TƏLİM MƏQALƏSİ 20
NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz
Təsəlliniz Yehova olsun
«[Allaha] alqışlar olsun! O, mərhəmətli Ata və hər cür təsəlli [Allahıdır]» (2 KOR. 1:3).
ƏSAS FİKİR
Görək Yehova əsirlikdə olan yəhudilərə necə təsəlli vermişdi və biz bundan nə öyrənirik.
1. Əsarətdə olan yəhudilərin vəziyyətini təsvir edin.
YƏHUDİLƏR əsarətdədirlər. Buna səbəb həm özlərinin, həm də ata-babalarının dönə-dönə etdiyi günahlar idi. Asiliklərinə görə Yehova izin verdi ki, babillilər onların vətənlərini darmadağın etsin, özlərini isə Babilə əsir aparsın (2 Saln. 36:15, 16, 20, 21). Görəsən, onlar Babildə necə həyat sürürdülər? Düzdür, orada onlara öz işləri ilə məşğul olmaq üçün müəyyən sərbəstlik verilmişdi (Ərm. 29:4—7). Amma Babildə həyat asan deyildi və özlərinə qalsa, heç vaxt burada yaşamazdılar. Onların hansı hisslər keçirdiyini Allaha sadiq olan bir əsirin sözlərindən aydın görmək olar: «Babil çaylarının kənarında oturub Sionu yada salanda ağlayırdıq» (Zəb. 137:1). Onlar çox pərişan idilər və təsəlliyə ehtiyac duyurdular. Bəs kim onlara təsəlli verə bilərdi?
2, 3. a) Yehova Babilə sürgün olunan yəhudilər üçün nə etmişdi? b) Bu məqalədə nə haqda danışacağıq?
2 Yehova «hər cür təsəlli Allahı»dır (2 Kor. 1:3). Məhəbbətli olduğu üçün Ona yaxınlaşan hər kəsə təsəlli verməyi sevir. Yehova bilirdi ki, əsarətdə olan yəhudilərin bəziləri peşman olacaq və Ona geri dönəcək (Əşy. 59:20). Elə buna görə də yəhudilər hələ əsarətə düşməmişdən 100 il əvvəl Əşiya peyğəmbərə onun adını daşıyan kitab yazmağı buyurmuşdu. Nə məqsədlə? Əşiya yazır: «Allahınız deyir: “Təsəlli verin xalqıma, təsəlli verin”» (Əşy. 40:1). Əşiyanın yazdıqları vasitəsilə Yehova xalqına ehtiyac duyacağı təsəllini vermişdi.
3 Həmin yəhudilər kimi biz də zaman-zaman təsəlliyə ehtiyac duyuruq. Bu məqalədə Yehovanın onlara təsəlli vermək üçün istifadə etdiyi üsullardan üçünə toxunacağıq: 1) Yehova tövbə edənləri bağışlayacağına söz vermişdi, 2) xalqına ümid bəxş etmişdi və 3) qorxularını dəf etməyə kömək etmişdi. Bu bəndlərin hər birini araşdırdıqca görün Yehova bu gün bizə eyni üsullarla necə təsəlli verir.
YEHOVA MƏRHƏMƏT GÖSTƏRİB BİZİ BAĞIŞLAYIR
4. Yehovanın mərhəmətli Allah olduğu nədən görünür? (Əşiya 55:7).
4 Yehova «mərhəmətli Ata»dır (2 Kor. 1:3). O bunu tövbə edən yəhudiləri bağışlayacağına söz verəndə göstərmişdi. (Əşiya 55:7 ayəsini oxuyun.) Yehova belə demişdi: «Tükənməz məhəbbətlə sənə mərhəmət edəcəyəm» (Əşy. 54:8). Bəs O bunu necə etdi? Düzdür, yəhudilər əməllərinə görə cəzalarını yenə də çəkdilər, uzun illər Babildə sürgündə oldular. Amma Yehova onlara söz verdi ki, orada əbədi qalmayacaqlar (Əşy. 40:2). Sözsüz, tövbə edən yəhudilərin ürəyi bu sözlərdən sonra aram tapmışdı.
