Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 mart s. 20—25
  • İmana əsasən yaşayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İmana əsasən yaşayın
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • İŞ SEÇİMİ
  • HƏYAT YOLDAŞI SEÇİMİ
  • TƏŞKİLATDAN GƏLƏN GÖSTƏRİŞLƏR
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Şübhələri dəf edək
    Gözətçi qülləsi 2024
  • Yehovaya xoş gedən qərarlar verin
    Gözətçi qülləsi 2025
  • Sadiq insanların son nəsihətinə əməl edin
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 mart s. 20—25

TƏLİM MƏQALƏSİ 12

NƏĞMƏ 119 İman sahibi olaq

İmana əsasən yaşayın

Çünki biz görünən şeylərə yox, imana əsasən yaşayırıq» (2 KOR. 5:7).

ƏSAS FİKİR

Gəlin görək mühüm qərarlar verəndə necə imanla davrana bilərik.

1. Bulus yaşadığı ömrə boylananda nəyə görə məmnunluq duyurdu?

HƏVARİ BULUS tezliklə öldürüləcəyini bilirdi. Bununla belə o əmin idi ki, şərəfli ömür sürüb. Geriyə boylananda o bu sözləri deyə bilmişdi: «Qarşımdakı məsafəni axıradək qaçdım, iman yolunda mətin qaldım» (2 Tim. 4:6—8). Bulus həyatını Yehovaya xidmətə həsr etməklə hikmətli qərar vermişdi. O, əmin idi ki, Yehova ondan razıdır. Sözsüz, biz də müdrik qərarlar vermək və Yehovanın razılığını qazanmaq istəyirik. Bəs bunu necə edə bilərik?

2. İmana əsasən yaşamaq nə deməkdir?

2 Bulus həm özü, həm də digər sadiq məsihilər haqda belə demişdi: «Biz görünən şeylərə yox, imana əsasən yaşayırıq» (2 Kor. 5:7). Bulus bu sözlərlə nə demək istəyirdi? İnsan görünən şeylərə əsasən yaşayanda qərarlarını yalnız gördüyü, eşitdiyi şeylərə və hisslərinə əsasən verir. Lakin imana əsasən yaşayanda onun qərarlarının kökündə Yehova Allaha etibar dayanır. O əmindir ki, Müqəddəs Kitabdakı məsləhətlərə uyğun yaşasa, həm indi gözəl həyatı olacaq, həm də Yehova gələcəkdə ona bol nemətlər bəxş edəcək (Zəb. 119:66; İbr. 11:6).

3. İmana əsasən yaşamaq hansı nemətləri gətirir? (2 Korinflilərə 4:18).

3 Sözsüz, hərdən hər birimiz müəyyən qərarları gördüklərimizə, eşitdiklərimizə və hisslərimizə əsasən veririk. Amma vacib məsələlərlə bağlı qərar verəndə yalnız gördüyümüz, eşitdiyimiz şeylərə əsaslansaq, çox güman ki, problemlərlə üzləşəcəyik. Nəyə görə? Çünki bu duyğu orqanları bəzən bizi yanılda bilər. Hətta belə olmasa da, yalnız gözlə görünən şeylərə əsasən yaşasaq, sonda Yehovanın bəyənmədiyi hərəkətlərə yol verəcəyik (Vaiz 11:9; Mət. 24:37—39). Amma imana əsasən yaşayanda biz çox ehtimal ki, Rəbbə xoş gedən qərarlar verəcəyik (Efes. 5:10). Allahın məsləhətlərinə uyğun davranmaq bizə qəlb rahatlığı və əsl xoşbəxtlik bəxş edəcək (Zəb. 16:8, 9; Əşy. 48:17, 18). Daima bu cür yaşamağın ən böyük mükafatı isə gələcəkdə əbədi həyatdır. (2 Korinflilərə 4:18 ayəsini oxuyun.)

4. İnsan imana, yoxsa görünən şeylərə əsasən yaşadığını necə müəyyən edə bilər?

