TƏLİM MƏQALƏSİ 18
NƏĞMƏ 65 İrəli get!
Gənc qardaşlar, Mark və Timutidən örnək alın
«Gələndə Markı da özünlə götürərsən, çünki xidmətdə onun mənə böyük köməyi dəyir» (2 TİM. 4:11).
ƏSAS FİKİR
Gənc qardaşlar Mark və Timutidən nümunə götürərək başqalarına qulluq etmək üçün özlərində lazımi xüsusiyyətləri yetişdirə bilərlər.
1, 2. Mark və Timutiyə Yehovanın yolunda daha çox iş görməyə nə mane ola bilərdi?
GƏNC qardaşlar, Yehovanın yolunda daha çox iş görmək və yığıncağınıza daha çox fayda gətirmək istəyirsiniz? Buna heç şübhə yoxdur. Bu qədər gənc qardaşın başqalarına qulluq etməyə hazır olduğunu görəndə adamın ürəyi fərəhlə dolur! (Zəb. 110:3). Bununla belə, yəqin, müəyyən çətinliklərlə də üzləşirsiniz. Bəlkə də, xidmətinizi genişləndirməyə tərəddüd edirsiniz, çünki qabaqda sizi nələrin gözlədiyini bilmirsiniz. Yaxud da hansısa təyinatın öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz üçün onu qəbul etməmisiniz. Bilin ki, bu cür hisslər keçirən tək siz deyilsiniz.
2 Belə hisslər Markla Timutidə də var idi. Onların da təcrübələri az idi və gələcəkdə həyatlarının necə dəyişəcəyi onları da narahat edirdi. Amma bu onları Yehovanın yolunda daha çox iş görməkdən dayandırmadı. Məsələn, Markın nümunəsinə baxaq. Həvari Bulusla Barnəba ilk təbliğ səyahətlərinə Markı da dəvət edəndə o, anası ilə birlikdə rahat evdə yaşayırdı (Həv. 12:12, 13, 25). Mark öyrəşdiyi mühiti qoyub xidmətini genişləndirdi. Əvvəlcə, o, Antakyaya köçdü. Sonra Bulus və Barnəba ilə birlikdə başqa uzaq ərazilərə getdi (Həv. 13:1—5). Eynilə Bulus Timutini onunla birlikdə təbliğ etməyə dəvət edəndə, görünür, Timuti valideynləri ilə yaşayırdı. Timuti gənc və təcrübəsiz olduğuna görə Bulusla getməyə hazır olmadığını düşünə bilərdi. (1 Korinflilərə 16:10, 11 və 1 Timutiyə 4:12 ayələri ilə əlaqələndirin.) Amma o bu dəvəti qəbul etdi və nəticədə, həyatında gözəl hadisələr baş verdi (Həv. 16:3—5).
3. a) Markla Timuti Bulusa nə qədər əziz idi? (2 Timutiyə 4:6, 9, 11; həmçinin şəkillərə baxın.) b) Bu məqalədə hansı suallara cavab tapacağıq?
3 Markla Timuti zəngin təcrübə qazandılar və gənc yaşlarından üzərlərinə ağır məsuliyyət götürməyi öyrəndilər. Onlar Bulusa o qədər əziz idilər ki, hətta Bulus öldürüləcəyini biləndə onları yanına çağırmışdı. (2 Timutiyə 4:6, 9, 11 ayələrini oxuyun.) Bulus Markla Timutini hansı xüsusiyyətlərinə görə sevirdi? Gənc qardaşlar onlardan hansı nümunəni götürə bilər? Bulusun ata nəsihətindən gənc qardaşlar nə öyrənə bilər?
Markla Timuti gənc yaşlarından üzərlərinə məsuliyyət götürürdülər, elə buna görə Bulus onları çox istəyirdi (3-cü abzasa baxın)b
MARKDAN ÖRNƏK GÖTÜRÜN: QULLUQ ETMƏYƏ HAZIR OLUN
4, 5. Mark başqalarına qulluq etməyə can atdığını necə göstərdi?
