TƏLİM MƏQALƏSİ 11
NƏĞMƏ 57 Hər cür insana müjdə çatdıraq
İsa kimi şövqlə təbliğ edin
«Ağa... onları gedəcəyi hər şəhərə, hər yerə özündən qabaq iki-iki göndərdi» (LUKA 10:1).
ƏSAS FİKİR
Bu məqalədə İsa kimi şövqlə təbliğ etməyin dörd yolundan danışılır.
1. Hansı cəhət Yehovanın xidmətçilərini özünü məsihi adlandıran kəslərdən fərqləndirir?
ŞÖVQLƏa təbliğ etmək Yehovanın xidmətçilərini özünü məsihi adlandıran kəslərdən fərqləndirir (Tit. 2:14). Amma, ola bilsin, təbliğ etməyə hərdən heç həvəsiniz olmasın. Ağsaqqal kimi xidmət edən zəhmətkeş bir qardaşın dediyi bu sözlərə, ola bilsin, siz də şəriksiniz: «Hərdən təbliğ eləməyə heç həvəsim olmur».
2. Nəyə görə bəzən təbliğdə şövqümüzü qorumaq çətin olur?
2 Ola bilsin, təbliğ etməkdən çox, müqəddəs xidmətin digər növlərində daha həvəslə iştirak edirik. Nəyə görə bu belədir? Çünki teokratik binaları tikəndə və ya təmir edəndə, təbii fəlakətdən zərərçəkənlərə kömək edəndə, yaxud bacı-qardaşları ruhlandıranda bunun nəticəsini dərhal görürük. Bu isə bizə məmnunluq gətirir. Dindaşlarımızla birgə çalışanda biz sülh və məhəbbətin hökm sürdüyü bir şəraitdə oluruq. Həmçinin bacı-qardaşların çəkdiyimiz zəhmətə dəyər verdiyini görürük. Təbliğə gəldikdə isə, ola bilər, bir ərazidə illərlə təbliğ edək, amma tək-tük adam xoş xəbərə hay versin. Yaxud da elə insanlarla rastlaşa bilərik ki, xoş xəbəri yaxşı qarşılamasın. Həmçinin bilirik ki, son yaxınlaşdıqca insanların müjdəyə marağı azalacaq (Mət. 10:22). Bəs xidmətdə şövqümüzü itirməmək, hətta alovlandırmaq üçün nə edə bilərik?
3. Luka 13:6—9 ayələrindəki məsəldən İsanın şövqü haqda nə öyrənirik?
3 İsanın nümunəsinə nəzər salmaqla xidmətdə şövqlü olmağı öyrənə bilərik. Yer üzündəki xidməti boyu İsa şövqünü heç vaxt itirmədi. Əksinə, onun xidmətdəki şövqü zaman keçdikcə daha da artırdı. (Luka 13:6—9 ayələrini oxuyun.) İsa Məsih çəkdiyi bir məsəldə gördüyü işi bağbanın işinə bənzətmişdi. Bağban üç il ərzində əncir ağacına qulluq etsə də, o, bar vermədi. Eynilə İsa da üç il yəhudilərə təbliğ etsə də, onlardan çoxu İsanın şagirdi olmadı. Məsəldəki bağban əncir ağacından əlini üzmədiyi kimi, İsa da insanlardan ümidini üzmədi. Əksinə, o, hər fürsətdən istifadə edib insanların ürəyinə yol tapmağa çalışırdı.
4. Bu məqalədə İsanın nümunə qoyduğu hansı dörd sahəni araşdıracağıq?
4 Bu məqalədə görəcəyik ki, İsa xidmətinin xüsusilə son altı ayı ərzində necə şövqlə təbliğ etmişdi. Onun dediklərindən və gördüyü işlərdən nümunə götürməklə bu gün biz də xidmətdə şövqümüzü qoruya bilərik. Gəlin görək növbəti dörd sahədə İsa bizə hansı nümunəni qoymuşdu: 1) O, fikrini Yehovanın iradəsinə cəmləyirdi. 2) Müqəddəs Kitab peyğəmbərliyinə diqqət yetirirdi. 3) Yehovanın köməyinə arxalanırdı. 4) Ona qulaq asacaq insanların olacağına ümidini itirmirdi.