4 İmana, yoxsa görünən şeylərə əsasən yaşadığımızı necə müəyyən edə bilərik? Bunun ən sadə yolu özümüzə bu cür suallar verməkdir: «Qərarlarıma hansı amillər yön verir? Yalnız gördüyüm şeylərə əsasən qərar verirəm, yoxsa Yehovaya etibar edir və Onun məsləhətlərini əsas tuturam?» Gəlin görək həyatımızın üç vacib sahəsində — iş seçimində, həyat yoldaşı seçimində və təşkilatdan göstərişlər alanda imana əsasən yaşadığımızı necə göstərə bilərik. Bu sahələrin hər biri ilə bağlı düzgün qərarlar vermək üçün diqqət yetirməli olduğumuz amilləri araşdıracağıq.

İŞ SEÇİMİ

5. İş seçimində nələri nəzərə almalıyıq?

5 Hər birimiz özümüzü və ailəmizi maddi cəhətdən təmin etmək istəyirik (Vaiz 7:12; 1 Tim. 5:8). Bəzi işlər yaxşı gəlir gətirir. Bunun sayəsində insan gündəlik xərclərini qarşılaya, həmçinin dar gün üçün qırağa pul qoya bilir. Bəzi işlərin verdiyi maaş ailənin yalnız zəruri tələbatlarını ödəməyə çatır. Hansısa işə razılaşmazdan öncə, təbii ki, nə qədər pul qazanacağımızı düşünürük. Amma insan yalnız bu amili nəzərə alsa, onda görünən şeylərə əsasən qərar vermiş olacaq.

6. İmana əsasən yaşadığımızı iş seçimində necə göstərə bilərik? (İbranilərə 13:5).

6 İmana əsasən yaşasaq, seçəcəyimiz işin Yehova ilə dostluğumuza necə təsir edəcəyini də nəzərə alacağıq. Özümüzdən soruşa bilərik: «Bu iş Yehovaya məqbuldur, yoxsa Yehovanın nifrət etdiyi əməlləri görməli olacağam?» (Məs. 6:16—19). «İbadətimlə toqquşacaq? Ailəmdən uzaq düşəcəyəm? Yaxud ailəmə kifayət qədər vaxt ayırmağıma mane olacaq?» (Filip. 1:10). Əgər bu suallara cavabınız «bəli»dirsə, onda hətta iş tapmaq çətin olsa da, bu cür işə «yox» demək müdrik qərar olardı. İmana əsasən yaşadığımız üçün verdiyimiz qərarla göstərəcəyik ki, Yehovanın qayğımıza qalacağına etibar edirik (Mət. 6:33; İbranilərə 13:5 ayəsini oxuyun).

7, 8. Cənubi Amerikada yaşayan bir qardaş imana əsasən yaşadığını necə göstərdi? (Həmçinin şəklə baxın.)

7 Gəlin görək Cənubi Amerikada yaşayan Xavyera qardaş imana əsasən yaşamağın vacib olduğunu öz təcrübəsindən necə görmüşdü. O deyir: «Mən daha yüksək vəzifə üçün müraciət eləmişdim. Bu işdən ikiqat maaş alacaqdım və çox ürəyimcə olan bir iş idi». Amma Xavyer öncül olmağı da çox istəyirdi. O, sözünə belə davam edir: «Məni bu iş üçün müsahibəyə dəvət etdilər. Müsahibədən əvvəl Yehovaya dua edib kömək istədim, çünki əmin idim ki, Yehova mənim üçün nəyin ən yaxşı olduğunu bilir. İşlədiyim sahədə peşəkar olmaq istəyirdim, amma ruhani məqsədlərimə çatmağa mane olacaq bir iş də istəmirdim».

8 Xavyer bölüşür: «Müsahibə zamanı menecer mənə dedi ki, çox vaxt işdən sonra qalıb işləməli olacağam. Mən isə nəzakətlə dedim ki, bunu edə bilməyəcəyəm, çünki bu mənim ibadətimə mane olacaq». Beləcə, Xavyer bu işə razılıq vermədi. İki həftə sonra o, öncül xidmətinə başladı. Bir neçə ay sonra isə yarımgünlük bir iş tapdı. Xavyer deyir: «Yehova dualarımı eşitdi və qarşıma öncül xidmətinə uyğun gələn bir iş çıxartdı. Bu işi tapdığıma görə çox xoşbəxtəm, çünki Yehovaya və bacı-qardaşlara xidmət etmək üçün daha çox vaxtım olur».

Qardaşımızın əlində kaska və iş paltarı var, müdiri onu boş ofisə gətirib və vəzifə təklif edir.