4 Bir mənbəyə əsasən «qulluq etmək» və ya «xidmət etmək» başqalarına «canla-başla və israrla kömək etməyə can atmaq» mənasını verir. Mark bu sahədə gözəl nümunə idi. Yəqin, Bulus onu özü ilə ikinci təbliğ səyahətinə götürməyəndə bu, Markın xətrinə dəymişdi və məyus olmuşdu (Həv. 15:37, 38). Bununla belə, Mark bacı-qardaşlarına qulluq etməkdən vaz keçmədi.
5 O, qohumu Barnəba ilə gedib başqa ərazidə xidmət etdi. Təxminən 11 il sonra Bulus Romada ilk dəfə həbsə salınanda Mark digər həvarilərlə birlikdə onun yanında idi (Flm. 23, 24). Bulus Markın dəstəyini çox qiymətləndirirdi. Hətta Markı ona dayaq olan əməkdaş adlandırmışdı (Kol. 4:10, 11).
6. Mark yetkin məsihilərlə oturub-durmağın hansı xeyrini görmüşdü? (Haşiyəyə baxın.)
6 Mark yetkin məsihilərlə oturub-durmağın böyük xeyrini görmüşdü. O, bir müddət Bulusla Romada olandan sonra həvari Butrusla əməkdaşlıq etmək üçün Babilə yollandı. Onlar o qədər yaxın oldular ki, Butrus onu «oğlum» adlandırmışdı (1 But. 5:13). Yəqin, əməkdaşlıq etdikləri müddətdə Butrus bu gənc dostuna İsanın həyatı və xidməti ilə bağlı maraqlı təfərrüatları danışmışdı. Mark da bunları sonralar öz Müjdəsində qələmə almışdıa.
7. Senq Vu adlı gənc qardaş Markın nümunəsini necə izləmişdi? (Həmçinin şəklə baxın.)
7 Mark xidmətdə aktiv qaldı və yetkin qardaşlardan uzaqlaşmadı. Siz onun nümunəsini necə izləyə bilərsiniz? Ola bilsin, Yehovanın yolunda daha çox iş görmək istəyirsiniz. Məsələn, yığıncaq xidmətçisi və ya ağsaqqal olmaq istəyirsiniz. Əgər bu məsuliyyətləri hələ almamısınızsa, ruhdan düşməyin, Yehovaya və bacı-qardaşlara xidmət etmək üçün başqa imkanlar axtarın. Gəlin hal-hazırda ağsaqqal kimi xidmət edən Senq Vu qardaşın nümunəsinə baxaq. Bir zamanlar o özünü yaşıdı olan gənc qardaşlarla müqayisə edirdi. Bəziləri ondan əvvəl ağsaqqal kimi təyin olundu. Bu, Senq Vuya çox pis təsir etmişdi. Sonra o öz narahatçılığını yetkin qardaşlarla bölüşdü. Ağsaqqallardan biri ona məsləhət gördü ki, başqaları onun yaxşı işlərini bəzən görməsə də, yenə də bacı-qardaşlar üçün bacardığını etsin. Senq Vu bu məsləhətə əməl edib yaşlılara və yığıncağa gəlmək üçün nəqliyyata ehtiyacı olanlara kömək etməyə başladı. Qardaş həmin vaxtları xatırlayaraq deyir: «İnsanlara qulluq etməyin əslində nə demək olduğunu daha yaxşı başa düşdüm. Başqalarına kömək əli uzatmağın nə qədər sevinc gətirdiyinin fərqinə vardım».
Yetkin qardaşlarla oturub-durmağın gənc qardaşlara hansı xeyri var? (7-ci abzasa baxın)
TİMUTİDƏN ÖRNƏK GÖTÜRÜN: BAŞQALARININ QEYDİNƏ QALIN
8. Nəyə görə Bulus Timutinin onunla səyahət etməsini istəyirdi? (Filippililərə 2:19—22).
8 Bulus təqiblə üzləşdiyi şəhərlərə yenidən qayıdanda onun yanında olacaq cəsarətli əməkdaşlara ehtiyacı var idi. Əvvəlcə o, təcrübəli məsihi olan Silanı seçir (Həv. 15:22, 40). Daha sonra Timutini dəvət edir. Bəs nəyə görə Timutini? Səbəblərdən biri o idi ki, Timuti bacı-qardaşlar arasında yaxşı ad qazanmışdı (Həv. 16:1, 2). O həm də can-dildən başqalarının qeydinə qalırdı. (Filippililərə 2:19—22 ayələrini oxuyun.)