O, FİKRİNİ YEHOVANIN İRADƏSİNƏ CƏMLƏYİRDİ
5. İsa diqqətini Allahın iradəsinə cəmlədiyini necə göstərirdi?
5 İsa «Allahın Padşahlığı haqqında müjdəni» böyük şövqlə təbliğ edirdi, çünki o bilirdi ki, Allah onun bu işi görməsini istəyir (Luka 4:43). İsa üçün həyatda ən vacib iş xoş xəbəri təbliğ etmək idi. Hətta xidmətinin sonlarına yaxın İsa şəhərbəşəhər, kəndbəkənd gəzib insanlara təlim verirdi (Luka 13:22). Üstəlik, o, əlavə şagirdlər hazırlayırdı ki, təbliğ işində onunla əməkdaşlıq etsinlər (Luka 10:1).
6. Təbliğ işi ilə digər teokratik təyinatlar arasında hansı əlaqə var? (Həmçinin şəklə baxın.)
6 Bu gün də Yehova və İsa bizim əsas etibarilə təbliğ işi ilə məşğul olmağımızı istəyir (Mət. 24:14; 28:19, 20). Təbliğ işi ilə digər teokratik təyinatlar arasında birbaşa əlaqə var. Məsələn, biz teokratik binalar tikməklə və ya Beyteldə xidmət etməklə sahədəki işi dəstəkləyirik. Təbii fəlakətlər zamanı bacı-qardaşları təkcə zəruri ehtiyaclarla təmin etməklə kifayətlənmirik. Həmçinin onlara təbliğ də daxil olmaqla, ruhani işlərdən qalmamağa kömək edirik. Əgər yadda saxlasaq ki, təbliğ işi çox vacibdir və bu, görməli olduğumuz əsas işdir, onda təbliğdə müntəzəm iştirak edəcəyik. Macarıstandan olan Yanuş adlı ağsaqqal deyir: «Özümə xatırladıram ki, heç bir teokratik iş təbliğ işini əvəz edə bilməz. Əsas təyinatımız təbliğ etməkdir».
Yehova və İsa istəyir ki, biz əsas etibarilə təbliğ işi ilə məşğul olaq (6-cı abzasa baxın)
7. Nəyə görə Yehova təbliğ işini davam etdirməyimizi istəyir? (1 Timutiyə 2:3, 4).
7 İnsanlara Yehovanın gözü ilə baxsaq, təbliğ işində şövqümüzü artıra bilərik. Yehova istəyir ki, mümkün qədər çox insan xoş xəbəri eşidib qəbul etsin. (1 Timutiyə 2:3, 4 ayələrini oxuyun.) Buna görə də O, xilas xəbərini səriştəli şəkildə çatdırmağımız üçün bizə təlim verir. Məsələn, «İnsanları sev. Şagird hazırla» broşüründəki faydalı məsləhətlər bizə şagird hazırlamaq məqsədilə söhbətə başlamağa kömək edə bilər. İnsanlar bu gün xoş xəbəri qəbul etməsələr də, böyük müsibətin sonuna qədər onların belə bir imkanı yarana bilər. Bəlkə də, bu gün dediklərimiz gələcəkdə onların yadlarına düşəcək və Yehovaya xidmət etmək istəyəcəklər. Bu isə yalnız təbliğ işini davam etdirdiyimiz təqdirdə mümkündür.
O, PEYĞƏMBƏRLİKLƏRƏ DİQQƏT YETİRİRDİ
8. Bildiyi hansı peyğəmbərliklər İsaya vaxtından düzgün istifadə etməyə kömək etdi?
8 İsa Müqəddəs Kitabdakı peyğəmbərliklərin necə yerinə yetəcəyini bilirdi. O bilirdi ki, cəmi üç il yarım təbliğ edəcək (Dən. 9:26, 27). Həmçinin peyğəmbərliklərə əsasən, nə vaxt və necə öldürüləcəyi də ona məlum idi (Luka 18:31—34). Bildiyi bu şeylər İsaya vaxtından düzgün istifadə etməyə kömək etdi. Beləcə, ona tapşırılan işi tamamlamaq üçün şövqlə təbliğ etdi.