5. Nəyə görə biz Yehovanın mərhəmətli olduğunu əsarətdə olan yəhudilərdən daha yaxşı başa düşürük?
5 Nə öyrənirik? Yehova tövbə edən xidmətçilərini comərdliklə əfv etməyə hazırdır. Bu gün biz bunu əsarətdə olan yəhudilərdən daha yaxşı başa düşürük. Çünki Yehovanın bizi nəyin əsasında bağışladığını bilirik. Əşiyanın söylədiyi peyğəmbərlikdən əsrlər sonra Yehova sevimli Oğlunu yer üzünə göndərdi və o, tövbə edən günahkarlar uğrunda öz canını qurban verdi. Bu fidyə qurbanlığı sayəsində Yehova günahlarımızı tamamilə silir (Həv. 3:19; Əşy. 1:18; Efes. 1:7). Görün qulluq etdiyimiz Allah necə də mərhəmətlidir!
6. Yehovanın mərhəməti barədə düşünmək nəyə görə bizə təsəlli verir? (Həmçinin şəklə baxın.)
6 Yehovanın Əşiya 55:7 ayəsində dediyi sözlər özünü günahkar hiss edən kəslərə təskinlik verə bilər. Bəziləri tövbə etsələr də, keçmişdə etdiyi səhvlərə görə özlərini hələ də günahkar hiss edirlər. İnsan etdiyi səhvin altını çəkəndə özünü daha da günahkar hiss edə bilər. Amma əgər biz günahımızı etiraf etmişiksə və onu təkrarlamırıqsa, Yehovanın bizi bağışladığına şübhə yeri qalmır. O, insanı bağışlayanda onun günahını daha yada salmır. Yehovanın yada salmadığı bir şeyi biz niyə yada salaq?! (Ərəmya 31:34 ayəsi ilə əlaqələndirin.) O bizim keçmişdə etdiyimiz səhvlərə yox, hal-hazırda necə davrandığımıza fikir verir (Hizq. 33:14—16). Tezliklə isə mərhəmətli Atamız səhvlərimizə görə çəkdiyimiz əzablara birdəfəlik son qoyacaq.
Yehova keçmişdə etdiyimiz səhvlərə yox, hal-hazırda necə davrandığımıza fikir verir (6-cı abzasa baxın)
7. Günahımızı gizlədiriksə, ağsaqqallardan kömək istəməyə bizi nə təşviq edə bilər?
7 Bəs əgər ciddi günahımızı gizlətdiyimizə görə vicdan əzabı bizə rahatlıq vermirsə, onda nə etməliyik? Müqəddəs Kitab bizi ağsaqqallardan kömək istəməyə təşviq edir (Yaq. 5:14, 15). Düzdür, etdiklərimizi ağsaqqallara danışmaq asan olmaya bilər. Amma tövbə etməyimiz, həmçinin Yehovanın və ağsaqqalların bizə mərhəmət göstərəcəyinə əminliyimiz onlara yaxınlaşmağa kömək edəcək. Güclü vicdan əzabı çəkən Artura adlı bir qardaş Yehovanın mərhəmətini görüb bundan böyük təsəlli tapmışdı. O deyir: «Haradasa bir il idi ki, pornoqrafiyaya baxırdım. Amma vicdanla bağlı bir nitqi eşidəndən sonra günahımı həyat yoldaşıma və ağsaqqallara etiraf etdim. Bundan sonra xeyli rahatlıq hiss etsəm də, hərəkətlərimə görə yenə də məyus idim. Ağsaqqallar mənə başa saldı ki, Yehova məndən üz döndərməyib. Onun bizi tərbiyələndirməsi sevgisindən irəli gəlir. Onların mehribancasına dediyi bu sözlər ürəyimə toxtaqlıq verdi və özümə qarşı fikrimi dəyişməyə kömək etdi». Hal-hazırda Artur öncüldür və yığıncaq xidmətçisidir. Tövbə edəriksə, Yehova bizə mərhəmət göstərəcək. Məgər bunu bilmək ürəyimizə rahatlıq vermir?!