9. Nəyə əsasən demək olar ki, Timuti bacı-qardaşların qeydinə qalırdı?
9 Bulusla xidmətinin ta əvvəlindən Timuti özündən çox başqalarını düşündüyünü göstərmişdi. Ona görə də Bulus arxayınlıqla Timutini Veriyada qoyub getdi. Bilirdi ki, o orada yeni şagirdlərin qayğısına qalacaq (Həv. 17:13, 14). Həmin vaxt Sila da Veriyada qalmışdı və sözsüz, Timuti onun nümunəsindən çox şey öyrənmişdi. Amma sonralar Bulus Timutinin özünü Salonikidəki məsihiləri möhkəmləndirməyə göndərdi (1 Salon. 3:2). Müqəddəs Kitabdan görmək olar ki, haradasa 15 il sonra da, Timutinin bacı-qardaşlara məhəbbəti artmışdı ki, azalmamışdı. O onların dərdinə şərik olur, hətta ağlayanlarla ağlayırdı (Rom. 12:15; 2 Tim. 1:4). Gənc qardaşlar Timutinin nümunəsini necə izləyə bilər?
10. Vu Ce qardaş insanlara diqqət göstərməyi necə öyrəndi?
10 Vu Ce adlı bir qardaş insanlara diqqət göstərməyi öyrənib. Əvvəllər ona yaşlı bacı-qardaşlarla söhbət etmək çətin idi. O, ibadət evində onlarla qısaca salamlaşıb çıxıb gedirdi. Bir ağsaqqal ona bir üsul təklif etdi. Dedi ki, söhbətə başlamaq üçün dindaşında nələri bəyəndiyini deyə bilər. Ağsaqqal həm də onu təşviq etdi ki, qarşı tərəfin maraq dairəsi barədə düşünsün. Vu Ce qardaş onun məsləhətlərinə əməl etdi. Hal-hazırda o, ağsaqqaldır. Vu Ce deyir: «İndi mən müxtəlif yaşda olan insanlarla asanlıqla söhbət edə bilirəm. Sevinirəm ki, başqalarının dərdini indi daha yaxşı başa düşürəm. Bu, dindaşlarıma dayaq olmağa çox kömək edir».
11. Gənc qardaşlar yığıncaqdakılara diqqət göstərməyi necə öyrənə bilər? (Həmçinin şəklə baxın.)
11 Gənc qardaşlar, başqalarının qeydinə qalmaq sizdə də alınar. Yığıncaqda olanda müxtəlif bacı-qardaşlara — həm yaşlılara, həm də cavanlara diqqət ayırın, hal-əhval tutun və diqqətlə dinləyin. Bunun sayəsində onların hansı köməyə ehtiyac duyduqlarını biləcəksiniz. Ola bilsin, görəcəksiniz ki, hansısa yaşlı ər-arvad «JW Library®» tətbiqindən tam istifadə edə bilmir, yaxud da təbliğə getməyə əməkdaş tapa bilmir. Onlara elektron cihazdan istifadə etməyə kömək edə bilərsiniz? Əgər xidmətə çıxmağa əməkdaşlarının olmadığını desələr, onlarla birlikdə təbliğ edə bilərsiniz? Dindaşlarınıza kömək etmək üçün təşəbbüs göstərsəniz, yığıncaqda hamıya gözəl nümunə qoyacaqsınız.