Müdiriniz vəzifənizi artırmaq istəsə, necə davranacaqsınız? Qərarınızdan Yehovaya etibar etdiyiniz görünəcək? (7 və 8-ci abzaslara baxın)


9. Treyzorun hadisəsindən nə öyrənirsiniz?

9 Əgər hazırkı işimiz imana əsasən yaşamağımıza mane olursa, onda nə etməliyik? Gəlin Konqodan olan Treyzor qardaşın nümunəsinə baxaq. O bölüşür: «Yeni işim elə bir iş idi ki, belə fürsət həyatda insanın qarşısına bir dəfə çıxır. Bu işdə əvvəlki maaşımın üç qatını qazanırdım və hamı mənə hörmətlə yanaşırdı». Bununla belə, Treyzor işdən sonra qalıb işlədiyi üçün yığıncaqları buraxmalı olurdu. Ona həm də işdə fırıldağa əl atması üçün təzyiq göstərirdilər. Treyzor işdən çıxmaq istəyirdi, amma narahat idi ki, birdən işsiz qalar. Bəs ona nə kömək etdi? Treyzor bölüşür: «Həbquq 3:17—19 ayələri mənə bir şeyi başa düşməyə kömək etdi: hətta bu işimi itirsəm də və daha az pul qazansam da, Yehova necəsə mənim qayğıma qalacaq. Buna görə də ərizə yazıb işdən çıxdım». Treyzor sözlərinə belə yekun vurur: «Çox vaxt müdirlər düşünür ki, insan yaxşı gəlirli işə görə ailəsini, ibadətini, bir sözlə, hər şeyini qurban verər. Amma mən xoşbəxtəm ki, Yehova və ailə üzvlərimlə münasibətimi qorudum. Bir ildən sonra mən Yehovanın sayəsində stabil bir iş tapa bildim. İndi sadə həyat sürürəm və ruhani işlərdə iştirak etmək üçün daha çox vaxtım qalır. Yehovanı həyatımızda birinci yerə qoysaq, ola bilsin, bir müddət maddi cəhətdən korluq çəkək, amma Yehova mütləq qayğımıza qalacaq». Bəli, əgər Yehovanın məsləhətinə və vədlərinə etibar etsək, imana əsasən yaşayacaq və Ondan nemətlər alacağıq.

HƏYAT YOLDAŞI SEÇİMİ

10. Həyat yoldaşı seçimində görünən şeylərə əsasən qərar verməyimizə nə səbəb ola bilər?

10 Ailə Yehovadan bir hədiyyədir və insanın evlənmək istəməsi təbiidir. Bacı münasib həyat yoldaşı axtararkən, ola bilsin, qardaşın xasiyyətinə, xarici görünüşünə, qazandığı ada, maddi vəziyyətinə, ailə məsuliyyətlərinə və onun yanında özünü necə hiss etdiyinə diqqət yetirsinb. Bu amillərin hamısı vacibdir. Amma bacı diqqətini yalnız bu amillərə cəmləsə, görünən şeylərə əsasən yaşadığını göstərəcək.

11. Həyat yoldaşı seçərkən imana əsasən yaşadığımızı necə göstərə bilərik? (1 Korinflilərə 7:39).

11 Yehova həyat yoldaşı seçimi ilə bağlı Onun məsləhətinə əməl edən bacı-qardaşlarımızla qürur duyur. Məsələn, məsihilər Müqəddəs Kitabın məsləhətinə uyğun davranıb görüşməzdən əvvəl gəncliyin «qaynar çağı»nın ötməsini gözləyirlər (1 Kor. 7:36). Onlar münasib həyat yoldaşı seçərkən çalışırlar ki, Yehovanın yaxşı ər və arvadda görmək istədiyi xüsusiyyətlərə önəm versinlər (Məs. 31:10—13, 26—28; Efes. 5:33; 1 Tim. 5:8). Onlar Yehovanın Şahidi olmayan insanla romantik münasibət qurmurlar. Əksinə, 1 Korinflilərə 7:39 ayəsindəki «Ağanın yolunda» olan adamla ailə qurun məsləhətinə əməl edirlər. (Ayəni oxuyun.) Onlar imana əsasən yaşayırlar, çünki Yehovanın onların emosional tələbatlarının qayğısına istənilən insandan daha yaxşı qalacağına əmindirlər (Zəb. 55:22).