YEHOVA BİZƏ ÜMİD VERİR
8. a) Yehova əsirlərə hansı ümidi vermişdi? b) Əşiya 40:29—31 ayələrinə əsasən ümid tövbə edən yəhudilərə necə kömək edəcəkdi?
8 İnsan gözü ilə baxanda əsirlikdə olan yəhudilər çarəsiz vəziyyətdə idi. Babillilərin öz əsirlərini azadlığa buraxmadığı hamıya məlum idi (Əşy. 14:17). Amma Yehova xalqına ümid vermişdi — onları azadlığa çıxaracağına söz vermişdi və Onun qarşısını heç kim ala bilməzdi (Əşy. 44:26; 55:12). Yehovanın gözündə babillilər yüngülcə üfürəndə yoxa çıxan toz kimi idi (Əşy. 40:15). Belə bir ümidlərinin olması yəhudilərə necə kömək etdi? Onlar təskinlik tapdılar. Amma bunun onlara başqa bir köməyi də dəydi. Əşiya yazmışdı: «Yehovaya bel bağlayanların gücü təzələnər». (Əşiya 40:29—31 ayələrini oxuyun.) Bəli, ümidləri onlara «qartaltək qanad açıb» süzməyə güc verdi.
9. Əsirlərin Yehovanın vədinə etibar etmək üçün hansı əsası var idi?
9 Yehova verdiyi vədə etibar etmələri üçün əsirlərə əsas da vermişdi. Bu nə idi? Artıq yerinə yetmiş peyğəmbərliklər. Məsələn, qabaqcadan deyildiyi kimi Aşşur ordusu İsrailin şimal padşahlığını işğal edib xalqı sürgün etmişdi (Əşy. 8:4). Babillilər Yerusəlimi darmadağın edib əhalini əsir aparmışdı (Əşy. 39:5—7). Onlar Sidqiyyə padşahın gözünü kor edib Babilə gətirmişdilər (Ərm. 39:7; Hizq. 12:12, 13). Yehovanın dediyi peyğəmbərliklərin hamısı bircə-bircə yerinə yetmişdi (Əşy. 42:9; 46:10). Yəhudilərin bütün bunlardan xəbəri var idi və şübhəsiz, bu onların imanını çox möhkəmləndirmişdi. Onlar əmin idilər ki, Yehova verdiyi sözün üstündə durub onları azadlığa çıxaracaq.
10. Yaşadığımız axırzamanda ümidimizi necə möhkəm saxlaya bilərik?
10 Nə öyrənirik? Kədərli olanda ümidimiz bizə təsəlli verə bilər və gücümüzü təzələyər. Biz çox ağır zəmanədə yaşayırıq. Bundan başqa, bizə qarşı çıxan güclü düşmənlərimiz var. Amma bədbinliyə qapılmamalıyıq. Yehova bizə möhtəşəm bir vəd verib. Bizi qarşıda sülhün və əmin-amanlığın hökm sürəcəyi əbədi həyat gözləyir. Biz fikrimizi bu ümidimizə cəmləməliyik. Əks halda, ümidimiz çirkli pəncərədən baxdığımız üçün bulanıq görünən mənzərəyə bənzəyəcək. Bəs ümidimizi aydın görmək üçün «pəncərəni» necə təmiz saxlaya bilərik? Müntəzəm olaraq vaxt ayırıb yeni dünyada həyatımızın necə möhtəşəm olacağını ağlımızda canlandırmalıyıq. Bunun üçün ümidimiz haqda olan məqalələri oxumaq, videolara baxmaq və nəğmələri dinləmək olar. Həm də həsrətlə gözlədiyimiz vədlər barədə Yehovaya dua edə bilərik.