Gənc qardaşlar dindaşlarına müxtəlif sahələrdə kömək edə bilər (11-ci abzasa baxın)
BULUSDAN ATA NƏSİHƏTİ
12. Gənc qardaşlar Bulusun Timutiyə verdiyi nəsihətdən necə yararlana bilərlər?
12 Bulus Timutinin həm həyatda, həm də xidmətdə müvəffəqiyyət qazanması üçün ona ata nəsihəti vermişdi (1 Tim. 1:18; 2 Tim. 4:5). Əziz gənc qardaşlar, siz də bu nəsihətin xeyrini görə bilərsiniz. Necə? Bulusun Timutiyə yazdığı iki məktubu sanki sizə yazılmış məktub kimi oxuyun və görün oradakı məsləhətlərdən hansını tətbiq edə bilərsiniz. Gəlin onlardan bəzilərinə nəzər salaq.
13. Yehovaya sədaqətimizi möhkəmləndirmək üçün nə etməliyik?
13 «Mömin insan olmaq üçün var gücünlə çalış» (1 Tim. 4:7b, haşiyə). Mömin insan kimdir? Bu, Yehovaya sadiq olan, Onu razı salmaq istəyən insandır. Amma Yehovaya bu cür sədaqət və məhəbbət bəsləmək üçün zəhmət çəkmək lazımdır. Bunu necə edə bilərik? «Var gücünlə çalış» kimi tərcümə olunan yunan sözü hərfən «məşq et» mənasını verir. Adətən bu söz yarışa hazırlaşan idmançıların ciddi məşq etməsini təsvir etmək üçün istifadə olunurdu. Onlar yarışda qalib gəlmək üçün intizamlı olmalı idilər. Biz də Yehovaya yaxınlaşmağımıza kömək edəcək vərdişlərə yiyələnmək üçün intizamlı olmalıyıq.
14. Müqəddəs Kitabı oxuyarkən məqsədimiz nə olmalıdır və ona necə nail ola bilərik?
14 Müqəddəs Kitabı hər gün oxumağı vərdiş edin. Unutmayın, məqsədiniz Yehovaya daha da yaxınlaşmaqdır. Tutaq ki, siz İsanın varlı oğlanla söhbətini oxuyursunuz (Mark 10:17—22). Bu varlı oğlan İsanın Məsih olduğuna inanırdı. Amma onun ardınca getmək üçün imanı zəif idi. Buna baxmayaraq, «oğlan İsanın ürəyinə yatdı». Yəqin, İsanın onunla mehriban danışması sizə xoş təsir bağışladı. Sözsüz, İsa ona düzgün qərar verməsi üçün kömək etmək istəyirdi. İsanın münasibətindən Yehovanın bu oğlana olan məhəbbətini görmək olar (Yəh. 14:9). Bu hekayəni və öz vəziyyətinizi götür-qoy edib bu sual üzərində düşünün: «Varlı rəhbərdən fərli olaraq, mən Yehovaya daha da yaxınlaşmaq və bacı-qardaşlara daha çox xidmət etmək üçün nə edə bilərəm?»
15. Nəyə görə gənc qardaşlar başqalarına yaxşı nümunə qoymalıdırlar? Nümunə çəkin (1 Timutiyə 4:12, 13).
15 «Sadiqlərə nümunə ol». (1 Timutiyə 4:12, 13 ayələrini oxuyun.) Bulus Timutini təşviq etmişdi ki, oxumaq və təlim vermək bacarığına yiyələnməklə yanaşı, özündə məhəbbət, iman, paklıq kimi xüsusiyyətləri də yetişdirsin. Çünki əməl sözdən daha təsirlidir. Təsəvvür edin, təbliğ işində daha fəal olmaqla bağlı nitq söyləyəcəksiniz. Əgər siz təbliğdə bacardığınızı edirsinizsə, onda bu nitqi alnıaçıqlıqla söyləyə biləcəksiniz. Qoyduğunuz nümunə sözlərinizə qüvvət verəcək (1 Tim. 3:13).
16. a) Gənc qardaşlar hansı beş sahədə başqalarına nümunə ola bilər? b) Gənc qardaş «danışıqda» nümunə olmaq üçün nə edə bilər?