9. Peyğəmbərlikləri başa düşməyimiz təbliğ etmək şövqümüzü necə artırır?
9 Peyğəmbərliklərin üzərində düşünmək şövqlə təbliğ etməyimizə kömək edə bilər. Biz bu dünyanın sonuna az vaxt qaldığından xəbərdarıq. Həmçinin bizə məlumdur ki, bu gün baş verən hadisələr və insanların əhvali-ruhiyyəsi axırzamanın əlamətidir. Bundan əlavə, Müqəddəs Kitaba əsasən «axırzamanda» şimal padşahı ilə cənub padşahı bir-biri ilə çəkişəcək (Dən. 11:40). Biz bu peyğəmbərliyin Böyük Britaniya və Amerika dövlətləri ilə Rusiya və onun müttəfiqləri arasındakı çəkişməyə aid olduğunu bilirik. Həmçinin Dənyal 2:43—45 ayələrində təsvir olunan heykəlin ayaqlarının Böyük Britaniya və Amerika dövlətlərini təmsil etdiyi də bizə məlumdur. Bu peyğəmbərliyə əsasən əminik ki, tezliklə, çox tezliklə Allahın Padşahlığı insan hökumətlərini məhv edəcək. Bütün bu peyğəmbərliklər sona çox yaxın bir dövrdə yaşadığımızı və yubanmadan təbliğ etməyin vacibliyini bizə xatırladır.
10. Peyğəmbərliklər təbliğ etmək şövqümüzü daha necə artırır?
10 Müqəddəs Kitab peyğəmbərliklərinə həm də insanlarla bölüşməyə can atdığımız bir xəbər də daxildir. Dominikan Respublikasında xidmət edən Keri adlı bir bacı deyir: «Yehovanın gələcək dövrlə bağlı verdiyi gözəl vədlər haqda düşünəndə istəyirəm, bunu hər kəsə müjdələyim». Bacı sözünə əlavə edir: «İnsanların bu gün hansı problemlərlə üzləşdiyini görəndə başa düşürəm ki, təkcə mənim yox, onların da Yehovanın bu gözəl vədlərini eşitməyə ehtiyacı var». Müqəddəs Kitabdakı peyğəmbərliklər göstərir ki, Yehova təbliğ işində bizə dayaqdır və bu, xidmətimizi davam etdirməyə bizi təşviq edir. Macarıstanda yaşayan Leyla bacı deyir: «Əşiya 11:6—9 ayələrinə əsasən Yehovanın köməyi ilə istənilən insan dəyişə bilər. Bu ayələr məni təşviq edir ki, xoş xəbəri “bu, qəbul etməz” dediyim insanlarla da bölüşüm». Zambiyada yaşayan Kristofer adlı qardaş deyir: «Mark 13:10 ayəsində qabaqcadan deyildiyi kimi müjdə bütün dünyada təbliğ edilir. Bu peyğəmbərliyin yerinə yetməsində mənim də payımın olmasını özümə şərəf bilirəm». Bəs sizi hansı Müqəddəs Kitab peyğəmbərlikləri təbliğ işini davam etməyə təşviq edir?
O, YEHOVANIN KÖMƏYİNƏ ARXALANIRDI
11. Nəyə görə İsa təbliğ işini şövqlə davam etdirmək üçün Yehovanın köməyinə arxalanmalı idi? (Luka 12:49, 53).
11 İsa əmin idi ki, Yehova ona şövqlə təbliği davam etdirməyə kömək edəcək. O, insanlarla hörmətcil danışsa da, bilirdi ki, Padşahlıq haqda xoş xəbərə görə nifrətə tuş gələcək və güclü təqiblərə məruz qalacaq. (Luka 12:49, 53 ayələrini oxuyun.) İsanın təbliğdə öyrətdikləri din xadimlərinin xoşuna gəlmədiyinə görə onu dəfələrlə öldürməyə cəhd etmişdilər (Yəh. 8:59; 10:31, 39). Lakin heç nə İsanı dayandıra bilmədi. Çünki o, Yehovanın köməyinə arxalanırdı. O demişdi: «Mən tək deyiləm, məni göndərən Atam mənimlədir... O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm» (Yəh. 8:16, 29).