12. Rozanın hadisəsindən nə öyrənirsiniz?

12 Gəlin Kolumbiyada öncül kimi xidmət edən Roza bacının hadisəsinə baxaq. O, işinə görə Yehovanın Şahidi olmayan bir kişi ilə müntəzəm ünsiyyət etməli olurdu. Həmin kişinin Rozadan xoşu gəlməyə başladı. Rozanın da ona qarşı hissləri yarandı. Roza bölüşür: «O, yaxşı insana oxşayırdı, hamıya kömək edirdi, zərərli vərdişləri yox idi, mənimlə mehriban davranırdı. Həyat yoldaşında önəm verdiyim bütün xüsusiyyətlər onda var idi, bircə Yehovanın Şahidi deyildi». Roza sözünə davam edir: «Onun görüşmək təklifinə “yox” demək mənə çətin idi. Həmin vaxt qayğıya, diqqətə ehtiyacım var idi. O dönəmlərdə özümü tənha hiss edirdim. Ailə qurmaq istəyirdim. Amma məsihilər arasında münasib həyat yoldaşı tapa bilmirdim». Bununla belə, Roza diqqətini yalnız gözlə gördüklərinə cəmləmədi. O, qərarının Yehova ilə dostluğuna necə təsir edəcəyi üzərində düşündü. Beləcə, Roza həmin insanla bütün əlaqələrini kəsdi və diqqətini ruhani işlərə cəmlədi. Qısa müddətdən sonra Roza Padşahlıq müjdəçiləri məktəbinə dəvət aldı və hal-hazırda xüsusi öncül kimi xidmət edir. O deyir: «Yehova qəlbimi sevinclə doldurub». Düzdür, bizim üçün həssas olan məsələlərdə Yehovanın istədiyi kimi davranmaq çətin gələ bilər, amma buna dəyər.

TƏŞKİLATDAN GƏLƏN GÖSTƏRİŞLƏR

13. Necə ola bilər ki, təşkilatdan göstərişlər alanda görünən şeylərə əsasən davranaq?

13 Biz tez-tez təşkilatdan göstərişlər alırıq. Yığıncağın ağsaqqallarından, rayon nəzarətçisindən, filialdan, yaxud Rəhbərlik Şurasından aldığımız bu göstərişlər Yehovaya ibadətdə bizə yol göstərir. Amma hərdən, ola bilsin, qardaşların verdiyi göstərişin səbəbini başa düşə bilməyək. Bəlkə də, belə vəziyyətdə diqqətimizi yalnız bu göstərişə əməl etməyin yaratdığı çətinliklərə cəmləyək. Ehtiyatlı olmasaq, fikrimizi hətta göstərişi verən qardaşların qeyri-kamilliyinə yönəldə bilərik.

14. Təşkilatdan göstərişlər alanda imana əsasən yaşadığımızı necə göstərə bilərik? (İbranilərə 13:17).

14 İmana əsasən yaşayanda etibar edirik ki, hər şey Yehovanın nəzarəti altındadır və O bizim üçün nəyin daha yaxşı olduğunu bilir. Bunun da sayəsində göstərişlərə dərhal tabe olur və bunu canla-başla edirik. (İbranilərə 13:17 ayəsini oxuyun.) Biz başa düşürük ki, itaətkarlıq göstərməklə yığıncaqdakı birliyə töhfə veririk (Efes. 4:2, 3). Həmçinin biz Yehovaya bir məsələdə də etibar edirik: bilirik ki, qardaşlar qeyri-kamil olsalar da, onlara itaət etsək, Yehova bizə nemətlər verəcək (1 İşm. 15:22). Əgər O, düzəlişə ehtiyac görürsə, vaxtı gələndə bunu edəcək (Mik. 7:7).

15, 16. Bir qardaşın aldığı göstərişlə bağlı bəzi şübhələri olsa da, ona imana əsasən yaşamağa nə kömək etdi? (Həmçinin şəklə baxın.)