16 1 Timutiyə 4:12 ayəsindən görmək olar ki, Bulus gənc qardaşların nümunə ola biləcəyi beş sahəni vurğulayır. Fərdi mütaliə zamanı bu beş sahənin hər birini araşdırsanız, yaxşı olar. Məsələn, deyək ki, başqalarına «danışıqda» nümunə olmaq istəyirsiniz. Düşünün: insanlara nə deyib onları ruhlandıra bilərsiniz? Əgər valideynlərinizlə birlikdə yaşayırsınızsa, bəlkə, sizin üçün etdiklərinə görə minnətdarlığınızı tez-tez bildirəsiniz? Yığıncaqdan sonra bacıya və ya qardaşa tapşırığı ilə bağlı bəyəndiyiniz məqamları deyə bilərsiniz? Həmçinin öz sözlərinizlə şərh verməyə çalışın. Danışıqda nümunə olmağa çalışmağınız başqalarının diqqətindən yayınmayacaq. Onlar sizin ruhani inkişafınızı aydın görəcəklər (1 Tim. 4:15).
17. Gənc qardaşlar ruhani məqsədlərinə necə çata bilər? (2 Timutiyə 2:22).
17 «Gəncliyə xas istəklərdən qaç», salehliyə can at. (2 Timutiyə 2:22 ayəsini oxuyun.) Bulus Timutini təşviq etmişdi ki, ruhani məqsədlərinə mane olacaq və Yehova ilə münasibətlərini korlayacaq hər şeydən uzaq olsun. Yəqin, fikir vermisiniz ki, müəyyən məşğuliyyətlər öz-özlüyündə pis olmasa da, onlara görə ruhani işlərə az vaxtınız qalır. Məsələn, idmana, internetdə dolaşmağa və video oyunlar oynamağa nə qədər vaxt sərf edirsiniz? Bu vaxtın bir qismini ruhani işlərə ayıra bilərsiniz? Bəlkə də ibadət evinin qulluğu ilə bağlı öz köməyinizi təklif edə bilərsiniz, yaxud təbliğə daha çox vaxt ayıra bilərsiniz. Bu kimi işlərdə iştirak etdikcə çox yəqin ki, yeni dostlar qazanacaqsınız. Onlar sizə ruhani məqsədlər qoymağa və onlara çatmağa kömək edə bilər.
BAŞQALARINA QULLUQ ETMƏK NEMƏTLƏR GƏTİRİR
18. Mark və Timutinin dolğun və mənalı həyat sürdüklərini nəyə əsasən deyə bilərik?
18 Markla Timuti başqalarına qulluq etmək naminə böyük qurbanlar vermişdilər. Bunun da nəticəsində dolğun və mənalı həyat sürmüşdülər (Həv. 20:35). Mark dindaşlarına qulluq etmək üçün dünyanın bir ucundan o biri ucuna çoxlu səyahətlər etmişdi. Həmçinin o, İsanın həyatında və xidmətində baş verən hadisələri qələmə almışdı. Timuti Bulusla birgə yeni yığıncaqlar təsis etmiş və bacı-qardaşları ruhlandırmışdı. Sözsüz, Mark və Timutinin fədakarlığını görəndə Yehovanın qəlbi sevinclə dolmuşdu.
19. Gənc qardaşlar Bulusun Timutiyə verdiyi məsləhətə nəyə görə diqqət yetirməlidirlər və bunun mükafatı nə olacaq?
19 Bulus gənc dostu Timutiyə məhəbbətini ona yazdığı məktublarda aydın göstərmişdi. Yehovanın ilhamı ilə yazılmış bu məktublar Onun siz gənc qardaşları nə qədər çox sevdiyini göstərir. Yehova istəyir ki, həyatda müvəffəqiyyət qazanasınız. Odur ki, Bulusun verdiyi ata nəsihətinə əməl edin və başqalarına qulluq etmək istəyinizi gücləndirin. Əgər belə etsəniz, həm indi dolğun həyat sürəcəksiniz, həm də sizi qarşıda gözləyən «əsl həyatdan bərk-bərk» yapışacaqsınız (1 Tim. 6:18, 19).
NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»
b ŞƏKLİN İZAHI. Təbliğ səyahətində olarkən Mark Bulusla Barnəbanın qulluğunda durur. Timuti yığıncağı həvəslə ziyarət edib bacı-qardaşları ruhlandırır, möhkəmləndirir.