11. Xroniki xəstəliyi olan bir bacıya nə güc verir?
11 Coy adlı bacımız xroniki xəstəlikdən əziyyət çəkir. Amma gələcəyə olan ümid ona təsəlli və güc verir. O deyir: «Hər şeydən təngə gələndə ən dərin hisslərimi Yehovaya danışıram. Bilirəm ki, O məni başa düşür. Yehova duama cavab olaraq mənə “insan gücündən üstün olan güc” verir» (2 Kor. 4:7). Bununla yanaşı, Coy tez-tez özünü yeni dünyada təsəvvür edir. Orada «heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşy. 33:24). Biz də ürəyimizi Yehovaya boşaltsaq və fikrimizi ümidimizə cəmləsək, özümüzdə güc tapa biləcəyik.
12. Yehovanın vədlərinə etibar etmək üçün hansı əsaslarımız var? (Həmçinin şəklə baxın.)
12 Əsirlikdə olan yəhudilər kimi bizim də Yehovanın vədlərinə etibar etmək üçün kifayət qədər əsasımız var. Məsələn, gözümüzün qabağında yerinə yetən peyğəmbərliklər haqda düşünək. Hal-hazırda biz «qismən möhkəm, qismən kövrək» olan aparıcı dövləti görürük (Dən. 2:42, 43). Bundan əlavə, «gah burada, gah orada... zəlzələlər»in olduğu barədə eşidirik və «xalqların hamısına» təbliğ edirik (Mət. 24:7, 14). Həm bu peyğəmbərliklərin, həm də digərlərinin yerinə yetməsi bizə əminlik verir ki, gələcəklə bağlı Yehovanın verdiyi bütün vədlər həyata keçəcək.
Gözümüzün qabağında yerinə yetən peyğəmbərliklər Yehovanın vədlərinə etibar etməyimiz üçün əsas verir (12-ci abzasa baxın)
YEHOVA QORXULARIMIZI DƏF ETMƏYƏ KÖMƏK EDİR
13. a) Yəhudilər azadlığa çıxacaqları vaxta yaxın hansı çətinliklə üzləşəcəkdilər? b) Əşiya 41:10—13 ayələrinə əsasən Yehova yəhudi əsirlərə necə təsəlli vermişdi?
13 Yehova əsirlikdə olan yəhudilərə gözəl ümid versə də, bilirdi ki, azadlığa çıxacaqları vaxta yaxın onların çətinlikləri olacaq. O, peyğəmbərlik etmişdi ki, əsarətlərinin bitməsinə az qalmış bir sərkərdə ətraf xalqları işğal edəcək və növbəti hədəfi Babil olacaq (Əşy. 41:2—5). Yəhudilər buna görə narahat olmalı idi? Yehova bəri başdan onlara təsəlli verib demişdi: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm». (Əşiya 41:10—13 ayələrini oxuyun.) Yehova «sənin Allahın mənəm» deyəndə nəyi nəzərdə tuturdu? Demək istəyirdi ki, Ona ibadət etsinlər? Xeyr. Onlar onsuz da bunu bilirdilər. Bu sözlərlə Yehova hələ də onların yanında olub onlara dayaq olacağını xatırladırdı (Zəb. 118:6).
14. Yehova əsirlərə qorxularını dəf etməyə başqa necə kömək etdi?
14 Yehova əsirlərə qorxularını dəf etməyə kömək etmək üçün onların fikrini qüdrətinin və elminin hədsiz olduğuna yönəldir. Yəhudi əsirləri başlarını qaldırıb səmadakı ulduzlara baxmağa təşviq edir. Onlara deyir ki, bu ulduzları yaratmaqla yanaşı, onların hər birinin adını da bilir (Əşy. 40:25—28). Ulduzların adını bilən Allah hər bir bəndəsinin adını bilməz? Yehovanın qüdrəti ulduzları yaratmağa çatıbsa, xalqını qorumağa çatmaz? Doğrudan da, yəhudi əsirlərin təlaşa düşmək üçün heç bir səbəbi yox idi.