12. İsa şagirdlərini təqiblərə rəğmən təbliği davam etməyə necə hazırlamışdı?
12 İsa şagirdlərinə xatırladırdı ki, Yehovanın köməyinə arxalana bilərlər. O, Yehovanın onları təqiblər zamanı belə tək qoymayacağına dəfələrlə əmin etmişdi (Mət. 10:18—20; Luka 12:11, 12). İnsanların xoş xəbərə qarşı çıxacağını bildiyi üçün şagirdlərinə ehtiyatlı olmağı tapşırmışdı (Mət. 10:16; Luka 10:3). Həmçinin onlara öyrətmişdi ki, qulaq asmaq istəməyənləri məcbur etməsinlər (Luka 10:10, 11). Eləcə də təqib olunarlarsa, təhlükəni duyub qaçsınlar (Mət. 10:23). İsa nə qədər şövqlü olsa da və Yehovaya arxalansa da, gərəksiz yerə özünü təhlükəyə atmırdı (Yəh. 11:53, 54).
13. Nəyə görə Yehovanın sizə kömək edəcəyinə əmin ola bilərsiniz?
13 Bu gün biz də təqiblərlə üzləşirik. Buna görə də şövqlə təbliğ etməyə davam etmək üçün Yehovanın köməyinə ehtiyacımız var (Vəhy 12:17). Bəs Yehovanın bizə dayaq olacağına nəyə görə əmin ola bilərik? Gəlin İsanın Yəhya 17-ci fəsildə yazılmış duasına nəzər salaq. İsa Yehovadan həvariləri qorumasını xahiş etmişdi. Yehova onun bu duasına cavab verdi. «Həvarilərin işləri» kitabından görə bilərik ki, Yehova onlara təqiblərə rəğmən təbliğ işini şövqlə davam etdirməyə necə kömək edib. İsa həm də Yehovadan xahiş etmişdi ki, O, xoş xəbərə iman gətirəcək kəsləri də qorusun. Bu insanların sırasına siz də daxilsiniz. Yehova İsanın bu duasına indiyədək cavab verir. Allah həvarilərə kömək olduğu kimi sizə də kömək olacaq (Yəh. 17:11, 15, 20).
14. Çətin anlarda belə, şövqlə təbliğ edə biləcəyimizə nəyə görə əminik? (Həmçinin şəklə baxın.)
14 Son yaxınlaşdıqca xoş xəbəri şövqlə təbliğ etmək çətinləşə bilər, amma bu işi görmək üçün lazımi köməyi alacağıq (Luka 21:12—15). İsa və şagirdləri kimi biz də təbliğ edərkən mübahisələrdən uzaq dururuq və seçimi insanın öz öhdəsinə buraxırıq. Hətta fəaliyyətimizin qadağan olunduğu ərazilərdə də bacı-qardaşlar xoş xəbəri təbliğ etməyə davam edirlər. Çünki onlar öz güclərinə deyil, Yehovaya arxalanırlar. Yehova birinci əsrdəki xidmətçilərinə güc verdiyi kimi, bu gün bizə də güc verir ki, təbliğ işi «tam yerinə yetirilsin», ta Yehova «bitdi» deyənə kimi (2 Tim. 4:17). Əmin ola bilərsiniz ki, Yehovaya arxalansanız, şövqlə təbliğ etməyə davam edə biləcəksiniz.
Fəaliyyətimizə qadağa qoyulan ərazilərdə belə, müjdəçilər ehtiyatla təbliğ etmək üçün yollar tapırlar (14-cü abzasa baxın)b
O, İNSANLARDAN ÜMİDİNİ ÜZMÜRDÜ
15. Nəyə əsasən deyə bilərik ki, İsa təbliğ işinin gözəl bəhrələr verəcəyinə əmin idi?
15 İsa əmin idi ki, xoş xəbərə hay verən insanlar olacaq. Bu ona xidmətdə şövqünü qorumağa kömək edirdi. Məsələn, eramızın 30-cu ilinin sonlarına yaxın İsa çoxlu sayda insanın müjdəyə hay verməyə hazır olduğunu görürdü. O, insanları «biçinə hazır məhsul»a bənzətmişdi (Yəh. 4:35). Təxminən bir il sonra İsa şagirdlərinə məhsulun bol olduğunu demişdi (Mət. 9:37, 38). Bir müddət sonra o, eyni sözləri yenə təkrarlamışdı: «Məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Luka 10:2). Bəli, İsa xoş xəbərə hay verəcək insanların olacağına əminliyini itirmirdi və bunu görəndə çox sevinirdi (Luka 10:21).
16. İsanın çəkdiyi nümunələr təbliğ işinə münasibətimizə necə təsir edə bilər? (Luka 13:18—21; həmçinin şəklə baxın.)
16 İsa şagirdlərinə xatırladırdı ki, çatdırdıqları xoş xəbər gözəl bəhrələr verəcək. Bunun da sayəsində şagirdlər xidmətdə şövqlərini qoruyurdular. Misal üçün, gəlin İsanın çəkdiyi iki nümunəyə nəzər salaq. (Luka 13:18—21 ayələrini oxuyun.) İsa xardal toxumunu nümunə çəkib demişdi ki, Padşahlıq haqda xoş xəbər inanılmaz dərəcədə yayılacaq və heç nə onun inkişafının qarşısını ala bilməyəcək. Mayanı nümunə çəkərək isə müjdənin geniş yayılacağını və dərhal görünməsə də, insanları dəyişməyə təşviq edəcəyini izah etmişdi. Beləcə, İsa şagirdlərini əmin etdi ki, təbliğ etdikləri müjdə insanlara böyük fayda gətirəcək.
İsa Məsih kimi biz də bəzi insanların xoş xəbərə hay verəcəyinə əminik (16-cı abzasa baxın)
17. Təbliğ işinin gözəl bəhrələr verəcəyinə nəyə görə əmin ola bilərik?
17 Təbliğ işinin dünya miqyasında nə qədər insana kömək etdiyini görəndə müjdəni bəyan etməyə daha da həvəslənirik. Hər il həqiqətə maraq göstərən milyonlarla insan anma mərasimində iştirak edir və Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir. Yüz minlərlə insan vəftiz olunur və bizimlə birgə təbliğ edir. Hələ bilmirik, nə qədər insan xoş xəbərə hay verəcək. Amma bilirik ki, Yehova böyük bir izdiham toplayır və onları yaxınlaşan böyük müsibətdən xilas edəcək (Vəhy 7:9, 14). Biçin Sahibi tarlanın hələ məhsul verəcəyini görür. Buna görə də biz təbliğ işinə davam etməliyik.
18. İnsanların bizdə nəyi müşahidə etməsini istəyirik?
18 İsanın şagirdləri həmişə təbliğdəki şövqləri ilə seçilirdilər. İnsanlar həvarilərin cəsarətlə danışdığını görəndə «başa düşdülər ki, onlar İsa ilə bir yerdə olan adamlardandırlar» (Həv. 4:13). Eynilə biz də istəyirik, şövqümüzü və cəsarətimizi müşahidə edən insanlar İsadan örnək götürdüyümüzü görsünlər.
NƏĞMƏ 58 Sülhsevər insanları axtarırıq
a BƏZİ İFADƏLƏRİN İZAHI. Bu məqalədə «şövq» sözü altında məsihinin canla-başla, həvəslə Yehovaya ibadət etməsi nəzərdə tutulur.
b ŞƏKLİN İZAHI. Qardaş yanacaqdoldurma məntəqəsində bir kişiyə ehtiyatla təbliğ edir.