15 Gəlin imana əsasən yaşamağın gətirdiyi bəhrələrlə bağlı bir hadisəyə baxaq. Peruda ispan dili geniş yayılsa da, əhalinin çoxu yerli dillərdə danışır. Bu dillərdən biri keçua dilidir. Keçua dilində danışan bacı-qardaşlar bir neçə il idi ki, həmin ərazidəki keçuadilli insanları axtarıb onlara təbliğ edirdilər. Amma dövlətin qanunlarına müvafiq davranmaq üçün bu insanları tapmaqla bağlı üsula dəyişiklik edildi (Rom. 13:1). Buna görə də bəziləri narahat idi ki, görəsən, bu qərar həmin ərazidəki təbliğ işinə necə təsir göstərəcək, onu dayandırmayacaq ki? Qardaşlar bu dəyişikliklərə uyğun davrandığı üçün Yehova onlara keçua dilində danışan daha çox insanı tapmağa kömək etdi.

16 Keçuadilli yığıncaqda ağsaqqal kimi xidmət edən Kevin qardaşın da yeni qərarla bağlı bəzi narahatlıqları var idi. O bölüşür: «Öz-özümə düşünürdüm: “İndi keçua dilində danışan insanları necə tapacağıq?”» Bəs Kevin nə etdi? O deyir: «Məsəllər 3:5 ayəsini yadıma saldım və Musa peyğəmbər barədə düşündüm. Yehova ona insan nöqteyi-nəzəri ilə məntiqli görünməyən bir göstəriş vermişdi. Musaya demişdi ki, israilliləri Misirdən çıxarıb Qırmızı dənizə tərəf aparsın. Qırmızı dənizə çatanda vəziyyət elə görünürdü ki, israillilər misirlilərin əlindən qaça bilməyəcəklər. Amma Musa Yehovanın göstərişinə tabe oldu. Yehova da onun bu itaətkarlığını möcüzəvi şəkildə mükafatlandırdı» (Çıx. 14:1, 2, 9—11, 21, 22). Kevin yeni təbliğ üsuluna canla-başla uyğunlaşdı. Bəs nəticə nə oldu? Kevin deyir: «Yehovanın bizə necə bərəkət verdiyini görəndə heyrətə gəldim. Əvvəllər biz təbliğdə çox yol qət edirdik və bəzən elə olurdu ki, keçuadilli cəmi bir-iki insan tapırdıq. İndi diqqətimizi keçuadilli insanların çox olduğu ərazilərə cəmləmişik. Nəticədə daha çox insan tapırıq, təkrar söhbətlər edirik və Müqəddəs Kitab dərsləri keçirik. Görüşə gələnlərin sayında da artım var». Bəli, imana əsasən yaşayanda Yehovadan həmişə mükafat alırıq.

Yehovanın Şahidi olan ərlə arvad xidmətdədir. Keçuadilli kişi onlara bir nəfərin evini göstərir.

Qardaşlar fikir verdilər ki, rastlaşdıqları insanların çoxu onlara qonşuluqdakı keçuadilli insanların harada yaşadığını deyirdi (15 və 16-cı abzaslara baxın)


17. Bu məqalədən nə öyrəndiniz?

17 Bu məqalədə imana əsasən yaşamağın üç vacib sahəsini araşdırdıq. Bununla belə, həyatımızın bütün sahələrində, məsələn, əyləncə və istirahət seçimində, təhsil və uşaq tərbiyəsi ilə bağlı qərarlar verəndə də imana əsasən yaşadığımızı göstərməliyik. Verdiyimiz istənilən qərarı təkcə görünən şeylərə əsasən verməməliyik. Həmçinin Yehova ilə münasibətimizi, Onun məsləhətlərini və qayğımıza qalacağı ilə bağlı vədini də nəzərə almalıyıq. Belə edəriksə, onda «əbədiyyən Allahımız Yehovanın adı ilə yeriyəcəyik» (Mik. 4:5).

AŞAĞIDAKI SAHƏLƏRDƏ İMANA ƏSASƏN YAŞADIĞIMIZI NECƏ GÖSTƏRƏ BİLƏRİK?

  • İş seçimində

  • Həyat yoldaşı seçimində

  • Təşkilatdan göstərişlər alanda

NƏĞMƏ 156 İman gözüylə bax

a Bəzi adlar şərtidir.

b Bu abzasdakı fikirlər ailə qurmaq istəyən bacılara aid olsa da, eyni məsləhətlər həyat yoldaşı axtaran qardaşlara da aiddir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş