıları bu cür cəsarətlə şahidlik verirdilər. Fransanın şimalında Yosef Kret Polşadan gələn mədən işçilərinə təbliğ edirdi. Qardaş «Ölənlər tezliklə diriləcək» adlı nitqlə çıxış etməli idi. Bacı-qardaşlar şəhər sakinlərinə dəvətnamələr paylayırdılar, amma keşiş kilsəyə gələnlərə ora getməməklə bağlı xəbərdarlıq etmişdi. Buna baxmayaraq, insanlar onun dediyinin əksini etdilər. Keşişin özü də daxil olmaqla, 5 mindən çox insan nitqə qulaq asmağa gəlmişdi. Yosef qardaş keşişi öz etiqadını müdafiə etməyə dəvət etdi, amma keşiş istəmədi. Nitqdən sonra qardaş əlindəki bütün nəşrləri ora gələnlərə payladı. Çünki bu insanların Allahın Kəlamına susadığını görürdü (Amus 8:11).
Klod Braun
Afrikada Klod Braun qardaş xoş xəbəri Qızıl Sahilə (indiki Qana) çatdırmışdı. Onun nitqləri və payladığı nəşrlər sayəsində həqiqət həmin ölkədə tez bir zamanda yayıldı. Əczaçılığı oxuyan Con Blankson adlı bir nəfər onun nitqlərindən birini dinləməyə gəlmişdi. O, dərhal başa düşdü ki, həqiqəti tapıb. Con demişdi: «Həqiqət məni cuşa gətirmişdi. Əczaçılıq məktəbində bu barədə hamıya danışırdım».
Con Blankson
Con Üç üqnum təliminin Müqəddəs Kitaba əsaslanmadığını başa düşür. Buna görə də bir gün kilsəyə gedib keşişə Üç üqnum barədə sual verir. Keşiş qışqırıb onu qovur: «Sən xristian deyilsən, sən İblisə məxsussan. Rədd ol buradan!»
Evə qayıdanda Con keşişə məktub yazır və onu Üç üqnum təlimini hamının qarşısında müdafiə etməyə çağırır. Buna cavab olaraq keşiş Conu əczaçılıq məktəbinin dosentinin otağına çağırtdırır. Dosent ondan keşişə doğrudan da məktub yazıb-yazmadığını soruşur. Con deyir:
— Bəli, yazmışam.
Dosent Condan keşişə məktub yazıb üzr istəməyi tələb edir. Buna görə də Con belə məktub yazır: «Hörmətli keşiş, müəllim dedi ki, sizdən üzr istəyim. Mən üzr istəməyə hazıram, amma bir şərtlə ki, siz yalan təlimlər öyrətdiyinizi boynunuza alasınız». Dosent məəttəl qalıb soruşur:
— Blankson, bunu yazmaq istəyirsən?
— Bəli, müəllim, bundan artıq heç nə yaza bilmərəm.
— Sən məktəbdən qovulacaqsan. Düşünmə ki, hökumət kilsəsinin keşişinə qarşı çıxıb dövlət məktəbində qala bilərsən.
— Axı müəllim, siz dərs izah edəndə biz nəyisə başa düşmürüksə, sual veririk, düzdü?
— Düzdür.
— Elə mən də bunu eləmişəm. Bu keşiş bizə Müqəddəs Kitabı öyrədirdi. Mən də ona sual verdim. Əgər o, suala cavab verə bilmirsə, mən ondan niyə üzr istəməliyəm?
Con Blankson qardaş nə keşişdən üzr istəyir, nə də məktəbdən qovulur.
GƏLƏCƏK PLANLAR
«Gözətçi qülləsi» həmin il ərzində görülən işləri belə icmal etmişdi: «Biz Davudun bu sözlərinə şərikik: “Döyüş üçün belimi qüvvətlə qurşayarsan” (Zəbur 18:39). Bu il çox ruhlandırıcı il oldu. Çünki Rəbbimizin əlini üzərimizdə hiss etdik... Ona həqiqətən həsr olunan kəslər... böyük sevinclə şahidlik verdilər».
İlin sonunda qardaşlar daha bir radiostansiya açmağı planlaşdırdılar. Bu stansiya Çikaqo yaxınlığında inşa edildi. Onun adını «Kəlam» mənasını verən «WORD» qoydular. 5000 vattlıq radioötürücüsü olan bu yeni stansiya Padşahlıq haqda müjdəni yüzlərlə kilometr uzağa, hətta şimalda yerləşən Kanadaya ötürə biləcəkdi.
1925-ci ildə ruhani nur daha da gur şəfəq saçacaqdı. Belə ki, Müqəddəs Kitab Tədqiqatçıları Vəhy 12-ci fəsli daha aydın başa düşəcəkdilər. Bu bilik bəziləri üçün büdrəmə daşı olacaqdı. Əksəriyyət isə göydə baş verən gözəgörünməz hadisələri və bunların Allahın yer üzündəki xalqına təsirini daha aydın başa düşdüklərinə görə sevinəcəkdilər.
a Bu nəşr indi «Məsihi həyatı və ibadəti. İş dəftəri» adlanır.
b Həmin vaxt Müqəddəs Kitab Tədqiqatçılarına rəhbərlik edən Cozef Ruterford «hakim Ruterford» kimi də tanınırdı. Beyteldən əvvəl o, Missuri ştatının Səkkizinci Rayon Məhkəməsində vaxtaşırı xüsusi hakim kimi çalışırdı.