15. Yehova əsirləri qarşıda onları gözləyən hadisələrə necə hazırladı?
15 Yehova xalqını qarşıda olacaq hadisələrə də hazırladı. «Əşiya» kitabının əvvəlində Yehova onlara belə deyir: «İçəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Ehtimal ki, bu sözlər ilk dəfə şah Kuruş Babili işğal edəndə yerinə yetdi. Bir yunan tarixçisi deyir ki, Kuruş Babilə daxil olanda «[əsgərlərinə] çöldə olan hər bir kəsi öldürməyi əmr etmişdi». Görün Babildə yaşayanlar qorxudan nə hala düşmüşdülər! Amma çox yəqin ki, yəhudi əsirlərə dəyib-dolaşan olmadı. Çünki onlar Yehovanın göstərişlərinə tabe olmuşdular.
16. Nəyə görə gələcəyin dərdini çox çəkməməliyik? (Həmçinin şəklə baxın.)
16 Nə öyrənirik? Tezliklə bəşər tarixinin ən qaranlıq səhifəsi açılacaq — böyük müsibət başlayacaq. İnsanlar təlaşa düşəcək, çaş-baş qalacaq. Yehovanın xalqı isə yox. Çünki biz bilirik ki, Yehova bizim Allahımızdır. Qurtuluşumuzun «yaxın» olduğunu anladığımız üçün vüqarla duracağıq (Luka 21:28). Hətta millətlər birliyi bizə hücum edəndə əzmimiz sınmayacaq. Yehova bizi həm mələkləri vasitəsilə qoruyacaq, həm də həyatımızı xilas edən göstərişlər verəcək. Bəs bu göstərişləri necə alacağıq? Bunu zaman göstərəcək. Amma çox yəqin ki, bu göstərişlər bizə məhz yığıncaqlar vasitəsilə veriləcək. Yığıncaqlar bir növ özümüzü təhlükəsizlikdə hiss etdiyimiz «içəri otaqlar» olacaq. Bəs bu hadisələrə qabaqcadan necə hazırlaşa bilərik? Bacı-qardaşlara yaxın olmalıyıq, aldığımız göstərişlərə canla-başla tabe olmalıyıq və təşkilatımızı Yehovanın idarə etdiyinə əmin olmalıyıq (İbr. 10:24, 25; 13:17).
Yehovanın qüdrəti və bizi xilas etməyə qadir olduğu barədə düşünmək böyük müsibət zamanı hədsiz təlaşa qapılmamağa kömək edəcək (16-cı abzasa baxın)b
17. Təsəlli almaq üçün Yehovaya necə üz tuta bilərik?
17 Düzdür, yəhudi əsirlərin Babildə yaşayışı asan keçmirdi. Amma Yehova onlara ehtiyac duyduğu təsəllini vermişdi. O, eyni şeyi bizdən ötrü də edəcək. Sabah başımıza çox şey gələ bilər, amma təsəlli almaq üçün gözümüzü Yehovadan çəkməməliyik. Odur ki, Yehovanın mərhəmətinin böyük olduğuna inamınızı itirməyin, ümidinizi ağlınızda canlı tutun. Unutmayın, Yehova sizin Allahınızdır, heç nədən qorxmağa gərək yoxdur.
NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz
a Bəzi adlar şərtidir.
b ŞƏKLİN İZAHI. Bacı-qardaşlardan ibarət kiçik qrup birgə yığışıb. Onlar saysız-hesabsız ulduzlara baxanda əmin olurlar ki, Yehova qüdrətli Allahdır və harada yaşamalarından asılı olmayaraq bütün xidmətçilərini qorumağa qadirdir.